AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Planetin ən gözəl qadını

Planetin ən gözəl qadını

Mədəniyyət
17 Mart 2020, 10:30 1631
Aktrisa və ya qadın kimi həyatın bütün gözəlliklərini yaşayan Ornella Muti 65 yaşında
 
O, 14 yaşından jurnalların üz qabığı üçün fotosessiyalarda iştirak edib. Kinoya çəkilməsi üçün kamera qarşısında durması da təxminən o illərə təsadüf edir. Onu qalmaqallı adlandırmaq olmaz. Ancaq uşaqlıqdan bəri bir sıra dəlisov hərəkətləri olub. 

Françeska Romana Rivelli çox da varlı olmayan ailədə doğulub. 10 yaşı olanda atası artıq yox idi. Anası üçün iki əkiz qızı böyütmək çox çətin idi. Hətta, yeməyə pul tapa bilmirdilər. Ailədə dəbli geyim haqqında isə ümumiyyətlə söhbət gedə bilməzdi. Françeska Romada doğulsa da, onun Estoniyada qohumları vardı. Anası Renata İlze Krauze əslən Baltik almanlarından idi. Onlar zamanında İtaliyaya köçmüşdülər. 

Françekanın 13 yaşı olanda artıq gözəgəlimli idi, qəşəng fiqurası vardı. Onun ağlına işləmək ideyası gələndə bədii məktəbə yollandı və model kimi fəaliyyətə başladı. Françeka rəssamların diqqətini çəkir, onları heyran edirdi. Qazancı pis deyildi. Başa düşürdü ki, gözəlliklə pul qazanmaq olur. Gənc qız daha cəsarətli addım atdı – jurnalların fotosessiyasında iştirak etməyə başladı. Düşünürdü ki, bu, anasından və oxuduğu məktəbdən gizli qala bilər. Ancaq belə olmadı. Françeskanın fotosu məktəb direktorunun və anasının əlinə düşdü. Qalmaqal qopdu. Anası onu döyməklə, direktor isə məktəbdən qovmaqla cəzalandırdı. Ancaq Françeska ailəni ağır vəziyyətdən xilas etmişdi. O  hadisədən pərişan olmuş anasına və məktəb rəhbərliyinə: "Bəli, mən belə pul qazanıram! Oğurluq etmirəm ki...” deyə bildirəndə ona başa saldılar ki, vicdanla pul qazanmaq lazımdır, aldatmaqla yox. Nəhayət, direktor yumşaldı və qalmaqalı unutdu. 

Günlərin birində bacısı Klaudiya kino çəkilişləri üçün elan olunan sınaq haqqında məlumatı eşidib özünü sınamaq qərarına gəldi. O, Françeskanı da özü ilə apardı. Rejissor Klaudiyadan çox, diqqətini Françeskaya yönəltdi və ona «Ən gözəl həyat yoldaşı» filmində rol təklif etdi. Bu hadisə bacıların arasında mübahisə yaratmadı, hətta, Françeska məşhurlaşanda belə onların münasibətləri daha da istiləşdi.  Rejissor Damiani gənc qıza təxəllüs də verir. Beləcə, 14 yaşlı aktrisanı dünya Ornella Muti adı ilə tanıdı. Karyerasının başlanğıcında Ornellaya aşağı büdcəli filmlərdə rol verirdilər. Rollarının əksəriyyəti də çılpaq qadın obrazları idi. Beləcə rejissorlar kişi auditoriyasının diqqətini kinoya çəkirdilər. 21 yaşında Ornellanın çəkildiyi «Axırıncı qadın» filmi "Sezar” mükafatına iddia edirdi. Aktrisanın filmdəki partnyoru Jerar Depardye idi. Film Ornellaya dünya şöhrəti gətirdi. Bundan sonra ona ciddi rollar təklif etməyə başladılar. 

