• cümə, 29 Mart, 15:53
  • Baku Bakı 14°C

Pediatriya sahəsində tibbi xidmətin keyfiyyətini artıracaq addım

08.10.19 10:00 764
Pediatriya sahəsində tibbi xidmətin keyfiyyətini artıracaq addım
Azərbaycan Tibb Universitetində (ATU) pediatriya ixtisasının alt sahələri üzrə də kadr hazırlığına başlanılacaq. Bu barədə Trend-ə universitetdən məlumat verilib. Bildirilib ki, Azərbaycanda ilk dəfə olaraq, ATU-da uşaq kardioloqu, uşaq cərrahlığı, uşaq nevroloqu ixtisasları, kadr hazırlığının aparılacağı ixtisasların siyahısına əlavə ediləcək. Həmin ixtisaslar üzrə kadr hazırlığına 2020-2021-ci tədris ilindən başlanılacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı"nda ixtisasların sayı azaldılıb. Qərarla mövcud 175 ixtisas sayı 148-ə endirilib, o cümlədən 46 yeni ixtisas yaradılıb, 70-ə yaxın ixtisas isə birləşdirilib və ya ləğv edilib. Yeni təsnifatda "Bədən tərbiyəsi və idmanda reabilitasiya", "Fizioterapiya və tibbi reabilitasiya", "Məşqçilik" və s. adlı yeni səhiyyə ixtisasları yaradılıb. Yeni yaradılan ixtisaslara qəbul 2020-2021-ci tədris ilində aparılacaq.
Bu cür kadr hazırlığının əhəmiyyəti, başqa hansı sahələrdə ixtisaslaşmanın aparılmasının lazım olduğu barədə mütəxəssislərin fikirlərini öyrəndik.
Təhsil eksperti Nadir İsrafilov bildirdi ki, istəsək də, istəməsək də, razılaşmalı və qəbul etməliyik ki, təhsilin ayrı-ayrı səviyyələri üzrə ixtisaslaşmanın təsnifatında müvafiq dəyişikliklərin aparılması nəinki lazımdır, hətta vacibdir: "Başqa sözlə desək, bəzi ixtisasların təsnifatdan çıxarılması, birləşdirilməsi, bəzi hallarda isə təsnifata yeni ixtisasların əlavə edilməsi, kimin və ya kimlərinsə arzu və istəyindən deyil, dövrün, zamanın tələblərindən irəli gələn zərurətdir. Bu baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 12 yanvar tarixli 8 nömrəli, "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli qərarında, "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının Təsnifatı”nın təsdiq edilməsi haqqında” dəyişikliklər edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında müvafiq dəyişikliklər edilib. O cümlədən, "Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 314 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilib. Həkim olmasam belə, ATU-da uşaq kardioloqu, uşaq cərrahlığı, uşaq nevroloqu ixtisasları üzrə kadr hazırlığının aparılacağı ixtisasların siyahıya əlavə edilməsi, pediatriya ixtisasının alt sahələri üzrə kadr hazırlığına başlanılması, mühəndislik və texnologiya, kompüter, informasiya texnologiyaları, aqrar sahədə, təhsil idarəçiliyində yeni ixtisasların yaradılması qədər əhəmiyyətli ola bilər. Çünki, uşaq və böyüklər fərqli psixologiyaya, fiziologiyaya və fizionomiyaya malikdirlər. İstənilən halda, təsnifatdakı dəyişikliklərin nə dərəcədə zəruri olmasını əmək bazarı, təhsilin keyfiyyətinə təsiri isə zaman müəyyən edəcək”.
Baş pediatr Nəsib Quliyev bu ildən Səhiyyə Nazirliyi tərəfindən dar ixtisaslar üzrə rezidentura səviyyəsində mütəxəssislərin hazırlanmasına start verildiyini bildirdi "Bu təcrübə qonşu ölkə Türkiyədə də tətbiq edilir. Onlar həm ümumi pediatriya, həm pediatriyanın müxtəlif dar ixtisas sahələri üzrə mütəxəssis hazırlayırlar. Əvvəllər bizdə bu tip ixtisaslaşma yox idi, amma artıq olacaq. Uşaq kardiologiyası, urologiyası, nevrologiyası, stomatologiyası üzrə rezidentura səviyyəsində həkimlər hazırlanacaq. Yəni həkim, bir var, sırf uşaq kardiologiyası üzrə, bir də var ümumi pediatriya üzrə ixtisaslaşır. Pediatriya çox geniş anlayışdır. Əhalinin 27%-ini, yəni, 3-də birini uşaqlar təşkil edir. Ona görə də, keyfiyyətli tibbi xidmət üçün bir sahə üzrə ixtisaslaşma daha məqsədəuyğundur”.
Tibb üzrə ekspert Adil Qeybulla da bu təcrübənin Türkiyədən götürüldüyünü və effektiv nəticələrin olacağını qeyd etdi: "Qeyd edilən ixtisaslaşma Türkiyə təhsil sisteminin özəyini təşkil edir. Təklif edirəm ki, oranın həm baza təhsilini, həm də rezidentura səviyyəsindəki təhsilini nümunə kimi götürsək, çox yaxşı olar. Həm iki ölkə arasındakı əlaqələr, oxşarlıqlar daha da genişlənər, həm də istənilən tibbi xidməti əldə etmiş olarıq. Bəzən insanlara pediatriya sahəsi asan gəlir, amma əksinə, ən çətin sahələrdən biridir. Pediatriyanın özü çox geniş sahədir. Bir pediatr həkimin həm kardiologiyanı, həm urologiyanı, həm nevrologiyanı eyni səviyyədə bilməsi mümkün deyil. Yaxşı olar ki, ən xırda sahələrə qədər ixtisaslaşma olsun. Təbii ki, baza tibb təhsili hamıda eyni səviyyədə olmalıdır. Sonrakı mərhələdə mütləq şəkildə ixtisaslaşma aparılmalıdır. Tibbin bütün sahələrində bu ixtisaslaşma aparılmalıdır. Nəticə etibarı ilə isə tibbi xidmətin keyfiyyəti artacaq”.
Günel Azadə
banner

Oxşar Xəbərlər