AZE | RUS | ENG |


“Planlama beyin cərrahının işi qədər risklidir” – Uğur hekayəsi

“Planlama beyin cərrahının işi qədər risklidir” – Uğur hekayəsi
Beynəlxalq dərəcəli mühəndis Seymur İlyasovun fikrincə, uğur qazanmaq üçün insanın çevrəsi və həmin çevrədən istifadə qabiliyyəti çox önəmlidir


İllik gəlirinin 20 faizini seminara və özünün inkişafına ayırır. Deyir ki, yerində saymır və heç vaxt "bu uğur mənə bəsdir” demir. Düşünür ki, öyrəndiyi birdirsə, öyrənmədiyi milyardlarladır. Ona görə, insan nailiyyət əldə etmək istəyirsə, hər saniyə öyrənməyə məcburdur. Texnologiya inkişaf etdikcə insan da yeniliyi öyrənməlidir ki, texnologiyanın ardınca qaçmasın.
Müsahibimiz Avropa və Asiyanın bir sıra ölkələrinin, xüsusən də Yaponiyanın istehsalat və planlama metodlarına dərindən bələd olan beynəlxalq dərəcəli mühəndis, hazırda Delta Şirkətlər qrupunda planlama müdiri kimi çalışan Seymur İlyasovdur.
Seymur 2015-ci ildə aihitdata.com saytının təqdim etdiyi məlumatda dünyada fəaliyyət göstərən 188 konsultantdan biri olaraq göstərilib. Həmin ildə Amerikanın (American Academy of Project Management) akademiyası tərəfindən Certified Planning Engineer dərəcəsinə layiq görülüb və həmin akademiya tərəfindən akkreditasiya edilən 13 mühəndisdən biri olaraq bildirilib.
Ali təhsilini Qafqaz Universitetinin Sənaye mühəndisliyi ixtisası üzrə alan müsahibimiz 2008-2010-cu illərdə Qafqaz Universitetinin Sənaye Mühəndisliyi ixtisası üzrə magistratura təhsilini universitet birincisi olaraq tamamlayıb. Seymur İlyasov yenə "American Academy of Project Management” tərəfindən "Honorary Global Advisor” ("Fəxri Qlobal Məsləhətçi”) tituluna da layiq görülüb. Beynəlxalq dərəcəli mühəndis ünvanına sahib olan həmyerlimiz dünyanın istənilən ölkəsində mühəndislik fəaliyyətini davam etdirə bilər.
İstehsalat və Xidmət sahələrinin Planlanması üzrə professionallaşan mühəndis iş həyatına Planlama müdiri kimi başlayıb. Sonra isə Mado Restoranlar şəbəkəsində - Xidmət Planlaması üzrə rəhbər vəzifəsində çalışıb. Eyni zamanda, Qafqaz Universitetinin mühəndislik fakültəsində magistratura pilləsində "İstehsalat və Xidmət Sahələrində Planlama və Qrafikləndirmə” dərsini tədris edib.
 
- Karyeranıza yüksək pillədən, müdir kimi başlamısınız. Bu necə hissdir?

- Karyerama tərs yerdən başlamışam. Əslində insan pillə-pillə yüksək nöqtəyə gələr. Məndə isə əksinə oldu. Məncə, insana hazır olmadığı yüksək pilləni təqdim etmək yaxşılıq deyil, pislikdir. 27 yaşımda zavod müdiri idim. Mənim sənayedə o qədər güclü təcrübəm yox idi, zavod müdirliyinə hazır deyildim. Bu səbəbdən orada müvəffəqiyyətli ola bilmədim. Ondan sonra 11 pillə aşağı düşdüm və karyeramı həmin zavodda mütəxəssis kimi davam etdirdim. Mütəxəssis olanda zavod müdiri olduğum vaxtlardan daha çox şey öyrəndim. Müdirliyə qədər isə, ən aşağıdan başladım və pillə-pillə qalxdım.
 
- 27  yaşınızda zavod müdiri oldunuz və 11 pillə aşağı saldılar. Bu, sizin motivasiyanıza necə təsir etdi?

- Motivasiyam düşdü. Çünki zavod müdiri olanda insanın müəyyən çevrəsi olur, ona qarşı baxış fərqli olur. Bir günün içində siz o pillədən enirsiniz, hətta 11 pillə aşağı düşürsünüz. Təsəvvür edin, dünən müdir idiniz, bu gün ən sonuncu pillədəsiniz. Bu, mənim yaşımda istənilən insana təsir edə bilərdi və məndən də yan keçmədi. O vaxtkı rəhbərimə də yaxınlaşdım ki, mən işdən ayrılmaq istəyirəm. O mənə izah etdi ki, iş həyatında həmişə düşmələr, qalxmalar, maneələr olur. Həvəsdən düşmək lazım deyil. Hər şərdə xeyir axtarmaq lazımdır. Sənə pislik edilməyib. Zavod müdiri olub onun da işini öyrənmisən. Bu, həqiqətən belə idi. Uğursuzluqdan qaçmadım və öz üzərimdə çalışdım. Həqiqətən qısa müddət sonra mən planlama müdiri oldum. Ondan sonra getdiyim bütün iş yerlərində rəhbər vəzifələrdə çalışdım.
 
- Seymur bəy, planlama nə deməkdir?

- Planlamanın nə olduğunu Türkiyədə doktorantura təhsili alan vaxt gördüyüm hər kəsdən soruşurdum. Amma heç vaxt ürəyimcə cavab ala bilmirdim. Hər kəs fərqli düşünürdü və artıq bunu araşdırmağa başlamışdım. Planlamanı kitabda oxuduğum qədərilə bilirdim. İşin tətbiqindən, real sənaye təcrübəsindən xəbərsiz idim. Bir gün İstanbulda dünyanın div planlama müdiri ilə qarşılaşdım və onunla görüşmək şansı əldə etdim. Ondan  planlamanın nə olduğunu soruşdum. Mənə fləş kart verdi ki, bütün suallarının cavabı burdadır. Yataqxanaya gəldim və bütün uşaqları başıma yığdım ki, sualıma cavab tapmışam. Planlamanın xəzinəsi burdadır. Flaş kartı taxdım və 1.37 saniyəlik futbol - Messinin qol vurma anındakı videosu idi. Çox pərt oldum. Çünki o adam yəhudi və dünyadakı 4 mühəndisdən biri idi. Videonu görəndən sonra onunla görüşməyə getdim və dedim ki, məni niyə ələ salırsınız. Messinin qol vurmasının planlama ilə nə əlaqəsi var. Dedi ki, suallarının hamısının cavabı o videodadır, nüanslara diqqət et. Mühəndis planlamanı futbola bənzədirdi. Yəni şirkətlər də bir-birilə əlaqəli olur. Komandalar kimi futbol oynayır, strategiya qurur. Şirkətin də müəyyən taktikası olur ki, qarşı tərəfi məğlub edə bilsin. Məsələn, Messi oyun qurucusudur. Messi ötürdüyü pasların məsafəsini də beynində hesablayır. Messi topu götürür, ətrafdakıları müəyyən metodlarla keçir və hücumçuya pas ötürür. Bəzən də o qolu vurmaq üçün dayanıb geri addım atmalı olur. Planlama barədə kitablarda çox düsturlar yazılsa da, bu hər vaxt tətbiq olunmur. Bəzi situasiyalarda beyninlə düşünüb qərar verməlisən. Planlama şirkətlər üçün ən kritik yerdir. Yaponlarda bir nömrəli departament planlamadır. Planlama beyin cərrahının işi qədər risklidir. Təsəvvür edin, sizin bir qərarınızla şirkətiniz düz və ya səhv edə bilər. Planlamanın bir səhvi ilə şirkət batmaq təhlükəsilə üzləşər. Ona görə professional və istedadlı olmaq lazımdır ki, düzgün qərarlar verə biləsən.
 
- Seymur bəy, həm də təlimçisiniz. Nə üçün istirahət gününüzü təlimə həsr edirsiniz?

- Azərbaycandakı bir çox şirkətlərdə planlama yoxdur. Böyük şirkətlərin əksəriyyətində yavaş-yavaş yaranır. Məqsədimiz odur ki, planlamanın nə işə yaradığını, şirkətə nə kimi faydası olduğunu gənclər də öyrənsin. Məsələn, siz dünya divlərinə -"General motors”a, "Mersedes”ə, "Toyota”ya baxdıqda görərsiniz ki, onların ən önəmli departamentləri planlamadır. Çünki onların milyardlarla gəlirləri olur. Oradakı ən xırda detal, xəta çox böyük ziyana gətirə bilər. Şirkətiniz nə qədər böyükdürsə, planlama da o qədər ciddidir.
 
- Qeyd etdiniz ki, ölkəmizdəki şirkətlərdə planlama departamenti hələ yenicə yaranır. Bəs kadr ehtiyatımız varmı? Bu sahəni bilən mütəxəssislərə ehtiyac varmı?
- Planlama ona görə tətbiq olunmur ki, bu işi görə biləcək kadrlarımız yoxdur. Planlama Azərbaycanda 1-2 universitetdə və müəyyən dərsin içində tədris edilir. Xüsusi planlama dərsi yoxdur. Mən bakalavr və magistratura pilləsində tədris edirdim. Biz cəmi 15 tələbəyə bunu keçirdik. Bu, çox az rəqəmdir. Hansı ki, bu insanların hamısı planlamada çalışmır. Oradan cəmi 4 nəfər istiqamətləndi ki, planlama öyrənsin və bu sahədə çalışsın. Xaricdə bu fənn tədris olunur. Amma bizim proqramla onların proqramı üst-üstə düşmədiyi üçün orada da öyrənilməsi çox çətindir. Bu baxımdan, kadra ciddi ehtiyacımız var. Bu səbəbdən  çalışırıq ki, heç olmaya, sənayedə bu işi görən insanları daha da təkmilləşdirək. Çünki böhran vaxtıdır və müəssisənin ehtiyacları çox önəmlidir. Anbarların maliyyəti aşağıdır. Daha çox məhsul istehsal edib, çox satmaq lazımdır. Biz bunları öyrədirik. Sənayemiz inkişaf edir. Sənayeləşmənin sürətlənməsi planlamaya olan ehtiyacın artması deməkdir.
 
- Seymur bəy, yaşlılar gənc nəsli bir çox hallarda qəbul etmir. Siz də gənc rəhbərsiniz. İşinizə şübhə ilə yanaşan olubmu?

- Təəssüflər olsun ki, bu problem var. Bu, gənclərin qarşısını kəsən, bəzən motivasiyasını düşürən ən böyük problemdir. Yaşlı nəsillər gənc mühəndislərə qeyri-peşəkar, azyaşlı, təcrübəsiz və nəticə əldə etməmiş mütəxəssislər kimi baxır. Bunun kökündə o yatır ki, həqiqətən onların bəzilərinin illər əvvəl çox güclü təhsilləri, bazaları olub. O dövrdəki texnologiyanı, istehsal proseslərini yüksək səviyyədə biliblər. Amma yeniliklər etməyiblər. Mühəndis var ki, həqiqətən yüksək səviyyədə peşəkar olub, ali məktəbi qırmızı diplomla bitirib, amma o zamandan indiyə qədər heç bir yenilik öyrənməyib. "Mercedes” şirkəti 6 aydan bir istehsal kodunu dəyişir. İndiki "Mercedes”lə 6 ay sonrakı "Mercedes” eyni olmayacaq. Siz onu öyrənmək məcburiyyətindəsiniz. Yaponiyada bir "Toyota”nın hazırlanma müddəti 55 saniyədir. 55 saniyəyə sistemdən bir maşın çıxır. Siz bunu keçmişin texnologiyası ilə uzlaşdıra bilərsinizmi? O vaxtın  təhsilini alan insana bunu misal çəksəniz inanmaz. Buna görə də yaşlı nəsil, müasir texnologiyanı mənimsəyənlərə hər dəfə deyir ki, siz biz ola bilməzsiniz. Gənclərə qapılar açılmalı, onlara imkan verilməlidir. Gələcək savadlı gənclərdən asılıdır.
 
