• çərşənbə, 24 Aprel, 16:39
  • Baku Bakı 27°C

Piter Zilahi: “İnsan gərək hardan gəldiyini unutmasın”

23.02.15 03:59 1248
Piter Zilahi: “İnsan gərək hardan gəldiyini unutmasın”
“Piter ən sıradan ölkələrin ən qeyri-adi zamanlarında baş verənlərin təsvir edildiyi nəfəskəsən hekayələrin müəllifidir” – Laurens Norfol
Axırıncı romanı “Son pəncərə” ilə nəinki vətəni Macarıstanda, eləcə də Avstriya, Yunanıstan, Kipr, Türkiyə, Bolqarıstan kimi bir çox ölkədə geniş oxucu auditoriyası qazanan macar yazar Piter Zilahi 1970-ci ildə Budapeştdə doğulub. Macarıstanın dünya ədəbiyyatındakı üzü kimi tanınan gənc və uğurlu müəllif həmçinin sosial media, fotoqrafiya, səhnə mədəniyyəti kimi sahələr üzrə dediyi mühazirələri ilə də rəğbət qazanıb. Şeir və hekayələri rus, alman, türk, fransız, ingilis dillərinə tərcümə olunan müəllif Macarıstanın nüfuzlu ədəbi jurnallarından “Dünya ədəbiyyatından seçmələr”in baş redaktorudur. Zilahi 1999-cu ilə qədər ingilis və macar dillərində fəaliyyət göstərən internet jurnalının baş redaktoru olub. Həmin dövrdə macar dilinə əvəzsiz tərcümə nümunələri qazandıran müəllif 2000-ci ildə Berlində keçirilən Beynəlxalq Kitab Festivalının fəxri qonağı olub. Müəllifin sonuncu əsərini İkinci Dünya müharibəsinin sonlarında bir çox Şərqi Avropa ölkəsini cənginə almış küçə hərəkatları dövrünə səyahət kimi də qəbul edə bilərsiniz, Macarıstanda diktatura rejiminin hökm sürdüyü illərdə böyümüş bir ədibin müşahidələri kimi də. Əsərdəki ayrı-ayrı hekayələr əlifbanın hərfləri ilə başlayır, hekayələrə həmin illərə aid fotolar və sənədlər də yoldaşlıq edir. “A-dan Z-yə pəncərə”, “Son pəncərə”, “3+1”, “Uzun yolun sonundakı qapı”, “Bəyaz örtük altındakı heykəl” kimi əsərlərin müəllifi Piter Zilahinin “Time Out” jurnalına verdiyi müsahibəni ixtisarla təqdim edirik.
- Kitab haqqında verdiyiniz açıqlamalardan birində əsərin adının oxumağı öyrəndiyiniz şəkilli kitabın adından götürüldüyünü demisiniz. “A-dan Z-yə pəncərə” uşaqlar üçün nəzərdə tutulmuş şəkilli kitabın adıdır. Sizin eyniadlı kitabınız isə dünyanı hamının anlayacağı dildə əlifba sırası ilə təsvir edən hekayəni danışır. “Son pəncərə”də də bu əlifba sırasının qorunduğu bir hekayə ilə qarşılaşırıq. İki kitab sadəcə adları ilə deyil, dizaynlar, düzənləmələri ilə də bənzəyir bir-birinə. Bu kitabın meydana gəlmə məqsədini və dünyanın dərdini anlatmaq üçün niyə məhz uşaqlar üçün nəzərdə tutulan kitab formatını seçdiyinizi izah edərsinizmi?
