Pilot ərazilərdə skoliozun profilaktikası üzrə sağlamlıq həftələri başa çatıb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərdə -
Mingəçevir şəhərində və Yevlax rayonunda 13-26 oktyabr tarixlərində skoliozun
profilaktikasına həsr olunmuş sağlamlıq həftələri təşkil edib. Agentliyin məlumatına görə, sağlamlıq
həftələri çərçivəsində müayinələrdən keçənlərin sağlamlıq vəziyyətini və
müalicə-profilaktika tədbirlərinin səmərəliliyini qiymətləndirmək məqsədilə
hazırlanan registr sisteminin məlumatları təhlil edilib.
Məktəbyaşlı uşaqlarda onurğa sütunu əyriliklərinə daha çox rast
gəlindiyini, erkən aşkarlanma zamanı profilaktik tədbirlərin daha səmərəli
olduğunu nəzərə alaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Yevlax
rayonunda fəaliyyət göstərən 33 orta ümumtəhsil məktəbində skoliozun
profilaktikası üzrə müayinələr təşkil etmişdir və 9228 şagird müayinələrə cəlb
olunub. Müayinələrin nəticəsində 574 məktəblidə skoliozun ilkin əlamətləri
aşkarlanmış və onlar ətraflı müayinə üçün ailə və ixtisas həkimlərinə
yönləndirilib.
Məktəblərdə aparılmış müayinələrlə yanaşı Yevlax rayonunda və
Mingəçevir şəhərində yerləşən Ailə Sağlamlıq Mərkəzlərinə müxtəlif yaş qrupuna
aid olan 291 nəfər müraciət edərək tibbi müayinələrdən keçiblər.
Ümumilikdə isə skoliozun profilaktikası üzrə sağlamlıq həftələri
çərçivəsində tibbi müayinələrdən keçənlərin sayı 9519 nəfər təşkil edib.
Onlardan 32 nəfərinə rentgen müayinəsindən keçmək üçün göndəriş verilib.
Rentgen müayinəyə göndərişlərin səbəbləri də müxtəlif olub: yeriyərkən bir
tərəfə əyilmə, çiyinlərdə və çanaqda asimmetriyalar, onurğada ağrılar və s.
Müraciət edən vətəndaşların 9294 nəfəri 0-15, 45 nəfəri 16-25 yaş,
38 nəfəri 26-35, 41 nəfəri 36-45 yaş, 42 nəfəri 46-55 yaş, 44 nəfəri 56-70 yaş
arasında, 15 nəfəri isə 70 yaşdan yuxarı olublar.
Aparılan müayinələr zamanı bir sıra patologiyalar erkən
aşkarlanıb. Belə ki, müayinəyə gələnlərin 567 nəfərində skolioz, 16 nəfərində
kifoz, 4 nəfərdə isə onurğa deformasiyaları aşkarlanıb. Bundan əlavə 100
nəfərdə 1-ci dərəcəli skolioz, 79 nəfərdə isə skolioza meyillilik olduğu
aşkarlanıb. Digər müraciətçilərdə onurğa sütünu ilə bağlı heç bir patologiya
aşkar olunmayıb.
Ailə həkimləri müayinəyə gələnlərə sağlam həyat tərzi, skoliozun
ilkin əlamətləri, tibbi müayinələrin vacibliyi, həmçinin, valideynlərə
övladlarının qamətinin düzgün formalaşmasına diqqət yetirmələri, onları idmana
yönləndirmələri haqqında mühüm məsləhətlər veriblər. Məktəbyaşlı uşağın yazı
masasının onun yaşına və boyuna uyğun quraşdırılmasının, məktəbli çantasının
ağır olmamasının əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, skoliozun profilaktikası üzrə sağlamlıq həftələri
çərçivəsində pilot ərazilərin sakinlərinə İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi tərəfindən hazırlanmış "Qamətli nəsil yetişdirək” bukleti paylanıb.