Poeziyamızın problemi
Son dövr Azərbaycan poeziyasında ümumi formada
davam edən bir tendensiya haqqında yazmaq istəyirəm. Bu məsələ demək olar ki,
əksər gənclərin yaradıcılığında özünü qabarıq şəkildə biruzə verir. Yəni ad
çəkib konkret kiminsə yaradıcılığına baş vurmağa ehtiyac yoxdu.
Səxavət Sahil
Gənc şairlərimiz daha çox 80-90-cı illər
poeziyasının avanqard şeirindən təsirlənərək nəsihətvari və ibrətamz sözlərə
meyl edir, tənə edib minnət vurur, ağıl öyrədir, yol göstərir. Bəlkə, o vaxtlar
bu cür mövzular "yeyilirdi”, lakin indi dünya dəyişib axı. Oxucu qıtlığından,
kitabının alınmamasından, zəmanənin çətinliyindən şikayət edən gənc şair
şeirlərində əksinə olaraq özünü filosof, ağıllı və uzaqgörən, hər şeyin yolunu
bilən kimi göstərir, sanki hər kəsin ona ehtiyacı olduğunu dolayı yollarla
bildirməyə çalışır.
Belə nüanslar ilk baxışdan adı görünsə də,
müəllifin ciddiliyinə kölgə salır. Qeyri-səmimilik, hisslərin önəmsiz olması,
yalana və pafosa meyillilik şairin kimliyini ortaya qoyur. Poeziya sənəti ağıl öyrətmək deyil. İbrətamiz
sözləri qeyri-müəyyənliyə yuvarlamaq, mürəkkəbləşdirmək, oxucunu çaşdırmaq nə
dərəcədə düzdür? Oxucu şeiri oxuyarkən niyə dolaşığa düşməlidir? Hansısa
gəlişigözəl ifadəni başa düşmürsə, onu öz ağlından üst mərtəbədə dayandığını
düşünürsə bu da oxucunun öz problemidir. Məncə, belə cür şeirlər bir sətirdən
ibarət olsaydı, oxucu onu dərhal başa düşüb qiymətini verərdi.
Müəllif öz oxucusunu pafosla, mürəkkəb
ifadələrlə yükləməli deyil, ona aydın və başadüşülən sətirlər təklif etməlidir.
Təəssüf ki, indiki gənclər mürəkkəbliyə, qarışıq gəlişigözəlliyə meyllidir.
Bunu bilərəkdən və bilməyərəkdən edənlər var. Təqlid etmək də bu cür hallarda
köməyə gəlir.
Poeziya tənqidçiləri geniş yayılan, problemə
çevrilə tendensiyanın araşdırıb səbəbini tapmalı, onun meydanagəlmə zərurətini
ortaya qoymalıdır. Zaman dəyişir, dünya dəyişir amma müasir Azərbaycan şeiri
dəyişmir. Təqlid, pafos, nəsihət kimi qeyr-ciddi nüanslar davam edir. Hikmətamiz ifadə şeirə hansı halda daxil ola
bilər? Əgər bu ifadə özü özlüyündə ciddi məna kəsb edirsə onu şeirə gətirmək
lazımdırmı? Hikmətamiz sətirləri yazmaqla şair nə demək istəyir? Bu ifadə onun
öz ifadəsidirmi? Özünündürsə filosof olsun, özünün deyilsə niyə onu öz adına
tirajlayır? Poeziya budurmu?
Yuxarıda diqqət çəkdiyim məsələ virus kimi
yayılmaqdadır, monoton ədəbiyyatın formalaşmasından biri də budur. Nəticədə
əksəriyyət eyni təhkiyə, eyni düşüncə və eyni yanaşmadan istifadə edir.Şair şeirdə öz fikrini çatdırmaq, tamamlamaq
üçün nəsihətamiz və ya hikmətamiz ifadədən istifadə etdirsə hesab edirəm ki, bu
onun zəifliyinin nəticəsidir. Öz fikirlərini yazsa da, təsdiq kimi bu cür
ifadələri köməyə çağırıb şeirini xilas edir. Məqsəd isə məlumdur: Oxucuya
ağıllı görünmək, onu pafosla aldatmaq, anlaşılmaz düşüncə içində qoymaqdır.
Gənc şairlərin "öz atını” naməlum istiqamətdə
çapması poeziyamızı uçuruma sürükləyir. Bu məsələdə onların günahı sadəcə
palaza bürünüb el ilə sürünməkdir. "Filankəs bu cür yazıb oxucu rəğbəti
qazanırsa, deməli, mən də belə etməliyəm” azarını kənara qoyub hər kəs fərdi
poeziyasını yaratmalıdır. Kimsə 20-30 il bundan əvvəl oxucuların rəğbətin
qazanmaq üçün hansısa hiyləgərlikdən istifadə edibsə, bunu indi də davam
etdirmək gülünc görünməkdən başqa bir şey deyil. Səxavət Sahil