• şənbə, 20 Aprel, 19:02
  • Baku Bakı 24°C

Plastik əməliyyat, yoxsa təbii gözəllik? - Polemika

10.02.15 07:07 1958
Plastik əməliyyat, yoxsa təbii gözəllik?  - Polemika
İstər insanda, istər heyvanlarda, istərsə də füsunkar təbiətdə fərqli formada əks olunmasına baxmayaraq, hamımız gözəlliyi sevir, daim onu axtarır, gördüyümüzdə isə ondan həzz alırıq. Dövrümüzün insanlarına nəzər salsaq, görərik ki, onlar daxili gözəlliklə müqayisədə, daha çox zahiri gözəlliyin qayğısına qalırlar. İnsan orqanizmi kənardan gördüyümüz qədər sadə deyil. Üzümüz, bədənimiz, orqanlarımız daim dəyişikliyə məruz qalır. İnsan yaşa dolduqca üzü qırışır, əlləri əsir, saçı tökülür, əlavə çəki alır. Bəzi insanlar bu periodu normal qarşılasa da, bir çox insanda bu, kompleksə çevrilir və plastik əməliyyata girməklə təbii gözəlliklərindən imtina edirlər. Lakin bu vəziyyət hamı tərəfindən birmənalı qarşılanmır.
Bəs gənclər nə düşünür? Onlar təbii gözəlliyə, yoxsa plastik əməliyyata üstünlük verirlər?
Kişi qısqanclığına səbəb olan əməliyyat
Bayram İsmayılov, tələbə
Bayram plastik əməliyyatla gözəlləşməkdənsə, təbii gözəlliyə üstünlük verir. Həmsöhbətimizin dediyinə görə, təbii gözəlliyə edilən müdaxilə insanı gözəl göstərmir: “Düşüncəmə görə, təbii gözəllik əsasdır. Çünki, istisna halları nəzərə almasaq, insan dünyaya gəlişi etibarilə mükəmməl xüsusiyyətləri və özünəməxsus bədən quruluşuna sahibdir. Təbii gözəlliyə qarşı edilən hər hansı müdaxilə süni bir görkəm yaradır və xoş nəticələr ortaya çıxartmır. Adət-ənənələrin də təsiri ilə formalaşan etik dəyərlər estetik gözəlliyi normal şəkildə qarşılamır. Məsələyə tibbi cəhətdən yanaşdığımız zaman, statistikalar və yekun rəy də göstərir ki, estetik əməliyyatlar zamanı insan orqanları müxtəlif əks təsirlərə məruz qalır və xarici orqanlar ciddi şəkildə zərərlə üzləşir. Düşünürəm ki, gözəl bədən quruluşunun yaranması və onun qorunması plastik cərrah masasında deyil, idman zalında olmalıdır. Pəhriz və fitnes sağlamlıq üçün cərrah bıçağı və iynəsindən daha faydalıdır. Axı istənilən nəticəni əldə etmək üçün qeyri-cərrahi metodlar da az deyil. Sadəcə, insanlar asana qaçmaq üçün plastik əməliyyat etdirirlər”.
Həmsöhbətimizin sözlərinə görə, estetik əməliyyata yalnız bədbəxt hadisələr zamanı, insanın xarici orqanlarında baş verən hər hansı fiziki dəyişikliklər, o cümlədən, yanıq və bəzi qalıcı təsirlərin aradan qaldırması zamanı ehtiyac duyula bilər: “Meydana gələn fəsadlar zamanı hadisə ilə üzləşən şəxslərin böyük əksəriyyətində kompleks halları müşahidə olunur və bu səbəbdən dolayı psixoloji sarsıntılara məruz qalırlar”.
“Plastik əməliyyat təbii gözəlliyin yerini verə bilməz”
Səbinə Orucova, müəllimə
Səbinə düşünür ki, hər bir insan Allahın yaratdığı kimi gözəldir: “Mən təbii gözəlliyə üstünlük verirəm. Çünki hər bir insan Allahın yaratdığı kimi gözəldir. Hətta meyvələrin də, ağacların da, otun da təbii olması daha gözəldir. Təbii güllə süni gül arasında yerlə göy qədər fərq var. Həmçinin təbii gözəlliklə plastik gözəllik də belədir. İnsanın həm xarici, həm də daxili təbii olmalıdır”.
Müsahibimiz düşünür ki, bədəndə çox ciddi qüsurlar olduğu zaman plastik əməliyyat etdirmək lazımdır: “Əgər yanıq izi, əməliyyatdan sonra müəyyən izlər qalmayıbsa, plastik əməliyyata üstünlük vermirəm. Məsələn, bir şəxsin qolunu əməliyyat edirlər və onun qolunda iz qalır. Həmin yerin eybəcər görünməməsiı üçün estetik əməliyyat etmək olar. Üzdə olan çapığı və yaxud bədənin hər hansı bir hissəsində olan izi də nümunə göstərmək olar. Amma insanların əksəriyyəti daha gözəl görünmək üçün, yaxud pullarını xərcləməyə yer tapmadıqları üçün estetik əməliyyat etdirirlər. Biri dodağını şişirdir, digəri burnunu balacalaşdırır. Ümumiyyətlə, estetik əməliyyat sağlamlıq üçün ziyandır. Elə insanlar da var ki, arıqlamaq üçün estetik əməliyyata girirlər. Bunun üçün sadəcə idmanla məşğul olmaq, sağlam qidalanmaq kifayətdir”. Həmsöhbətimiz deyir ki, estetik əməliyyatı daha çox müğənnilər, aktyorlar, aktrisalar, aparıcılar edir. Bir-birilərindən gözəl görünmək üçün estetik əməliyyat etməyə məcburdurlar. Buna görə də gənclər onlardan pis nümunə götürürlər. Əməliyyat nə qədər uğurlu alınsa da, o özü ilə birlikdə fəsadlar da gətirir. İnsanın təbii gözəlliyinin yerini heç bir əməliyyat verə bilməz”.
“Çarə varsa, niyə də əməliyyat olmasın”
Cəfər Cəfərov, jurnalist
Cəfər isə düşünür ki, əgər insanın bədənində onu narahat edən hansısa orqan varsa, onu əməliyyat etdirib normal hala salmaqda heç bir problem olmaz: “Düzdür, plastik əməliyyatla gözəlləşməkdənsə, təbii gözəlliyə üstünlük verirəm. Amma insan təbii şəkildə gözəl deyilsə və bunun çarəsi varsa, niyə də əməliyyat etdirməsin? Xarici görünüş insanın özgüvənini artırır. Uğursuz edilən əməliyyatlar da az deyil, amma söhbət peşəkar şəkildə aparılan əməliyyatdan gedirsə, burada pis heç nə yoxdur”.
Həmsöhbətimiz deyir ki, bəzən eyib olmadığı halda, xüsusilə də xanımlar özlərini heykələ bənzədirlər: “Əgər insanda gözlə görünəcək qədər eyib varsa, yaşlanarkən, elə yaşlanmamış da kompleksə girdiyi halda əməliyyatla cavanlaşa bilirsə, niyə də olmasın? Hələ bədbəxt hadisələr nəticəsində yaranan yanıq, əməliyyat izlərini demirəm. Amma təbii ki, ehtiyac olmadığı halda əməliyyat etdirən insanlara qarşıyam”. Müsahibimizin sözlərinə görə, azərbaycanlı kişilər adətən xanımlarının plastik əməliyyat olunmasını qəbul edə bilmirlər: “Azərbaycan kişisi istəmir ki, xanımı cazibədar olsun, hətta çox zaman gözəl görünməsini belə anlayışla qarşılamır. Onun üçün bu gün plastik əməliyyat bizim ölkədə birmənalı qarşılanmır”.
Həmsöhbətimiz özünü çox yaraşıqlı hesab etmədiyini, bəlkə estetik əməliyyat etdirsə, çox yaraşıqlı olacağına inandığını bildirdi. Cəfər sonda ehtiyac olmadığı halda əməliyyat etdirən xanımlara da müraciət etdi: “Sevimli xanımlar, adını, mənşəyini bilmədiyiniz gellərlə dodaqlarınızı şişirtməyin. Siz görmürsüz, biz oğlanlar görürük ki, danışan zaman ağzınız bir tərəfdə, dodağınız isə digər tərəfdə qalır”.
Aygün ƏZİZ
Sənan ƏHLİMAN
banner

Oxşar Xəbərlər