• çərşənbə, 24 Aprel, 01:18
  • Baku Bakı 14°C

Pirat dərslik problemi Araşdırma

19.09.13 08:26 2869
Pirat dərslik problemi Araşdırma
Yeni tədris ilinə start verilməsi bir çox şagirdlərin ürəyincə olsa da, məktəbli forması, iş dəftəri və digər dərs ləvazimatları almaq valideynlərin yükünü çoxaldıb. Təhsil Nazirliyinin məktəblərə pulsuz payladığı dərsliklərin çatışmaması ucbatından valideynlərin bəzi dərslikləri bazardan orta hesabla 4-8 manata pulla alması onların xərcinin üzərinə əlavə xərc də gətirir. Övladı orta məktəbə gedən valideynlərlə söhbətimizdən bəlli oldu ki, orta məktəblərin əksəriyyətində eyni problem yaşanır. Dərsliklər sinifdəki bütün şagirdlərə çatmır. Övladı Bakı məktəblərindən birində oxuyan və adının çəkilməsini istəməyən valideynin dediyinə görə, ötən il də eyni problemi yaşayıblar: “Düzdür, dərslik çatmayan şagirdlərə oktyabr ayında məktəb dərslik adı. Amma artıq gec idi, mən də daxil olmaqla, digər valideynlər də çatışmayan dərslikləri almışdıq. Çünki şagird verilən dərsi vaxtında öyrənməlidir, oktyabr ayını gözləyə bilməz. Bu il də eyni problemi yaşadığımızdan bəzi dərslikləri yenə özümüz almalı olduq”.
Kəmsavad valideynlər
Övladı orta məktəbdə təhsil alan jurnalist həmkarımız Sevinc Telmanqızı da dərslik problemi yaşayanlardandır. O facebook səhifəsində dərdini belə bölüşür: “Bu təhsili ağlar günə qoyan həm də kəmsavad valideynlərdir, vəssalam. Səhər məktəbdə qızın müəlliməsinə deyirəm ki, niyə paylamalı olduğunuz 2 fənnin kitabını paylamamısız və mən bunu mağazadan almalıyam? Gerizəkalı bir valideyn deyir: “5-10 manatın söhbətini edirsən? Uşağın kitabı üçün o pulu xərcləməyəssənsə, daha niyə işləyib qazanırsan?” Bunlar Roma papasından artıq katoliklər kateqoriyasına aiddir. Bu valideynə veriləsi cavab yoxdur...”
Altdan satılan dərsliklər
Onu da qeyd edək ki, mağaza və küçələrdə piştaxtalarda satılan dərsliklərin əksəriyyəti orijinal deyil, üzü mətbəələrdə gizli köçürülmüş pirat dərsliklərdir ki, bu da şagirdlərin gözləri üçün problem yaradır.
Alıcı kimi metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında piştaxtada iş dəftərləri və digər kitabların satışı ilə məşğul olan satıcıya yaxınlaşdıq. Piştaxtada bir dənə də olsun dərslik görmədiyimizdən özümüz satışda 2-ci sinif üçün “Azərbaycan dili” kitabının olub olmadığını soruşduq. Satıcı iş dəftərlərinin altından dərsliyi çıxarıb bizə təqdim etdi. Digər ürəyimiz istəyən dərsliklərin də satışda olduğunu bildirdi. Kitabları niyə üzdə satmadığını soruşduqda isə satıcı dedi ki, onlara dərslikləri satmağa icazə verilmir.
Metronun “28 May” stansiyasında kitabların topdansatış obyektlərində də olduq. Burada isə satıcılar dərslikləri gizlətmirdi. Özü də arxasında qiyməti 4-6 manat göstərilən dərsliklər 3-5 manata satılırdı. Bu da o deməkdir ki, belə kitablar ucuz qiymətə mətbəələrdə gizli vurulan pirat dərsliklərdir.
Nəşriyyatlar cana yığılıb
Dərsliklər, iş dəftərlərinin çapı ilə məşğul olan “Altun Kitab Evi” MMC Nəşrlər Evinin direktoru Rafiq İsmayılov bizimlə söhbətində pirat dərsliklərin əlindən çap etdikləri orijinal dərslikləri satmaqda problem yaşadıqlarını bildirdi: “Piratçılıqla məşğul olanların qarşısını almaq olmur. Digər nəşriyyatlar da, biz də şikayət edirik, aidiyyəti orqanları xəbərdar edirik. Ancaq bir neçə gündən sonra yenə öz fəaliyyətlərinə davam edirlər”.
Məktəblərdə dərsliklərin çatışmamasına da münasibətini bildirən R.İsmayılov dedi ki, dərsliklər adətən dörd ildən bir yenilənir və iki ildən bir şagird kontingentinin müəyyən faizi qədər yenidən çap olunur: “Bəzən köhnələn, sıradan çıxan dərsliklər olur, bəzən hansısa şagird dərsliyi itirir. Buna görə də dərslik daim çatışmır. Biz Təhsil Nazirliyinin sifarişi ilə həm pulsuz, həm də satış üçün dərsliklər çap edirik. Özəl məktəblərin şagirdləri dərslikləri öz hesablarına alırlar. Buna görə də Təhsil Nazirliyi icazə verir ki, naşirlər satış üçün də kitablar çap etsinlər. Bu başqa məsələdir ki, hansısa yollarla arxasında “pulsuz” yazılan dərsliklər bazara yol açır və şagirdlərə pulla satılır. Haradan, necə yol açır, bilmirəm. Nazirlikdənmi, məktəbdənmi, nəşriyyatdanmı? Bircə onu deyim ki, pulsuz dərsliklərin satışa çıxarılmasında bizim marağımız yoxdur. Çünki arxasında qiymətini yazıb dərslikləri həm də satışa çıxarmağa bizə icazə verilir”.
Pirat kitab uşaqların gözünə ziyandır
Orijinal dərsliklərlə, piratları necə seçməyə gəlincə, müsahibimiz dedi ki, bəzi kitablar orijinala çox yaxın buraxılır: “Pirat dərsliklər orijinal kitabların skanerdən keçirilmiş variantıdır. Hətta, biz naşir ola-ola onu yalnız öz kitabımızla yanaşı qoyub müqayisədə edəndə pirat olduğunu görürük. Poliqrafiyadan başı çıxmayan valideynlər belə profesionallıqla üzü köçürülən kitabları tanıya bilmir. Amma bəzən piratla məşğul olanlar çox kobud səhvlər buraxırlar. Şagirdin üzərində işlədiyi kitabı götürüb o şəkildə də çapa verirlər. Açanda görürsən ki, səhifənin üstündə şagirdin qələmi ilə nəsə yazılıb. Ümumiyyətlə, pirat nəşrlər uşaqların gözünə çox ziyandır. Bütün mətni oxuduqca baxırsan ki, mətn yayılıb, ordan-burdan göy, qırmızı rənglər çıxır”.
Nəşriyyat direktorunun sözlərinə görə, piratçılıqla məşğul olanlar kitabı özləri çap etdiklərinə, rəssama, dizaynerə, müəllifə pul vermədiklərinə görə, dərslik onlara ucuz, yalnız mətbəə qiymətinə başa gəlir. Buna görə də onlar pirat kitablarından daha çox pul qazanırlar”.
Qeyd edək ki, məsələ ilə bağlı suallarımıza Təhsil Nazirliyindən cavab ala bilmədik.
Lalə
banner

Oxşar Xəbərlər