• cümə, 29 Mart, 03:41
  • Baku Bakı 7°C

Piyada keçidlərindən istifadə etməyənlər cərimələnməlidirmi? - Polemika

25.07.15 11:22 3363
Piyada keçidlərindən istifadə etməyənlər cərimələnməlidirmi? - Polemika
Yəqin ki, piyada keçidlərindən istifadə etmədiyi üçün cərimə olunanları siz də görmüsünüz. Məlumdur ki, piyadaların yeraltı və yerüstü keçidlərdən istifadə etməməsi öz həyatlarını və sürücülərin həyatını təhlükə altında qoyduqları üçün “Yol hərəkəti haqqında” qanunda dəyişikliklərə əsasən piyadalar yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Qanuna əsasən, yol hərəkəti qaydalarını pozan piyada 20 manat miqdarında cərimə olunur. Lakin bu qaydalar insanlar tərəfindən birmənalı qarşılanmır. Kimi piyadaları tərbiyələndirmək üçün ən yaxşı yolun cərimə olduğunu düşünsə də, kimisi də polis əməkdaşları tərəfindən əvvəlcədən xəbərdarlıq edilməsinin tərəfdarıdır. Bəs gənclər nə düşünür? Keçidlərdən istifadə etməyən şəxslər cərimələnməli, yoxsa maarifləndirilməlidir?
“Piyadaları tərbiyələndirməyin ən yaxşı yolu cərimələrdir”
Pərvanə Məmmədova, tələbə
Pərvanə düşünür ki, tətbiq olunan cərimələr əslində piyadaların xeyrinədir. Çünki keçiddən istifadə edilmədiyi halda həm özləri, həm də sürücülər üçün təhlükə yaradırlar: “Nəqliyyat sistemini nəzərə alsaq, keçidlərdən istifadə etməyin daha təhlükəsiz olduğunu görərik. Gün ərzində yollarda nə qədər qəzalar baş verir. Keçidlər belə hadisələrin qarşısını almaq üçün ən optimal yoldur. İndi keçidlər çoxalıb. Üstəlik, çox gözəl və əlverişlidir. İnsanlar da yeraltı, yerüstü keçidlərdən istifadə etsələr, çox yaxşı olar. Məncə, keçidlərin olduğunu bilə-bilə onlardan istifadə etməyən piyadaları tərbiyələndirməyin ən yaxşı yolu elə cərimələrdir”.
Həmsöhbətimiz deyir ki, bəzi insanlar yollarda keçidlərin olmasından xəbərsizdir. Onun sözlərinə görə, bu problemdən çıxış yolu kimi yollarda müxtəlif maarifləndirici plakatlar, afişalar asılmalıdır: “Piyada keçidlərindən istifadə etmədikdə nəqliyyatın hərəkətində də bir sıra problemlər müşahidə olunur. Yollarda uzun- uzadı tıxaclar və müxtəlif qarışıqlıq yaranır. Bunun qarşısını almağın ən yaxşı üsulu insanları maarifləndirməkdir. Hər şeydən əvvəl bu barədə küçələrdə, yollarda müxtəlif maarifləndirici plakatlar, afişalara daha çox yer ayrılsa, düşünürəm ki, daha effektiv nəticə əldə olunar. Bu işdə polis əməkdaşlarının media orqanları ilə birgə fəaliyyət göstərməsi məqsədəuyğundur. Çünki media ictimaiyyəti maarifləndirməkdə, ictimai fikrin formalaşmasında əvəzsiz rol oynayır. Bu haqda davamlı olaraq müxtəlif sosial çarxlar, reklamlar, müxtəlif telelayihələrin hazırlanıb efirə verilməsi maariflənməyə xeyli yardım edə bilər”.
Həmsöhbətimiz özü də əvvəllər keçidlərdən istifadə etmirmiş. Ta ki polis əməkdaşı tərəfindən saxlanılana qədər… O, başına gələn əhvalatı bizimlə bölüşdü: “Bir dəfə tələsirdim deyə, keçiddə vaxt itirməmək üçün qadağan olunmuş ərazidən keçməyə çalışdım. Buraya nəzarət edən polis nəfəri bizi saxladı və xəbərdarlıq elədi. Bildirdi ki, əgər bir də bu hal təkrarlansa, cərimə yazılacaq. O gündən daha diqqətli olmağa çalışıram. Gedəcəyim yerə nə qədər geciksəm də, piyada keçidlərindən istifadə etməyə çalışıram. Piyada keçidləri insanların həm sağlamlığının, həm də büdcəsinin qayğısına qalır”.
“Tənqid etmədən hansısa mədəni maariflənmə işi aparmaqdan söhbət gedə bilməz”
Cavid Hidayətzadə, fotoqraf
Cavid düşünür ki, cərimə ən yaxşı maarifləndirmə üsuludur. Həmsöhbətimizin sözlərinə görə, piyadaların məsuliyyətsizliyi sürücüləri çətin vəziyyətdə qoyur: “Bu məsələdə ən çox günah adətən piyadalarda olur. Yəni onların məsuliyyətsizliyindən yaranan qəza faktlarında bir çox hallarda sürücüləri təqsirkar hesab edirlər ki, bu da fikrimcə, böyük haqsızlıqdır. Odur ki, bu cərimələr insanları maarifləndirmək baxımından bir sıra üstün cəhətlərə malikdir. Bir çoxları bəzən cərimələrdən xəbəri olmadığını da bildirir. Lakin bunun nə dərəcədə düzgün olduğunu heç kim dəqiqliklə deyə bilməz. Qadağan olunmuş ərazidən keçməklə onlar nəinki özlərinin, eyni zamanda sürücülərin və ətrafdakı digər insanların həyatı üçün də təhlükə yaratmış olurlar. Bunun qarşısını almaq üçün vaxtaşırı müxtəlif tədbirlər görülməlidir. Bəzən də bir çoxları deyir ki, yolu keçdim heç bir problem olmadı, qəzaya səbəb olmadım, mənə cərimə yazmayın. Polislər də səhvini anlayar deyə, bir çox hallarda yaşlılara və yaxud az yaşlılara güzəştə gedirlər. İnsanlar da polislərin ürəyiyumşaqlığından kobud dildə desəm, istifadə etməyə çalışırlar. Bu kimi halların qarşısını almağın yeganə üsulu cərimələrdir. Çünki tənqid etmədən, səhvlərini bildirmədən hansısa mədəni maariflənmə işi aparmaqdan söhbət belə gedə bilməz”.
Həmsöhbətimiz bildirdi ki, bəzi yollarda keçidlərə qədər olan məsafələr uzaq olduğu üçün problemlər yaranır. Bunun qarşısını almaq üçün əlavə tədbirlər görülməlidir: “Bəzən piyadalar keçidləri axtarıb tapa bilmir, yaxud da keçidlərarası məsafə kifayət qədər uzun olur. Bu kimi məsələlər də çox vaxt bəhanəyə çevrilir və qəzaların sayı günü-gündən artır. Odur ki, bu problemin həlli ilə aidiyyatı qurumlar da maraqlanmalı və belə ciddi problemlərdə məsuliyyətsizliyə yol verməməlidir”.
”Vətəndaşlara birbaşa cərimələrin yazılmasını yaxşı hal kimi qiymətləndirmirəm”
Ləman Cənnətova, tələbə
Ləman digərlərindən fərqli olaraq, düşünür ki, keçidlərdən istifadə etmədiyi üçün piyadaların müəyyən məbləğdə cərimələnməsi düzgün deyil: “Bir neçə dəfə piyadanın keçdiyini görən polisin xəbərdarlıq etmədən birbaşa cərimə protokolunu təqdim etdiyinin şahidi olmuşam. Bu cərimələrin mövcudluğundan bir çoxlarının hələ də məlumatı yoxdur. Belə olan halda isə vətəndaşlara birbaşa cərimələrin yazılmasını yaxşı hal kimi qiymətləndirmirəm”.
Həmsöhbətimiz piyada keçidi ilə bağlı öz başına gələn əhvalatdan da danışdı: “Mən də bir dəfə cərimə olunmuşam. Amma o zaman keçiddən istifadə etmədiyinə görə cərimə olunduğunu bilmirdim. Yolu keçərkən polis əməkdaşları saxladı, xəbərdarlıq etmədən cərimə protokolu yazdılar. Bu da bi çox hallarda öz hüquq və vəzifələrimizi bilməməyimizdən irəli gəlir. Düşünürəm ki, hər kəs bu haqda müəyyən qədər məlumata sahib olsa, öz hüquqlarını müdafiə edə bilər”.
Şəbnəm MEHDİZADƏ
banner

Oxşar Xəbərlər