• cümə, 29 Mart, 15:41
  • Baku Bakı 14°C

“Paxıl adamların acığına xoşbəxt olmağı bacarmaq lazımdır”

26.06.19 13:00 2104
“Paxıl adamların acığına xoşbəxt olmağı bacarmaq lazımdır”
İyun ayı Anastasiya Voloçkova üçün gərgin keçəcək. Balerinanın eyni zamanda balet, mahnı və kitabdan ibarət üç yeni təqdimatı gözlənilir. Ona görə qadın sevirsə və xoşbəxtdirsə, o zaman iş davam edir. Əgər bu qadın Anastasiya Voloçkovadırsa, bu o deməkdir ki, onun premyeraları mütləq müzakirə olunacaq.
«Mən qollarımı yanıma sallayıb duran deyiləm!»
- Məktəblərdə tətil günləri başlayıb. Arişa təhsil ilini necə başa vurub? O, rəqs dərslərinə gedirmi?
- Qızım Ariadna Voloçkova hərtərəfli əlaçıdır. Görünür bu, anasından keçib. O, Vaqanov adına Rus Balet Akademiyasını qızıl diplomla bitirib. Arişa səkkiz yaş yarımından «Domisolka» Uşaq Musiqili Teatrında solist olub. Onun sayəsində mən oxumağa başlamışam. Paralel olaraq Arişa müasir rəqslə də məşğul olmaq istədi. Əlbəttə, mən xeyirxah dostum Alla Duxovaya müraciət etdim və Arişa «Todes» studiyasında məşğul olmağa başladı. Sonralar qızım bal rəqslərini öyrənmək istədi və mən onu Stanislav Valovun yanına - Bal Rəqsləri Federasiyasına apardım. Sonra Arişa Bədii Gimnastika Federasiyasında məşğul oldu. Hazırda o, at idmanı ilə maraqlanır. Mən qızıma arzuladığı işlə məşğul olmağa mane olmuram. Başqa valideynlərə də məsləhətim budur ki, övladları hansı sahə ilə maraqlanırsa, həmin sahənin bütün incəliklərini onlara göstərsinlər. Axı, bəzən övladlarımız çalışırlar ki, sadəcə dostlarını yamsılasınlar. Bəzən daha maraqlı və onlara münasib məşğuliyyətin olmasını unudurlar. Ariadnanın hərtərəfli inkişafı üçün əlimdən gələn hər şeyi etmişəm. Belə situasiyada mən tək deyiləm. Düşünürəm ki, qız-ana münasibətləri başqa ailələrdə də var.
- Hazırda sizin «Dibinədək» mahnınızın təqdimatı gözlənilir. Mahnıda belə bir sətir var: «Özüm alışdırıram məhəbbəti, özüm!». Siz həmişəmi münasibətlərdə ilk olaraq özünüz «məhəbbəti yandırırsınız»? Bu, sizin həyatda ən ağrılı ayrılıq anınızdır?
- Bəli, həqiqətən də kişilərlə əlaqələri kəsməyin təşəbbüskarı özüm oluram. Həyatımda heç zaman, heç bir kişi məndən öz xoşuna uzaqlaşmayıb. Amma Süleyman Kərimovla ayrılığım mənim üçün ən ağrılısı olub. Bu hadisədə də ayrılığa mən özüm səbəb oldum. Amma münasibətimizi onu sevərək bitirdim. Bilirsiniz, mən sadəcə güclü qadınam. Ona görə də mənim kimilərlə yaşamaq bütün kişilər üçün çətindir. Ancaq güclü iradəyə, ruh yüksəkliyinə, məndən daha güclü olmaq bacarığına malik olanlardan başqa.
- Məhəbbətdə ayrılığı və xəyal qırıqlığını asanmı yaşayırsınız?
- Ayrılığı ağır keçirirəm. Hətta öz komandamın üzvləri ilə belə. Axı hərdən xainlik də olur, hətta gözləmədiyin insanlar tərəfindən belə. Xəyal qırıqlığı – mənim həyatımda ən ağrılı yerimdir. Ona görə ki, mən özüm çox səmimi, xeyirxah ürəkli və sadəlövh insanam. Anam demişkən, bunlar mənim ən zəif cəhətlərimdir. Amma özüm belə düşünmürəm. Yaxşısı budur açıq, səmimi yaşayasan - bu, ruhu zənginləşdirir. Əgər bizə xəyanət ediblərsə və yaxud bizdən oğurlayıblarsa, bu o demək deyil ki, axmaq insanıq. Bu o deməkdir ki, biz insanlara layiq olduqlarından çox etibar edirik.
- Kitabınız «Uğura görə ödəmə» adlanır. Hansı mükafat sizin üçün daha əziz olub?
- Mən «Uğura görə cəza» deyərdim, sadəcə, kitabı belə adlandırmaq olmazdı. Bu, ayaqdakı döyənək deyil, ona görə ki, ayaqdakı döyənək fiziki işin nəticəsidir. Mənim sənətimdə fiziki əmək – əzablı ağrı deyil. Daha ağırı bədxahların təzyiqinə, gözəlliyin, azadlığın, müstəqilliyin və sərbəstliyin, qələbəyə doğru irəli getməyin, sənin ünvanına yağan mənfiliklərə əhəmiyyət verməmək, bacarığına sevinməyənlərə dözməkdir. Mənim yenilməzliyim bundadır. Mənim cəzam – bu, hər şeyimi əlimdən almaq istəyən keçmiş həyat yoldaşımla olan münasibətlərimdir… Nə zaman ki, həyat yoldaşın bütün pullarını yığıb gedir, sənin adından istifadə edir, sabun köpüyü olmasına baxmayaraq, ciddi biznesmen imicini yaratmağa çalışır – bu, daha pis məqamdır. Mən İqor Vdovinə çox kömək etmişəm, amma qızımın atasından məni zərbə altına qoymasını heç gözləmirdim. Bu hadisədən sonra əllərimi yanıma sallayıb durmadım! Yaradıcılıq üçün gözəl, rahat evim, dostlarım, sevdiyim insan var. Sevilir, sevinir, təmtəraqlı yaşayıram. Bunların hamısını özüm yaratmışam. Ona görə də mahnıda «Məhəbbəti özüm alışdırıram» - deyirəm. Amma bu sözlər təkcə məhəbbət haqqında deyil. Bu, ümumiyyətlə, hər şey haqqındadır. Və bu, şərəfdir! Ona görə ki, mən heç kimə, heç nə üçün borclu deyiləm. Yalnız müəllimlərim və dostlarımdan başqa… Bir də mənə zəhmətkeşlik və həyatda bütün sınaqlardan çıxmaq qabiliyyətini bəxş etdiyinə görə Allahıma minnətdaram!
«Mən zəhmətkeşəm»
- Keçmiş həyat yoldaşınız sizə olan borcunu qaytardımı? Yazırlar ki, o, təzə sevgilisi üçün paytaxtın mərkəzində ev alıb?
- Keçmiş həyat yoldaşım İqor Vdovin 10 il bundan əvvəl məndən 3 milyon ABŞ dolları borc alıb. O vaxt yanımda yalnız bu qədər pul var idi. Mənə söz verdi ki, bir ildən sonra pulları 30 faiz sələmi ilə qaytaracaq. Ona bu pulları ona görə verdim ki, o, mənə həmin pullarla qızımızın gələcəyini təmin edəcəyinə çöz vermişdi. Lakin borcunu bu günə kimi qaytarmayıb. İqor vəd vermişdi ki, bizə Arişa ilə birgə ev alacaq. Amma bunu etmədi. Bildiyiniz kimi, bir neçə il əvvəl özüm və qızım üçün icarəyə götürdüyüm ev oğurlanmışdı. Pulları, qızıl-zinət əşyalarını oğurlamışdılar. Həmin vaxt mən hüquq-mühafizə orqanlarına müraciət edəndə və şübhəlilərdən birinin də Vdovin olduğunu məlumat verəndə, o, çox qorxmuşdu. Mən onu bağışladım. Qızım Arişaya da söz verdim ki, bizim daha gözəl evimiz olacaq… Və budur hazırda həmin evin eyvanında əyləşmişəm. Bu ev mənə çox baha başa gəlib. Mən onu öz gücümə almışam. Çünki mən belə evdə yaşamağa layiqəm!
- Vdovin sizə bahalı hədiyyələr bağışlayıbmı?
- Sevdiyi zamanlarda mənə "Maybach Exelero” avtomobili hədiyyə etmişdi. O vaxt keçmiş həyat yoldaşım "nə üçün o, sənə belə bahalı maşın hədiyyə edir? Mənim sənə hədiyyə etdiyim xidmət maşınından da bahadır…»- deyə sual vermişdi. İndi mən xatırladım ki, yoldaşım mənə maşını hansı şəraitdə hədiyyə etmişdi. Bilmirəm, bu barədə danışmağa dəyərmi… Hərçənd nə üçün də yox? O zamanlar Süleyman Kərimovun mənə hədiyyə etdiyi "Mersedes” maşınını Vdovin satmışdı və iki ildən sonra 5 il müddətinə öz kompaniyasının adına kreditə götürdüyü "Lexus”u mənə hədiyyə etmişdi. Mənim adıma isə 5 ildən – kredit bitdikdən sonra keçirmişdi. Hazırda avtomobilin 8 yaşı var və biz ondan istifadə edirik. Sizcə, «gözəl hədiyyədir»?!
- Pullarınızı qaytarmaq üçün hüquq-mühafizə orqanlarına ərizə yazmışdınızmı?
- Bəli, mən İqor Vdovinin əleyhinə ərizə yazmışdım. Əgər sizin də 3 milyon dollarınızı oğurlasaydılar belə edərdiniz. Vdovin mənim hər şeyimdən istifadə edirdi. Biz hətta Süleyman Kərimovun mənə aldığı mənzildə yaşayırdıq və ərim təzə mənzil almağa tələsmirdi. Yeri gəlmişkən, anam mənə onun səhlənkarlığı, qadınlardan istifadə etməsi haqda xəbərdarlıq etmişdi. Mənsə ona qulaq asmadım. Lakin toyumuzu pasportuma möhür vurmadan etmişdik, düşünürdüm ki, ayrıldığımız zaman əmlakımı bölməli olmarıq. Buna baxmayaraq, məndən bir illiyinə borc aldığı pulun hesabına Vdovinin ailəsi və bütün həyat yoldaşları yaşayır. Onlardan biri Vdovindən bir il sonra ayrıldı. Ona görə ki, aldanmışdı. Misal üçün, onun iki maşınını satıb əvəzində qızına hansısa sınıq-salxaq bir avtomobil almışdı.
- Bu qədər sınaqlara dözüb, bu günlə yaşamağı bacardınız?
- Hamımız Allahın qanadı altına sığınmışıq. Bu günlə yaşamaq lazımdır. Bax, bu gün biz avtomobil qəzasına düşmüş dostumuzu yoluxmağa getmişdik və bilirik ki, o, ölə də bilərdi. Mənim sevimli insanımın 13 il bundan əvvəl doğma qardaşı qəza zamanı əzilmişdi. Həyat budur...
- Sizin Sobçakla müsahibənizə 4 milyondan artıq adam baxıb. Şərhlərin 90 faizi xeyrinizədir. Ən çox yazırlar ki, «Voloçkova, sən demə, uzaqgörən, açıq qəlbli qadındır. Zövqünə görə yaşayır». Və ya «Sobçak özünü iyrənc apardı. Hiss olunur ki, Kseniya ürəyinin dərinliyindəAnastasiyanı sevmir…» Bəs nəyə görə o, sizi sevmir?
- Ksyuşa Sobçakla heç vaxt nə dost, nə də düşmən olmamışıq. O, həmişə məşhur adamların sayəsində özünü piar etməyə çalışıb. Mən də bu çənbərə düşmüşəm. Nə etmək olar! Kseniya həmişə məni alçaltmağa çalışıb. Axı, o, balerina olmaq istəyirdi, amma ola bilmədi. Buna görə də o, məni balerina kimi qəbul etmək istəmir. Mən Marinski Teatrda «Qu quşu gölü»ndə oynayan zaman onun bütün ailəsi ilk sıralarda oturmuşdu. Anatoli Sobçakın xatirə gecəsinə onun həyat yoldaşı Lyudmila Sobçak tərəfindən dəvət olunmuşdum. Biz onunla hələ Kseniya Sobçakdan əvvəl, çoxdanın rəfiqəsiyik. Kseniyanın ünvanıma olan sancmaları onun özünü alçaldır. O, məni «boğulan insan» adlandırsa da, məncə, özünün vəziyyəti belədir. Məni Yuri Qriqoroviç, Vladimir Vasilyev, Yekaterina Maksimova, Maya Plisetskaya, Rodion Şedrin, Mixail Lavrovski, Olqa Moiseyeva, Boris Eyfman və başqa görkəmli insanlar Rusiyanın dahi balerinası adlandırırlar… Bu siyahını artıra da bilərəm…
- Sizin «Mən «volovçovskisayağı» istədiyim kimi gözəl və azad yaşaya bilərəm» frazanız qanadlı quşa dönüb.
- Azad, asılı olmadan, açıq, işıqlı qəlblə, insanlara məhəbbətlə, öz zamanımı istədiyim kimi keçirməklə... Mən zəhmətkeşəm – hər günümün 3 saatını balet zalında keçirirəm. Hazırda məsələn, «Balerina və kloun» tamaşasının premyerasına hazırlaşıram. Bu layihəni mənə sirkin rejissoru Nikolay Çelnokov təklif edib. Bu layihədə siz məni yeni ampluada görəcəksiniz. Biz gün ərzində 6-7 saat məşq edirik. Mən əməyə sərf etdiyim zaman üçün heç vaxt heyfsilənmirəm. Ulduz olmağın yolu da gərgin əməkdən keçir. Bir də paxıl adamların acığına xoşbəxt olmağı bacarmaq lazımdır.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər