AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Payızda üşüyən çiçək”

“Payızda üşüyən çiçək”

02 Fevral 2020, 12:00 4031
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, "Qızıl Qələm” media mükafatçısı, Prezident təqaüdçüsü şair-publisist İbrahim Yusifoğlu 27 adda şeirlər, poemalar, oçerklər, povestlər, mənzum dramlar kitablarını respublika nəşriyyat­la­rın­da dərc etdirib oxucuların ixtiyarına vermişdir. 2020-ci ilin ilk günlərində isə İ. Yusifoğ­lu­nun "Payızda üşüyən çiçək” adlı uşaq şeirlərindən ibarət 28-ci kitabı İran İslam Respublikasının paytaxtı Tehran şəhərində "Xudafərin” nəşrlər evində nəşr edilmişdir.
 
"Payızda üşüyən çiçək” adlı kitabda müəllif haqqında oxuculara ətraflı məlumat verilir. Qeyd olunur ki, İbrahim Yusifoğlu 30 sentyabr 1954-cü ildə Naxçıvanın Şərur mahalında yerləşən Axura kəndində dünyaya göz açmışdır. Əvvəl Naxçıvan şəhərindəki pedaqoji məktəbdə, sonra isə Naxçıvan Dövlət Pedaqoji Universitetin filologiya fakültəsində təhsil almışdır. O, 50 ilə yaxındır ki, müəllimlik fəaliyyəti ilə yanaşı, ədəbi-bədii yaradıcılıqla da məşğul olur.
 
İbrahim Yusifoğlunun yaradıcılığında digər sahələrlə yanaşı uşaq ədəbiyyatı sahəsində də fəaliyyəti böyükdür. O, "Futbolçu, topçu, gopçu”, "Arpaçayın uşaqları”, "Azərbaycan Vətənimdir”, "Vətən nəğməsi”, "Seçilmiş əsərləri – 2”, "Göy yerə zəng eyləyir” kitablarını balaca oxuculara hədiyyə etmişdir.
Azərbaycan Yazıçılar Birliyinin tərtib etdiyi "Azərbaycan uşaq ədəbiyyatı” antologiyası (2014), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çap olunan "Azərbaycan uşaq ədəbiyyatı antologiyası” (2016), Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı”na dair "Müntəxabat” dərsliyində silsilə şeirləri verilmişdir.
 
"Ulduz”, "Vətən nəğməsi”, "Göyərçin”, "Pioner”, "Günəş”, "Uşaqlar və Günəş”, "Herba və flora”, "İbtidai məktəb”, "Azərbaycan qadını”, "Kənd həyatı” jurnal və toplularda, "Şərurun səsi”, "Şərq qapısı”, "Azərbaycan müəllimi”, "Cık-cık”, "Azərbaycan pioneri”, "Savalan”, "Tumurcuq”, "Təhsil problemləri” qəzetində müntəzəm olaraq uşaqlar üçün şeirlərlə çıxış edir.
 
Tehran şəhərində çap edilən "Payızda üşüyən çiçək” adlı kitabındakı "Azərbaycan Vətənimdir”, "Naxçıvanam – gözəlliklər məskəniyəm”, "Arpaçay”, "Arpaçayın uşaqları”, "Kəndimiz”, "Dağ yolunda”, "Əsgər inamı” kimi şeirlərində Vətənə bağlılığı əks etdirən misraları var:
 
Tarlalara həyat verən,
Araz mənim, Kür mənimdir.
Müstəqil günlər yaşayan,
Azərbaycan Vətənimdir.
("Azərbaycan Vətənimdir”)
 
Ümumazərbaycan kontekstindən çıxış edən, şair İ.Yusifoğlu bölgələrlə yanaşı doğulub boya-başa çatdığı Naxçıvanı da vəsf edir: Naxçıvan! Azərbaycanın cənubuna bitişik, şimalından yad nəfəsi ilə ayrılmış qədim, ulu Vətən torpağı!
 
Naxçıvanam!
Müstəqillik günəşidir,
Üzərimə nur ələyən,
Gündən-günə çiçəklənən
Mən gözəllik məskəniyəm.
("Naxçıvanam”)
 
Kitabdakı şeirləri oxuyarkən İbrahim Yusifoğlunun yaradıcılığının bütün mərhələlərində Vətən, torpaq, doğma ocaq daimi diqqət mərkəzində durduğunun şahidi oluruq.
Kitabdakı "Ayna”, "Üzərrik”, "Söyüd”, "Lalə”, "Qumrudu”, "Günəbaxan”, "Tut ağacı”, "Dağlar”, "İydə” şeirlərində vətənimizin gözəlliyi, torpaqlarımızın barı-bərəkəti, flora və faunamızın zənginliyi, o cümlədən baba və nənələrin nəvə sevgisi geniş əksini tapmışdır.
İbrahim Yusifoğlunun şeirlərində uşaqların təbiətə, təbiət hadisələrinə, əşya və canlı varlıqlara münasibətlərində bir təbiilik, sadəlik və doğmalıq var. "Ulduzlar yerə yağır”, "Ərimir”, "Bulud nənəm qocalır”, "Nənəmin sandığı var”, "Babam nə zaman yatır” kimi şeirlər uşaqların düşüncə tərzinə uyğun olan baxışlarını əks etdirir:
– Babacan, ay babacan,
Nənəmi də tez çağır.
Göydə olan ulduzlar,
Qar olub yerə yağır.
("Ulduzlar yerə yağır”)
 
Balacaların qavrama, anlama səviyyəsini nəzərə alan şairin qələminin ucunda sözlər dilə asan yatan misralara çevrilir. Bu da onu göstərir ki, İ.Yusifoğlu uşaq şeirlərində sözləri mənalandırmağı bacarır.
"Payızda üşüyən çiçək” adlı kitabında şairin uşaqlar üçün yazdığı əsərlər yer almışdır. Tanınmış pedaqoq kimi uşaq psixologiyasına dərindən bələdliyi onu balaca balaların sevinc və arzusunu, adı böyük həriflərlə yazılmağa layiq uşaq dünyasını bir-birindən maraqlı mövzularda əks etdirə bilməsinə gətirib çıxarmışdır.
İnanırıq ki, İbrahim Yusifoğlunun Tehranda  nəşr olunmuş "Payızda üşüyən çiçək” adlı uşaq şeirlərindən ibarət kitabı fars əlifbası ilə təhsil verən məktəbəqədər tərbiyə müəssisələrində və ibtidai siniflərdə dərs deyən müəllimlər və təhsil alan şagirdlər üçün maraqlı vəsait olacaqdır. 
 
Budaq Təhməz