• şənbə, 20 Aprel, 01:45
  • Baku Bakı 15°C

Postsovet məkanında karantin tədbirləri yüngülləşdirilir

28.04.20 16:44 739
Postsovet məkanında karantin tədbirləri yüngülləşdirilir
Qazaxıstan, Özbəkistan, Gürcüstan və Moldovada məhdudiyyətlərin qaldırılmasına başlanılıb

Dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər getdikcə yumşalmaq üzrədir. Postsovet ölkələri də Avropa, ABŞ və digər ölkələrdəki kimi karantin tədbirlərini nisbətən yumşaltmağa start veriblər. Ölkəmizdə yumşaldılan karantin tədbirlərinin ardınca, qonşu Gürcüstanda da analoji addımlara start verilib. Qonşu ölkədə koronavirusun yayılmasına qarşı qadağalar yüngülləşdirilməyə başlanılsa da, böyük şəhərlər arasında səyahət qadağası qüvvədə qalır. Hökumətin sözçüsüİrakli Çikovanideyib ki, şəhər və kəndlərdə ərzaq mağazaları, taksi xidmətləri fəaliyyətini bərpa edə bilər. O, onlayn ticarət və çatdırılmaya qadağaların da qaldırıldığını sözlərinə əlavə edib. Pandemiyanın həddən artıq yayıldığı ərazilərdəki sərt məhdudiyyətlər isə qüvvədə qalır. Onun sözlərinə görə, qadağalar yalnız Səhiyyə Nazirliyinin koronavirusla bağlı təlimat və tövsiyələrinə tam əməl etmiş şirkətlər, obyektlər və təşkilatlar üçün götürülüb. Böyük şəhərlər arasında səyahət qadağası, eləcə də ölkə boyunca gecə komendant saatı qüvvədədir. Lakin problem əhalinin iqtisadi durumundadır. Gürcü müxalifətçisi Zurab Caparidze xəbərdar edib ki, iqtisadi tənəzzül nəticəsində aclıqdan ölənlərin sayı koronavirus xəstələrindən çox ola bilər. Leyborist Partiyasının nümayəndəsi Georgi Qunava isə hakimiyyəti qarşıdan gələn seçkilər ərəfəsində ölkədə "koronadiktatura” qurmaq cəhdində ittiham edib. Məlumat üçün bildirək ki, ölkə tək ötən il turizmdən 2 mlr. dollar əldə edib. Əlavə olaraq 1,6 mlrd. dollar Avropa və Rusiyada işləyənlər tərəfindən yaxınlarına göndərilib. İndi onların böyük əksəriyyəti işsiz qalıb. Hökumət isə yenə ümidini Qərbə dikib. Qərb də Gürcüstana 3 mlrd. dollar kömək göstərəcəyinə vəd verib.
Ermənistana gəldikdə, səhiyyə naziriArsen Torosyandünən deyib ki, hakimiyyət tezliklə koronavirusa yoluxanların müalicəsinin öhdəsindən gəlməyə bilər: "Mən əlbəttə, o günün gələcəyini demək istəmirəm, amma biz günlərin bir günündə heç də bütün xəstələri müalicə edə bilməyəcəyik. Həmin andan sonra ölkə yalnız vəziyyəti ağır olan xəstələrin müalicəsi ilə məşğul ola biləcək. O günün nə vaxt çatacağını hələ bilmirik”. Ermənistan hökuməti koronavirus epidemiyası ilə bağlı ölkədə sərt karantin qaydaları tətbiq edib. Martın sonundan bəri insanların hərəkətinə məhdudiyyət qoyulub və əksər bizneslər dayandırılıb. Bunun ardınca ölkədə yoluxmaların sayı azalmağa başlayıb. Bundan ürəklənən hakimiyyət iqtisadiyyatın bəzi sahələrini açıb və nəqliyyatın hərəkətindəki məhdudiyyətləri bir qədər azaldıb. Lakin elə ötən həftənin sonu Ermənistan Səhiyyə Nazirliyi yoluxma rəqəmlərinin kəskin qalxması barədə məlumat verib. Torosyan deyib ki, adamların necə yoluxduqlarını izləmək getdikcə çətinləşir və bu, infeksiya mənbələrinin çoxalması ilə bağlıdır. Nazir bildirib ki, COVID-19 pasientlərini müalicə edən xəstəxana və tibb mərkəzilərinin özləri yoluxma mənbəyinə çevrilib: "Biz hazırda tibb mərkəzlərində virusun yayılmasını önləmək, həm həkimləri, həm də koronavirusa yoluxmamış pasientləri qorumağa çalışırıq”. Ermənistanda koronavirusa yoluxanların hamısı xəstəxanalara və ya müvəqqəti tibb mərkəzlərinə yerləşdirilir. Bundan başqa koronavirus xəstələri ilə hər hansı bir şəkildə təmasda olan minlərlə adam təcrid edilib. Bunların arasında çox sayda xaricdən qayıdan vətəndaşlar var. Bu adamlar adətən iki həftə karantində saxlandıqdan sonra test edilir.
Digər bir dövlət Moldovada da karantin tədbirləri yumşaldılır. Aprelin 27-dən ölkədə parklar və qeyri-ərzaq mağazaları açılıb. Baş nazir İon Kiku bildirib ki, hökumət mayın 15-dən sonra fövqəladə vəziyyət rejimini uzatmaq fikrində deyil. Həmin gündən aeroport açılacaq. Pandemiya ilə yanaşı, başqa bir problem də yaşanır. Quraqlıq ölkənin kənd təsərrüfatını bərbad günə qoyub. Əgər vəziyyət dəyişməsə, məhsul çox az ola bilər. Ukraynaya gəldikdə, burada da vəziyyət oxşardır. Lakin karantin tədbirlərinin yumşaldılması gözlənilmir. Ölkədə xəstə sayı durmadan artır. İqtisadi çətinliklər də pik həddə çatıb. Dünya Bankı Ukraynaya 135 milyon dollar kredit ayrılmasına izn verib. Lakin bu da iqtisadi çətinliklərin öhdəsindən gəlməyə imkan vermir. Kreditin koronavirusla mübarizədə səhiyyə sisteminin yaxşılaşdırılması üçün ayrıldığı bildirilib. Bu vəsaitin hesabına 40 təcili tibbi yardım şöbəsinin yenilənəcəyi qeyd olunub. 35 milyon dollar isə koronavirusun yayılmasına qarşı mübarizəyə yönəldiləcək.
O ki qaldı Mərkəzi Asiya respublikalarına, burada "ən yaxşı” vəziyyət Türkmənistandadır. Qonşularda koronavirus pandemiyasının yayılmasına baxmayaraq, prezident Qurbanqulu Berdıməhəmmədov "Türkmən atı” bayramını keçirib. Bayram tədbirlərinin kulminasiyası atların gözəllik yarışı olub. Maraqlıdır ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyəti ölkədə koronavirus xəstəliyinin olmadığı ilə bağlı türkmən hakimiyyət orqanlarının açıqlamasını yerində yoxlamaq üçün Aşqabada gələcək. XİN rəhbəri Rəşid Meredov da buna cavab olaraq bildirib ki, əgər bir xəstə olsaydı belə, onlar ÜST-yə məlumat verərdilər. Qonşu Tacikistanda da eyni vəziyyətdir. Lakin xəstə olmasa da, karantin tədbirləri qüvvədədir. Məktəblər bağlıdır, kütləvi tədbirlərin keçirilməsinə qadağa var. Prezident Emomali Rahmon Novruz bayramında belə görünməyib. Gərginlik əsasən iqtisadi sahədədir. Belə ki, miqrantlar adətən il ərzində ölkəyə 4 mlrd. dollara yaxın pul göndərirdilər, indi isə bu vəsait yoxdur. Özbəkistan və Qazaxıstanda da karantin tədbirləri nisbətən yüngülləşdirilir. Bu ölkələr də hazırda əsas diqqəti postpandemiya dövrünə yönəldiblər.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər