• cümə axşamı, 18 aprel, 10:12
  • Baku Bakı 12°C

Polis özbaşınalığının hökm sürdüyü ölkə

30.04.15 06:04 1427
Polis özbaşınalığının hökm sürdüyü ölkə
Birləşmiş Ştatlar öz tarixinin ən gərgin günlərindən birini yaşayır. Artıq polis zorakılığı ölkənin ən prioritet mövzularından birinə çevrilib. ABŞ-da polisin hamının gözü qarşısında qaradəriliyə qarşı zorakılığı ölkədə kütləvi etiraz aksiyalarına yol açıb. Polisin fiziki xəsarət yetirdiyi gəncin ölməsi qaradərili insanların Baltimorda kütləvi etiraz aksiyalarına səbəb olub. Şəhərdə milli qvardiyanın əsgərləri keşik çəkir, komendant saatı hökm sürür. ABŞ prezidenti Barak Obama Baltimor şəhərində zorakılıqlar törədilməsinə görə məsuliyyət daşıyanların cinayətkar hesab olunacağını bildirib. Xatırladaq ki, iğtişaşlar bu ayın əvvəli polis tərəfindən həbs edildikdən sonra ölən 25 yaşlı afroamerikalı Fredi Qreyin dəfn mərasiminin ardınca başlayıb. Buna baxmayaraq, prezident B.Obama deyib ki, zorakılıqlar Fredi Qreyin ölümülə bağlı tamamilə əsaslı narahatlıqlar səbəbi ilə bir neçə gündür keçirilən dinc nümayişlərdən diqqətin yayınması deməkdir. “Gördüyümüz kimi, zorakılığın baş verməsinə heç cür bəraət qazandırmaq olmaz. Bu, əks təsirə malikdir. Ayrı-ayrı şəxslər əllərinə dəmir götürüb və açıq qapıları görüb qarətlə məşğul olanda onlar etiraz etmir, onlar heç bir şey demir, onlar oğurluq edirlər. Onlar evləri yandıranda yanğın törədir, onlar biznes idarələrini dağıtmaqla öz icmalarında imkanların qarşısını alır”.
“Bunlar vəziyyətdən öz xeyirləri üçün istifadə edən bir qrup insandır və onlarla cinayətkar kimi rəftar edilməlidir” - deyə prezident B.Obama əlavə edib. ABŞ prezidenti bu açıqlamaları ABŞ-ın şərq bölgəsində yerləşən Merilend ştatının qubernatoru Larri Hoqanın bazar ertəsi gecə baş vermiş zorakılıqların bir daha təkrar olunmayacağına söz verdiyi vaxt verib.
Müxbirlərlə danışan qubernator L.Hoqan şəhərdə yenidən sülhün yaradılmasının vacibliyini vurğulayıb. Merilend ştatının qubernatoru həmçinin bildirib ki, cinayətkarlarən fəaliyyətinə imkan verilməyəcək və rəsmilər Baltimor şəhərində təhlükəsizliyin yenidən bərpa edilməsi üçün lazım olan hər şeyi edəcəklər. Onun sözlərinə görə, şəhərin küçələrində əlavə bir neçə min nəfərdən ibarət təhlükəsizlik qüvvələri yerləşdirilib. O, indiyə qədər yeni iğtişaşlarla bağlı məlumat almadığını bildirib.
Xatırladaq ki, etirazçıların şəhəri talan etməsi nəticəsində Baltimorda qadağan saatı tətbiq edilib. Merilend ştatının merinin fövqəladə vəziyyət elan etməsindən sonra milli qvardiyanın əsgərləri Baltimor şəhərinə göndərilib. Bu ayın əvvəli aldığı xəsarətdən həbsxanada vəfat edən afroamerikalının dəfninin ardınca bazar ertəsi Merilənd ştatının Baltimor şəhərində zorakı küçə nümayişləri başlayıb. 25 yaşlı F.Qreyin dəfnindən sonra Baltimorda yaranan iğtişaş üzündən Merilend qubernatoru şəhərdə fövqəladə vəziyyət elan edərək, hərbçiləri səfərbər edib.
F.Qreyin ölümü ilə bağlı aksiyalar ABŞ-da polisin azlıqlarla rəftarına etiraz olaraq keçirilən nümayişlər sırasında ən yenisidir. Yüzlərlə gənc Baltimor küçələrinə axışaraq, maşınları yandırıb, mağazaları qarət ediblər və əmlakları dağıdıblar. Polis ilə qarşı-qarşıya gəldikdə isə nümayişçilər onlara daş, kərpic, butulka və digər əşyalar atıb. Polis kapitanı Erik Kovalçik qarşıdurma zamanı 15 polis zabitinin xəsarət aldığını bildirib: “Hal-hazırda burada iğtişaş törədənlər bir qrup qanunsuz şəxslərdir. Onlar nə icmada, nə də o ərazidə yaşayan insanların təhlükəsizliyini təmin edən polis zabitlərinin təhlükəsizliyinin qayğısına qalırlar”.
Xatırladaq ki, aprelin 12-də həbs edilmiş F.Qrey onurğa sütununa dəyən zədə nəticəsində keçinib. Rəsmilər onun polis maşınında getdiyi zaman təhlükəsizlik kəməri taxmadığı üçün zədə aldığını deyirlər. Hadisə ilə bağlı istintaq davam etdiyi üçün altı Baltimor polis zabiti ödənişli inzibati məzuniyyətə buraxılıb. Bundan əlavə, ABŞ Ədliyyə Departamenti də hadisəni araşdırır. Mərhumun ailəsi iğtişaşlara son qoyulmasına çağırıb. Onların vəkili Vilyam Murpi dəfn mərasimində çıxış edərək, F.Qreyin ölümündə iştirak edən polis zabitlərindən tam izahat istəyib: “Biz polisdən, ən azından hadisəyə qarışan altı polis zabitindən irəli çıxıb bizə hər şeyi anlatmalarını istəyirik, necə ki, onlar vətəndaşlardan bunu istəyirlər”.
Bazar ertəsinədək keçirilən gündəlik dinc nümayişlər zamanı etirazçılar ədalətin təmin olunmasını tələb ediblər. Bazar ertəsi günün sonunda isə Baltimorun meri qadağan saatı elan edib. Zorakılıq şəhərin mərkəzinə yaxın dənizkənarı ərazidə baş verməsə də, Baltimorun yerli beysbol komandası oyununu təxirə salıb və məktəblər bağlanıb. Yeri gəlmişkən, ABŞ-ın Fergüson şəhərində də polislə etirazçılar arasında baş verən toqquşmalar zamanı daha bir nəfər yaralanıb. Bu barədə CNN-in yaydığı xəbərdə deyilir. ABŞ-ın KMOV telekanalının yaydığı məlumata görə, adı açıqlanmayan şəxs güllə yarası alıb. Həmin şəxsin xəstəxanaya yerləşdirildiyi bildirilir. Fergüson şəhərindəki iğtişaşlar Baltimorda polis tərəfindən saxlanılarkən döyülən qaradərili sakinin ölümündən sonra geniş vüsət alıb.
Bu arada dünyanın aparıcı KİV-ləri baş verən insidenti geniş şəkildə işıqlandırıblar. “Associated Press” agentliyi yazır ki, baş verənlər Birləşmiş Ştatların imicinə ciddi zərbədir. “USA Today” isə yazır ki, F.Qreyin ölümü qaradərililər arasında ciddi narazılıq doğurub. “The New York Times” isə yazır ki, insident zamanı əhalinin həddən artıq zorakılığa qaçması problemin ciddiliyindən xəbər verir. “The Washington Post” isə öz növbəsində Baltimorda yaşananların Birləşmiş Ştatlar rəhbərliyi üçün ciddi siqnal olduğu qənaətindədir. Həmin ərazilərdə əhalinin yaşayış səviyyəsinin pis olduğu qabardılıb. “The Guardian” insident zamanı 27 nəfərin həbs edildiyini, 15-dən artıq polis əməkdaşının isə müxtəlif dərəcəli bədən xəsarəti aldığını yazıb. “Deutsche Welle” isə insident zamanı onlarla mağazanın yandırıldığını, apteklərə od vurulduğunu, çoxmərtəbəli binanın yerlə yeksan olduğunu yazıb. Alman nəşri yazır ki, etiraz edən afroamerikalılar Qreyi ABŞ-da polis özbaşınalığının növbəti qurbanı hesab edir.
Beləliklə, baş verənlər nəyi üzə çıxardı? İlk növbədə bəlli oldu ki, ABŞ hakimiyyət orqanları Fergüsonda baş verənlərdən nəticə çıxarmayıb. Münaqişənin mexanizmi dəyişməz olaraq qaldı. Və ABŞ xəritəsində istənilən an qeyri-sabitlik ocaqları yarana bilər. İkincisi, Baltimorda hadisələr prezident seçkiləri ərəfəsində yaşanır. Bu da seçki prosesinin gərgin keçəcəyindən xəbər verir. Ekspertlərin gəldiyi qənaət bundan ibarətdir ki, narahatçılıq ABŞ-ı etnik, dini və seksual mövzuda geniş diskussiyalara gətirib çıxara bilər. Gəlinən qənaət budur ki, bu hadisə həm də Qərb demokratiyasının iç üzünü və konkret olaraq sözügedən ölkədə insan hüquqlarının təminatına məhəl qoyulmadığını üzə çıxarıb. Çünki hər iki halda zorakılığa məruz qalan şəxslər əllərini yuxarı qaldırsalar da, polis buna məhəl qoymayıb və onlara ölümcül zərbə endirib. Bu hadisə bir tərəfdən insanın yaşamaq hüququnun əlindən alınması, digər tərəfdən isə ABŞ-da demokratik dəyərlərə olan sayğısızlığın və iqrçiliyin baş alıb getməsinin təzahürüdür.
Qətldən sonrakı hadisələr də ABŞ-da irqi ayrı-seçkiliyi, polis özbaşınalığını, vətəndaşların sərbəst toplaşmaq, söz və məlumat azadlığı kimi fundamental hüquqlarının pozulduğunu açıq nümayiş etdirdi. Belə ki, hər iki halda bu hadisəyə haqlı olaraq etiraz edənlərin dağıdılması üçün milli qvardiya yeridildi, komendant saatı elan olundu, etirazçılara qarşı polis dəyənəyindən, gözyaşardıcı qazdan, su şırnağından, rezin güllələrdən və digər xüsusi vasitələrdən istifadə olundu. Ən azından baş verən hadisələrdən sonra bütün dünya gördü ki, ABŞ-ın demokratiya adı altında digər ölkələrə olan münasibəti əslində öz maraqlarını təmin etməkdən, başqalarının işinə qarışmaqdan, sabit cəmiyyətləri qarışdırmaq niyyətindən başqa bir şey deyil.
Kamran
banner

Oxşar Xəbərlər