• cümə, 29 Mart, 09:05
  • Baku Bakı 5°C

Poetik tərcümə

09.01.17 12:30 13630
Poetik tərcümə
"Çox yaxşı tanıdığım üçün hər zaman yuxarıdan aşağı baxdığım, hətta görməzdən gəldiyim, yaltaq çıxışlarından, yarımçıq söhbətlərindən usandığım, mənim yaradıcılığımdan bir sətir belə oxumasını əsla istəmədiyim adamın yazdıqlarının arxasında bir yazıçı fiquru dayanırdı. Şnitzler kimi yazıçılardan belə qorxmayan mən belə adamlardan qorxurdum”.
Elias Canetti
Tərcümə sahəsində yəqin ki, ən qədim və problematik mövzu şeir tərcüməsidir. Tərcümə haqqındakı saysız-hesabsız araşdırmalardan daha böyük tədqiqatlara və müzakirələrə səbəb olmuş bu məsələ tərcüməçilər arasında da istedad yarışlarını qızışdırıb. Dil bacarıqlarını, üstünlüklərini sərgiləmək istəyənlər hər zaman poeziyanın tərcüməsindən ən effektiv üsul kimi yararlanıb. Hətta hərdən vəziyyət elə yerə gəlib çatır ki, bu sahə ilə əlaqəsi olmayanlar belə basmaqəlib fikirləri ilə mövzu haqqında rəy bildirirlər.
Bu məsələnin isə ən sıxıcı və illərdir heç bir nəticə əldə olunmayan tərəfi isə şeir "tərcümə edilə bilər” və ya "tərcümə edilə bilməz” kimi ziddiyyətli fikirlərin təqdim edilməsidir. Belə ki, "şeir tərcümə edilə bilinməz” deyənlər tərcümə edilən poetik nümunələri birmənalı şəkildə qəbul etmirlər. Poeziya nominasiyası üzrə verilən ədəbi mükafatlarda orijinal dillərdə yazılan nümunələrin mübarizə aparması şərtinin qoyulması da müəyyən mənada bu düşüncədən qidalanır. Bu fərqli fikirlərin müqayisəsi üzərində zaman itirmək mənasızdır. Nəhəng ədəbi tərcümələr dənizində sırf kommersiya məqsədi ilə və ya şəxsi büdcə hesabına işıq üzü görmüş saysız-hesabsız şeir tərcümələri var. Hansısa şairin yaradıcılığı ilə hansı formada olursa olsun, tanış olmaq istəyən və ya məcbur qalan oxucu isə bu tip mənbələrdən yararlanır. Bu isə müəyyən mənada hamını "şeir tərcümə edilə bilər” fikrinə şərik olmağa vadar edir.
Bir sözlə, bütün mübahisələrə baxmayaraq, kimsə poeziya nümunələrini tərcümə edir, kimsə tərcümə olunmuş nümunələri oxuyur. Canettidən gətirilmiş sitatda isə məhz ədəbi qabiliyyəti olmadan, sırf quru dil bilikləri hesabına tərcümə edə bilən "tərcüməçilər” nəzərdə tutulur.
Şeirin tərcüməsində dilemmalardan birində də yenə belə fikir ayrılığı ilə qarşılaşırıq: Sual isə budur: şeiri tərcümə edərkən oxucuya eyni ilə şeirin orijinalını olduğu kimi çatdıra biləcək mətn təqdim etmək, yoxsa şeirin orijinalından ilhamlanmış mükəmməl, qüsursuz poetik mətn vermək? Bu sualların heç biri əsrlərdir cavabını tapa bilmədiyindən budəfəki yazıda qətiyyən birmənalı baxışı əks etdirən mövqeyi dərc etmirik. Bu dəfə poeziyanın tərcüməsindəki filoloji-elmi şərtlərə və beynəlxalq standartlara nəzər salırıq. Beləliklə, poetik nümunələri tərcümə edərkən hansı standartlara riayət edilməlidir:
1. Mətnin orijinalındakı mənanı qorumaq – tərcümə olunmuş poetik mətnlərin böyük əksəriyyəti metatekstualdır. Son dövrlərin tərcümə nümunələrində ən çox tənqidlə qarşılanan da şeirlər üçün tətbiq olunan bu sistemdir. Tərcüməçilər şeiri ritm olaraq da, tərcümə etdikləri dildəki poetik nümunələrlə eyniləşdirməyə çalışırlar. Halbuki mətnin tərcüməsi zamanı ən çox diqqət edilməli olan cəhət orijinal versiyasının semantik mənalarını qorumaqdır.
2. Mətnlə paralel şəkildə sətirlərarası tərcümə etmək – bu da əslində, mətnin orijinalı ilə bağlarını qorumağın bir başqa yoludur, ya da əsas şərtidir desək, daha doğru olar. Lakin tərcümə bu cür edildikdə şeir metatekstual yox, tekstual olur. Bəzən bir dildə paralel vəznlər şəklində yazılmış şeiri tərcümə edərkən, tərcümə olunan dildə tərcüməçi orijinal mətnin mərkəzi olan sözü seçib, onu mənsur şeir kimi tərcümə edir. Bu halda hər bir söz öz orijinal mənasında qala bilir və çox az hallarda yekunda "poetik mətn” alınır. Adətən bu, sözlərin ahəngdar və əlaqəli düzülüşü olur.
3. Filoloji tərcümə - mətnin oxunaqlılığını o qədər də önəmsəməyən, sadəcə prototekstin (folklor nümunəsi olmayan, referentləri göstərilən mətn – red.) orijinal mətnlə filoloji uyğunluğuna diqqət edən üsuldur. Bu tərcümə üsulunun əsas məqsədi yuxarıdakı iki üsuldan yararlanmadan, yəni poetiklik, semantika axtarmadan, oxucuların mətnin orijinal mənası ilə tanış olmasını təmin etməkdir. Filoloji tərcümələr də nəzm və nəsr şəklində ola bilir. Lakin əgər tərcümə olunmuş versiya nəzm formasındadırsa, bu prototekstin daxili qafiyələnməsi hesabına baş verir, yəni, bu halda xüsusi ritm, tamamlayıcı hecalar, səslənmələr axtarmaq lazım deyil. Bu tərcümə formasına Vladimir Nabokovun yaradıcılığında daha çox rast gəlmək olar: "Ritmlə, duyğu ilə əlləşməyin mənası yoxdur. Bir işin müəllifinin əməyinə və oxucunun həqiqəti bilmək haqqına hörmətlə yanaşmaq lazımdır. Nəsri istənilən formada tərcümə etmək olar. Hətta ən pis tərcüməçi belə sırf dil bilikləri hesabına oxucunu düzgün informasiya ilə təmin edə bilər. Amma poeziyada vəziyyət fərqlidir. Burada oxucunu yalnız ədəbi-filoloji tərcümə ilə razı sala bilərsiniz. Mütləq çıxarışlarınız olmalıdır”.
4. Dominant tərcümə - bu tərcümə üsulundan daha çox aşağı-standartlı, ucuz kommersiya məqsədlərinə xidmət edən nəşriyyatlar yararlanırlar. Bu üsulun sonunda - mətnin əsasən zəif analizi və səthi şərhindən sonra - tərcüməçinin adətən, özünün orijinal ideyaya əsaslanaraq yazdığı və arada bəzi təsirli ifadələrin qarşılığından istifadə etdiyi şeirlər yaranır. Qeyri-peşəkar oxucu üçün "şeir” məfhumunun ən təsirli cəhəti "ritm” alınır. Təbii akkordların anizomorfizmi (qafiyələnən sözlər arasında birbaşa və dəqiq əlaqənin olmaması – red.) hesabına güclü qafiyə uyarlılığı olur və mətnin orijinal ideyasının bütün mənası, dərinliyi öldürülür. Bu tərcümə üsulunun nəticəsində yaranan şeirləri isə müxtəlif dillərdə "oxunacaq şeir”, "musiqili sətirlər”, "bəstəkarlar üçün yazılanlar”, "nəğməkar şeirlər” adlandırırlar.
5. Dominant və subdominantların ierarxik formaları ilə tərcümə - bu tərcümə üsulunda ilk mərhələ təqdim olunan mətnin tərcümə edilə bilər və ya tərcümə oluna bilməz məsələsini müəyyənləşdirməkdir. Bu üsulla işləyənlər ədəbi-bədii, filoloji, dominant tərcümələrin bütün imkanlarını götür-qoy edirlər. Sevindirici haldır ki, indiyə kimi çox nadir hallarda bu üsulla hansısa şeirin "tərcümə oluna bilməz” qənaətinə gəlinib. Bu tərcümə üsulunun ilk fərqi poetik mətni əmələ gətirən bütün hissələri kökləri ilə araşdırmaq və mənbə dildə hansı sözün hansı mənada işləndiyini dəqiqləşdirməkdir. İkinci mərhələdə orijinal mətnin dominant elementləri təyin edilir, onların ikinci dildə semantik qarşılıqlarının olub-olmaması araşdırılır. Əgər qarşılığı yoxdursa, ikinci dildə aydınlaşdırıcı elementlər tapılır. Əgər aydınlaşdırıcı elementlər mətnə uyğunlaşmazsa, bu zaman orijinal ifadədə nəzərdə tutulan ideya etnik-mədəni məfhumlarla əvəzlənir. Bu üsulun ən çətin tərəfi isə ən peşəkar oxucu auditoriyasına səslənmək, nəşriyyat strategiyasını unutmamaq, tərcüməçinin yüksək ədəbi zövqündən əmin olmaqdır.
6. Mədəni əvəzləmə – özündə hər zaman bütün millətlərin düşüncə tərzini birləşdirəcək mədəni homoloqlar (fiziki-genetik oxşarlıqlara səbəb olan xromosomlar-red.) tapmaq potensialı görən tərcüməçilərin at oynatdığı tərcümə sahəsidir. Bu üsulun ən tanınmış müəlliflərindən Devid Konolli yazır: "XIV əsrdə yaşamış italiyanın şeirində, sonetindəki duyğunu, mühiti XX əsrin Şimali Amerikadan olan oxucusuna çatdırmaq cəhdi mənasızdır. Nə qədər mükəmməl tərcümə olursa olsun, orijinallığı qorumaq mümkün olsa da, duyğunu qorumaq olmur. Mədəni-tarixi əvəzləmə və ya köçürmə ən qüsursuz üsuldur. Əgər mən ayrı-ayrı xalqların tarixində oxşar hadisələri izah edəcək, oxşar duyğuları çatdıracaq detallar tapa bilirəmsə, niyə vaxt itirməliyəm?”.
7. Müəllif tərcüməsi – bu üsulda poetik mətn bir şairə verilir. Əksər hallarda poeziya qələbə çalır deyə bilərik. Bu tərcümələr zamanı bəzən ortaya o qədər mükəmməl nümunələr çıxır ki, nəticəni əsl iki şairin mətni hesab etmək olar. Bəzən qüsursuz, bəzən isə orijinalından da keyfiyyətli şeir nümunələri yaranır. Yekunda mütləq poetik mətn, şeir dadı verən nümunələr arzulayanlar üçün bu, əvəzolunmaz üsuldur.
Tərcümə etdi: Elcan Salmanqızı
Mənbə: courses.logos.it.
banner

Oxşar Xəbərlər