AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Plastik cərrahiyyəyə yenilik gətirən gənc - Uğur hekayəsi

Plastik cərrahiyyəyə yenilik gətirən gənc - Uğur hekayəsi

Gənclik qəzeti
09 Fevral 2015, 05:38 9998
Gənc yaşında bir çox uğurlara imza atmasına baxmayaraq, özünü uğurlu gənc hesab etmir. Düşünür ki, bu adı qazana bilmək üçün hələ çox yol getməlidir. Onun fikrincə, sağlam düşüncəli və düzgün yolda olduqdan sonra, uğur özü səni tapır. Müsahibimiz uzman həkim, Azərbaycanda və Türkiyədə estetik əməliyyatları ilə tanınan Vüqar Ələkbərovdur.

Uzman doktor Vüqar Ələkbərov 1984-cü ildə Bakıda anadan olub. 1999-cu ildə Nəsimi rayonu 47 saylı orta məktəbi qırmızı attestatla bitirib. Eyni ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə yüksək balla qəbul olub. 2005-ci ildə universiteti qırmızı diplomla bitirib. 2005-2006-cı illər Türkiyənin İzmir şəhərində Ege Universitetinə gedərək təhsilini davam etdirib. 2007-2012-ci illərdə yüksək balla Bursa şəhəri Uludağ Universitetinin Plastik Estetik və Rekonstruktiv cərrahiyyə bölümünə daxil olub və uzmanlıq təhsili alıb. Uzmanlıq təhsili müddətində Türkiyənin məşhur plastik cərrahları ilə birlikdə işləyib və böyük təcrübə qazanıb. 2500-dən çox emeliyyat etmiş ve beynəlxalq və ölkələrarası konqreslərdə yeni əməliyyat texnikalarını həmkarlarına anladıb. 2012-ci ildə uzmanlıq təhsilini bitirdikdən sonra özəl xəstəxanalarda estetik cərrahiyyə və lazer cərrahiyyəsi üzrə işləyib. 2014-cü ilin əvvəllərindən Respublika Yanıq Mərkəzində baş həkim vəzifəsində çalışıb. Hazırda əməliyyatlarını Türkiyədə və Azərbaycanda davam etdirir. Azərbaycanda da özəl cərrahiyə mərkəzində çalışmalarına davam etməkdədir.

- Vüqar bəy, necə oldu ki, həkim olmaq qərarına gəldiniz?

- Həkimlik sənətinə uşaqlıqdan bağlılığım olub. Bu sənət bizə ailədən gəlir. Atam beyin cərrahıdır. Ailəmizdə hər kəs həkim olduğu üçün məndə bu sahəyə maraq uşaqlıqdan yarandı. Bu sənət çox ülvidir. İnsanların inkişafında, sağlamlığında həkimlərin rolu danılmazdır. Həkimsiz həyatı təsəvvür etmək mümkün deyil.

- Tibb təhsilinizi Türkiyədə davam etdirmisiniz. Türkiyədə təhsil sizə nə verdi?

- Türkiyədə təhsil almaq ilk olaraq mənim dünyagörüşümü artırdı. Çünki yalnız təhsil almırdım. Təhsil almaqla yanaşı, bir çox dünya konqreslərində iştirak etdim, dünyanın məşhur həkimləri ilə işləmək şansı qazandım. Bu gün də Türkiyəyə gedəndə beynəlxalq konqreslərə qatılıram. Məsələn, bu ay Amerikanın məşhur həkimlərindən biri ilə əməliyyata girdim. Hər zaman müəllimlərimlə ünsiyyətdə oluram. İnkişaf üçün xarici ölkələrdə təhsil almaq çox önəmlidir.

- Həm Türkiyədə, həm Azərbaycanda çalışırsınız? Çətin deyil ki?

- Plastik, Rekonstruktiv cərrahiyə təhsilimi 7 il müddətində Türkiyədə almışam. Bu ölkə ikinci vətənim sayılır. Vətəndə işləməyi özümə vəfa borcu bilirəm. Burada doğulmuşam, buranın suyunu içmişəm. Amma orada da işləmək mənə çox şey qazandırır. Dünyada tibb sahəsində baş verən yenilikləri yaxından təqib etmək üçün Türkiyə daha əlverişlidir. Orada öyrəndiklərim yenilikləri ölkəmdə tətbiq etməyə çalışıram.

- Türk pasiyentlərlə bizimkilər arasında hansı fərqlər var?

- Elə böyük fərq olmur. Sadəcə Türkiyə Avropaya daha yaxın olduğuna görə oradakı insanların estetik cərrahiyə haqqında bilgiləri çoxdur və bu məsələyə yumşaq yanaşırlar. Əməliyyat elətdirən insanların sayı da çoxdur. Bizim ölkədə isə sadəcə burun əməliyyatına və məcbur qalınan bəlli əməliyyatlara görə cərraha müraciət edirlər. Türkiyədə isə daha çox kombinə əməliyyatlar, üzdartma əməliyyatı edilir. Yaşlanan hər qadın, demək olar, üz dartma əməliyyatı, süd vəzisinin estetikası, qarın estetikası üçün müraciət edir. Orada qadınların əksəriyyəti doğuşdan sonra qalan qarındakı sallamalar üçün müraciət edirlər.

- Gənc olmağınıza baxmayaraq, rəhbər vəzifələrdə çalışmısız. Sizcə, bir gəncin rəhbər olması üçün nə lazımdır?

- Gənc doğru yolda olsa, qarşısına qoyduğu məqsədə doğru irəliləsə, beynindəki düşüncələr sağlam olsa, təbii ki, hər bir qurum istəyər ki, idarələri belə gənclər, beyinli insanlar tərəfindən idarə olunsun. Bunun üçün təkcə oxumaq kifayət deyil. Xarici ölkələrlə müəyyən əlaqələr qurulmalıdır. Gənclərin enerjisindən istifadə edə bilmək hər ölkə üçün lazımdır. Sağlam düşüncəli gənclər çox asanlıqla qabağa çəkilirlər. Mən xaricdən gəldiyim zaman plastik cərrahiyyədə mütəxəssis olduğumdan rəhbər vəzifəyə təyin olundum. Mən bura vəzifə üçün deyil, xidmət üçün gəlmişdim. Heç vaxt rəhbər olmaq üçün işə başlamamışam. Elə bir planım da olmayıb. Əsas məqsədim işimi doğru-düzgün həyata keçirmək və faydalı olmaqdır.

- Plastik cərrahiyyədə hansı yeniliklərə imza atmısınız?

- Hər bir pasiyentin istəyi reallaşacaq əməliyyatın ağrısız keçməsi və əməliyyatdan sonrakı dövrün də eynən ağrısız ötüşməsidir. Mənim reallaşdırdığım burun əməliyyatlarından sonra burun və göz ətrafında nə şiş, nə də göyərmələr olmur. Bu, bir yenilikdir. Eləcə də, süd vəzisində keçirdiyim əməliyyatlar zamanı süd axarlarının tamamən qorunmasına nail olmaq peşə xüsusiyyətimin göstəricilərindən biridir. Süd vəzisi əməliyyatında süd axarlarını zədələnmədən əməliyyatın reallaşması qadınların gələcək həyatlarının əsas təminatlarından sayılır. Belə ki, bu nəticə gələcəkdə qadınların üzləşə biləcəyi bir çox xəstəliklərin qarşısını almış olur. Ən əsası kombinə əməliyyatları edirəm. Yəni bir neçə saata 40 yaşlı qadını 25 yaşlı qadına çevirmək olar.

- Deyirlər, plastik cərrahlar hər insanda qüsur axtarır. Sizdə də belədirmi?

- Xeyr. Mən bu fikirlə razı deyiləm. Xəstə əgər özündə qüsur görmürsə, demək, o xəstənin qüsuru yoxdur. Bir çox film ulduzları var ki, onların üzündəki sallanmalar, xətlər digərlərinə pis gələ bilər. Amma o, özünü belə qəbul edir, belə sevir. Ona pul da versələr, əməliyyat elətdirmək istəməz. Amma bəzi insanlar var ki, hər gün güzgünün qabağında dayanıb burnundakı bir milli metr əyriliyi, süd vəzisindəki assimetriyanı özünə dərd edir. O da böyrək sancısı kimi bir şeydir. Düzəlmədiyi müddətdə o xəstə həmişə narahat olacaq, ağlayacaq, yatmayacaq. Bir sözlə, əsas şərt insanın özünü qüsursuz görə bilməsidir. Bu zaman həkimlər də qüsur axtarmayacaq.

- Uğurunuzun sirri nədir?

- Mənim elə bir uğurum yoxdur. Sadəcə doğru yolda olduğumun fərqindəyəm və düşünürəm ki, önümdə çox uzun yol var. Gecə-gündüz işimi düşünürəm. Hər gün yeni şeylər kəşf etməyə, yeniliklər etməyə çalışıram. Azərbaycana yeni əməliyyatlar gətirməyi qarşıma məqsəd qoymuşam. Ən böyük isdeyim ise Azerbaycanda da plastik cerrahiyyeni dünya seviyyesine çatdırmaqdır.

Aygün ƏZİZ
Uğur hekayəsi"> Uğur hekayəsi"> Uğur hekayəsi">