• şənbə, 20 Aprel, 10:41
  • Baku Bakı 14°C

Peşə təhsilinin optimallaşdırılması mütləqdir

30.06.16 11:53 1840
Peşə təhsilinin optimallaşdırılması mütləqdir
Yaxın aylarda Azərbaycanda peşə təhsili şəbəkəsinin optimallaşdırılması istiqamətində müvafiq qərarların qəbul olunacağı ilə bağlı səslənən fikirlər bu sahədə mühüm irəliləyişlərin əldə olunacağı ümidini yaradır. Belə ki, Azərbaycanda peşə təhsili şəbəkəsinin optimallaşdırılması istiqamətində təhlillər aparılır və təkliflər artıq Nazirlər Kabinetinə təqdim edilib. Daha dərindən ixtisaslaşmanın aparılması isə həm maddi-texniki baza, həm də təlimçi-pedaqoji kadr yetişdirilməsi baxımından daha yüksək səviyyəli peşə hazırlığına zəmin yaradacaq. Həmçinin peşə təhsili müəssisələrinin ixtisaslarına yenidən baxılacaq, məzmun daha da da müasirləşdiriləcək. Nazirlik rəsmiləri bildirirlər ki, öncə əmək bazarının tələblərinə uyğun olaraq, peşə təhsili müəssisələri ilə birlikdə peşələr analiz edilməlidir. Bu da təkcə Təhsil Nazirliyi daxilində olan məsələ deyil. Yəni müvafiq dövlət qurumları ilə sıx əlaqədə işləməyə ehtiyac var.
Əsas məsələ həm də məzunların peşə sahələrinə marağının artması ilə bağlıdır. Qeyd edək ki, hazırda Təhsil Nazirliyinin tabeliyində 114 ilk peşə-ixtisas təhsili müəssisəsi var ki, onun da 34-ü Bakıda yerləşir. Bundan başqa, 45 peşə liseyi, 61 peşə məktəbi (8-i cəzaçəkmə müəssisələrinin tərkibində), 2 tədris mərkəzi var. Həmin peşə təhsili müəssisələrindən 6-sı işğal olunmuş rayonlarda yerləşir və fəaliyyəti dayandırılıb. Naxçıvanda 1 peşə liseyi, 4 peşə məktəbi, Mədəniyyət və Turizm Nazirliyinin 1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nairliyinin Bakı, Sumqayıt, Göyçayda yerləşən tədris mərkəzləri, İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi, Sumqayıt Sənaye Parkı, SOCAR-ın isə 1 müəssisəsi var. Özəl ilk peşə-ixtisas təhsili müəssisələrinin sayı isə 2-dir.
2015-2016-cı il üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul sayı 16 990 nəfər olub. Orta məktəb məzunlarının yalnız 11%-i peşə təhsilinə müraciət edir. Peşə təhsili məzunlarından 10-11%-i təhsilini davam etdirir. Dövlət peşə-ixtisas təhsili müəssisələrində 5 507 nəfər çalışır ki, onlardan 3 555-i rəhbər və mühəndis-pedaqoji, 1 952-si qeyri-pedaqoji işçilərdir. Gələcəkdə peşə məktəblərinin yataqxanalarla təchiz olunaraq kompleks şəkildə fəaliyyət göstərəcəyi nəzərdə tutulur.
Hazırda isə Təhsil Nazirliyində Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni strukturu formalaşdırılır və bu istiqamətdə bir sıra tədbirlər görülür. Agentlik peşə təhsilinin inkişafı üçün konsepsiyanın həyata keçirilməsini təmin etməyə imkan verəcək. Məqsəd müasir menecment modellərinin tətbiqi, peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, istiqamətlərin koordinasiyasında səmərəlilik, yeni imic və cəlbedicilikdir. Bu baxmdan, təhsil ekspertləri peşə təhsili şəbəkəsinin optimallaşdırılmasını günün tələbi hesab edirlər.
Təhsil eksperti Asif Cahangirovun fikrincə, hazırda ölkədə kütləvi peşələr üzrə işçilərə ehtiyacımız var. Gələcəkdə isə bu tələbat daha da çoxalacaq: "Bu gün artıq ənənəvi texnologiyalar və üsulların hamısı dəyişilir. O cümlədən, həmin sahələrdə yeni mütəxəssislərə ehtiyac yaranır. Peşələrə dair tələblər yeniləşib. Yeni istehsal sahələri yaranıb ki, burda da yeni bacarıqlara malik olan işçilər lazımdır. Bu peşələr ölkəmizin gələcəyi üçün çox vacibdir”. Ekspertin fikrincə, qloballaşan dünyada, həmçinin Avropa məkanında hər bir peşəyə yeni tələblər müəyyənləşdirilir: "Avropa Şurasının bir çox peşələr üzrə standartları var. Biz öz standartlarımızı həmin standartlara uyğun qurmalıyıq. Yəni biz qaynaqçıya olan tələbatımızı öz standartlarımız əsasında deyil, Avropa Şurası tərəfindən təsdiq olunmuş standartlar əsasında qurmalıyıq. Qaynaqçı, aşpaz, turizm mütəxəssisi, tornaçı və s. peşələrin standartları dünyada eynidir. Sadəcə, lazım olan detalların forması dəyişilir. Hazırda isə bu detallar beynəlxalq standartlar əsasında həyata keçirilməlidir».
Peşə təhsili şəbəkəsini təhsilin ən problemli pilləsi hesab edən təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, hər il 100 min orta məktəb məzununun təxminən 13-15 faizi peşə məktəblərinə üz tutur. Ancaq bu, aşağı göstəricidir. Çünki dünyanın inkişaf etmiş ölkələrində bu rəqəm 40-60 faiz təşkil edir: "Ona görə də peşə sahəsində ixtisaslı kadrlar çoxluq təşkil edir. Nə emalatxanalarda, nə bərbərxanalarda, nə restoranlarda çalışanların demək olar ki, böyük əksəriyyətinin peşə təhsili var. Onlar sadəcə, «usta yanında öyrənirəm» fikri ilə kifayətlənib çalışdıqları sahə ilə məşğul olurlar. Nəticədə də keyfiyyətsiz xidmət növləri yaranır. Ona görə də peşə təhsilinin optimallaşdırılması istiqamətində Peşə Təhsili Agentliyinin yaradılması çox müsbət addımdır”. Yeni yaranan agentliyin özünü doğruldacağına əminliyini bildirən ekspert hesab edir ki, bu sahədə optimallaşdırmanın aparılması mütləqdir: "Peşə məktəblərində oxşar peşələr tədris olunur. Eyni zamanda, peşə məktəblərinin əsas problemi dərslərlə bağlıdır. Uzun illər bu sahədə çalışan müəllimlər elə bil ki, unudulub. Bəlkə də bu, son dövrlər ən az metodik vəsaitlər və dərsliklər hazırlanan peşə təhsili pilləsidir”. E.Əliyevin fikrincə, bu sahədə mütləq xarici təcrübə də nəzərə alınmalıdır. Belə ki, bizim yaşadığımız cəmiyyət postsənaye cəmiyyəti olduğundan tələbatı da başqadır: "Burada İKT peşələri dominantlıq təşkil edir. Həmçinin laborotoriyaların yaradılması, tədqiqatların aparılması çox vacibdir. Əks təqdirdə bu məktəblərin məzunlarının böyük qismi işsiz vəziyyətdə qalacaqlar. Ən azı peşə təhsilinə üz tutan məzunlar 30-40 faiz təşkil eləsə, bu, şübhəsiz ki, əmək bazarının tələbatına qismən də olsa cavab vermiş olar».
Peşə təhsilinə həvəsin sovet dövründə olduğu kimi artırılması istiqamətində təbliğati işlər də həyata keçirilməlidir. Ekspertlər bildirirlər ki, bu həm də insanların "hamı ali məktəbə getməməlidir” fikrini dərk etməsindən sonra mümkün ola bilər.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər