• cümə axşamı, 25 aprel, 05:21
  • Baku Bakı 19°C

Politoloq: Prezident İlham Əliyevin liderliyi dünya birliyi tərəfindən təqdir olunur

08.04.21 22:45 929
Politoloq: Prezident İlham Əliyevin liderliyi dünya birliyi tərəfindən təqdir olunur
Aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil-qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olundu. Tədbirdə dörd ölkənin dövlət və hökumət başçısının videomüraciəti yayımlandı ki, dövlətimizin başçısı COVID-19-un kəskin mərhələsinin ən qısa zamanda yekunlaşması istiqamətində hansı addımların atılmasının zərurəti barədə çıxış etdi. Prezident İlham Əliyev bildirdi ki, mövcud reallıqlar fonunda səhiyyə və sağlamlığın əhəmiyyəti daha da artıb. Bu baxımdan modern, yüksək keyfiyyətli və vətəndaşların sağlamlığının əsas götürüldüyü səhiyyə sistemi Azərbaycan dövlətinin də prioritet kimi müəyyənləşdirdiyi istiqamətdir. Dövlətimiz səhiyyə sistemini daha da təkmilləşdirmək üçün zəruri və davamlı addımlar atır. Belə ki, müasir dövrün çağırışlarını nəzərə alaraq, Azərbaycan ölkədə elektron səhiyyə platformasını və dövlət səhiyyə hesablarını istifadəyə verməklə bu sahədə rəqəmsallaşmanı təmin edir.
Kaspi.az xəbər verir ki, bunu politoloq Şəbnəm Həsənova deyib.
Bütün bu addımlarla yanaşı, ölkəmizdə COVID-19–un qarşısının alınması istiqamətində görülən işlərin ardıcıllıqla davam etdirildiyini vurğulayan politoloq bildirib: "Belə ki, pandemiyanın bütün dünyanı cənginə aldığı ilk günlərdən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan atdığı uğurlu addımlarla vəziyyəti nəzarətdə saxlamağa müvəffəq olan nadir ölkələrdəndir. Pandemiyanın ilk aylarında 10-dan çox modul tipli yeni xəstəxana yaradıldı. Eyni zamanda, Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir. Həmçinin Azərbaycan Avropa İttifaqından bir ay sonra vaksinləri alan və vaksinasiyaya başlayan ölkədir. Azərbaycan ilk günlərdən "COVAX” layihəsinə qoşuldu. Bu istiqamətdə maksimum səmərəli iş aparmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı ilə mütəmadi təmaslar quruldu. Bununla yanaşı, dünya birliyinin etibarlı tərəfdaşı kimi Azərbaycan 30-dan çox ölkəyə maliyyə dəstəyi və humanitar yardım göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib ki, bu vəsaitin 5 milyonu Qoşulmama Hərəkatına üzv olan kasıb ölkələrə ayrılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının, həmin ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantıları, dekabrında isə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilib”.
Politoloq təəssüflə bildirib ki, hazırda insanların sağlamlığının prioritet olduğu bir dövrdə ikili standartlar, ədalətsizlik, proteksionizm, millətçilik məsələləri ön plana çıxır. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, hətta müttəfiqlər arasında da ciddi problemlər mövcuddur. Bəzi ölkələr ehtiyaclarından üç-dörd dəfə çox vaksin alıblar. Bəzi ölkələr peyvənd dozalarının çoxunu öz əllərində saxlayırlar. Bu isə o deməkdir ki, kasıb ölkələrə vaksin çatmayacaq, beləliklə də varlı, inkişaf etmiş ölkələr inkişaf etməmiş, vəsaiti olmayan ölkələrin vətəndaşlarının ölümünə göz yumacaqlar.
Azərbaycan BMT-dən sonra ikinci böyük təsisatın - Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq hüququ və ədaləti müdafiə edərək, öz bəyanatlarına sadiq qalaraq dünyada vaksinlərin ədalətli bölünməsi prosesinin həyata keçirilməsinin tərəfdarı olan ölkədir. 2021-ci il martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib.
Prezident İlham Əliyev çıxışlarında hər zaman qeyd edir ki, pandemiya ilə mübarizədə uğur qazanmağın yeganə yolu dünya dövlətlərinin ümumi səylərini ortaya qoymasıdır. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyevin şəxsi nəzarəti və tapşırıqları ilə həm ölkə daxilində vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi işləri, həm də beynəlxalq siyasi arenanın etibarlı və məsuliyyətli bir üzvü kimi belə vacib bir məsələdə bütün bəşəriyyəti də düşünərək dünyada peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyi qlobal təşəbbüsləri və liderliyi dünya birliyi tərəfindən təqdir olunur. (Azərtac)
banner

Oxşar Xəbərlər