AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Polşada erməni təxribatının qarşısı alındı

Polşada erməni təxribatının qarşısı alındı

Təfsilat
17 İyul 2020, 17:35 406
"Polyak mediası bizi dinlədi və hadisələri obyektiv şəkildə işıqlandırdı”
 
İyulun 12-dən etibarən Tovuz istiqamətində Ermənistanın təxribatları davam edir. Paytaxtda yaşanan hadisələr xalqımızın iradəsini, əzmini, düşmənə qarşı birliyini özündə əks etdirir. Bu birlik özünü nəinki paytaxtda, eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz arasında da göstərir. Belə ki, iyulun 16-da Azərbaycanın Polşadakı səfirliyinin qarşısında erməni təxribatçıların icazəsiz aksiya keçirməsinin qarşısı alınıb. Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli "Kaspi"-yə açıqlamasında qeyd etdi ki, orada yaşayan ermənilərin sosial media şəbəkələrində yaratdıqları qrupların iyulun 16-da Azərbaycanın Varşavadakı səfirliyinin binasının qarşısında icazəsiz aksiya keçirmək və vandalizm aktları həyata keçirmək çağırışlarından xəbər tutan kimi bu barədə səfirliyi məlumatlandırıb. Azərbaycan səfirliyi isə dərhal gözlənilən təxribatla bağlı yerli polisi xəbərdar edib: "İyulun 15-də gecə birin yarısı xəbər tutduq ki, ermənilər səfirliyimizin qarşısında təxribat törətmək istəyir. Mən də xəbəri eşitdikdə konsulla əlaqə saxladım. Məsələ ilə bağlı buradakı səfirə məlumat verildi. Həmin saat sosial şəbəkə vasitəsi ilə Polşada yaşayan azərbacanlılarla əlaqə saxladıq və belə bir vəziyyətin olduğunu bildirdik. Xəbəri eşidən kimi burada yaşayan azərbaycanlılar bu təxribatın qarşısını almaq üçün bir araya yığıldılar. Koronovirusla bağlı olaraq burada 15 nəfərdən artıq insanın bir araya yığılması qadağan olduğu üçün səfirliyin önünə toplaşa bilməzdik, buna icazə yox idi. Səhəri gün saat 13:00-da 150-yə yaxın soydaşımızla səfirliyə daxil olduq. Saat 14:00 radələrində erməni təxribatçıları səfirliyin qarşısına aksiya keçirməyə gəldikdə isə biz səfirlikdən izdihamla çölə çıxdıq. Bu an onlar çox təəccübləndilər. Düşünürdülər ki, heç kim olmayacaq və istədikləri aksiyanı rahatlıqla keçirəcəklər. Biz onların bu istəklərini ürəklərində qoyduq. Bu, onlar üçün gözlənilməz oldu, çünki işin bu tərəfi planlarında yox idi. Orada polislər erməniləri biz tərəfə buraxmadılar. Polislər hər iki tərəfə gözyaşardıcı qazlardan istifadə etdi. Ara bir qədər sakitləşdikdən sonra ermənilər iki dəfə provakasiya etmək istədilər. İkinci cəhd o qədər də ciddi olmadı və hər biri azərbaycanlılar tərəfindən susduruldu".
F.Cəfərli Polşa Azərbaycanlıları Şurası, Polşa Azərbaycanlılarının Koordinasiya Şurası və Polşa Azərbaycanlıları Assosiasiyasının üzvləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı gənclər və soydaşlarımızın polyak dostlarının bir araya gələrək aksiyanın qarşısını aldıqlarını bildirir. O deyir ki, həmvətənlilərimiz Azərbaycanda baş verən hadisələri izləyir və bu hadisələrdən kifayət qədər təsirlənirlər. Belə məqamda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da həmvətənlərindən güc almış olurlar: "Ermənilər polyakca danışdırlar. Varşavada özlərinə daha çox tərəfkeş toplamq üçün deyirdilər ki, guya Qarabağ onlarındır və guya azərbaycanlılar onların torpaqlarını əllərindən alıb, dinc əhalini öldürüblər. Elə hiyləgər bir düşmənlə üz-üzəyik ki, onlar bu işdə bir az peşəkardırlar. Pop ulduzlarını belə təxribata sürükləyib aksiyaya gətirsələr də, bunun heç bir xeyri olmadı. Özlərini polyakların gözündə daha da sevdirməyə çalışırdılar. Polyak mediası bizi dinlədi və yaşanan hadisələri obyektiv şəkildə işıqlandırdı. Açığı, bu günə qədər polyaklar daha çox ermənilərin tərəfini tuturduqları halda, bu dəfə fərqli oldu. Bizim səfirliyin işçiləri media ilə danışıb əsas məsələni izah etdilər. Onlar Qarabağda, Tovuzda baş verən hadisələrdən  danışdılar. Biz də vərəqələr payladıq və polyaklar məsələnin əsli ilə daha yaxından tanış olmuş oldu".
 Fərid Cəfərlinin sözlərinə görə, aksiyada vətənpərvər soydaşlarımız Tovuz təxribatına, Ermənistanın torpaqlarımızı işğal etməsinə etiraz şüarları yazılmış plakatları qaldırıb, Azərbaycanın dövlət himnini, "Əsgər marşı"nı ifa edib, cəngi sədaları altında şüarlar səsləndiriblər. Onlar, səfərbərlik elan olunarsa, hər an döyüşə hazır olduqlarını bildiriblər.
 
Xəyalə Rəis