- Romana girişməmişdən əvvəl uzun illər ancaq poeziya ilə məşğul olmuşam. Ona görə də hansısa bir fikri belə təsvir, izah yolu ilə anlatmaq, xüsusilə də bunu doğru biçimdə çatdırmaq mənim üçün çox əhəmiyyətlidir. Bu kitabın məqsədi diktatura rejimində əzilmiş gəncliyimin və hazırda bir çox ölkədə bu rejimin ayaqları altında gələcəyi qaranlığa düşmüş nəsillərin dərdini çatdırmaq idi. Bunun üçün doğru ifadə yolunu axtarırdım, bir gün bunun üçün ən doğru janrın roman olduğu fikrinə düşdüm. Bu elə bir rejimdir ki, sanki bütün cəmiyyət zaman məfhumuna baş əyir, fikrin, duyğun, sözün nə qədər əhəmiyyətli olursa-olsun, yaşlanmadıqca görünmürsən, seçilmirsən. Hamımıza uşaq kimi davranır, işlərimizi gülüş hədəfinə çevirirdilər. Sadəcə, mənim aid olduğum generasiya yox, müəllimlərimlə, valideynlərimlə də belə uşaq kimi davranılmış, onlara əhəmiyyət verilməmişdi. Ona görə də hər şeyi xırdaltmağa, kiçiltməyə meylli bu rejim haqqında ən təsirli əsərin uşaqlar üçün hazırlanmış bu şəkilli kitab formasında hazırlanmalı olduğu qənaətinə gəldim. Diktaturanın özünü, üsullarını, tarixini onun əhəmiyyət vermədiyi formaya saldım. Bu formanın köməyi ilə kitabı həm görüntü olaraq zənginləşdirə bildim, həm hadisələri məsum izləyici gözündə canlanan sıradan duyğular havasından çıxarıb, yaşananların hamımızın içini deşən ortaq xatirələrimiz olduğunu göstərdim.
- Uşaqlıq xatirələrin, diktatura rejiminə düşən illər üzərində çalışarkən, araşdırıb-oxuyarkən əvvəllər görmədiyin, hiss etmədiyin, kəşf etdiyin yeni bir şey oldumu?
- Əslində maraq hissi güclü olan insanlar üçün mübarizənin, qarışıqlığın, naməlumluğun tərkib hissəsi olmaq o qədər də dözülməz, hər vəchlə unudulmasına çalışılan bir şey deyil. Amma uzun müddət diktatura rejiminə dözmək sonralar insanda altından psixoloji olaraq qalxa bilmədiyi mənəvi təhqir olunmuşluq, utanc hissi yaradır. Belə insanlar ömür boyu gücə sahib olmağa çalışır, zəifləməkdən qorxur, nə zamansa keçmişə açıq gözlə baxmaq cəsarəti tapsa, həmin dövrlərdə qul olduğunu dərk edir və bu utancdan qurtulmaq asan iş deyil. Yəni insanın formalaşdığı mühitdə hakim rejim onun şəxsiyyətinin, xarakter keyfiyyətlərinin formalaşmasına birbaşa təsir edir. Hər iki rejimdə yaşayıb, dünyanı və doğulduğum ölkəni hər iki sistemdə müşahidə edə bildiyim üçün şanslıyam. Çürümüş bir rejimin hökm sürdüyü ölkədə doğuldum, sonralar həyatımıza vəhşi istismarla müşahidə olunan bazar iqtisadiyyatı hakim oldu. Yazarkən bu iki dünya arasında get-gəl yaşayan tərəflərimi, bu iki sistemin ortaq və fərqli cəhətlərini daha aydın gördüm. Əsas məsələ də odur ki, yazmağa başlayandan sonra həyatdan nə gözlədiyim daha da konkretləşdi.
- Ukraynada çox tanınırsınız. 2004-cü ildə baş verən “narıncı inqilab”ın hərəkətverici qüvvəsi kimi “Son pəncərə”ni göstərirlər. Çünki bu əsər insana bir inqilabçının, fəalın əl kitabı təsiri bağışlayır. Ukraynadakı hadisələrə təsiri də məhz bu yolla oldu?
-İnqilabdan çox qısa müddət əvvəl Ukraynada oldum. Həmin il kitabım “İlin kitabı” mükafatına layiq görülmüşdü. Fəallar və gənclərin böyük bir qisminin kitabımla tanış olması bununla bağlıdır. Görünür, bu kitabda baş verənlərlə onların seçdikləri yol arasında çox ortaq nöqtələr olub ki, üsyançıların çoxunun üstündən bu kitabı tapıblar. Yəni nəyinsə məqsədə hesablanmış olduğunu düşünmürəm, sadəcə, zamanlama elə gətirdi. Çünki Ukraynadan əvvəl bir çox ölkədə təqdimatlarda, görüşlərdə oldum. Eyni kitabı sülh axtarışı üçün yollar kitabı kimi təqdim edirdilər. Hətta məhz Kiyev küçələrində kitabdakı bəzi hissələr gənclər tərəfindən səhnələşdirilmişdi. Sonra həmin hadisələr baş verəndə ukraynalı həmkarım Yuri Andruxovits mənə belə bir mesaj yolladı: “Bu gün sənin əsərini yaşayırıq”. Onun sosial media vasitəsilə də paylaşdığı bu mesaj sonra alman və ispan mətbuatında da yer aldı. Bu, mənim nəzərimdə “İlin kitabı”ndan daha böyük mükafat idi. Çox nadir hallarda baş verən şeylər baş verirdi, həyat incəsənəti təqlid etməyə başlamışdı.
