Pirallahı Sənaye Parkında şpris istehsalı müəssisəsi yaradılır
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu
iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq
subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Bu istiqamətdə növbəti tədbir – sahibkarlığın güzəştli
kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum noyabrın 2-də Pirallahı
rayonunda keçirilib.
Forum çərçivəsində Pirallahı rayonunun iqtisadi potensialının
reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrin
maliyyələşdirilməsi, zeytunçuluq təsərrüfatının, badam bağının salınması, corab
istehsalı, plastik və polietilen qabların təkrar emalı müəssisələrinin
yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik
həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin
güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara
nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı
direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin
inkişafında, Bakı qəsəbələrində və regionlarda sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat
verib. Bildirilib ki, 2017-ci ilin ötən dövrü ərzində 1360-dək sahibkarlıq
subyektinin ümumi dəyəri 346 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 101,3 milyon manat
güzəştli kredit verilib. Ümumilikdə, indiyədək Bakı
şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət
proqramları çərçivəsində sahibkarlıq subyektlərinin 1373 investisiya layihəsinin
maliyyələşdirilməsinə 397,8 milyon manat güzəştli kredit verilib.
İşgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 6,2
milyon manat güzəştli kredit verilib. Güzəştli kreditlər müasir istixana kompleksinin
yaradılması, bağçılıq, dəri emalı, şpris istehsalı və s. sahələrə yönəldiləcək.
Bu kreditlərin reallaşdırılması hesabına 110-dan çox yeni iş yerinin açılması
mümkün olacaq.
Forum çərçivəsində Pirallahı Sənaye Parkında güzəştli kredit ayrılmış
şpris istehsalı müəssisəsinin tikintisi işlərinə baxış keçirilib. Azərbaycanda
ilk dəfə yaradılacaq bu zavodda ildə 100 milyon ədəd şpris istehsal etmək
mümkün olacaq.