• cümə axşamı, 18 aprel, 07:30
  • Baku Bakı 12°C

Polis dövlətçiliyin və qanunçuluğun təminatının əsas sütunlarından biridir

02.07.20 09:15 1711
Polis dövlətçiliyin və qanunçuluğun təminatının əsas sütunlarından biridir
Azərbaycan Polisi respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədən tutmuş milli maraqlarımızın müdafiəsi, ölkəmizdə asayişin, vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, cinayətkarlıqla mübarizəyə qədər bütün sahələrdə daim dövlətə və dövlətçiliyə sadiqliyi, peşəkarlığı və nümunəvi fəaliyyəti ilə seçilib.
Bu fikirləri "XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə ƏmirhüseynovaAZƏRTAC-a açıqlamasında deyib.
Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının yaradıldığı günün - 2 iyul tarixinin ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 24-də imzaladığı Fərmana əsasən Azərbaycan Polisi Günü elan edildiyini xatırladan QHT sədri bildirib: "102 illik şərəfli tarixi yol keçən Azərbaycan Polisi nümunəvi fəaliyyəti, peşəkarlığı ilə xalqımızın güvən yerinə çevrilib. Son dövrdə daxili işlər orqanlarında aparılan islahatlar, dövlətə və dövlətçiliyə sadiq kadrların polis sıralarında işə qəbulu və mühüm vəzifələrə təyin olunmaları ölkəmizdə polisin nüfuzunu daha da qaldırılmasına mühüm təsir göstərib. Azərbaycan Polisinin inkişafında Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rolu xüsusi önəm kəsb edir. Akademiyada kursantlar üçün yaradılan şərait, mükəmməl infrastruktur, qabaqcıl təhsil sistemi ən müasir standartlara cavab verir. Biz vətəndaş cəmiyyətinin üzvləri fəaliyyət sferamız çərçivəsində Polis Akademiyasındakı təhsil sistemini yaxından izləyirik. Belə mükəmməl təhsil ocağının yetirmələri cəmiyyətə, dövlətə, xalqa ancaq başucalığı gətirə bilər. Akademiyada kursantların kamil şəxsiyyət, peşəkar kadrlar kimi yetişmələri üçün müasir standartlar tətbiq edilir. Orada təhsil alan gənclər sonradan polis nəfəri kimi xidmətə başlayanda dolğun bilikləri, yüksək intizamı, dövlətə sədaqəti, vətəndaşlara ehtiramı, peşəsinə sevgisi ilə seçilir. Daxili İşlər Nazirliyi rəhbərliyinin məhz bu qəbildən olan gənc kadrlara etimad göstərməsi təkcə daxili işlər orqanlarının deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin uğurudur”.
Azərbaycan Polisinin səmərəli fəaliyyəti nəticəsində uzun illərdir ölkəmizin kriminogen durumun səviyyəsinə görə dünyada ilk sıralarda olduğunu qeyd edən QHT sədri vurğulayıb ki, respublikamızda hər hansı cinayət əməli, təxribat törətmək istəyən qruplar və ya şəxslər polisin operativ müdaxiləsi nəticəsində dərhal zərərsizləşdirilir, belə cəhdlərin qarşısı qətiyyətlə alınır. Ölkəmizdə ictimai asayişin qorunması, qanunların icrasında pozuntulara yol verilməməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatı məhz polisin uğurlu fəaliyyəti nəticəsində mümkün olub. Hazırda dünyada tüğyan edən koronavirus pandemiyası dövründə polisin üzərinə daha böyük məsuliyyət düşüb. Həm qayda pozuntularının, həm də bu qlobal bəlanın sürətlə yayılmasının qarşısının alınması üçün tətbiq edilən qaydalara riayət olunmasına nəzarət etmək polis əməkdaşlarından, yüksək peşəkarlıq və əzmkarlıqla yanaşı, dözüm və iradə tələb edir. Sevindirici hal ondan ibarətdir ki, polis əməkdaşları bu çətin günlərdə vəzifələrinin öhdəsindən peşəkarlıqla gəlir, vətəndaşlarımızın sağlamlığı naminə öz həyatlarını riskə atırlar. Təsadüfi deyil ki, tibb işçiləri ilə yanaşı, polislərin də qəhrəmanlar kimi sevilməsi cəmiyyətin onların fəaliyyətinə verdiyi yüksək dəyərin göstəricisidir. Polisin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilir. Dövlətimizin başçısının Polis Günü münasibətilə daxili işlər orqanlarında çalışan bir qrup şəxsi ali xüsusi rütbələr, orden və medallarla təltif etməsi polis əməkdaşlarının fəaliyyətinə verilən yüksək dəyər olmaqla yanaşı, onların vətən, xalq və dövlət qarşısında məsuliyyətini daha da artırır.
"Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edən Azərbaycan Polisi bu gün dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Ölkəmizdə sabitliyin, əmin-amanlığın qorunmasında, hüquq pozuntularının qarşısının alınmasında zəngin təcrübəyə və peşəkarlığa malik Azərbaycan Polisinin xidmətləri böyükdür. Belə bir çətin və şərəfli missiyanı uğurla yerinə yetirən daxili işlər orqanlarının bütün əməkdaşlarını 2 iyul – Polis Günü münasibətilə ürəkdən təbrik edir, polis əməkdaşlarına çətin və şərəfli xidmətlərində uğurlar arzulayıram”, - deyə M.Əmirhüseynova vurğulayıb.
banner

Oxşar Xəbərlər