Plüralizm meydanından sonuncu qaçış
Bir müddət əvvəl "Azadlıq" qəzetinin, "Azadlıq"
və "Amerikanın səsi" radiolarının veb və sosial şəbəkələrdəki səhifələrində
"şərh" bölmələrinin bağlanması haqqında mediada müvafiq xəbərlər dərc
olunmuş, bəzi araşdırmalar da aparılmışdı. Əksər hallarda sözügedən media
quruluşları həm veb, həm də sosial şəbəkələrdəki səhifələrində yer alan tənqidi
fikirlərə, fərqli düşüncəyə dözümsüzlük nümayiş etdirərək yazılan şərhlərin
çoxunu silir, əksər hallarda isə rəy yazan istifadəçiləri "qara
siyahı"ya salırdı. Müxalifətin aparıcı simalarına aid sosial səhifələrdə
isə belə azadlıq heç əvvəldən də yox idi.
Etiraf etməliyik ki, eyni düşərgəni təmsil etməsinə baxmayaraq,
"Meydan TV" əks fikirlərə daha dözümlü yanaşır, mövqelərinə uyğun
gəlməyən şərhlərin mühüm hissəsini silmir, onların müəlliflərini bloklamırdı.
Əslində belə də olmalıydı. Axı, "Meydan TV" proyektini ərsəyə
gətirmək üçün yüz minlərlə dollar qrant alan çevrələr proyektin ideyasına -
bütün fikirlərə meydan - tribuna vermək ideyasına sadiq qalmalıdırlar. Sözdə də
olsa, demokratiya, plüralizm, müxtəliffikirlilik, tolerantlıq kimi dəyərlərə
bağlılıqlarını nümayiş etdirməlidirlər.
Hərçənd, "Meydan TV"nin sosial şəbəkələrdəki səhifələrində
bu dözümlülüyə nadir hallarda rast gəlinirdi. Artıq "Meydan TV" öz
veb səhifəsində də yerləşdirdiyi materiallara mövqe bildirilməsini rəsmən
yasaqlayıb. Beləliklə, "Meydan TV"nin veb və sosial şəbəkələrdəki
səhifələrində öz maraqlarına uyğun olmayan bircə şərh belə buraxılmır.
Maraqlarına, sərgilədikləri mövqeyə zidd olan şərhlər silinir, profil sahibləri
bloklanır.
Bunun səbəbi nədir? Səbəb çox sadədir - "Meydan TV"nin
yayımladığı materiallara bildirilən fikirlərin 90 faizdən çoxu qurumun və
müəllifin mövqeyi ilə üst-üstə düşmür, tənqidi xarakter daşıyır. Xüsusən də
dövlətçiliyə zidd fikirlərin, antiazərbaycan mövqeli beynəlxalq təşkilatların
təbliğinə, ölkə başçısının, ölkəmizdə keçirilən mühüm tədbirlərin əleyhinə
aparılan kampaniyalar zamanı bu qəbildən olan reaksiyalarla tez-tez
qarşılaşırdıq. Səbəb isə dərc olunan yazıların reallığı əks etdirməməsi, xarici
təzyiq qruplarının istək və arzusuna, Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa,
onu gözdən salmağa hesablanmasıdır.
Nəticədə "Meydan TV"nin hər bir həmləsi bumeranq effekti
ilə özünə qarşı çevrilirdi. Tənqidi şərhlərin çoxluğu fonunda it-bat olan
məqalələrin "mahiyyəti" mənasızlaşır, lazımsız söz yığınına
çevrilirdi. Bu hal bir daha proyektin sahiblərinə başa saldı ki, onlar kimi
düşünən çox az sayda insan var və bu yazılar ictimai rəyə təsir etmək gücünə
malik deyil. Əksinə, yazılara bildirilən şərhlər yazıların təsir
"gücünü" azaldır, "Meydan TV"ni meydanda rüsvayçı məğlubiyyətə
düçar edir.
Görünür, məhz bu reallıq son nəticədə məlum şərh bölümünün veb
səhifədən yığışdırılmasına səbəb olub.
Əslində, "Meydan TV"nin bu addımı başadüşüləndir. Çünki
onun "başında duranlar"ın mənimsədiyi prinsip bunu diqtə edir. Daha
doğrusu, mənsub olduqları qlobal şəbəkənin "bizim kimi düşünməyən bizdən
deyil" prinsipi tələb edir ki, belə bir addımı atsınlar.
Yada salaq ki, Bakıda keçirilən I Avropa Oyunları zamanı
"Azadlıq" qəzeti analoji addımı ataraq veb səhifəsindəki şərh
bölümünü bağlamışdı. Səbəb isə yenə eyni idi: I Avropa Oyunları zamanı
Azərbaycana qarşı sərgilənən qərəzli mövqeyə, qarayaxma kampaniyasının əleyhinə
vətənpərvər gənclər, fəallar mövqe bildirirdi, yazılan şərhlərin bəyənilmə
göstəriciləri qəzetin öz yazısının bəyənilmə göstəricisindən daha çox olurdu.
Daha bir maraqlı detal var. O zaman qəzetə bu addımı atmaqla bağlı
göstəriş onlara "krışalıq" edən, özlərini insan hüquqlarının carçısı,
fundamental azadlıqların tərənnüm edən həmin fondlar tərəfindən verilmişdi.
Növbəti "qurban" "Meydan TV"dir. Çünki onlara da veb
səhifəsindəki şərh bölümünü bağlamaq göstərişi "yuxarılardan"
verilib.
Məlum olduğu kimi, ilk mərhələdə Avropa fondlarının birindən 300 min
avro vəsait alaraq fəaliyyətə başlayan "Meydan TV", daha sonra
Demokratiyaya Dəstək üzrə Avropa Fondundan, eləcə də proyektin rəhbərlərindən
olan Emin Millinin dediyi kimi, fərdi donorlardan ianələr almaqla maliyyələşir.
Belə "demokratiya naminə ianələr"dən asılı olan Emin Milli, təbii ki,
özbaşına plüralizmi boğmaq qərarı qəbul edə bilməzdi. Görünür, ianə sahibləri
himayə etdikləri proyektin əks-effekt verməsinə dözə bilməyiblər. Həm
"Meydan TV"nin, həm də onları maliyyələşdirənlərin alternativ fikrə
dözümsüzlüyü əsl mahiyyətlərinin nə olduğundan xəbər verir.
Bu yol plüralizm yolu deyil, bu yol Əli Kərimlinin,
"Azadlıq" qəzetinin başladığı yoldur. Alternativ tribuna, bütün
siyasi baxışlara eyni məsafədə dayanmaq iddiası ilə meydana atılanlar gec-tez o
yola yön alır. Görünür, ianə sahiblərinin arzusu belədir...
Afşin