Payız yağışı...

Payız yağışı...

20 May 2019, 15:00 15011
Kəndimizdən çox uzaqda, şəhərdə yaşayırdım. Anam isə kənddəki evimizdə olurdu. Ailəm, iş-gücümün çoxluğu imkan vermirdi ki, tez-tez kəndə gəlib, anama baş çəkim. Lap, tez olanda ayda bir dəfə vaxt tapıb anama dəyirdim. Qocalmışdı. Hər dəfə görüşəndə yeməyimdən tutmuş, geyim, keçimimə qədər maraqlanırdı və hər dəfə də həyat yoldaşıma bərk-bərk tapşırırdı ki, məndən muğayat olsun.
 
Həyat yoldaşım belə vaxtlarda gülüb deyərdi: – Ay ana, bəs, biz sənin doğmaların deyilik? Bizim də qeydimizə qal da, təkcə oğlunun fikrini edirsən.
Anam köks ötürüb deyərdi: - Qızım, sizi də çox istəyirəm. Hamınız ürəyimin bir tikəsisiniz, amma evin çörək qazananı odur, hamınız ona bağlısınız. Onun canı salamat olanda, arxayın oluram, elə bilirəm hamınız sağ və salamatsınız.
 
Anam məni övladlarının hamısından çox istəyirdi. Həm evin böyüyü idim, həm də uşaqlıqdan çox əziyyət çəkmişdim. Atam erkən dünyasını dəyişdiyi üçün anamın, beş bacımın, ev-eşiyin bütün yükü mənim boynuma düşmüşdü. Kiçik yaşlarımdan zəhmətə alışmışdım, səhərdən axşama kimi işləyirdim. Gecənin şirin yuxusunun nə olduğunu bilməzdim. Gündüzlər iş-güc dalısıycan, gecələr də sübhün gözü açılana qədər kitab, dəftərlə əlləşərdim. O vaxtlar fikirləşərdim, görəsən nə vaxtsa doyunca yatıb gözümün qurdunu öldürə biləcəyəmmi? İllər ötdü çətinliklə də olsa oxuyub vəzifə sahibi oldum, özüm üçün şəhərdə mənzil alıb, ev-eşik qurdum.
Ailədə uşaqların hamısından böyük olsam da, özümə söz vermişdim, başçılarımı ev-eşik sahibi etməyincə ailə qurmayacağam. Anam isə mənim bu fikrimlə razılaşmırdı. – Sən həyatını qur, mənim balam, hər kəsin bir qisməti var, – deyərdi. Mən evlənəndə, artıq otuz iki yaşım vardı. Anam mənə görə çox nigaran idi.
 
Evlənəndən sonra çox istədim ki, anamı şəhərə, yanıma aparım. Amma o, razı olmadı; – mən şəhərdə hökumət evində yaşaya bilmərəm, – dedi. Səbəbini soruşanda isə gülüb deyərdi: – Ağrın alım, bir evin ki, ayaqyolusuyla mətbəxi bir addımlıqda olsun, orada nə xeyir, bərəkət olacaq, axı? Mənim belə şeyləri ürəyim götürmür, başına dolanım, məcbur eləmə məni.
Ara-sıra şəhərə, bizim yanımıza gələndə də hiss edirdim ki, anam çox narahatlıq keçirir. Bütün gün ərzində yediyi bir tikə çörək, içdiyi isə yarım stəkan çay olardı.
Belə vaxtlarda qollarımı onun boynuna dolayıb, ağ saçlarından öpər və: – Ay ana, deyəsən, oğul çörəyinə qıymırsan? – soruşardım.
– Yox, ağrın alım, niyə ki, mənim elə yeməyim budur, – deyərdi. Amma bilirdim ki, arvad həyət evinə vərdiş etdiyindən, şəhər evinin bu götür-qoyu onun ürəyincə deyil. İbadətkar olduğuna görə, evin içində olan ayaqyolu-filan onun heç xoşuna gəlməzdi. Buna görə də, uzaqbaşı iki gün qalıb kəndə qayıdardı. Həmişə də mənə deyərdi ki, oğul, sən Allah, bu quş damından çıx, get özünə bir parça torpaq al, ev-eşik qur, qoy ailə, uşağının ayağı torpağa dəysin, rahat nəfəs alsınlar. Nədir, bu qutunun içinə girib yaşayırsınız?
 
Ona söz vermişdim ki, əlimə pul düşən kimi hökmən özümə torpaq alıb, ev tikəcəyəm. Mənim bu sözlərim onun ürəyinə yağ kimi yayılırdı. Deyirdi ki, əgər həyət evin olsa, gəlib həftələrlə yanında qalacağam.
 
Anamın son günləri ağır keçirdi. Xəstəliyi bir az da şiddətlənmişdi. Artıq, yataqdan qalxa bilmirdi. Kiçik bacım ailəsiylə birlikdə anamın yanında qalırdılar, arvadın qulluğunu da onlar tuturdular. Bu sarıdan çox arxayın idim, bilirdim ki, anamın hay-harayında kimsə var.
Şəhərdə işlərim çox idi, vəzifə sahibi olduğuma görə işdən çıxa bilmirdim. Çox vaxt kəndimizə, anamın yanına gecə gəlib, elə gecə də qayıdırdım. Bir az yubananda isə, qulağıma çatırdı ki, anam məndən narazılıq edir. Bacılarıma deyir ki, vallah, istəmirəm e gəlib məni görsün, gəlsin, barı, mən onu görüm.
 
Axırıncı dəfə gələndə iki günlüyə gəlmişdim. Arvad xeyli zəifləmişdi. Çuxura düşmüş gözlərində həyat eşqi yavaş-yavaş sönməkdəydi. Hər dəfə kirpiklərini vuranda gözlərinin ucunda yaş gilələnirdi. Əllərinin üstündəki gömgöy damarlar o qədər şişib, iriləşmişdi ki, hər dəfə nəbzi vuranda əlinin dərisinin titrədiyini hiss etmək olurdu. O halıyla yazıq arvad hələ bir qeydimə də qalırdı. – İş-gücünü buraxıb niyə gəlmisən, oğul, axı, elə o gün getdin? Yollar xatalıdır, başına dönüm, belə-tez tez gəlmə. – Yaxşıyam, bax, heç yerim ağrımır, yeməyim, içməyimdə ki, qaydasındadır, – deyə məni danlardı.
Amma bilirdim ki, anam bunları mənə görə deyir. İstəmir ki, mən onun ağrıdığını görüm.
Onu zorla da olsa həkimə apardım. Getmək istəmirdi. – Ay oğul, qoca arvadam, bu gün beləyəm, sabah yaxşı olaram. Bundan sarı niyə əziyyət çəkirsən? – deyirdi.
Onun könlünü almaq üçün ürək-dirək verirdim, deyirdim ki, bilirəm yaxşısan, heç nəyin yoxdur. Amma yenə də arxayın olmaq üçün, qoy, həkim səni əməlli-başlı bir yoxlasın.
Həkim anamı müayinə etdikdən sonra ehmalca mənə dedi ki, anan son aylarını, bəlkə də, son günlərini yaşayır. Zəhrimara qalmış o xəstəlikdən tutub, xərçəngdir. Ona əziyyət verməyin.
 
Həkimin bu sözlərindən sonra çox məyyus oldum. Axı, anam elə də yaxşı gün görməmişdi. Ömrüboyu əziyyət çəkib bizi böyütmüşdü. Ağzının tikəsini çıxarıb bizlərə yedirtmişdi. Əsim-əsim əsmişdi biz balalarının üstündə. İndi hamımızın əli çörəyə çatdığı bir vaxtda, hamımız onun qulluğunu tutmaq istədiyimiz bir zamanda, yazıq arvadın gör başına nələr gəldi? Onun bu halı hamımızı pərişan etmişdi. Kəskin ağrılar içində qovrulsa da, anam bu xəstə halıyla yenə də balalarını düşünər, bizim halımıza yanardı.
Niyə görə ana balalarına bu qədər bağlı olur? – düşünərdim. Balalarının yolunda canını qurban verməyə uf da deməzdi, mənim anam. Bu halıyla, ağrıyan canıyla hələ də bizim qeydimizə qalırdı, yalvarıb-yaxarırdı ki, onun xəstəliyinə fikir verməyək, balalarımızın, ailəmizin qeydinə qalaq.
İşimlə əlaqədar olaraq bir müddət olardı ki, anamı yoluxa bilmirdim. Amma hər gün bacılarıma zəng edib anamın vəziyyətini soruşardım. Deyərdilər ki, halı o qədər də yaxşı deyil, amma yalvarıb deyir ki, qardaşınıza ağrımağım barədə bir söz deməyin, iş-güc adamıdır narahat olub edər.
Doğurdan da, anamdan sarı narahat idim. Gecənin bir aləmi telefonum qəfil zəng çalanda, bağrım yarılardı, elə bilərdim ki, bacılarımdan hansısa zəng vurub mənə bəd xəbər deyəcəkdir. Beləcə, bir müddət də ötüb keçdi.
 
Bir gün böyük bacım zəng edib dedi ki, anamızın halı çox pisləşibdir, daha danışa bilmir. İki gündür yemək də yemir, gör imkanın varsa ayaqüstü gəl, arvada dəy, gözləriylə səni axtarır.
Elə həmin günün səhəri kəndimizə, anamın yanına gəldim. Payız ayı idi. Çiskin yağış yağırdı. Kənd yeri olduğuna görə hər tərəf palçıq idi. Payızın bu qaş-qabaqlı havasatı onsuz da xoş olmayan halımı bir az da pərişan etmişdi. Yolboyu analı günlərimi xatırlaya-xatırlaya maşın sürmüşdüm. Az yaşım yox idi, amma içim-içalatım sızlayırdı. Mən anasız necə yaşayacağam düşünürdüm? Anamdan ayrı yaşamağıma, elə bil indi peşman olmuşdum. Kaş, zorla da olsa onu yanımda saxlayardım, – deyə özümü qınayırdım.
 
Maşını həyətimizin bir tərəfində saxlayıb yerə düşdüm. Yağış aramsız olaraq yağırdı. Şəhərdən anam üçün gətirdiyim sovqatları maşından götürənə kimi azacıq islandım.
Həyətdə heç kəs gözə dəymirdi. Yağış yağdığına görə hamı evin içinə təpilmişdi. Bir anlıq ayaq saxlayıb həyət-bacamıza göz gəzdirdim. Hər yanda anamın əlinin izləri görünürdü. Təndir, təndirin böyrünə söykənən ikiqanadlı, sapı ütülmüş yaba, həmin yabayla anam təndirin közünü qarışdırardı. Təndirin yanındakı əlyeri kimi istifadə etdiyimiz balaca daxma. Anam günün çox hissəsini həmin daxmada keçirərdi. Evin unu, dəni, bütün ərzağı həmin daxmaya yığıldığından onun iş-gücü də orada olardı. Həyətdən anamın qoxusu gəlirdi...
Eyvana qalxıb, anam yatdığı otağa keçdim. O, çarpayıda uzanmışdı. Gözləri yumulu idi. Bacılarım hamısı onun yatağının ətrafında oturmuşdular. Məni görən kimi hamısı ayağa qalxıb ağlaya-ağlaya mənimlə görüşdülər.
 
Anama yaxınlaşıb yastığının yanında oturdum. O, çox dəyişmişdi. Əvvəlki halından əsər-əlamət qalmamışdı. Güclə nəfəs alırdı. Gözlərim yaşardı. Əlimi alnına qoydum, alnı buz təki soyuq idi. Əlimin hərarətindənmi, ya nədənsə anam gözlərini açıb üzümə baxdı və xırıltılı səslə: – Elbrus, oğlum, sənsən? – soruşdu.
Əyilib onun ağarmış saçlarından, o soyuq alnından öpdüm. – Hə, anacan mənəm, gəlmişəm, - dedim.
 
Bu an bacılarım bərkdən ağladılar. Böyük bacım bildirdi ki, bir həftədən artıqdır ki, anamız bir kəlmə də olsun ağzını açıb danışmırdı. İndi səni görüb danışdı.
Anam sağ əlini mənə tərəf uzatdı. Mən onun əlini ovuclarımın içinə alıb öpdüm. Onun əlindən, təndirdən təzə çıxmış isti çörəyin qoxusu gəlirdi. O, əlini mənim saçlarıma tərəf uzatdı. Həmişə belə edərdi, ta uşaqlıqdan bu yaşıma qədər hər dəfə onunla görüşəndə əlini saçlarımda gəzdirib sığallayırdı. İndi də bildim ki, yenə də saçlarımı sığallamaq istəyir.
 
Ona rahat olsun deyə, başımı əydim. Anamın titrək barmaqları bir müddət saçlarımda ilişib qaldı. Sonra sürüşüb çiynimə düşdü. O əlini mənim pencəyimin yaxalığında gəzdirdi. Və birdən anam qayıdıb:
- Elbrus... oğlum... yağış yağır?..
- Hə, anacan, bilirsən necə narın yağış yağır... elə gözəl yağır ki... – dedim.
Anam əlini ehmalca havada yelləyib:
- Eh.., bu yağış niyə yağır ki? – deyə zarıdı.
- Ana, yağış nurdur, bərəkətdir, qoy yağsın – dedim.
Anam başını bulayaraq güclə eşidiləcək səslə:
- Oğlum, özümə görə demirəm e, onsuz da mən ölürəm... Yağışlı havada siz əziyyət çəkəcəksiniz, axı.
Anam bu sözləri deyəndən sonra gözlərini yumdu... Mən hönkürdüm...
Yazıq anam, bu boyda, ayrılığın içində hələ də bizim qeydimizə qalırdı.
... Anamın cənazəsini çiyinlərimizə alıb son mənzilə yola salanda, göydən narın-narın payız yağışı yağırdı. Bu çiskinli payız yağışı anamın xısın-xısın ağladığı vaxtlar, yanağından süzülən göz yaşlarına bənzəyirdi. Anam ölümündən sonra da, elə bil, bizim halımıza ağlayırdı... Yazıq anam...
 
Meyxoş Abdullah