«Donna-Bambina» - qadın-uşaq

Ornella Muti ona sevgi təklifləri edən partnyorlarını seçməkdə çətinlik çəkirdi. Onun ilk macərası 18 yaşına təsadüf etdi. Düzdür, tərəfmüqabilinin adını gizlədirdi, çünki o, evli idi. Bioqrafları iddia edirlər ki, bu sirli aşiq prodüsser Xose de Kastro idi. Aktrisa ondan hamilə qaldı və qızı Naikenı doğdu. Qəribədir ki, qız da böyüyəndə anasının taleyini yaşadı. Erkən filmlərə çəkilməyə, açıq-saçıq foto-sessiyalarda iştirak etməyə başladı, erkən hamilə qaldı. Bu hadisədən sonra Ornella ilə qızı arasında münaqişə yarandı. Nəvəsi doğulandan sonra isə Muti qızı ilə barışdı.

Ornellanın «Ən gözəl həyat yoldaşı» filmindəki tərəfmüqabili Alessio Orano gənc qızla yaxından maraqlandı. Ornellanın şəxsi həyatı peşəkarlığı qədər hay-küylü idi. Alessio Ornellanı uşaqla qəbul edib onunla evləndi. Aktrisa bunu sonradan etiraf etdi. Alessio gözəl ata və həyat yoldaşı idi. Ancaq Ornellaya sakit və xoşbəxt ailə həyatı qismət olmadı. O, dalbadal filmlərə çəkilir, erotik rollardan imtina etmirdi. Uşaqlıq yaddaşındakı pul çatışmazlığı problemi onun üçün daim təzə idi. Qarşıda isə onu bütün İtaliyanın sevimlisi Adreano Çelentano ilə görüş gözləyirdi. Onun xətrinə Ornello növbəti ağılsızlığa yol verdi - qayğıkeş və sevimli ərindən ayrıldı. Bu cür düşünülməmiş hərəkətlərinə görə onu «Donna-Bambina»- qadın-uşaq adlandırırdılar. Muti və Çelentanonun «Dəlicəsinə aşiq» filmi böyük uğur qazandı. Aktyorlar arasındakı münasibət tamaşaçıları kinoteatra cəlb elədi. Ornellanın həmin filmdəki paltarı auksionda 18 min dollara satıldı. «İnadkarın ram edilməsi» filmi ekranlara çıxanda isə artıq aktrisanın şöhrəti ölkəsindən kənara yayılmışdı. Bu filmdən sonra Ornella dünya miqyaslı aktrisaya çevrildi. Həmçinin filmdən sonra onun Çelentano ilə macərası başladı. Ancaq Çelentano öz ailəsindən ayrılmaq niyyətində deyildi. Muti isə ona görə ailəsini dağıtdı... 

Bir müddət sonra aktrisanın rejissor Mark Pereri ilə macərası başladı. «Triyestdən olan qız» filmindən sonra aktrisa rejissorun bir neçə filmində yaddaqalan obrazlar oynadı. Hər sevgi macərası Ornellaya maraqlı rollar və karyera bəxş edirdi. Ornella sanki göyün yeddinci qatında idi - bütün İtaliya onun filmlərini izləyirdi.

"Planetin ən gözəl qadını”

1994-cü ildə "Class” jurnalının oxucuları onu "Planetin ən gözəl qadını” adlandırdılar. Onda Ornellanın 39 yaşı var idi. 52 yaşı olanda o, məşhur jurnalların birinin üz qabığına çılpaq çəkilməklə yenidən pərəstişkarlarını heyrətə saldı. Pərəstişkarlarına karyerasına açıq-saçıq fotosessiyalarla başladığını xatırlatdı.  

Ornella başqa ölkələrin rejissorlarından da dəvətlər alırdı. 80-ci illər onun yaradıcılığının ən pik nöqtəsi idi. Sovet-İtalyan layihəsi olan Qriqori Çuxrayın «Həyat gözəldir» filmi isə aktrisanı rus tamaşaçılarına sevdirdi. Filmdə Ornellanın tərəfmüqabilləri Canini, Regimanta Adamaytis, Yevgeni Lebedyev, Otar Koberidze idi. Ekran əsəri İtaliyada olduğu kimi, SSRİ-də də prakatda mühüm yer tutur.     