- Sizcə, uğurun sirri nədir? İstedad, yoxsa çox çalışmaq?

 
- Uğur qazanmağın sirri inanmaqdır. Gördüyün işə inanmaq bütün çətinliklərin açarıdır. Mən çox şeyin arxasınca qaçmamışam. Amma arxasınca qaçdığım işdə mütləq uğur əldə etmişəm. Ağılsız adamda pul olmur. Bir insan nəyisə qazanırsa, deməli, onda istedad var. Bu, az və ya çox ola bilər. O nailiyyəti əldə etməyə bəs edirsə, bu istedaddır. Şans da var, təbii ki... Amma şans və istedad müəyyən yerə qədərdir. Çox istedadlı insanlar var ki, yerində sayırlar. Müəyyən yerə qədər müvəffəqiyyətli olurlar. İstedadı tətbiq edib istifadə etməli, çox çalışmalısız.
 
- Gənc yaşınızda böyük şirkətlər qrupunda planlama müdirisiniz. İş həyatınızda "olmazsa, olmaz” dedikləriniz nədir?

- Normal həyatda zarafatcıl insanam. Amma iş vaxtı çox nizam-intizamlıyam. Uğurun sirri ilk olaraq inanmaqdırsa, davamı da ciddiyyətdir. Bayaq dediyim kimi, planlamanın bir səhvi şirkəti batırar. Bir nömrəli prinsipim ciddiyyətdir. Məsələn, ciddi olmayan bir adamdan dəqiqlik gözləmirəm. Onsuz da o, səhv edəcək. Ona görə işə ciddi yanaşmaq lazımdır. Sənayedə, iş dünyasında işçinin səhvi müdirin səhvinə, o da şirkətin səhvinə bərabərdir. Ona görə rəhbərin üzərinə çox iş düşür.
 
- Uğursuzluqla qarşılaşanda çıxış yolunu nədə görürsünüz?

- İnsan gözləməmlidir ki, kimsə onu çəkib bir yerə aparsın. Hamımızın problemləri var. Amma yıxılanda belə özün ayağa durub davam etməlisən. Özün özünü motivasiya etməlisən ki, yıxıldığın yerdən davam edə biləsən. Pis nəticə varsa, deməli, səbəbi var. Nəticəni aradan qaldırmaq səbəbi aradan qaldırmaq deyil. İş yerində problem varsa, oradan qaçmaq olmaz. Oradan qaçıb özünü qurtarsan belə, başqa yerdə də uğursuzluq davam edir.
 
- Gənclərə nə demək istərdiniz?

- Gənclər uğur qazanmaq üçün müəyyən istiqamət seçməlidir. Seçdiyiniz istiqamət sizin xarakterinizə, inancınıza, özünüzə olan etimadınıza, karyera baxışınıza, gələcək hədəflərinizə uyğun olmalıdır ki, həmin məcrada davam edə biləsiniz. Uğur qazanmaq çətin deyil. Bilgin, təcrübən, təhsilin olmalı və ən əsası yaxşı çevrə qurmalısan. İnsanın çevrəsi və o çevrədən istifadə qabiliyyəti çox önəmlidir.
Aygün ƏZİZ
 






 
 
 
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002