• cümə, 29 Mart, 15:47
  • Baku Bakı 14°C

Piyada keçidlərində birtərəfli işləyən eskalatorlar

13.06.17 12:00 1008
Piyada keçidlərində birtərəfli işləyən eskalatorlar
Bu dünya nərdivandır,
Qalxanda mehribandır,
Enəndə nə yamandır.
Bu dəfə haqqında yazacağımız nərdivan şeirdə bəhs edilən nərdivandan fərqli olaraq, nə qalxır, nə də ki, enir. Şəhərimizin bir çox küçəsində vətəndaşların yolu rahat keçməsi üçün yeraltı piyada keçidləri tikilib. Bu, təbii ki, təqdirəlayiq bir işdir. Amma bir neçə məkanda bəzi piyada keçidlərindəki eskalatorların fəaliyyətini tam yerinə yetirmədiyini müşahidə etdik. Ya enən eskalator işləyir, ya da əksinə olur. Və bu da insanlar üçün müəyyən çətinliklər yaradır. Belə ki, uşaq arabası ilə gələnlər, yaşlılar, pilləkənləri qalxarkən və ya düşərkən əziyyətlə üzləşməli olurlar, məcburən kiminsə köməyinə ehtiyac duyurlar. Ən çox istifadə etdiyimiz yeraltı keçidlərdən biri də Hüseyn Cavid prospektində olan piyada keçididir. Üç çıxışı olan bu keçid natəmizliyi və eskalatorlarının iş fəaliyyətinə görə diqqətimizi cəlb etdi. Əksər yeraltı keçidlərdə ikitərəfli - yəni həm qalxan, həm enən olan eskalatorlar olduğu halda, burada birtərəfli fəaliyyət göstərir. Yəni sadəcə, eskalatorla qalxmaq olar, düşmək isə... Və bundan əlavə, artıq uzun müddətdir ki, eskalatorlardan biri ümumiyyətlə, işləmir. Füzuli küçəsi boyunca yerləşən yeraltı keçidlərin hamısında isə eskalatorlar ikitərəfli olsa da, onlardan yalnız biri işlək vəziyyətdədir. Eskalatorla yalnız qalxmaq mümkündür. Yeraltı keçidlərdə eskalatorların niyə bu vəziyyətdə olduğunu öyrənməyə çalışdıq.
İlk olaraq keçidə nəzarət edən şəxslə danışdıq. O, eskalatorun servisində problem olduğunu və artıq uzun müddətdir işləmədiyini dedi. Həmçinin bu problemi aidiyyəti qurumlara bildirsə də, hələ ki, bir tədbir görülməyib. "Artıq uzun müddətdir ki, çıxışın biri işləmir. Vətəndaşlar da bundan gileylənirlər. Onlar problemlə bağlı mənə müraciət edəndə, mən "Azəryolservis”ə bu haqda məlumat verdim. Amma uzun müddətdir ki, bununla əlaqədar heç bir iş görülmür”.
Məsələ ilə maraqlandığımızı görən vətəndaşlar da yaxınlaşaraq iradlarını bildirdilər. Solmaz Abdullayeva keçidin daha çox natəmizliyindən şikayət etdi. O, bildirdi ki, insanların ən çox istifadə etdiyi keçid olmasına baxmayaraq, burada təmizliyə baxan yoxdur. Fərman dayı yaşlı olduğunu, hər dəfə bu keçiddən keçərkən əziyyət çəkdiyini dedi. "Yaşlı adamam, yerin üstündən keçə bilmirəm. Məcbur yeraltı keçiddən istifadə edirəm. Keçidin də vəziyyətini özünüz görürsünüz, natəmizlik baş alıb gedir, eskalatorların biri işləyəndə, o biri işləmir. Beş gün işləyir, on gün işləmir. Buna kimsə nəzarət etməlidir ya, yox? Lazımı qurumlar niyə bu problemi aradan qaldırmaq üçün bir tədbir görmür ?”
Elə Fərman dayının verdiyi sualların cavabı bizə də maraqlı gəldi. Bunun üçün də, "Azəryolservis”lə əlaqə saxlamaq qərarına gəldik.
"Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, eskalatorlar daim işlək vəziyyətdə olan mexanizmlər olduğundan onların sıradan çıxması, xarab olması normal haldır: "Əgər təmiri mümkündürsə, biz dərhal onu təmir edib yenidən vətəndaşın istifadəsinə veririk. Yox, əgər təmiri mümkün deyilsə və ya hər hansısa bir avadanlığı dəyişilməlidirsə, bu zaman həmin təchizatı xaricdən sifariş edirik. Həmin avadanlığın da gəlməsi, köhnəsi ilə əvəz edilməsi bir az vaxt alır. Çox güman ki, ona görə həmin eskalator fəaliyyət göstərmir”.
Günel Azadə
banner

Oxşar Xəbərlər