• cümə axşamı, 18 aprel, 17:06
  • Baku Bakı 22°C

“Pasportlarımızı əlimizdən aldılar, ona görə ki...”

02.04.20 18:43 2715
“Pasportlarımızı əlimizdən aldılar, ona görə ki...”
Vüqar Quliyev: "Küçələrdə insanların istifadə etməsi üçün spirt aparatları yerləşdirilmişdi, maskalar isə pulsuz paylanılırdı”

Bu yaxınlarda sosial mediada səyahət bloggeri kimi tanıdığımız, təxminən 70 ölkədə və 143-ə yaxın şəhərdə olmuş Vüqar Quliyevin səyahətdən qayıdarkən mövcud vəziyyətlə əlaqədar Türkiyədə karantində qaldığını öyrəndim. Maraqlı ola biləcəyini nəzərə alıb, Vüqar bəylə onlayn əlaqə saxladıq.
- İlk olaraq ondan başlayaq ki, səyahətə nə vaxt çıxdınız və planınız necə idi? Maraqlıdır, bütün dünyada virusun yayıldığı bir vaxtda bu riski necə etdiniz?

- Səyahətim 12 mart tarixində başladı. İşlə əlaqədar olaraq Rio de Janeiroya iki günlük konfransa gedəcəkdim. Əslində, son ana qədər gözləyirdim ki, mövcud vəziyyətlə bağlı bəlkə konfrans ləğv olunar. Amma olunmadı. Hətta uçuş zamanı da hava limanında soruşdum ki, növbəti günlərdə reyslərin dayandırılması gözlənilirmi? Yəni, belə bir gözlənti varsa, getməyim. Lakin mənə dedilər ki, hələ ki bu haqda bir qərar yoxdur. Ona görə mən də rahatlıqla getdim. İndi çox adam mənə deyir ki, "bəs, bilmirdim belə olacaq, indi oralarda qalmısan” (gülür). Həqiqətən bilmirdim. Çünki bugünə qədər belə bir təcrübə yaşanmamışdı. Bundan əvvəl quş qirpi, donuz qripi kimi xəstəliklərdə bənzər bir situasiya olmamışdıdeyə, ağlıma da gəlməzdi ki, sərhədlər bağlanar.

- Səyahətinizdən danışaq. Necə keçdi, haralarda oldunuz?

- Dediyim kimi, ilk olaraq mən kofrans üçün gedirdim və Novruz bayramı olduğunu nəzərə alaraq da yaxın əraziləri gəzməyi planlayırdım və gəzdim də (gülür). 5-6 gün Rioda oldum. Son günlər artıq oradada turistik yerlər bağlanmağa doğru gedirdi. Rionu gəzdikdən sonra Boliviyaya keçməyi planlayırdım. Amma mən getdiyim dönəmdə Boliviya bütün sərhədləri bağladı. Ona görə planımı dəyişib Amazona yollandım və 4 gün qaldım. Orada olduğum vaxtlarda həmin ərazidə koronavirus yayılmamışdı. Amma ehtiyat tədbirləri görülməyə başlayırdı. Xüsusilə turizm şirkətləri artıq turist qəbul etmirdilər. Amazondan San Paula şəhərinə keçdim. San Pauladan Fransaya, oradan İstanbula, İstanbuldan isə ölkəmizə qayıtmağı düşünürdüm. Amma təəssüf ki, San Pauladan Fransaya uçuş ləğv edilmişdi. 22 martda Baş Konsulluğa zəng vurub vəziyyəti bildirdim. Məsləhət gördülər ki, birbaşa "Türk hava yolları" ilə uçuş edim. 25 martda hələ də San Paulada idim. Orada da vəziyyət artıq ciddiləşmişdi. Virusa tutulanların sayı getdikcə artırdı. Əyləncə mərkəzləri və iaşə obyektlərinin fəaliyyəti dayandırılmışdı. Təkcə apteklər və supermarketlər işləyirdi. Getdiyim bütün şəhərlərdə hava limanlarının girişində xüsusi tibbi heyət vardı və gələn şəxslərin temperatunu, iyibilmə qabiliyyətini, gözün qızarma dərəcəsini ölçürdülər. Yəni 3-4 dəqiqəlik müayinədən sonra bizi şəhərə buraxırdılar. 27 martda San Pauladan son reyslə Türkiyəyə gəldim. Bizə bunun axırıncı uşuş olduğunu, bundan sonra reys olmayacağını dedilər. Bu məqamda bir az da şükür edirəm ki, o tarixə bilet tapıb, ən azından Türkiyəyə gələ bildim.
- Olduğunuz ölkələrdə virusla bağlı hansı əlavə tədbirlər görülürdü?

- Mən yeni getdiyim dönəmlərdə virus elə də ciddi yayılmışdı, vəziyyət normal idi. Amma son günlər bütün ticarət obyektləri bağlandı. Məsələn, eşitdim ki, bizim ölkəmizdə maska, spirt tapmaq müşkül məsələdir. Amma orada küçələrdə insanların istifadə etməsi üçün spirt aparatları yerləşdirilmişdi, maska da satılmırdı, paylanılırdı. Apteklər 24 saat işləyirdi. Marketlərin önündə xüsusi işçilər dayanıb gələnlərin temperaturunu ölçür, əllərini spirtləyirdilər.
- Hazırda Türkiyədəsiniz. Vəziyyət necədir, sizin kimi orada qalan nə qədər insan var və sizə hər hansı məlumat verilirmi?

- 29 martda Türkiyəyə çatanda bizə bildirdilər ki, bütün reyslər dayandırılıb. İlk gün aeroportun daxilində olan bəzi obyektlər, restoranlar fəaliyyət göstərirdi. Növbəti gündən artıq onları da bağladılar. Artıq yemək üçün bir yer yox idi. Adamların sayına gəlincə isə, təxminən 60-70 nəfər var idi ki, onlar ölkələrinə uça bilmirdilər. Ancaq bəzi ölkələrə çarter uşuşları olurdu. Həmin ərəfədə bizim ölkəmizə çarter uçuşu olmadığı üçün mən hava limanında qalmağa məcbur idim. Orada qaldığımız müddətdə Türkiyə höküməti xüsusi bağlamalarda bizə yemək göndərirdi. Süd, meyvə, çörək və s. kimi ərzaqlarla təmin edirdilər. Yəni yemək cəhətdən bir problem yaşamırdıq. Yarım saatdan bir aeroportu dezinfeksiya edirdilər, hər yüz metrdən bir isə spirt aparatları vardı.
- Sosial media profilinizdə sizi hava limanından çıxardıqlarını və karantinə aldıqlarını qeyd etmisiniz. Maraqlıdır, indi haradasız, vəziyyət necədir?

- Hava limanını bağlayıb bizi təxliyə edəcəklərini, karantinə aparacaqlarını bildirdilər. Pasportlarımızı əlimizdən alıb bizi avtobusla univerisitet yataqxanasına gətirdilər. Düşünürəm ki, pasportlarımızı almaqlarının səbəbi heç kimin qaçmasına icazə verməmək idi. Çünki burada elə şəxslər vardı ki, məsələyə ciddi yanaşmırdı, qayda-qanuna riayət etmək istəmirdi. Hazırda universitetin yataqxanasındayıq. Şəraitimiz həddən artıq yaxşıdır, bir otaq iki nəfərlik olsa da, tək-tək qalırıq. Ailəli şəxsləri bir az böyük otağa yerləşdirirlər. Burada karantin şəraiti həqiqətən çox yüksək səviyyədə təşkil edilib. Hətta deyərdim ki, 3-4 ulduzlu otel səviyyəsində bir yerdəyik. Ən əsası, pulsuz internet şəbəkəsi var (gülür). Gündə 3 dəfə müxtəlif çeşidli yeməklər verirlər, bundan əlavə, "Kızıl Ay” cəmiyyəti və bələdiyyələr də bizə dəstək olur. Meyvə suyu, şirniyyat göndərirlər. Həmçinin öz səfirliyimiz də bizimlə əlaqə saxlayır və vəziyyətlə bağlı məlumat verirlər. Hələ ki 14 gün karantində olacağıq. Ümumi olaraq isə gündəlik yoxlanışdan keçirik.
- Doğmalarınızla danışa bilirsiniz?

- Elə bayaq internetin pulsuz olmağını ona görə vurğuladım. Çünki yalnız internet vasitəsilə ailəmlə görüntülü danışa bilirəm. Hələ ki hər şey yaxşıdır. Ümid edirəm ki, tezliklə bütün işlər qaydasına düşəcək. Sadəcə, qoyulan qaydalara əməl etmək və evdən çıxmamaq lazımdır.
Günel Azadə





banner

Oxşar Xəbərlər