Pəncərədən boylanan uşaqlıq…

Pəncərədən boylanan uşaqlıq…

Gənclik qəzeti
25 İyul 2015, 12:14 1721
Cəsarətli uşaqlığımız var idi: “Qalx ayağa, qalx. Ətrafına bax. Kimi sevirsən, tut qolundan dart”. Sevdiklərimizə ətrafa baxan kimi tutub qolundan dartacaq qədər yaxın idik. “İdik” deyirəm, amma… İdilər… Doğulanda ayaqlarım fəaliyyətsiz imiş. Ağlım kəsəndən bəri ətrafımdakı uşaqların “Bənövşə”sini, oyuncaqlarını, qaç-qovunu, sadə və səmimi eşq etiraflarını izləyərək böyüdüm, amma özüm heç vaxt iştirakçıya çevrilə bilmədim. Pəncərədən həmin uşaqlığı oğrun-oğrun, anam ağlayarkən görməsin deyə göz yaşımı ürəyimə axıdaraq izləyərdim həmişə. Mənə görə utanardılar, valideynlərim həmişə saçımı dibinə kimi qırxıb başıma “kepka” taxardılar, oğlan cildində maskalayardılar. Qız uşağına şikəstlik ayıb imiş. Nə biləydilər ki, şikəstliyin cinsi olmur…

İndi həmin evimizi uçurublar. Biz ordan köçəndə ən çox sevinən mən idim bəlkə də. Ən pis xatirələrimi qoyub qaçırdım birotaqlı dörd divarın arasından. Hamının evində pəncərə var idi. Amma bizim pəncərəmiz başqa idi. Həyatımda ən çox nifrət etdiyim şeydən – həmin pəncərədən uzaqlaşırdım. İnanmayacaqsınız, amma evi yerli-dibli sökdüklərini eşitdiyim gündən bəri hər gün o kiçik pəncərə, çətin uşaqlığım yuxuma girir. Bilmirəm, buna sevinim, ya ağlayım. Hətta buldozerlər o pəncərəni çilik-çilik edəndə həmin səhnəni yeriyə bilmədiyimə görə məni lağa qoyan, acı-acı gülən, barmaqla göstərən qonşu uşaqları ilə bərabər izləmək istərdim…

Sonralar nə qədər qayğı göstərilsə də, “ora qaçma, bura qaçma, nəsə olar” deyilsə də, qaçıb yıxılmaqdan, zədələnməkdən xüsusi zövq alırdım. Qaça bilirdim axı… Ağlamırdım buna görə. 14 yaşımdan sonra məktəbimi də dəyişdim. Həyətimizdən 20 metr məsafədə olan məktəbdə oxuyurdum. O həyətə yaxın bütün xatirələrimdən bütün cidd-cəhdlərlə qaçırdım. O pəncərə arxasından həyəti, uşaqları seyr etmək atalı-analı yetimlik demək idi… Məktəb vaxtı sağalandan sonra ayaqlarımda deformasiya hiss olunacaq dərəcədə qalmışdı, əyri yeridiyimə görə gülənlər, məsxərəyə qoyanlar az deyildi. Meylimi dərslərə vermişdim. Dostum yox idi. Hamı kimi sevməyi də bacarmırdım. Ətrafımdakı uşaqların sual dolu nəzərlərindən qaçmaq üçün vasitə axtarırdım. Hər kəsə nifrət etməyə həmin pəncərədən boylanan uşaqlığımdan başlamışdım. Ciddi müalicələr aldım, indi isə tam sağlamlığıma qovuşmuşam. Sonuncu dəfə uşaq evinə gedəndə pəncərənin yanında oturub çöldə oynayan dostlarını seyr edən bir uşaq görmüşdüm. Diqqətimi çəkdi. Yaxınlaşanda dedilər ki, yeriyə bilmir, özü də çox əsəbidir, toxunma ona. Toxunmadım. Amma həmin gündən uşaq evinə də getmirəm. Xatirələrim təzələnməsin yenə…

Bağlı pəncərə olan bütün məkanlara nifrət edirəm. Qışın şaxtasında belə bağlı pəncərə arxasında dayana bilmirəm. Üzünə qapılar, pəncərələr bağlanan uşaqlığıma qayıtmaq istəmirəm.

1990-cı illərin uşaqlığını yaşamışıq biz. Bir gün ac, bir gün tox. Müharibə şəraitində ürəyi xəstələnən, torpaqları hissə-hissə əldən gedən bir ölkənin uşaqları idik biz. Bizim şikəstliyimizə səbəb ölkəmizin şikəstliyi idi. Mənim ayaqlarım daşınması çətin olan dəmirlərlə hündürlükdən asılanda ölkəmin ayaqları amputasiya olunurdu…

İmkanınız olanda milli kinofilmlərimizə baxın. Əgər 90-cı illərin uşaqları necə böyüyüb deyə bir sual sizi hələ də maraqlandırırsa, yetimliyin “Pəncərə”sinə, çarəsizliyin “40-cı qapı”sına baxın…

Bizim nə sehirli xalatımız var idi, nə uçan xalçamız, nə də… Nə də ki, sağlam uşaqlığımız…

Xəyalə Əziz
Bakı Dövlət Universiteti, 1-ci kurs magistr