• cümə, 19 Aprel, 05:30
  • Baku Bakı 18°C

Peşəkar jurnalist yoxdursa, peşəkar jurnalistika da yoxdur

24.07.13 10:23 3221
Peşəkar jurnalist yoxdursa, peşəkar jurnalistika da yoxdur
Azərbaycan mətbuatına dövlət qayğısı, medianın üzləşdiyi çətinliklər, jurnalistlərin mənzil probleminin həlli və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı cavablandırır.
- Milli Mətbuat günü prezident İlham Əliyev jurnalistlər üçün yeni inşa edilmiş yaşayış binasının açılışını edib. Azərbaycan jurnalistika tarixində ilk olan bu hadisə sizdə hansı təəssüratı yaratdı?
- Dövlətin, hökumətin atdığı hər bir xoşməramlı addımı yaxşı qarşılamaq lazımdır. Bunda hansısa səhvlər, neqativ məqamlar axtarmağa dəyməz. Jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması, onların mənzillə təmin olunması məsələsini biz bir neçə dəfə müzakirə etmişik. Hətta Parlament Jurnalistləri Birliyi bir zamanlar Bakı meri Hacıbala Abutalıbova müraciət etmişdi ki, ərazi ayrılsın və orada jurnalistlərin öz hesabına kooperativ bina tikilsin. Azərbaycan jurnalistlərinin V Qurultayında da bu məsələ qaldırılmışdı. Biz də zaman-zaman bu məsələni Mətbuat Şurası səviyyəsində qaldırmışıq. Hakimiyyət və media əlaqələrindən bəhs edən tədbirlərdə, müzakirələrdə jurnalistlərin kirayələrdə yaşadığını, onların mənzilə ehtiyacı olduğunu gündəmə gətirmişik. Belə ağır sosial şəraitdə yaşayan jurnalistlərdən peşəkarlıq tələb etməyin yersiz olduğunu diqqətdə saxlamışıq. Dəfələrlə qeyd etmişik ki, jurnalistin sərbəst fəaliyyəti üçün ən azı onun evi olmalıdır, jurnalist aldığı maaşı, qonararı kirayə pulu verməklə dolanmamalıdır və sair. Ölkə başçısı da bütün bu təkliflərin hamısını dəyərləndirərək, jurnalistlər üçün yaşayış binasının inşa edilməsi üçün ehtiyat fondundan KİV DF-yə 5 milyon manat vəsait ayırdı. İyulun 22-də istifadəyə verilən həmin binadan ümumilikdə 156 nəfərə ev verildi. Mən bəzi media qurumlarında, sosial şəbəkələrdə ev sahibi olanlar arasında haqlı-haqsız müzakirələrinin aparılmasını da doğru saymıram. 156 nəfərin hər birinin özünü haqlı saydığı məqamlar var. Onları danışdırsaq görərik ki, hər birinin buna əsası var. Mənzil alan baş redaktorların özü məgər jurnalist deyilmi? Azərbaycan jurnalistikasında onların əməyi yoxdurmu? Ona görə də xoşməramlı bir aksiyaya yaxşı yanaşmalı, mənzil sahibi olanları isə ancaq təbrik etməliyik. İnşallah jurnalistlər üçün inşa ediləcək növbəti binada mənzilə ehtiyacı olan digər mətbuat işçiləri də sevinərlər. Artıq yeni binanın prezident tərəfindən təməli qoyulub və 2015-ci ildə daha 256 mənzilin jurnalistlərə verilməsi nəzərdə tutulub. O baxımdan yersiz ittihamları, sosial şəbəkələrdə yazılan nifrinləri ədalətsiz sayıram. Bu, nə jurnalist həmrəyliyinə yaraşır, nə də insanlığa.
- İyulun 22-də mətbuatımız daha bir ili arxada qoydu. Siz ötən müddət ərzində ümumilikdə mediaya göstərilən diqqət və qayğını necə qiymətləndirirsiniz?
- Son illər dövlətin mətbuata ciddi dəstəyinin şahidi olmuşuq. Hərtərəfli dəstək var. Prezident yanında Kütləvi İnformasiyaların İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə qəzetlərə maliyyə yardımları olur, digər ayrı-ayrı dövlət qurumlarının layihələrinə mətbuat cəlb olunur, jurnalistlər sərbəst şəkildə çoxsaylı müsabiqələrdə iştirak edir və sair. Jurnalistlərin maaşında da artımları müşahidə edirik. Ötən illərdən fərqli olaraq, hazırda jurnalistlərin orta aylıq əməkhaqqı 400-450 manatdır. Bu o qədər də böyük uğur sayılmasa da, hər halda inkişafdır, irəliləyişdir. Bütün bunlar müsbət haldır. Ümumiyyətlə, hazırda jurnalistikaya diqqət və qayğını çox yüksək dəyərləndirirəm. Çünki baş verənlər obyektiv proseslərdir və bunları qeyd etməmək olmaz. Sadəcə jurnalistikanın özündə, mahiyyətində neqativliklər var. Bunlardan biri jurnalistikada hərəkətliliyin sanki azalması, aradan qalxmasıdır. Telefondan, internetdən asılı bir jurnalistika formalaşıb. Mən 1990-cı ilin əvvəllərində mətbuata gəlmişəm. Həmin vaxtlar ölkədə ictimai-siyasi vəziyyət indikindən daha fərqli idi. Müstəqillik uğrunda insanlarımız mücadilə edirdilər. İndi isə biz 20 ildən artıqdır ki, müstəqil ölkəyik. O zamanlar jurnalistikada bir canlanma var idi. “Azərbaycan” Nəşriyyatının binasında hər mərtəbəni qalxdıqca bu qaynarlığı müşahidə etmək olurdu. İndi isə bu binanın mərtəbələrində tam sakitlik hökm sürür. İnanın bunun nə yayıma, nə də yayın istisinə aidiyyəti yoxdur. Azərbaycan jurnalistikasının keyfiyyətini araşdıranda hər zaman bu məqam mənim diqqətimi cəlb edir.
- Digər media kapitanları mətbuatın vəziyyətindən söz açarkən daha çox peşəkarlığın aşağı səviyyədə olmasından gileylənirlər. Sizin bu barədə mövqeyiniz necədir?
- Mən də həmkarlarımın fikirlərinə şərikəm. Həqiqətən də Azərbaycan mətbuatının peşəkarlıq problemi var. Bu gün hadisələrə yanaşma tamam fərqlidir. Düzdür, jurnalist hər hansı hadisə barədə dəqiqləşdirmə aparmaq üçün elektron vasitələrdən, mobil telefondan, internetdən istifadə edə bilər. Amma elə janrlar var ki, o üslubda yazı hazırlamaq üçün müasir texnologiyanın imkanlarından yararlanmaqla deyil, bilavasitə canlı ünsiyyətdə olmalısan. Məsəl üçün, müsahibə janrı. Bu janrda canlı hazırlanan, müsahibin hissini, həyəcanını özündə ifadə edən yazının effekti daha güclüdür. Bundan başqa, jurnalistlərin bilavasitə hadisə yerinə getməsi, oradan reportajların hazırlanması, ciddi araşdırmaların aparılması halları azalıb. Ola bilsin ki, bu, elektron medianın inkişafı ilə bağlıdır. Hər halda texnika insanı, insan hissini və düşüncəsini əvəz edə bilməz. Bax bu baxımdan müəyyən problemlər var. Bunlarla yanaşı, jurnalistikamızın geriyə getmə səbəbləri də var. Bəzən bunu siyasi azadlıqlarla, siyasi proseslərlə bağlayırlar. Lakin mən bununla razı deyiləm. Hər halda jurnalistin özü və çalışdığı yaradıcı kollektivdən də çox şey asılıdır. İndiyə kimi yetişən peşəkarların tərcümeyi-halına baxanda görürsən ki, haradasa böyük bir məktəb keçib. Bu məktəb sadəcə ali təhsil ocağının jurnalistika fakültəsi ilə yekunlaşmayıb. Həmin jurnalistin özünün çalışdığı kollektivdə böyük bir yaradıcılıq atmosferi olub. Qəzet rəhbərliyinin, orada çalışan insanların azad fikir ifadə etməsi, polemikalara açıq olması, planlaşdırmaların aparılması və sair də onun yetişməsinə səbəb olub. Bu gün biz bəzi həmkarlarımızla söhbət zamanı aydın olur ki, onlarda planlaşdırma əvvəlki kimi aparılmır və ya buna az əhəmiyyət verilir. Yuxarıda sadalanan bəzi məqamların, eyni zamanda jurnalistikada müxtəlifliyin olmaması sonda birrəngli mətbuata gətirib çıxarır. Bax bütün bunlar jurnalistikanın peşəkarlıq problemidir.
- Bəzi hallarda yazılı mətbuatın üzləşdiyi çətinlikləri, xüsusilə peşəkarlıq problemini elektron medianın meydana gəlməsi ilə əlaqələndirirlər. Siz bu deyilənlərlə razılaşırsınızmı?
- Məsələ burasındadır ki, bizim saytların, xəbər portallarının özündə də peşəkarlıq problemi var. Bizdə əsasən saytlar xəbər yaymaqla məşğuldurlar. Bu xəbər saytlarını idarə edənlər adətən 2-3 nəfər jurnalist olur. Belə olan halda həmin saytın əməkdaşı istənilən xəbəri dəqiqləşdirmək üçün ya elektron yazışmadan, ya da telefondan istifadə edəcək. Bundan o yana nə həmin saytın, nə də o saytda çalışan əməkdaşın imkanı yoxdur. Bu isə eyni xəbərin, digər saytlarda olduğu kimi eyni formada yayılmasına səbəb olur. Fikir versəniz, Azərbaycanda xəbər saytları üstünlük təşkil etsə də, analitik mövzuda, təhlil xarakterli yazılarla çıxış edən saytlar demək olar ki, yoxdur. Saytlarda reportajların sayı olduqca azdır. Hər halda bütün bunlar jurnalistikanın yaradıcılıq problemi ilə bağlı məsələlərdir. Fikrimcə, jurnalistikanın inkişafı yalnız peşəkarlıqla əlaqəlidir. Əgər peşəkar jurnalist yoxdursa peşəkar jurnalistika da yoxdur.
- Elektron KİV-dən fərqli olaraq, getdikcə yazılı mətbuata marağın azalmasını cəmiyyətdən gələn sifariş kimi qəbul etmək olarmı?
- Məsələ tək bununla bağlı deyil. Bayaq qeyd etdiyim kimi cəmiyyət daha çox hərəkətliliyi sevir. Ola bilsin ki, bəlli bir qrup bilmək, öyrənmək ehtiyacını xəbər saytlarının yaydığı kiçik həcmli informasiyalarla ödəyə bilir. Amma cəmiyyətimizdə müxtəlif təbəqələr var. Həmin təbəqələrin də özünəməxsus istəkləri, tələbləri var. Məsələn, kənd mühitində yaşayan və aqrar təfəkkürə malik insanla, şəhər mühitində, yaxud elmi mühitdə yaşayan elitar insanların informasiya ehtiyacı tamamilə fərqlidir. Bizdə qəzet və saytların özünün tipologiyasında problemlər var. Biz hansı təbəqə üçün qəzet buraxır, sayt işlədirik? Məncə bu sual üzərində də düşünmək gərəkdir. Bizim ən yaxşı işimiz o oldu ki, zamanında yaxşı qəzetlər buraxa bildik. Çox təəssüf ki, biz ötən 20 ildə yaxşı oxucu yetişdirə bilmədik. Sabit oxucu auditoriyasını formalaşdıra bilmədik. Halbuki maarifçilik funksiyasını boynuna götürən qəzet həm də yaxşı oxucu yetişdirməlidir. Hazırda böyük əksəriyyət oxucu qeyri-peşəkar, çağırışçı, siyasiləşmiş qəzetlərə meyl edir. Lakin həqiqətləri şüar səviyyəsində deyil, onları xüsusi mülahizələrlə çatdıran qəzetlərə oxucu marağı azalır. Yəni, bizlər vaxtilə oxucu auditoriyasını çağırışçı istiqamətinə yönəltdik və bu gün bunun əziyyətini çəkirik. Hazırda qəzetlərin tirajlarının azalma səbəblərindən biri də budur. Digər tərəfdən, bəzən xəbər saytlarına baxıb görürük ki, ciddi xəbər yükü olan, faydalı bir informasiyanı cəmi 20-30 nəfər oxuyub. Amma sensasiya sayılan, hansısa şou-biznes ulduzunun qalmaqalından bəhs edən xəbərin oxunma sayı yüzlərlədir. Ciddi araşdırma aparsaq görərik ki, Sensasiyanı oxuyanların böyük əksəriyyəti gənclərdir. İnanmıram ki, yaşı 40-50 arası olan böyük oxucu auditoriyasının həmin xəbəri oxuma ehtiyacı olsun. Elm və texnika inkişaf etdiyindən əlindəki telefon, planşet, həmçinin internet klublarda kompyuter vasitəsilə sözügedən xəbərləri gənclərin oxuma imkanı daha böyükdür. Bu baxımdan gənclər daha fəaldırlar. Biz çalışmalıyıq ki, maarifçilik yükü çox olan yazılarla çıxış edib həmin gəncliyə sahib çıxaq. Hansısa vasitə ilə o gəncliyin diqqətini cəlb edək. əks halda biz onları da itirəcəyik. Oxucu çox həssasdır. Bir oxucunu itirmək qəzetin öz etibarını itirməsi deməkdir. Biz öz işimizə, qəzetçiliyə bu cür yanaşmalıyıq.
- Yazılı mətbuata marağın az olmasına digər bir səbəb kimi Azərbaycanda qəzetlərin sayının çox olmasını göstərmək olarmı?
- Hazırda biz yalnız Bakı üçün qəzet buraxırıq. Bu gün məsələ sadəcə qəzet çıxarmaq deyil. Bu qəzetin yayılması, cəmiyyətə, oxuculara çatdırılması da əsas problemlərdən biridir. Əyalətlərə qəzet axşamtərəfi saat 6-dan sonra gedib çatır. Həmin vaxt hansı oxucu gedib köşkdən qəzet almağa maraq göstərəcək? Mən Tovuzda, Gəncədə, Ağstafada, Qazaxda olarkən müşahidə aparmışam. Həddən artıq gec gedib çatır oralara qəzet. Elə götürək Şamaxı rayonunu. Bu yaşayış məntəqəsi Bakıya xeyli yaxındır. Ora da qəzet ancaq günorta saatlarında gedib çatır. Bu onunla bağlı deyil ki, yayım firması öz işini düzgün qura bilmir. Buna səbəb nəşriyyatdan bölgələrə çatacaq qəzetləri ayıran qurumdur. Onlar bölgələrə çatacaq qəzeti səhər saat 7-də maşınlara yükləyib qurtarırlar. Bu isə qəzetlərin ünvanına gedib çatmasını xeyli yubandırır. Vəziyyətdən çıxış yolu kimi Gəncə şəhərində alternativ mətbəənin yaradılmasıdır. Belə olsa, biz elektron formada çapa gedəcək qəzeti gecə ikən Gəncədəki mətbəəyə yollaya bilərik. Onlar da qəzeti nəşr edib ətraf ərazilərə vaxtında çatdıra bilərlər. Bunun üçün isə yenə də dövlətin dəstəyinə ehtiyac var. Dövlətin qayğısı olmadan bu sahədə hər hansı irəliləyiş əldə etmək mümkün deyil. O ki, qaldı qəzetlərin sayının çoxluğu məsələsinə, Azərbaycan cəmiyyətinə hansı qəzetlərin nəyə qadir olduğu, ictimai rəyə necə təsir etdiyi yaxşı məlumdur. Bu dəqiqə cəmi 10-15 adda qəzet adı çəkə bilərəm ki, onlar cəmiyyətdə kifayət qədər ciddi media qurumu kimi qəbul edilir, ictimai rəyə təsir edə bilirlər. Yerdə qalan qəzetlərin bu gücü, imkanı yoxdur. Onların sıradan çıxarılması prosesi təbii olmalıdır. Təbii olmaq üçün də rəqabət mühiti formalaşmalıdır. Yalnız bundan sonra ortada yalnız ciddi jurnalistika ilə məşğul olan, peşəkar qəzetlər qalacaq. Rəqabət mühiti olmadan sözügedən qəzetlərin sıradan çıxarılması prosesi müşahidə olunmayacaq.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər