AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Pis xatirələri necə unutmalı? - Gənclərə məsləhət

Pis xatirələri necə unutmalı? - Gənclərə məsləhət

Gənclik qəzeti
29 Fevral 2020, 11:00 2976
 
"Pis xatirəni silməyə çalışmaqdansa, unudulası mövzunun üzərində dayanıb, onunla mübarizə aparmalıyıq”
 
Hər bir insanın həyatında unutmaq istədiyi xatirələri olur. Xüsusilə yeniyetməlik və gənclik illərində istər sevgi, istər iş, istər dost münasibətlərində tez-tez pis hadisələrlə qarşılaşır, zərbə alırıq. Bəs belə vəziyyətə düşdükdə nə etməliyik? Pis xatirələri necə unuda bilərik?

Psixoloq Murad İsayev deyir ki, unutqanlıq, əslində, normal sağlam psixologiyası və emosiyası olan insanlara məxsusdur: "Biz bəzən çətinliklərlə rastlaşanda deyirik ki, bu hadisə mənim beynimdən çıxsın. Amma bu, sadə proses deyil. Birinci növbədə qeyd etmək lazımdır ki, insan əslində problemləri, çətinlikləri, sıxıntıları ilə var olub. Psixologiyada hansısa pis anı dəyişdirib çıxarmaq mümkün olsaydı belə, insan beynində ciddi fəsadlar törədərdi. Yəni biz problemlərimizlə də yaşamağı öyrənməliyik. Beynindən nəyisə silməyi istəmək iradəsizliyin göstəricisidir. İradə zəifləyəndə insan da canı ağrımasın deyə, bu yollara baş vurur. İstər sevgidə, istər iş həyatında, istərsə də rəfiqəsi ilə münasibət pozulanda bu problem yaşanır və   bunların hamısı eyni ortaq nöqtədə birləşən emosiyalardır. Unutmaq istədiyimiz məsələləri aradan götürmək yerinə, insan, eqosunu  iradəsinə maksimum şəkildə tabe etməlidir. Biz, sadəcə problem anında deyirik ki, iradəmiz zəifləyir, məhsuldarlığımız aşağı düşür, marağımız itir və s. Ona görə də pis xatirələri unutmaqdansa, unudulacaq mövzuların üzərində dayanıb, onunla mübarizə aparmağa çalışmaq vacibdir. Psixologiya sahəsi geri çəkilməyi deyil, irəli getməyi, adaptasiya olmağı tövsiyə edir. Əgər zəiflik göstərib geriyə addım atdınsa, problem sənin üzərinə gələcək”.
 


Əgər insan özündən çox kimisə sevirsə...

Psixoloq deyir ki, təkcə problem anında deyil, sakit vəziyyətdə hər birimiz iradəmizi gücləndirmək, eqomuzu sakitləşdirmək üçün öz üzərimizdə işləməliyik. Qidalanmağımıza, fiziki aktivliyimizə diqqət etməliyik: "Sosial həyatı zəif olan, özünü təsdiq edəcək imkanları az olan və həyatını tamamilə bir insana, bir əşyaya, bir işə bağlayan insanlarda tez-tez belə hallara rast gəlirik. Amma onun əksini etsək, heç bir problem olmayan hallarda belə, güclü olmağa çalışsaq, qalib gələcəyik. Problemlər bizi gücləndirir. Hər birimizdə sosial, təbii psixoloji, intellektual enerji var. Bunların hamısını bir kənara qoyub yalnız bir işlə məşğul olsaq, bir ideya arxasınca getsək, o zaman bizim dözümlülüyümüz çox aşağı olacaq. 

Sakit vəziyyətdə dözümlülüyümüzü qaldırmalıyıq. Bu, təkcə unutmağa kömək etmir, həm də insanın güclü şəxsiyyət kimi formalaşmasına təkan verir. Tutaq ki, insan pis vəziyyətdədir və çıxış yolunu tapa bilmir. Psixologiyada bir psixoterapiya növü var ki, insan öz təfəkkürü, dərk etməsi, analizi ilə hərəkətlənməlidir. Əgər həqiqi mənada ətrafımızda olan narahatlıqlardan uzaqlaşmırıqsa, passiv formaya keçirik və məntiq, təfəkkür tamamilə emosiyanın ixtiyarına verilir. Bir müddət emosiyadan uzaq dura bilsək, artıq məntiq və təfəkkür işləməyə başlayır. Biz bütün günü kimisə unutmadığımızı beynimizə yeritsək, şəkillərinə baxsaq, xatırlamağa çalışsaq, bunlar dəhşətli fəsadlar verəcək. Biz həmin insanı bütləşdirir, ilahiləşdirir, totem halına gətiririk. Reallıqdan daha çox, ona qarşı bağlılıq hissimiz artır. Bunlar olmasın deyə, hisslərimizi məntiq və təfəkkürlə idarə etməyə çalışmalıyıq. Duyğular da lazımdır. Amma sırf bu formada davam edirsə, ağır formada xəstəliklərə gətirib çıxarar. Sağlamlıqdan önəmli, həyatda heç nə yoxdur. Əgər insan özündən çox kimisə sevirsə, burada artıq hisslər itib və məntiqlə hərəkət edir. Hərəkətlənmək və dərk etməklə bu problemi aradan götürmək olar”.
 
Aygün Əziz