• cümə, 29 Mart, 01:55
  • Baku Bakı 7°C

"Porto" "Yuventus"a, "Sevilya" "Lester"ə qarşı

14.03.17 14:00 989
"Porto" "Yuventus"a, "Sevilya" "Lester"ə qarşı
Bu gün Çempionlar Liqasında 1/8 finalın daha iki görüşündə cavab matçları oynanılacaq. Apasport.az saytının məlumatına görə, qarşılaşmalar İtaliya və İngiltərədə baş tutacaq.
İlk görüşdə səfərdə "Porto”nu məğlub etmiş "Yuventus” növbəti mərhələnin qapısını aralayıb. Turin təmsilçisi cavab matçında minimal hesabla, yəni 1 top fərqilə uduzsa belə, ÇL-də mübarizəni davam etdirəcək. "Yuventus” ötən həftə A seriyasında "Milan”a qalib gələrək, iddiasını növbəti dəfə ortaya qoyub. "Porto” da keçən həftə çempionatda qələbə qazanıb. "Aruka”nın qonağı olan "əjdahalar” 4:0 hesablı qalibiyyətə seviniblər. "Porto” "Yuventus”a məğlubiyyətdən sonra keçirdiyi hər 3 görüşdə rəqiblərini üstələyib. 3 oyunda 12 qol vuran komanda qapısından isə top buraxmayıb. Bununla belə, portuqaliyalıların Turində "Yuventus”dan revanş alacaqları inandırıcı görünmür. "Qoca sinyora” həm iddiasına, həm də heyətinə görə rəqibini üstələyir.
Bu oyunla müqayisədə günün digər qarşılaşması daha gərgin mübarizə vəd edir. İngiltərə çempionu "Lester” İspaniyada məğlub olduğu "Sevilya”nı büdrətməyə çalışacaq. Klaudio Ranyerinin istefaya göndərilməsindən sonra keçirdiyi hər 2 oyunda qələbə qazanan "tülkülər” psixoloji baxımdan özlərinə gəliblər. Baş məşqçi postuna keçən Kreyq Şekspir uğurlu oyunlar seriyasını bu matçda da davam etdirmək arzusundadı. "Lester”ə növbəti mərhələyə adlamaq üçün 1 cavabsız qol da bəs edəcək. Üstəlik, "Sevilya” son oyunlarda özünə bənzəmir. Xorxe Sampaolinin yetirmələri La Liqada "Alaves”in ardınca "Leqanes”lə də heç-heçə ediblər.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunları
14 mart
23:45. "Yuventus” (İtaliya) – "Porto” (Portuqaliya)
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
İlk oyun–2:0
23:45. "Lester” (İngiltərə) – "Sevilya” (İspaniya)
Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun–1:2
banner

Oxşar Xəbərlər