Peyğəmbər idi ümməti olsa
Azərbaycan xalqının dünya ictimai fikir və
mədəniyyət tarixinə bəxş etdiyi çoxsaylı görkəmli şəxsiyyətlərdən biri də böyük
romantik şair Hüseyn Cavid Rasizadədir. Onun çoxcəhətli və zəngin yaradıcılığı
humanist ideallara xidmətinə görə ön sıralarda dayanmaqdadır.
1882-ci il oktyabrın 24-də Naxçıvan
şəhərində anadan olan Hüseyn Cavid (1882-1941) Azərbaycan ədəbiyyatında
romantizm cərəyanının qüdrətli nümayəndələrindən biri və bayraqdarı kimi geniş
şöhrətə malikdir. Çoxcəhətli və zəngin yaradıcılığa malik Hüseyn Cavid ilk
qələm təcrübələrinə lirik şeirlə başlayaraq "Gülçin”, "Salik” imzaları ilə şeirlər
yazmış, ədəbiyyat tariximizdə misilsiz şair olaraq tanınmışdır. Onun böyük
istedadla yazılmış zəngin dramatik əsərləri Azərbaycan ədəbiyyatının qızıl
fondunu təşkil edir. Böyük dramaturq kimi şöhrətlənən Hüseyn Cavid "Ana”, "Şeyx
Sənan”, "Uçurum”, "İblis”, "Topal Teymur”, "Peyğəmbər”, "Xəyyam”, "Səyavuş” və
başqa dram əsərlərinin, "Azər” poemasının müəllifidir. Hər bir əsərində böyük
humanist ideyalarla çıxış edən görkəmli dramaturq bütün bəşəriyyətin xilası və
nicatını məhəbbətdə, sülh və barışda görmüşdür. "Məhəbbətdir ən böyük din”
fikri "Ədalət istərəm, yalnız ədalət” çağırışları ilə dövrünü silkələyən Hüseyn
Cavidin yaradıcılıq şüarı və proqramı idi. "Din bir olsaydı yer üzündə əgər,
Daha məsud olurdu cinsi-bəşər” misrası da şairin bütövlükdə bəşəriyyətin xoşbəxtliyi
və firavan yaşayışı üçün irəli sürdüyü əsas humanist ideya idi.
İdeoloji tələblərlə pərçimlənmiş Sovet dövründə
də yazıb-yaradan Hüseyn Cavid quru, boş, hay-küylü sosializm şüar və
yaradıcılıq pafosundan kənar, özünəməxsus, inandığı ideal və ideyalar işığında
ədəbi fəaliyyət göstərmişdir. Onun "Knyaz”, "Peyğəmbər”, "Topal Teymur”, "Səyavuş”,
"Xəyyam”, "İblisin intiqamı” pyesləri, "Azər” poeması məhz bu dövrün məhsulları
olsa da, bu əsərlərdə sosializm şüarlarından fərqli olaraq ictimai həqiqət olan
sülhə, humanizmə, ədalətə inam və çağırışlar yer tuturdu. Dünyanı parçalayan və
hökm edən qüvvələri "İblis” əsərində göstərən Cavid dünyanı birliyə və
xoşbəxtliyə dəvət edən yolu da göstərirdi. "Dərdə bax, millətə bax, niyyətə
bax. Ölülərdən ölülər feyz alacaq” misrası ilə hər cür münaqişə və
ayrı-seçkiliklərə nifrət və qəzəb yağdıran humanist şair kin və ədavət yaradan
hər şeyə lənət yağdırmaqla "İblis nədir? Cümlə xəyanətlərə bais... Ya hər kəsə
xain olan insan nədir? İblis...” – deyə acı qənaətini irəli sürür, bütün bəşəri
günahlarda elə bəşərin – insanın özünü günahkar və məsul bilirdi. Bu baxımdan
ədib dərin ictimai-məzmun, mənəvi əhəmiyyət kəsb edən və estetik tərbiyə gücü
olan "Peyğəmbər” əsərində dünyanın xoşbəxtlik və səadət içində yaşayışı üçün öz
ideallarını, inandığı yolu göstərmişdi. Peyğəmbərin fikirləri, yolu, mübarizə
üsulları timsalında dövrün yeni cəmiyyət qurucularına kitab, mədəniyyət və
mərifətdən ibarət ibrət dərsi verən böyük sənətkar "Şeyx Sənan” əsərində olduğu
kimi müəyyənləşdirdiyi mənəvi yolu, düşüncə tərzi və ideyasını bu əsərində də
davam və inkişaf etdirmişdir. Peyğəmbər obrazı ilə özünün mənəvi, ictimai
mücadiləsini sanki təqdim edən görkəmli ədib yeni cəmiyyət, yeni həyat qurmaq
haqqında fikirlərini ortaya qoymuşdur. Buna görə düşünürük ki, Hüseyn Cavid Sovet
dövrü yaradıcılığında dövrün konkret ideoloji tələbləri çərçivəsində yox,
ədəbi-estetik tələbləri çərçivəsində yazmağa cəhd etmişdir. 30-cu illərdə
sənətin və ədəbiyyatın qarşısına qoyulan yeni cəmiyyət və həyat haqqında
tapşırığa uyğun olaraq Cavid də öz ideallarını təqdim edirdi. Həmin dövrdə
konkret olaraq Leninin, Stalinin rəhbər olaraq ideyalarını həyata keçirməklə
yeni cəmiyyət və yaşayış qurmaq istəyən bolşeviklərə böyük sənətkar öz
təbirincə rəhbər və yol timsalında Peyğəmbəri və onun ideyalarını təqdim
edirdi.
İnsanları bir-birindən,
Ayırammaz altun, gümüş.
İştə bizi ayırd edən,
Yalnız bilgidir, düşünüş, -
deyə insanları, xüsusilə rəhbər, başçı,
liderləri bir-birindən fərqləndirmək meyarı ortaya qoymuşdur. Romantik sənətkar
"Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü”, – deyə
rəhbərlik missiyası və fəaliyyətini müəyyənləşdirəcək meyarları da təqdim etmişdir.
Bəlkə elə ədibin:
Öylə bir əsr içindəyəm ki, cihan
Zülmü vəhşətlə qavrulub yanıyor.
Yüz çevirmiş də Tanrıdan insan,
Küfrü haq, cəhli mərifət sanıyor.
Dinləməz kimsə qəlbi, vicdanı,
Məhv edən haqlı, məhv olan haqsız...
Başçıdır xalqa bir yığın cani,
Həp münafiq, şərəfsiz, əxlaqsız –
fikirləri
ilə konkret dövrdə ideologiya qüvvələrinin idarəçilik və yeni cəmiyyət
quruculuğu fəlsəfəsinə münasibət ifadə etmiş, bir milli ziyalı kimi ictimai
proseslərə olan konkret rəyini göstərmişdir. Hətta, fikrimizcə, Cavid "Topal
Teymur”, "Səyavuş” kimi əsərlərində hökmdar və xalq problemini də əhatəli
şəkildə göstərməklə ədaləti idarəçiliyin təməli kimi göstərib, hökmdarlığı nöqsanları
və doğruları ilə birlikdə təqdim edərək tövsiyə və ibrət verməyə çalışmışdır. Fikrimizcə,
böyük sənətkarın "Azər” poeması da öz qorxu və dəhşətlərilə insanlara hakim
kəsilən ictimai-tarixi şəraitlə daha çox barışıq missiyası həyata keçirir, yeni
cəmiyyət quruculuğuna münasibətini ifadə edirdi. Lakin poemada Azərin
davranışları və fikirləri böyük şairimizin özünəxas ideya, fikir və
davranışlarının təbiri kimi çıxış edərək bolşeviklərə nümunə göstərirdi. Azərin
"Rəqsi təlim ediyor axsaqlar” kimi aforistik ifadələri də, fikrimizcə, Cavidin
yeni cəmiyyət qurmaqda canfəşanlıq edən dilbilməz, yolbilməz bolşevik gənclərə
ünvanladığı tənqid və tövsiyələrdən ibarət idi. Buna görə ədib:
Bən məhəbbət əsiriyim... hər an,
Hər zaman özlərim bir öylə cahan
Ki, bütün kainatı eşq olsun,
Gönül uçduqca etila bulsun.
...Qandan əsla görünməsin də əsər... –
deyə
özünün yeni cəmiyyət və yaşayış ideallarının məzmununu və tələblərini ifadə
edir, sevgi, məhəbbət konsepsiyasının məzmununu açırdı. "Məhəbbətdir ən böyük
din” konsepsiyası məqsədli olaraq Sovet dövrü ədəbiyyatşünaslığında başqa səmtə
təhlil və izah edilərək müəllifini panislamist kimi təqdim edirdilər. Halbuki
ədib dramaturji yaradıcılığının "Şeyx Sənan” tarixindən başlayaraq yeni
cəmiyyət, həyat və yaşayış haqqında düşünür, öz fikir və düşüncələrini təqdim
edirdi. Fikrimizcə, ədibin əsərlərində tez-tez müraciət etdiyi "təriq”, "din”
kimi fikirləri də öz ilkin mənasında deyil, yol, ideya mənasında ədibin
bədii-estetik idealı başa düşülməlidir. Görkəmli cavidşünas Rafael Hüseynovun
sözlərilə desək: "Peyğəmbər idim ümmətim olsa”, – deyən Cavid yerdə qələmi ilə,
ölməz kitabları ilə insana mərhəmət və şəfqətin üzərində qibləgahı, pənahı,
ilahisi Gözəllik və Sevgi olan yeni Təriqət, Yeni Din yaratdı – Məhəbbət Dini!
Bu da Caviddən bizə qalan ən munis dua: Mənim Tanrım Gözəllikdir, Sevgidir!”
Dövrünün yalançı ideoloji kampaniyasına uymayan
Cavid öz sənət idealına sədaqət göstərərək ədəbiyyat tarixində "söz və fikir
zadəganı” olaraq qaldı. Özünü mənsub olduğu xalqının maariflənməsi, inkişafı və
azadlığı üçün həsr edən Hüseyn Cavid həm də böyük maarifçi idi. Publisist əsər
və məqalələrində, eləcə də bədii əsərlərində şair maarif, tərbiyə tərəfdarı
kimi çıxış edirdi. "Türkə qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət,
mədəniyyət, mədəniyyət” fikri böyük şairin maarifçilik şüarlarını irəli
sürürdü. O, mənsub olduğu xalqının gələcəyini oxumaqda, məktəbdə, tərbiyədə
görür, özünün müəllimlik peşəsi ilə də bu ideallara yorulmadan xidmət edirdi.
Repressiya qurbanı olan Cavid öz yaradıcılıq
idealı ilə ədəbiyyat üfüqlərində bir Günəş kimi əbədi olaraq yaşadı. Ulu öndər
Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinə qədər unudulan Hüseyn Cavidin əsl
bəraətini də məhz ədəbiyyatımızın böyük hamisi ulu öndər Heydər Əliyev
vermişdir. Məhz bu böyük şəxsiyyətin
xalqına bağlılığı və sənətə sonsuz sevgisi işığında bəraət alaraq
xalqının milli sərvəti kimi təqdim və təbliğ edilən Hüseyn Cavid ardıcıl dövlət
qayğısı ilə əhatə olunmuşdur. 24 oktyabrın Cavid Poeziya Günü olaraq qeyd
edilməsi də bu böyük sənətkara olan ehtiramın bariz ifadəsidir.
Ulu öndərimizin böyük qayğıkeşliklə
həyata keçirdiyi misilsiz xidmətlər içərisində Azərbaycan xalqının dahi övladı,
böyük şair-dramaturq Hüseyn Cavidin əsl bəraət hüququ alması, nəşinin uzaq
Sibirdən doğma vətəni Naxçıvana gətirilməsi, ev-muzeyinin yaradılması,
türbəsinin ucaldılması, əsərlərinin çoxsaylı tirajlarla çapı və təkrar-təkrar
nəşr edilməsi, təbliği və başqa işlər xüsusi əhəmiyyətlə qeyd edilməlidir.
37-ci illərin repressiya qurbanı olmuş Hüseyn Cavidə göstərilən bu qayğı
vətənpərvər bir övladın böyük fədakarlıqla xalqına və millətinə göstərdiyi
əvəzsiz bir xidmət idi. Doğrudan da, 1981-ci ildə qəbul edilmiş həmin tarixi
qərar Hüseyn Cavidin sanki xalqı üçün yenidən doğuluşu demək idi. Görkəmli
ədibin dövlət səviyyəsində yubileylərinin qeyd olunması, müxtəlif elmi,
ədəbi-bədii tədbirlərin keçirilməsi, Bakı və Naxçıvan şəhərlərində ustad
sənətkarın abidələrinin ucaldılması, xatirə muzeylərinin yaradılması, vaxtilə
ədibin yaşadığı binaya xatirə lövhəsinin vurulması, yubiley medalının
hazırlanması, pyeslərinin respublika teatrlarının repertuarlarına yenidən daxil
edilməsi, Naxçıvanda "Cavid Poeziya Teatrı”nın yaradılması, mütəfəkkir söz
ustadının əsərlərinin dörd cilddə nəşri, onun haqqında monoqrafiyaların, xatirə
məcmuələrinin nəşri, həyat və yaradıcılığını əks etdirən salnamənin
hazırlanaraq ədəbi ictimaiyyətə çatdırılması, seçilmiş əsərlərinin, sənət
yolunu əks etdirən tanıtma kitabçasının başqa dillərə tərcümə olunaraq çap
edilməsi və digər tədbirlər böyük şair-dramaturq Hüseyn Cavid şəxsiyyəti,
sənətinə göstərilən yüksək qayğı və
ehtiramın ifadəsidir. Ədəbiyyatımızın böyük korifeyi Hüseyn Cavid şəxsiyyəti və
sənətinə verdiyi misilsiz qiymətin ifadəsi olaraq ümummilli lider Heydər Əliyev
Hüseyn Cavid irsinin öyrənilməsi və təbliğinin əhəmiyyətini vurğulayaraq
demişdir: "Bizim hamımızın borcu, xüsusən müəllimlərin, məktəbliləri, gənc nəsli
tərbiyə edənlərin borcu ondan ibarətdir ki, Hüseyn Cavidin əsərlərini hamıya
çatdırsınlar, xüsusən bizim gənclərə. Məktəblərdə Hüseyn Cavidin əsərləri
xüsusi yer tutmalıdır. ...Çünki onun hər bir əsərində bir dünya var və bu
barədə bizim müəllimlərimizin üzərinə çox böyük vəzifə düşür”.
Ümumiyyətlə, Hüseyn Cavidin xatirəsinin
əbədiləşdirilməsi, əsərlərinin nəşri, tədqiqi, təbliği, dünyada tanıtdırılması
istiqamətində həyata keçirilən çoxşaxəli və möhtəşəm tədbirlər bu gün də davam
etdirilir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə dahi şairin
yubileylərinin qeyd edilməsi, əsərlərinin dəfələrlə nəfis tərtibatda çap
olunması, əsərlərinin teatr repertuarlarında oynanılması, yaradıcılığının latın
qrafikalı əlifba əsasında nəşr edilərək bütün ölkə kitabxanalarına hədiyyə
edilməsi və digər işlər dahi şairə və ölməz sənətkara qayğının dövlət siyasəti
olduğunun bariz təcəssümü kimi razılıq doğurur. Ölməz sənətkarımızın doğma
vətəni Naxçıvan Muxtar Respublikasında da Hüseyn Cavidin xatirəsinin
əbədiləşdirilməsi, ədəbi irsinin tədqiq və təbliği istiqamətində ciddi işlər
görülmüş və görülməkdədir.
...Naxçıvan şəhərinin mərkəzində ağ rəngdə, əzəmətli
bir türbə ucalır... Özü də sülh, səadət rəngində. Bu türbə altında isə bir ailə
uyuyur... xoşbəxt, səadət dolu günlərdəki kimi. Bu türbə altında yaşayır Cavid ailəsi.
Ailəsini başına yığıb, sevimli balaları Ərtoğrulu və Turanın boyunlarına qolunu
dolayıb öz evində xoşbəxt-xoşbəxt yaşayır. Əsrdaşlarına isə uca səslə səslənir:
Məhəbbət! Məhəbbət! Əvət, bütün bəşəriyyəti xilas edəcək yalnız məhəbbətdir.
Məhəbbətlə çırpınan bir çoban qəlbi kin
və ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Əgər dünyanın şanlı
çarpışmaları, qanlı vuruşları nəticəsində bir məhəbbət fövqəlbəşər bir məhəbbət
doğurmayacaqsa... bütün həyata, bütün kainata nifrətlər olsun!!!
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin
şöbə müdiri,
filologiya üzrə fəlsəfə
doktoru, dosent