Pedaqoqlarımız Azərbaycan teatrının çağdaş mərhələsinə nəzər yetirdi

Pedaqoqlarımız Azərbaycan teatrının çağdaş mərhələsinə nəzər yetirdi

04 Oktyabr 2019, 14:06 186
2 gün sonra Beynəlxalq Müəllimlər Gününün qeyd edəcəyik. Müəllim sabaha işıq saçan çıraq, bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşədir. Öz  peşəsinə sahib olan insanlar qazandıqları uğurlara görə ilk növbədə müəllimlərinə minnətdardır. Mənə görə, bu gün sözün əsil mənasında aktyor, rejissor yetişdirən pedaqoq isə sözün əsil mənasında fədaidir. Çünki elə peşələr var ki, ona kitabları oxumaqla, arxivləri araşdırmaqla sahib olmaq mümkün  deyil. Bu işdə sözün əsil mənasında peşəkar pedaqoqlara, yəni müəllimlərə ehtiyac duyulur.
Bu gün yaradıcı sahə üzrə ixtisaslaşmış Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) kifayət qədər sözünü demiş peşəkar pedaqoqlarımız çalışır. Onlar Azərbaycan teatrının, incəsənətinin çağdaş mərhələsinin mütəxəssisləridir. Bəs görəsən bu dövrün tələbələri  və təhsil sistemi onları qane edirmi?

 "Boloniya təhsil sistemini qəbul etmirəm”
 
ADMİU-nin professoru, sənətşünaslıq elmləri doktoru  İsrafil İsrafilov deyir ki, Azərbaycan teatrının çağdaş mərhələsi boloniya sistemi əsasında tədris olunur. Bu isə öz növbəsində zərərlidir. Ekspertimiz fikirlərini elmi şəkildə əsaslandırır: "İncəsənət sahəsi üçün mütəxəssis kadrların hazırlanması milli mədəniyyətimizin prioritet məsələsi olmaqla, digər sahələrdən fərqlənən tədris xüsusiyyətlərinə malikdir. Bəzən təhsil sahəsi üzrə mütəxəssislər, ayrı-ayrı ekspertlər humanitar sahə təsnifatında, məsələn, ədəbiyyatşünaslarla teatrşünasları  az qala eyniləşdirirlər. Halbuki musiqi təhsilində nəfəs alətləri ilə simli alətlərin tədrisində, yaxud aktyorluğun və rejissorluğun  tədrisində  spesifik sənət fərqləri mövcuddur. Və onların tədris prosesi təbii olaraq, müxtəlif metodoloji əsaslara dayaqlanır. İndiki halda hədəfimiz teatr sənəti üçün kadr hazırlığı məsələsi olduğundan bu sahədə təhsilin praktik teatr həyatı ilə bağlılığının vacibliyi, sahələr üzrə fərqlərin təhsil prosesindəki əhəmiyyəti üzərində düşünməli oluruq. Müstəqil dövlət quruculuğu dövrünün bir sıra islahatları içərisində təhsil sahəsində aparılan islahatlar istər pedaqoji kollektivlərdə, istər çoxsaylı valideyn toplumunda birmənalı qəbul edilmir. Belə ki, əsas iradlar Boloniya təhsil sisteminin tətbiqi ilə bağlıdır. Onun tətbiqinin hansı elmi, ictimai ehtiyacdan irəli gəldiyini söyləyə bilməsək də, həmin təhsil sisteminin on illərlə sınaqdan çıxan əvvəlkindən üstünlüyü təxmini görünür. Belə ki, əvvəlki təhsil sisteminin konkret olaraq üstünlüklərini və real uğurlarını bildiyimiz halda, Boloniya təhsil sisteminin üstünlükləri və nikbin nəticələri müşahidə edilmir. Boloniya təhsil sistemində xüsusən də tədris prosesində diqqətçəkən sənədləşdirmə formalizmi, pedaqoq və tələbə münasibətlərində laqeydlik, fəaliyyətin imitasiyası faktları diqqət çəkir. Odur ki, Boloniya təhsil sistemini mütərəqqi hesab edənlər onun ölkəmizin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olması barədə ciddi  düşünməli, bu sahənin təcrübəli mütəxəssisləri  prinsipial mövqe bildirməlidirlər”.
 
ADMİU -nun baş müəllimi, Əməkdar artist Yaqut Paşayeva hər bir sənətin, peşənin öz qaydası olduğunu, həmin sənəti məhz bu sahənin bilicilərinin təhlil və tənqid edə biləcəyini qeyd etdi: "Yalnız o sahənin bilicisi tədris etdiyi fənnin səhvini və düzünü deyə bilər. Teatr və aktyor sənəti bəlkə də yeganə sənətdir ki, hər kəs peşəsindən asılı olmayaraq bu sənəti həm təhlil, həm də tənqid edir. O səbəbdəndir ki teatr və teatr məktəbi haqqında fikirlər o qədər ürək açan deyil. Əslində isə vəziyyət tam fərqlidir. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin çox istedadlı tələbələri və yaradıcı heyəti var. Sadəcə müəyyən zaman kəsiyində yaranmış boşluq kimlərəsə bu sahəyə mədaxilə edə bilmək ixtiyarı verib. Bir neçə il ərzində edilən dəyişikliklər tədrisin keyfiyyətinin dəyişməsinə, bütün yaradıcı gənclərin azad və sərbəst düşüncəyə sahib olmalarına çalışmağın ilk göstəricisidir. Əslində teatr sənətindən dərs vermək və hər zaman göz önündə olacaq sənət adamlarının həyatının çox vacib bir dövründə mövcud olmaq deməkdir. Onlara bilmədiklərini öyrətməkdən daha çox öyrənməyi və öyrətməyi bacarmaqdır. Hazırda bu peşəyə sahibi olduğumda ustadım Vaqif İbrahimoğluna borclu olduğum kimi  nə vaxtsa tələbələrimin də məni bu sevgi ilə xatırlamalarını çox istəyirəm. Məsuliyyət hissi ilə anlayıram ki, bu sənətlə məşğul olan hər kəs işini sevsə və özünü aldatmasa yəqin ki Teatr sənəti əlçatmaz bir zirvədə olar. Mən bunun tezliklə baş verəcəyinə inanıram. Çünki öz tələbələrimizə, gənc aktyorlarımıza çox inanır və güvənirəm”.
 
ADMİU-nun "Musiqili teatr aktyoru” kafedrası kafedrasının müdiri, xalq artisti İlham Namiq Kamal isə deyir ki, Azərbaycan teatr tarixində hər zaman istedadlı tələbə-müəllim prosesi yaşanıb: "Tələbələrin istedadından çox şey asılıdır. İstedadı Allah verir, biz müəllimlərə isə onu cilalamaq qalır. Mən də məndən əvvəl pedaqogika ilə məşğul olan müəllimlərimiz  Adil İsgəndərov, Tofiq Kazımov kimi tələbələri istiqamətləndiririk. Bu günün tələbələrinə bu peşənin peşəkarı olmaları haqda anlayış yaratmağa çalışırıq.  Tələbələrin istedadlarını daha parlaq şəkildə üzə çıxarmalarına cəhd edirik. Bu yolda biz müəllimlər əlimizdən gələni edirik. Bu gün kifayət qədər istedadlı gənclərimiz var. İnanıram ki, o istedadlı gənclərimiz sabahın yaxşı pedaqoqları olacaq və beləcə nəsillər bir birini əvəz edəcək”.
İ.N.Kamal əvvəllər tələbələrə təhsil aldıqları ali təhsil ocaqları tərəfindən təyinat verildiyini, bu gün isə aktyorlar və rejissor tələbələr üçün belə bir şəraitin yaradılmadığını söyləyərək müasir təhsil sisteminin bəzi qaydaları ilə razılaşmadığını qeyd etdi: "Bizim zamanımızda ali təhsilini başa vuran tələbələri teatrlara yönləndirirdilər. Onların işlə təmin olma şansı böyük idi. İndiki təhsil sistemində bunlar yoxdur. Universiteti qurtardıqdan sonra hər şey tələbələrin istedadına qalır. Çox istəyərdim ki, bu təyinat məsələsi yenidən gündəmə gəlsin”.

 Müəllimlərini xatırladığını deyən xalq artisti bu gün də onların rəsmlərini otağında saxladığını, onları hələ də unutmadığını bildirdi: "Müəllimlərimin öyrətdiklərini mən heç vaxt unuda bilmərəm. Çünki onlar böyük sənətkarlar idi və biz onlardan çox şey öyrənmişik. Biz də öz biliklərimizi bizdən sonra gələn nəslə ötürməyə çalışırıq. İstedadlı gənclər hər zaman olub. Əvvəllər bizim nəslin yetişmələri daha çox kitaba üstünlük verirdi. İndiki gənclər isə bir az kitabdan aralı düşüb”.
 
ADMİU-nun SABAH qruplarının müəllimi, rejissor Gümrah Ömər bizimlə söhbətində təhsildə klassik prinsiplərə xüsusi yer verməyin tərəfdarı olduğunu vurğuladı: "Azərbaycan teatrlarının əksəriyyəti Stanislavski sistemi bazasının üzərində formalaşıb. Təbii ki, təhsildə bu sistemə xüsusi önəm vermək lazımdır. Stanislavski sistemini dəstəkləyən, onu təkrarlayan bir sıra sistemlərə xüsusilə önəm verməyin tərəfdarıyam. Düzdür, indi deyirlər müasir dövrdür, çağdaş teatr prosesi fərqli üsullardan istifadə etməlidir. Təbii ki, bu gün müasir dünyada yaşadığımızı unutmamaq şərti ilə. Tədrisdə bu məsələlərə çox ciddi nəzarət olunmalıdır. Bəzən məlum olur ki, təhsil alan tələbə kifayət qədər yüklənir. Səhnəni tanımayan, oynamaq qabiliyyəti olmayan tələbələri yükləməyin tərəfdarı deyiləm. Hər bir müəllimin öz pedaqoji fəaliyyəti var. Birinci növbədə tələbənin məkanda var olması ən vacib məsələlərdən biridir”.

 Gümrah Ömər  bu gün tələbə aktyorların gözüaçıq olduğunu və  onların əvvəlki nəsildən çox fərqləndiyini qeyd etdi: "Bizim ali təhsil ocağında çox istedadlı tələbələrimiz var, onlar gələcəyin əsil istedadlı kadrlarıdır. Həmin tələbələrin bəziləri artıq teatrlara müraciət ediblər və müəyyən qədər peşəkar səhnədə təcrübələri də var. Teatr o aktyorları təcrübədən keçirir və tələbələr həmin teatrda təcrübə toplayırlar. Bu onların yaradıcılığına böyük təkan verir və onlar tələbə ikən artıq teatrlarda özlərinə mövqe tuturlar. Bütün dövrlərdə müəllim müqəddəsdir. Ünsiyyət, məhsuldarlıq baxımından yeri gələndə müəllimlər də tələbələrdən nəsə öyrənirlər. Bu gör-götür dünyasıdır. Müəllimin dünyagörüşü, bacarığı təbii ki, onu hörmətli edir. Bu gün biz tələbələrdə müəllimlərimizə qarşı o diqqəti, hörməti görürük”.

 Xəyalə Rəis