• cümə, 29 Mart, 10:11
  • Baku Bakı 5°C

Pedaqoji-psixoloji terminologiyamızın yeni adekvat mənzərəsi

11.11.19 12:30 1652
Pedaqoji-psixoloji terminologiyamızın yeni  adekvat mənzərəsi
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mədəniyyətimizdə, sosial-ictimai həyatımızda, ədəbiyyatşünaslığımızda və fəlsəfi-etik-estetik yöndə gedən dəyişikliklər pedaqoji-psixoloji aspektdə aparılan işlərin konseptuallaşdırılmasında, dərinləşdirilməsində və sistemləşdirilməsində də pozitiv yeniləşmələrə gətirib çıxardı. Adları çəkilən bu sahələrdə lüğətçilik fəaliyyəti də öz dinamikası ilə fərqlənməyə başladı. Müxtəlif tipli soraq və terminlər kitabları, ikidilli, üçdilli və dörddilli lüğətlər ortaya gəldi. Azərbaycanda müxtəlif elm sahələrində aparılmış bu elmi, tədris və təlim əhəmiyyətli və yönlü kitabların, lüğətlərin rol və mahiyyətinə toxunmadan səriştəli pedaqoq-alim, nəzəriyyəçi və praktik, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Heydər Allahyar oğlu Cəfərovun lap yenicə üzü işıq görmüş "Azərbaycanca-rusca pedaqoji-psixoloji terminlər lüğəti” kitabı ilə bağlı qənaətlərimizi bölüşmək istəyirik. Bəri başdan qeyd edək ki, Heydər Cəfərov Azərbaycan pedaqoji təffəkürrü sahəsində yetərincə tanınmış mütəxəssisdir. Onun pedaqoji elmin müxtəlif məsələlərinə həsr etdiyi məqalə və materialları, dərs vəsaitləri və proqramları, xüsusuilə ölkəmizdə ilk dəfə pedaqoji valeologiya və didaktogeniya, təhsildə sağlam həyat tərzi, təhsil alanların sağlam həyat tərzinin ictimai-pedaqoji əhəmiyyəti, onların asudə vaxtının səmərəli təşkili və digər problemlərə aid tədqiqatları bir qayda olaraq fərdi baxış bucağı ilə seçilməsi ilə yanaşı, problemin daim ontoloji qatına enməklə digər mütəxəssislərin yanaşmasından seçilir.
El arasında məsəl var: "Bünövrəsi möhkəm olan ev, dağılmaz”. Bu məsələnin Heydər Cəfərova birbaşa aidiyyatı vardır. Çünki biz bunu az qala yarım əsri haqlayan bir tanışlığımız dövründə onun nəzəri-praktik qabiliyyətinə, elmi erudisiyasına yaxından bələd olan bir təfəkkür sahibi kimi deyirik.
Heydər müəllimlə biz 1971-1975-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universitetinin) rus dili və ədəbiyyatı fakültəsində bir qrupda təhsil almış, birgə yaşamış, birgə dərslərə, imtahanlara hazırlaşmış, kitabxanalara getmiş, birgə məşqlər etmiş, həyatın sınaqlarına birgə sinə gərmişik. Çox nadir hallarda mühazirəçi müəllimlərimiz bizə konkret fəndən digər tələbələr kimi bilet çəkib hazırlaşmağa imkan vermişdir. Əksər hallarda mühazirəçi müəllimlərimiz imtahanlarda bizim üz-üzə cavab vermək ümidlərimizi ürəyimizdə qoyub bizə mexaniki "əla” qiymətlər yazmışlar. Heydər mənə, mən Heydərə daim qol-qanad verib, bir-birimizi əla oxumağa sövq etmiş, təhsilimizi fərqlənmə diplomu ilə başa vurmuşuq. Birgə aspirantura keçmiş, eyni vaxtda dissertasiya müdafiə etmiş, eyni bir ali məktəbdə mühazirələr oxumuş, bir-birimizin uğurlarına sevinmişik. Heydər həm tələbəlik illərində, həm aspiranturada təhsil aldığı dövrlərdə, həm də səriştəli pedaqoq-alim kimi fəaliyyət göstərdiyi vaxtlarda çalışdığı kollektivdə öz yenilməz reputasiyası ilə fərqlənmişdir. İndi neçə onilliklər arxada qalsa da, Heydər yenə də həmin çalışqanlıq və şövqlə yaşayıb işləməkdə, pedaqoji elmimizə öz layiqli töhfələrini verməkdədir.
Bax, Heydər müəllimin qeyd etdiyimiz həmin məsuliyyəti sayəsində onun uzun illər ərzində üzərində çalışdığı "Azərbaycanca-rusca pedaqoji-psixoloji terminlər lüğəti” adlı sanballı kitabı araya-ərsəyə gəlmişdir. Bəs Heydər Cəfərovun ortaya qoyduğu adını çəkdiyimiz kitabının başlıca məziyyətləri nədən ibarətdir? Bu, fikrimizcə, özünü aşağıda toxunacağımız məqamların işıqlandırılmasında ortaya qoyur. Pedaqoji-psixoloji terminlər lüğəti, adından da göründüyü kimi, pedaqoji-psixoloji sahədə çalışan mütəxəssislərin, müəllimlərin, tələbələrin tədris zamanı və tədqiqat apardıqları vaxtlarda istifadə edəcəkləri mühüm elmi-nəzəri-praktik vəsaitdir. Bu kitabın çoxsaylı terminlərin nəyi özündə ehtiva etməsində, tələbələrin və tədqiqatçıların yeni anlayışlarla tanış olmasında, yaxud yaddan çıxarılmış pedaqoji-psixoloji terminlərin yenidən yaddaşda bərpa edilməsində və s. rolu danılmazdır.
Bunu da qeyd edək ki, hələ 1971-ci ildən başlayaraq, Azərbaycan leksikologiyası –frazeologiyası və rusistikası sahəsində tanınmış alim, prof. Məmməd Tağıyevin rəhbərliyi ilə ikidilli Azərbaycanca-rusca lüğət hazırlanarkən o, biz tələbələri də lüğət kartotekalarının yazılmasına və lüğətin hazırlanmasına cəlb etmişdi. O vaxtlar biz tələbələr həmin lüğətin hazırlanmasında yaxından iştirak edirdik. Və burada ən çox fəallığı və lüğətçilik fəhmi ilə fərqlənən də məhz Heydər idi. Yəni onun lüğət yaradıcılığına meyli də həmin vaxtlardan yaranmışdı. Buna görə də H.Cəfərovun adı çəkilən lüğətinin araya-ərsəyə gəlməsi təsadüfi xarakter daşımır.
Heydər Cəfərovun ortaya qoyduğu pedaqoji-psixoloji terminlər lüğətində yer almış anlayışlar pedaqoji-psixoloji nəzəriyyə və praktikada daha çox ehtiyac duyulan anlayış və terminlərdir. Heydər müəllimin bu lüğəti ilə yaxından tanış olarkən müəyyənləşdirmək olur ki, müəllif müxtəlif pedaqoji-psixoloji məktəb və cərəyanlara münasibətdə neytrallıq nümayiş etdirməyə can atmaqla onlardan hər birinin fərqli izahının təsiri altına düşmür, eyni zamanda müasir nəzəriyyə və praktikada olan anlayışların mühüm tendensiyasının izahını verməyə çalışır.
Məlum olduğu kimi, hər bir lüğət öz epoxasının məhsuludur. Hər hansı müəyyən dövrün leksik-terminoloji xüsusiyyətini əks etdirməklə lüğət həm də dövrün fəlsəfəsini, ideologiyasını əks etdirir. Hər bir yeni epoxa mühüm ictimai, siyasi, iqtisadi, mədəni, kulturoloji dəyişiklikləri əks etdirməklə öz dövrünün lüğətini tələb edir. Çünki əvvəl yaradılıb ortaya qoyulmuş nümunələr dövrün leksik, terminoloji sisteminə, müasir vəziyyətinə uyğun gəlmir. XXI əsrin əvvəllərində, yəni bu günümüzdə ortaya çıxan Azərbaycan leksikoqrafiyası müxtəlif sferaları əhatə edən ən çeşidli və rəngarəng lüğət informasiyasının ortaya gəlməsini diktə edir. Müasir dövrdə siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə, elmdə və təhsildə gedən dəyişikliklər dil situasiyası və terminologiyada da dəyişikliklərin baş verməsini dinamikləşdirir. Odur ki, lüğətlərin tərtib edilməsi son dərəcə əzablı və üzücü bir prosesdir. Lüğətçilik daim yenilənən bir sahə olduğundan, heç şübhəsiz ki, bir lüğət daxilində konkret sahədə baş verən yeniliklərlə bağlı informasiyanın toplanması da nə mümkün deyil, nə də onun bütün cəmiyyətin tələblərini ödəməsi real görünmür.
Heydər Cəfərovun tərtib etdiyi lüğət sahə lüğətçilik terminologiyasını əhatə etsə də, bu lüğət məhz iki (Azərbaycan və rus) dildə tərtib edilməsi ilə əlamətdardır. İşin çətinliyi ondan ibarətdir ki, müəllif burada hər bir konkret halda hər bir söz, anlayış və terminlərin tərcüməsini verir, buna görə də lüğət struktur və forma baxımından da fərqli təsir bağışlayır. Azərbaycanca-rusca tərtib edilən bu lüğət rusdilli istifadəçilər üçün də kifayət qədər izahlar verir. Məsələn, lüğətdəki "alicənablıq” – "благородство”, "великодушие”, "ambivalent təfəkkür” – "амбивалетное мышление” (s. 15), "anlamanın səviyyəsi”– "урoвень понимания”, "antropogen dəyişikliklər” – "антропогенные изменения” (s. 17), "atatik təfəkkür” – "ататическое мышление” (s. 20), "biheviorizm” (fəlsəfi, pedaqoji-psixoloji cərəyan) – "бихевиоризм” (философское, психолого-педагогическое) (s. 29), "diferensial psixologiya” – "дифференциальная психология”, "disleksiya” – "дислекcия” (s. 57), "divergent təfəkkür” – "дивергентное мышление” (s. 57), "empirik psixologiya” – "эмприческая психология” (s. 67), "intuitiv təffəkür” – "интуитивное мышление” (s. 139), "konvergensiya nəzəriyyəsi” – "теория конвергенции” (s. 158), "paleopsixologiya” – "палеoпсихология” (s. 251), "pedaqoji cərəyanlar” (praqmatizm, ekzistensializm, biheviorizim, neotomizm, rekonstruktvizm, humanizm, futuralizm, multikulturalizm, eksperimental pedaqogika, perenalizim, essensializim, tolerantlıq) – (s. 253). Bunların hamısı da rus dilində müvafiq şəkildə tərcümə edilərək Azərbaycanca mətinin qarşısında yerləşdirilir.
Heydər Cəfərovun adını çəkdiyimiz kitabının üstün cəhəti həm də ondan ibarətdir ki, birinci, müəllif hər iki elm sahəsinin (pedaqogika və psixologiyanın) nəzəri, praktik və metodoloji problemlərini dərindən bilir, ikinci, o, Azərbaycan və rus dillərinin qrammatikasını kamil mənimsəmiş mütəxəssisdir, üçüncü, tərcümə sahəsində respublikamızda fəaliyyət göstərən ən səriştəli tərcümə praktiklərindən, mütərcimlərdəndir. Eyni zamanda tərcümə nəzəriyyəsinin, praktikasının əsas meyar və ölçülərini hər iki dildən bir-birinə mükəmməl tərcümə etməyi bacaran nadir təfəkkür sahiblərindəndir.
Bunu da nəzərə almaq lazımdır ki, söz, anlayış, və terminlərin tərcüməsi daim böyük çətinliklər ortaya atır. Bu isə, məlum olduğu kimi, bəzi sözlərin mənasının müxtəlif dillərdə bir-birinə uyğun olmaması və sözlərin hər bir dildə müstəqim mənası ilə əlaqədardır. Bu məsələləri nəzərə alan Heydər müəllim lüğətin tərtibi zamanı onun məqsədindən asılı olaraq qarşıya qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəlir. Bizə belə gəlir ki, lüğətçilik fəaliyyəti ilə məşğul olanlar, hər şeydən öncə, onun tədrisi məqsədi, tətbiqi istiqaməti haqqında daha çox düşünməlidirlər. Heydər müəllim 45 ildir ki, tədris fəaliyyəti ilə məşğul olduğundan və ali məktəblərin işindəki bir sıra kəm-kəsirləri yaxşı bildiyindən, onun bu lüğətindən nəinki arayış materialı, həm də müstəqil tədris materialı kimi istifadə etmək olar.
Müasir dövrün inkişafı və qloballaşma şəraiti həm konkret dillərdə, həm də konkret elm sahələrində gedən çeşidli informasiya axını ilə əlamətdardır. Odur ki, həm konkret elm sahəsində, həm də beynəlxalq kommunikasiya şəraitində tərcümə olunan anlayış və terminoloji vahidlərin başqa dilə necə çevrilməsi sahəsində dərin biliklərə malik olmadan dar sahələrdə (bizim təqdirdə pedaqoji-psixoloji elmlər aspektində) konkret ixtisas üzrə zəngin elmi biliklər olmadan lüğətçilik sahəsində də uğur qazanmaq inandırıcı görünmür.
Terminoloji ikidilli bu lüğət konkret pedaqoji-psixoloji terminologiyanın xüsusiyyətini özündə birləşdirir. Lakin eyni zamanda bu lüğətdə elə anlayış və ifadələr də vardır ki, onlar istər-istəməz etnologiya, etika, estetika, fəlsəfə, psixogenetika, valeologiya, struktural və posmodernist cərəyanlarla əlaqəli şəkildə lüğətdə yer alır. Heydər Cəfərovun tərtib etdiyi bu ikidilli terminoloji lüğət həm də özündə bir sıra vəzifələrin həllini nəzərdə tutur: a) lüğətə daxil edilən terminlərin əsas vəzifələri ortaya qoyulur, b) terminoloji lüğətin layihələndirilmə prinsipi müəllif tərəfindən düzgün müəyyənləşdirilir, c) lüğətdə yer almış terminoloji vahidlərin təşkil olunma xüsusiyyətləri nəzərə alınır. Eyni zamanda burada ixtisas üzrə konkret terminin işlənmə tezliyi, pedaqoji-psixoloji sahədə bu terminologiyanın dəyəri, terminin hər bir (Azərbaycan və rus) dildə işlənmə zəruriliyi diqqət mərkəzində dayanır.
Terminoloji ikidilli lüğətlərin tərtibi zamanı aşağıdakı prinsiplərin də gözlənilməsi vacibdir. Bu mühüm vəzifənin də öhdəsindən Heydər müəllimin layiqincə gəldiyini görə bilirik:
1. Sistemlilik prinsipi – bu, hər sahə üzrə olan terminoloji lüğətlərdə müxtəlif cür olur. Burada seçilmiş leksik vahidlərin mövzu ilə bağlılığı, əlaqəliliyi ierarxiyaya tabe olmaqla müxtəlif tipli əlaqələrdə ortaya qoyulur. Heydər müəllimin təqdim etdiyi lüğətdə sözlər konkret qrupa bölünməklə müvafiq olaraq əsas makrosahəylə əlaqədə verilir.
2. Kommunikativ dəyər prinsipi – terminoloji lüğət üçün leksikanın seçilməsi mühüm rol oynayır. Belə olduğu halda prinsipin realizasiyası prosesində elə leksik vahidlərə yer verilir ki, onlar bir-biri ilə daha geniş uzlaşma imkanına malik olur. Lüğət tələbənin, təlim alanın nitq fəaliyyətini daha yaxşı modelləşdirə bilir.
3. Komplektləşdirmə prinsipi – bu prinsip imkan verir ki, bir lüğətdə müxtəlif elementlərin mənasını müəyyənləşdirmək mümkün olsun. Eyni zamanda alınacaq anlayışlarla bağlı zəruri məlumatlar çatdırılır. Bu prinsip daxilində dilin bütün struktur səviyyələrinin öyrənilməsinin nəticəsi möhkəmlənir, dil vahidlərinin məzmun və forma planı arasında münasibətlər dinamikləşdirilir.
Heydər Cəfərovun tərtib etdiyi lüğətdə hər bir lüğət məqaləsi Azərbaycan dilində olduğu kimi onun rus tərcümələri də doğru-dürüst definisiya və sinonimlə təchiz olunmuşdur. Əlbəttə, müəllif lüğət üzərində işləyərkən ekvivalentin, definisiyanın tərcümə olunacaq dildəki leksik vahiddə əsas informasiyanı ortaya qoyması zəruridir. Bu, lüğət işinin ən mürəkkəb mərhələsidir. Definisiyanın ilkin elementi əsas (baş) sözün, söz birləşməsinin, frazanın tərcüməsidir. Heydər müəllimin lüğəti ikidilli pedaqoji-psixoloji terminlər lüğəti olduğundan tərcümədə də yazılı və şifahi nitqdə yer almış oturaqlaşmış ekvivalentlər göstərilir.
Bəhs etdiyimiz lüğətdə bütün terminoloji vahidlər ümumi məna komponentinə görə bölmələrdə öz xüsusiyyətinə müvafiq olaraq bəzi anlayışlara söykənilərək qruplaşdırılır. Belə quruluş leksik-semantik vahidlərin nüvə (dominanta) qrupunu və periferik ifadələri qeyd etməklə eyni zamanda terminoloji leksikanın, onun söz yaradıcılığı əlaqələrinin və frazanın sintaktik quruluşu prinsipinin zənginləşmə yollarını müəyyənləşdirməyə xeyli dərəcədə kömək edir. Məsələn, "valeologiya” – "валеология”, "valeoloji təhsil” – "валeологическое образование”, "valeoloji şüur” – "валеологическое сознание”, "valeologiyanın elm kimi təşəkkülü və inkişafı” – "становление и развитие валеологии как наукa (s. 348), "assosiasiya” –"ассоциация”, "assosiativ eksperiment” – "ассоциативный эксперимент”, "assosiativ psixologiya” – "ассоциативная психология”, "assosiativ reflektor təlim nəzəriyyəsi” – "ассоциативно-рефлекторная теория обучения” (s. 19) və s. və i. a.
Heydər Cəfərovun ortaya qoyduğu bu kitab sübut edir ki, müasir tərcüməçilik fəaliyyəti nəinki lüğətlərdən və soraq kitablarından uğurla istifadə etməni, həm də onların layihələndirilməsi və aparılmasında müvəffəqiyyət qazanmağa şərait yaradır. Heydər müəllimin ikidilli pedaqoji-psixoloji terminlər lüğətində təqdim olunmuş sözyaradıcılığı yuvalarındakı semantik əlaqələrin araşdırılıb ortaya çıxarılmasında oradakı söz, ifadə, anlayış və terminlərin özünəməxsus prinsiplərinin izahını görməyə, törəmə sözlərin yuva daxilində necə oturulduğunu başa düşməyə imkan verir.
Terminoloji söz yaradıcılığı heç də kortəbii proses deyildir. Hər bir terminologiyada termin yaradıcılığı ilə bağlı müəyyən modellər mövcuddur. Odur ki, termin yaradıcılığını milli və beynəlxalq söz yaradıcılığı elementlərinin sintezi kimi nəzərdən keçirmək olar ki, burada onların özü terminoloji informasiyasının özünü aktiv təchiz edən element kimi dəyərləndirmək olar. Heydər Cəfərov bu terminlər lüğətinin tərtibində söz yaradıcılığının yuva şəklində istifadəsinə və kompleks adların yaranmasına xüsusi diqqət yetirmişdir. Bəhs etdiyimiz ikidilli pedaqoji-psixoloji terminlər lüğətinin ən mühüm cəhəti onun koqnitiv yanaşma prinsiplərinə söykənilərək ortaya qoyulmasıdır ki, digər tipli bir (vahid) sahəli və birdilli terminoloji lüğətlərdən fərqli olaraq özündə iki sistemli terminologiyanı əks etdirməklə onun əsasında oturmuş dil işarələri anlayışılarının terminoloji ifadəsini tam şəkildə verməyə istiqamətlənmişdir.
Heydər Cəfərovun "Azərbaycan-rusca pedaqoji-psixoloji terminlər lüğəti” kitabında yer almış söz, anlayış və terminlərin linqivistik kompleksi müəllifin öz qarşısına qoyduğu əsas universal tələblərə cavab verməklə bu üslubdakı dəqiqliyi, mükəmməlliyi, mücərrədliyi, məntiqliliyi və obyektivliyi özündə əks etdirir. Müəllif seçdiyi leksik vahidlərə diqqət yetirməklə terminləri müəyyənləşdirir, tərcümə zamanı ana dilində olduğu kimi rus dilində də hər bir söz və anlayışın linqvistik xüsusiyyətlərini bütün tərəfləri ilə təqdim etməyə müvəffəq olur.
Beləliklə, Heydər Cəfərovun bəhs etdiyimiz "Azərbaycan-rusca pedoqoji-psixoloji terminlər lüğəti”, hər şeydən öncə, öz geniş tətbiqi xarakteri ilə seçilir. Bu lüğətin tətbiq və istifadə sferası son dərəcə genişdir. Belə ki, ondan təhsilin bütün pillələrində çalışan tərbiyəçilər, müəllimlər, pedaqoqlar, psixoloqlar, tələbələr və magistrlər, dissertantlar və doktorantlar, ali məktəb müəllimləri – professorlar, pedaqoji-psixoloji müəssisələrdə çalışanlar, ailələr, pedaqoji-psixoloji mərkəzlərdə məşğul olanlar, elmi tədqiqat işləri aparanlar və başqaları geniş istifadə edə bilərlər. Terminoloji lüğət sahəsində çalışanlar öz dili ilə yanaşı, tərcümə etdiyi dilin də sirlərinə dərindən bələd olmalıdırlar. Fikrimizcə, bu terminoloji lüğətin ən başlıca uğuru ilk növbədə onun müəllifinin hər iki dilin fonetik, leksik, frazeoloji, söz yaradıcılığı, morfoloji, qrammatik strukturuna bələd olması, sintaksisini və üslubiyyatını mükəmməl bilməsi ilə birbaşa bağlıdır. Odur ki, Heydər Cəfərovun ilk "Azəzrbaycanca-rusca pedaqoji-psixoloji terminlər lüğəti” Azərbaycan lüğətçiliyinin pedaqoji psixoloji sahələrdə son illərdə qazandığı nəzərəçarpacaq uğurlardan biri kimi dəyərləndirilməlidir. Lüğətdə pedaqoji-psixoloji terminologiyamızın yeni adekvat mənzərəsi ortaya qoyulmuşdur.

Nizami Tağısoy,
filologiya elmləri doktoru,
professor, ədəbiyyatşünas-tənqidçi
banner

Oxşar Xəbərlər