- O kitabda bir ifadə var idi: “Hər yer Belqrad!”. Türkiyədə Gezi hadisələri zamanı da yenə siz və bu kitab gündəmə gəldi. O üsyanın əsas şüarı “Hər yer Taksim, hər yer dirəniş” idi. Bir çox küçə hərəkatının iştirakçısı olmusunuz, “Gezi hadisələri ilə nə kimi oxşar cəhətləri var idi?
- Avropadakı üsyanlarla yalnız bir oxşarlığı var idi – barışa və təməl hüquqların qorunmasına yönəlmişdi. Amma qalan hər cəhəti ilə, xüsusilə də hərəkatın ilk günündən fəallara qarşı yönəlmiş hərbi güc baxımından ancaq Şərqi Avropa və Asiya ölkələrindəki hərəkatlarla oxşar ola bilərdi.
- Kitab Festivalındakı çıxışınız maraqla qarşılandı. Çıxışınızda üsyanların vacib tərəfini nəticələrində yox, estetik bir təcrübə olmasında gördüyünüzü dediniz. Bu fikri bir qədər aça bilərsiniz?
- Bunu siyasi güc, zəfər qazanmaq vasitəsi kimi qəbul etməmək lazım olduğunu, geriyə kin və utancla baxmamalı olduğumuzu dedim. Düzdür, mübarizəni uduzmağın insanı incidən tərəfi təbii ki, var. Amma əhəmiyyətli olan, məsələn, Gezi hərəkatının sənin, mənim, milyonlarla istanbullunun, bütün bir ölkənin həyatında, tarixində bir dönəm, bir mərhələ olmasıdır. O coşğunu, o dirəniş, azadlıq kimi hissləri minlərlə insanla birgə paylaşmaq hər insanın həyatında heç olmasa bir dəfə hiss etməli olduğu bir şeydir. Bu, insanın başına nadir hallarda gələn estetik təcrübədir. Orada keçirdiyiniz hər anı zənginləşdirmək, xatırlamaq və bununla qürur duymaq lazımdır. Məsələ nəyin uğrunda mübarizə apardığınızda deyil, sizdə mübarizə əzminin olduğunu özünüzə sübut etməyinizdədir. Çünki insandan heç kimin ala bilməyəcəyi dəyəri ölçülməz bir xəzinədir bu. Həmin anların daşıdığı məna zəfər qazanmış bir üsyandan daha çoxdur.
- Tez-tez haqqında danışdığınız bir şeyi də aydınlatmağınızı istəyəcəm – xatırlamaq. Sürət və konformizm dövründə xatırlamaq daha çətin və bir o qədər də əhəmiyyətlidir. Müasir dövrün intellektuallarının öhdəsinə düşən də deyəsən, xatırlamaq və xatırlatmaqdır. Bu fikrə qatılırsınızmı?
- Məncə, ziyalıların işi insanları yönləndirmək deyil. Ziyalının işi insanlara metaforlar göndərmək və bu yolla onlara hadisələrin necə inkişaf etdiyini, nə ilə nəticələnəcəyini göstərməkdir. Bir də bacarırsa, cəmiyyətin nədənsə ziyan görməsini əngəlləyə bilər, ya da ən azından hadisələrin ziyanverici tərəflərini üzləşdirər. Hardan gəldiyini insan gərək özü unutmasın. Unutmağın nələrlə nəticələndiyini göstərən saysız-hesabsız nümunələr var. Odur ki, xatırlamağa çalışın.
Tərcümə etdi:
Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər