• çərşənbə axşamı, 19 mart, 08:10
  • Baku Bakı 8°C

Çöpəgülən Musanın hönkürtüsü

05.07.20 11:30 9008
Çöpəgülən Musanın hönkürtüsü
(Hekayə)
– Allah Nəsibəyə lənət eləməsin. Arvadın nəfsi imamın qılıncından itidir. Var da, a balam, bunun gözündə var. Min dəfə yoxlamışam. Ay qız, duz gətir fırlat bu uşağın başına, – Fəxriyyə deyinə-deyinə Əsmanı yerdən qaldırdı.

Az əvvəl qonşu Nəsibə arvad şüyüd yığmağa gəlmişdi. Gedərkən iki yaşlı Əsma "mən də çöyə çıxıram” deyib dalıyca qaçarkən yıxılmışdı.

Əsma Fəxriyyənin nəvəsi idi. Oğlu Rüstəmin gözünün ağı-qarası, bircə balasıydı. Əslində, elə Rüstəm də tək idi. Fəxriyyənin əri 24 yaşında kəndin ortasında gəzdiyi yerdə erməni snayperinin amansız gülləsinə tuş gələndə Rüstəm altı aylıq körpəydi. Ölənə ağlayanlar, bir də bu tifilin necə böyüyəcəyinə ağlayırdılar, ömrünün ən gözəl çağında dul qalmış Fəxriyyənin üstündəki bu yükə ağlayırdılar. Uşaqsız qadınlara ikinci ərə getmək, həyatını yenidən qurmaq daha asan olur axı. Amma Fəxriyyə heç bunu düşünmədi də, saçının birini ağ, birini qara hördü, işlədi, balasını böyütdü. Oxutdu. Üç il əvvəl elə toy çaldırdı ki, handa özündən deyən kişi balasına elə toy edə bilmir.

Gəlin ovcunda duz evdən çıxıb Əsmanın başına doladı: "Balama gözü dəyənin gözü çıxsın, nəfsi yansın”, – deyib dəfələrlə təkrar etdi.

- Ay qız, o nəzər duasını da oxu, üç dəfə üfür uşağın üzünə, sən bilirsən, – uşağı qucağında tutub, saçlarını oxşayan Fəxriyyə dilləndi.

Bu vaxt həyətin darvazası açıldı. Rüstəm idi gələn. Fəxriyyənin yetim balası, kəndin fizika müəllimi, Əsmanın atası. Əsma atasının üstünə qaçdı. Dizlərini qucaqlayaraq, "dədə, yooolar, məni götür”, – deyib şirinlik etməyə başladı. Rüstəm bir əlində evə gələrkən etdiyi alış-veriş zənbili, bir əlində portfeli gülümsəyərək portfeli qoltuğunda sıxıb Əsmanı yerdən qaldırdı. Üzündən, gözündən öpdü, "mənim gözəl qızım, nazlı qızım, mələk qızım”, - deyib oxşadı.
Yaz girəndən naharı həyətdə edirdilər. Üzüm çardağının altında köhnədən qalma, əldədüzəlmə döş masasının başına yığışmışdılar. Deyə-gülə, Əsmanı danışdıra-danışdıra nahar edərək, hər ailəyə nəsib olmayan xoşbəxtlik tablosu yaratmışdılar.

- Ay Rütəm, gecəki atışma nə imiş elə? - Fəxriyyə soruşdu.
- Ermənilərin kəşfiyyatçıları biz tərəfə keçmək istəyirmiş, özü də on nəfər. Canlarını alıblar.
- Deyirəm axı, səs lap yaxından gəlirdi bu dəfə.
- Sənin bu qızın çöl davası edir neçə gündür. Gələnin-gedənin arxasıyca qaçır ki, mən də çölə çıxıram.
- Çölə çıxmaq olmaz, mənim ağıllı qızım, – Rüstəm Əsmanın tellərindən öpdü.

Kənd təmas xəttində yerləşdiyi üçün burada məcbur olmadıqca heç kim yola çıxmırdı. İş-güc dalınca gedib-gələnlər isə ermənilərin atəş nöqtələrinin qarşısını kəsən, sədd rolu oynayan mühafizə divarlarının dibi ilə, xüsusi yollarla gedib gəlirdilər. Böyük uşaqlar bilirdi bu yolları, harda oynamaq lazım olduğunu, amma körpələri həyətdən çölə buraxmırdı heç kim. Bu kəndin əksər uşaqları kəndin küçələriylə bir də məktəb yaşına çatanda tanış olurdu, valideynlər əllərindən tutub məktəbə xətərsiz gedib çatmaq mümkün olan yolları, qoruma divarlarını tanıdırdılar.

- A Fəxriyyə bibi, a Fəxriyyə bibi... – çöldən çağırdılar.

Musaydı. Nəsibənin oğlu. Çöpəgülən Musa deyirdilər kənddə. Boylu-buxunlu, yaraşıqlı uşaq idi, di gəl yeniyetməlik dövründə nədənsə qorxmuşdumu, diksinmişdimi, başı bir az xarab olmuşdu. Hər şeyə gülürdü. Bütün günü gülməklə keçirdi. İstər toy olsun, istər vay - Musaya fərqi yox idi. Toyda oynayanlara baxıb gülürdü, vayda ağlayanlara. İndi Fəxriyyəni də gülə-gülə çağırırdı.

- Nədir, ay Musa, ay Allahın bəxtəvəri, nə istəyirsən? Qapıya gəl görüm.
- Anam deyir, yuxayayanıynan oxleyini versin mənə.
- Ananın qarnına şiş batsın, nə vaxt arvad olacaq o? Gözlə görüm. Ay Rüstəm, əl damındadır, gətir ver.

Rüstəm durub həyətin o biri başında tikilmiş balaca əl damına yaxınlaşdı. İçəri girməsiylə toxunub yerə tökdü deyəsən, əl damına yığılmış vanna-vedrənin səsi həyətin bu başınacan gəldi. Amma Rüstəmin çıxmadığını görüb Fəxriyyə "Noldu, ay Rüstəm”, – deyib, əl damına doğru irəlilədi. Qəfildən damın qapısından erməni hərbi geyimində, bir əsgər çıxıb axsaya-axsaya ona doğru qaçmağa başladı. Heyrətdən, qorxudan yerində donub qalmış Fəxriyyəyə yaxınlaşıb, əlindəki tapançayla düz alnından atəş açdı. Masanın üstündəki qab-qaşığı siniyə yığıb evə apardığı yerdə donub qalmış gəlinə elə uzaqdan atəş açdı; əvvəlcə sini düşdü gəlinin əlindən, qab-qaşıq dağıldı, sonra özü çökdü diz üstə. Erməni əsgəri Əsmanın yanından keçib həyət qapısına doğru qaçanda, bütün bunları bir oyun zənn edən Əsma da "məni də apay, çöyə çıxıram mən də”, - deyib onun ardınca qaçdı. Əsgər həyət darvazasında dayandı, "mən də çölə çıxıram” – deyib aşağıdan yuxarı ona baxan Əsmaya bir anlıq tamaşa etdi, nəsə düşündü və atəş açdı...

Dəfnə gəlmiş hərbi hissə komandiri çıxış edərkən bildirdi ki, gecə erməni diversantları on nəfərlik dəstəylə döyüş xəttini keçib, cəbhə arxasına keçməyə cəhd ediblər. Hamısı zərərsizləşdirilib, həmin düşmən əsgəri yaralansa da cəbhə arxasına keçməyə nail olmuş, gəlib Rüstəmgilin anbarında gizlənibmiş. Hadisədən sonra qaçmağa cəhd etsə də, atəş səsinə doğru gələn qarovul dəstəsi tərəfindən məhv edilib.

Dəfndəki adamların içində Musa da vardı, erməni əsgərini görən kimi üzüm çardağına dırmaşıb gizlənmiş Çöpəgülən Musa. Amma ilk dəfə idi ki, gülmürdü. Başını yerə dikib ölü kimi durmuşdu. Birdən "Ay əclaf, heç olmasa qoyaydın çölə çıxaydı, çöldə ataydın da”, – deyib hönkürməyə başladı.
Zamiq Abdullayev
banner

Oxşar Xəbərlər