Pay torpaqlarının artellərdə birləşdirilməsi asan olmayacaq
Azərbaycanda
kənd təsərrüfatı təyinatlı pay torpaqları olan insanların həmin torpaqları
birləşdirərək onlardan müasir tipli mülkiyyət formaları - kənd təsərrüfatı
artellərinin yaradılması təklif edilir. Bu təklifi irəli sürən Azərbaycan Milli
Elmlər Akademiyası Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd
təsərrüfatı elmləri namizədi Ənvər Əliyev Trend-ə bildirib ki, rayonlarda pay
torpaqları olan insanların əksəriyyəti ya onlardan istifadə etmir, ya da onları
kiməsə ucuz qiymətə icarəyə verir. Amma həmin insanlar birləşərək pay
torpaqlarının hesabına təsərrüfat birliyi yaradarlarsa, torpaqlarından daha
səmərəli istifadə edə bilərlər
Bu, kəndlərdə yaşayan insanların məşğulluğunu
təmin etməklə yanaşı, şəhərlərə demoqrafik axının da qarşısını alar. Belə
təsərrüfat birliklərinin dünyanın bir çox ölkələrində olduğunu nəzərə çatdıran
alim İsmayıllının İvanovka kəndində buna oxşar təsərrüfatların olduğunu
vurğulayıb: "İvanovkada bu tipli təsərrüfat sistemindən olduqca gözəl nəticələr
əldə edirlər. Kənddə hər kəsin vətəndaş olaraq mülkiyyət payları var və onlar
bundan kifayət qədər gəlir əldə edə bilirlər. Belə artelləri Azərbaycanın
coğrafi xüsusiyyətlərini nəzərə almaqla, istənilən rayonda yaratmaq olar.
Məsələn, Şamaxıda artellər yaratmaqla üzümçülük sahəsini inkişaf etdirmək olar.
Vaxtilə Şamaxı rayonunda il ərzində 300 min tona yaxın üzüm istehsal edilib,
sovet dövründə Azərbaycanda büdcə gəlirlərinin 30 faizi üzümçülükdən əldə
edilib".
Ə.Əliyev
qeyd edib ki, artellər yaradıldıqda onların biznes planı hazırlanıb Ədliyyə
Nazirliyində təsdiqlənə və daha sonra dövlət tərəfindən birliklərə kreditlər
verilə bilər. Artelləri yaradan insanlar rotasiya yolu ilə ona rəhbərlik
etməklə gəlirləri də pay torpaqları və bacarıqları nəzərə alınmaqla, bölüşdürə
bilərlər. Burada əsas üstünlük həm də vətəndaşın mülkiyyət hüququnun
saxlanılmasıdır.Şöbə
müdiri bu təkliflərini Nazirlər Kabinetinə təqdim edəcəyini də söyləyib.
Bəs
görəsən pay torpaqlarının birləşdirilməsi hansı formada həyata keçirilə bilər?
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat
Nəsirli deyir ki, pay torpaqları səmərəli şəkildə istifadə
olunmur: "1995-96-cı illərdə aparılan torpaq islahatının nəticələrinə görə 670
min hektar pay torpağı əmələ gəldi. Rayonun torpaq fondu hər ailə başına düşən
kiçik torpaq sahəsi bir-üç hektar arasında təyin edildi. Bəziləri rayonlarda bu
rəqəm bir hektardan da aşağıdır. Müasir iqtisadi münasibətlər fonunda o
torpaqlar lazımi şəkildə əkilib-becərilmir. Ona görə də uzun illərdir ki, bu
torpaqlar satılır və yaxud icarəyə verilir. Ölkənin dinamik iqtisadi inkişaf
dövründə torpaqlarımızdan maksimum istifadə məsələsi gündəmə gəlib. Böyük
torpaq sahələri təyinatına görə düzgün şəkildə istifadə olunmur. Artıq bəzi
bölgələrimizdə Kənd Təsərrüfatı Nazirliyinin təşviqi ilə müəyyən korporasiyalar
yaradılıb. Bu proses artıq başlayıb. Amma hələlik bu işlər istənilən səviyyədə
deyil. Çünki burada minlərlə insanı inandırmaq məsələsi var. Onlara reallığı
başa salmaq və inandırmaq üçün iqtisadi model ortalığa qoyulmalıdır. Əgər
torpaqlarınızı birləşdirsəniz, daha səmərəli istifadə etmək mümkün ola bilər.
Təbii ki, bu məsələ çoxsaylı suallar ortaya çıxarır. Əsas sual isə ondan
ibarətdir ki, bu torpaqlar nəyin üzərində birləşəcək və birləşdikdən sonra
insanlara nə qazandıracaq. Hesab edirəm ki, bu məsələ ilə bağlı ciddi
maarifçilik işlərinə ehtiyac var. Elə kəndlər var ki, orada ailələr bir-biri
ilə düşmənçilik münasibəti aparır və bu ailələri birləşdirmək heç də asan iş
deyil. İstənilən halda, ortaq məxrəcə gəlmək lazımdır. Bu torpaqlar kooperasiyalaşıb
birləşməlidir. Dünyada gedən proseslər və müasir kənd təsərrüfatı ölkələri kooperasiyalaşmaqdan
daha çox ailə təsərrüfatlarına meyl edir. Bu ailələrə dövlət maddi dəstək
göstərir. Subsidiya və digər stimullaşdırma mexanizmləri həyata keçirilir.
Çünki ailə təsərrüfatının güclü olması iqtisadi baxımdan dövlətin marağına daha
uyğundur. Düşünürəm ki, biz də bu prosesə qoşulmalıyıq. Elə rayonlar var ki, orada
torpaqlar şoranlaşmaya məruz qalır. Bu torpaqlar mütləq birləşdirilməlidir. Bu
prosesə investorlar da qoşula bilər. İnsanlar öz torpaqlarını birləşdirdikdən
sonra investorlar oraya böyük həcmdə maliyyə yatırımı edə bilir. Amma bu proses
insanların əmlakının əlindən alınması demək deyil. Razılaşma əsasında torpaqlar
birləşdirilərək daha çox mənfəət əldə edilir”.
Aqrar məsələlər üzrə ekspert Qadir Bayramovbildirdi ki, təsərrüfatların əksəriyyətində torpaq sahələri çox kiçikdir. Bu
torpaqlarda kənd təsərrüfatı işləri səmərəli qaydada aparılmır: "Buna kiçik
təsərrüfat hakimiyyəti deyilir. Kiçik təsərrüfatlarda müasir aqro-texniki
məsələləri həyata keçirmək, son yenilikləri tətbiq etmək mümkün olmur.
Fermerlərin gücü yeni texnoloji avadanlıqlara çatmır. Bu isə nəticədə
istehsalda səmərəsizliyə gətirib çıxarır. Hesab edirəm ki, pay torpaqlarının
birləşdirilməsinə ciddi ehtiyac var. Amma bu göründüyü qədər asan məsələ deyil.
Çünki pay torpaqlarının birləşdirilməsi insanlarda sovet dövründən qalma
mülkiyyət hüququnu itirilmə düşüncəsini yaradır. Bu, fermerləri bir qədər
narahat edir. Amma düşünürəm ki, müəyyən təşviq vasitələri həyata keçirilə
bilər. Əgər bu olarsa, maarifləndirmə yolu ilə müəyyən irəliləyişlərə nail
olmaq olar”.
Q.Bayramov
deyir ki, layihə ilk olaraq pilot qaydada həyata keçirilə bilər: "Əgər ciddi
uğurlar əldə olunarsa, digər təsərrüfatlar da buna maraq göstərəcək. Dünya
təcrübəsində bu üsuldan geniş istifadə olunur. Dağıstan, Rusiya, Türkiyə və
Şərqi Avropa ölkələrində bu təcrübədən geniş istifadə olunur və böyük gəlir
əldə edilir. Bizdə isə ilkin mərhələdə hazırlıq işləri aparılmalıdır. Müəyyən
bölgələrdəki təsərrüfatlarda bu təcrübə tətbiq oluna bilər. Pay torpaqlar
birləşdirilərsə, fermerlər daha yaxşı təşkilatlana bilər”.
Şəbnəm Mehdizadə