Ornellanın ikinci əri Federiko Fakinetti aktrisanın adına külli miqdarda saxta çeklər yazaraq onun pullarından israfçılıqla istifadə edir. Məlum olur ki, eyni zamanda onun məşuqəsi də varmış. Andrea və Carolina adlı qızlarının olmasına baxmayaraq, aktrisa ondan ayrılır.

2008-ci ildə Ornella özündən 10 yaş kiçik olan plastik cərrah Stefan Pikkolo ilə rastlaşır. Bir çox bioqraflar iddia edirlər ki, Muti gözəlliyini qorumasına görə məhz ona minnətdardır. Ancaq Ornella müsahibələrində deyib ki, heç vaxt plastik cərrahların müdaxiləsindən istifadə etməyib. Öz bədən quruluşunu qoruyub saxlamaqda ona düzgün qidalanması, zərərli vərdişlərdən uzaq durması və müntəzəm idmanla məşğul olması kömək olub. 

Aktrisa 10 il birgə yaşadıqdan sonra Stefanodan da ayrılır. İş adamı Fabrisio Kereli ilə macərası Ornella haqqında yeni söhbətlər üçün əsas olur. Fabrisio biznesini Rusiyaya daşıyandan sonra aktrisa da Sankt-Peterburqda görünür. 2010-cu ildə o, bu şəhərdə Rusiyanın baş naziri Vladimir Putinlə birlikdə xeyriyyə tədbirində görünür. Aktrisa öz vətənindəki tamaşalarını "səhhətinə” görə təxirə salır. Yalanın üstü açılanda isə müqavilə şərtlərini pozduğuna görə, İtalyan məhkəməsi aktrisanı 8 aylıq həbs cəzası və 800 avro dəyərində cərimə edir. Bir ildən sonra Apellyasiya Məhkəməsi cəzanı 6 aya, cəriməni isə 500 avroya endirir. Məhkəmə ilə problem yaşayan Muti üzünü Rusiyaya çevirir və yerli mətbuata verdiyi müsahibələrində italyan vətəndaşlığını Rusiya vətəndaşlığı ilə əvəzetmə arzusunu bildirir. Az sonra mətbuat aktrisanın Moskvada mülk aldığını müzakirəyə çıxarır. Adətən kiminsə "ulduz” statusu varsa, bu cür qanunpozmalara dövlətlər xeyirxahlıqla yanaşır. Məsələn, əvvəllər Fransa qanunları ilə problem yaşayan Jerar Depardye də Rusiya vətəndaşlığı almışdı. 

2017-ci ilin yayında Ornella Muti Moskva Kino Festivalının münsiflər heyətinin üzvlərindən biri idi. 2018-ci ildə isə Mutinin Rusiyada iki teatr tamaşasına quruluş verməsi ilə bağlı da məlumatlar yayıldı. 

Ornella Muti hazırda geniş mağazalar şəbəkəsinə malikdir. Onun satışa çıxardığı bəzək əşyaları İtaliya, Fransa, Latviya, Çexiya və Qazaxıstanın dizayn işlərində istifadə olunur. 65 yaşı tamam olan aktrisanın kino bioqrafiyasında 112 film yer alıb. O, Piter Qrinuey, Vudi Allen kimi rejissorların filmlərində çəkilib. Silvester Stallone, Alen Delon, Depardye kimi məşhur aktyorlarla tərəfmüqabil olub. Əfsanəvi Avropa və dünya aktyorları ilə eyni filmdə çəkilmələri aktrisanı 80-ci illərin seks-simvolu səviyyəsinə qaldıraraq onu Sofi Loren, Monika Belluççi, İzabella Rosselini və Klaudiya Kardinali ilə bir cərgəyə çıxarıb. "Xoşbəxtlik üçün daha nə lazımdır ki” deyə aktrisa həyatından məmnunluğunu gizlətmir: "Bir aktrisa və ya qadın üçün həyatda hansı gözəlliklər varsa hamısını yaşamışam...” 
 
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova