• çərşənbə, 24 Aprel, 19:40
  • Baku Bakı 23°C

Paşinyanın ziddiyyəti, yoxsa təxribatı?

22.05.20 17:39 1192
Paşinyanın ziddiyyəti, yoxsa təxribatı?
Ekspertlərin fikrincə, Ermənistan danışıqlar prosesində imitasiya edir və münaqişənin dinc vasitələrlə tənzimlənməsində maraqlı deyil

Ermənistanın uzun illər qeyri-konstruktiv mövqeyi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunmur. Hələ bu azmış kimi, Ermənistanın baş naziri Paşinyan saxta "seçki”nin ardınca "andiçmə şou”sunun həm təşkilatçısı, həm də iştirakçısı olur. Amma hakimiyyətə gəldiyi ilk illərdə Ermənistanın separatçı rejimə qarışmadığını və danışıqlarda tərəf kimi iştirak etmələrinin labüdlüyünü desə də, indi həm "seçki”, həm də "inauqurasiya”nı keçirir. İndi Paşinyanın sərgilədiyi iki ziddiyyətli mövqe necə başa düşülməlidir?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşir bildirdi ki, Paşinyanın separatçı rejimdə əvvəl "seçki”, daha sonra "andiçmə” şousunu təşkil etməsi, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı sərgilədiyi mövqeyə ziddir: "Çünki Paşinyan israr edirdi ki, qondarma rejim müstəqil tərəf kimi danışıqlar prosesində iştirak etsin. Amma biz onu müşahidə edirik ki, Ermənistan Qarabağdakı bütün proseslərə müdaxilə edir, baş nazir Paşinyan saxta "seçki”nin keçirilməsini təşkil edir, "andiçmə” şousuna qatılır. Bütün bunlar onu deməyə əsas verir ki, Paşinyanın dediyi kimi, qondarma rejim müstəqil tərəf olaraq danışıqlarda iştirak edə bilməz. O, çıxışlarında qeyd edir ki, Ermənistan qondarma rejimin taleyini həll edə bilməz, onun adından danışmaq səlahiyyətinə malik deyil. Bəs indi necə olur ki, Ermənistan separatçı rejimlə bağlı bütün məsələləri həll edir? Bu da onu göstərir ki, Paşinyanın əvvəl dediyi fikirlərlə indi sərgilədiyi mövqe bir-birinə ziddir”.
E.Mirbəşir qeyd etdi ki, indiki reallıqlar çərçivəsində, yəni beynəlxalq ictimaiyyətin daha qətiyyətlə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı münasibət bildirdiyi bir dövrdə, Paşinyanın qondarma rejimdə saxta "seçki”nin nəticələrinin "leqallaşdırılması” prosesindəki iştirakı ölkəmizin beynəlxalq arenadakı mövqelərini daha da gücləndirir: "Çünki dünya dövlətləri, münaqişənin tənzimlənməsində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu aydın şəkildə görür ki, Paşinyan qondarma rejimə qeyri-qanuni səfərlər edir. Eləcə də, Paşinyan bu hərəkətləri ilə münaqişənin dinc vasitələrlə tənzimlənməsi prosesinə çox ciddi əngəl törədir. O, nəticəsi heç bir dövlət, təşkilat tərəfindən tanınmayan saxta "seçki” yolu ilə müəyyənləşmiş bir şəxsin "andiçmə” mərasimində iştirak edir. Hesab edirəm ki, bütün bunlar Ermənistanın işğalçılıq imicini daha da möhkəmləndirir, Azərbaycanın ərazilərini nəzarətdə saxlamaqda israrlı olduğunu nümayiş etdirir. Həm də düşünürəm ki, bu, Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas yaratmalıdır. Azərbaycan tərəfi də bu faktlardan daha intensiv, geniş miqyasda istifadə etməlidir. Çünki qondarma rejimdəki "seçki” həm Azərbaycan Konstitusiyası, həm də beynəlxalq hüquq və normaların prinsipləri ilə ciddi ziddiyyət təşkil edir. Eyni zamanda Ermənistanın bu proseslərdə birbaşa iştirakını növbəti dəfə ortaya çıxartmış oldu. Bütün bunlar sübut edir ki, Paşinyan və Ermənistanın digər rəsmiləri danışıqlar prosesində imitasiya ilə məşğuldurlar və münaqişənin dinc vasitələrlə tənzimlənməsində maraqlı deyillər”.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistanın Azərbaycanın işğal olunmuş Şuşa şəhərində qondarma rejimin "andiçmə" mərasimini təşkil etməsi Azərbaycana mesajdır: "Bu şounu Xankəndində də keçirə bilərdilər. Şuşanın Azərbaycan üçün mədəni-mənəvi anlam kəsb etdiyi üçün bunu qəsdən edirlər. Qondarma seçkidə qalib gələn Araik Artunyan formal bir fiqurdur və əsasən Rusiyaya bağlı şəxsdir. Qeyd edim ki, postsovet məkanında bütün separatçı qurumların rəhbərləri Moskvaya bağlıdır və Qarabağdakı separatçı qurum, əsasən Rusiyanın 102-ci hərbi bazası tərəfindən idarə olunur”.
M.Əsədullazadə vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyev ordumuzun maddi-texniki bazasını kifayət qədər gücləndirib: "Ordunun döyüş qabiliyyəti və texniki imkanları kifayət qədər gücləndirilib. Bu da, tərəfdaş olduğumuz Türkiyə, İsrail və Pakistanla hərbi-texniki əməkdaşlığımızın təzahürüdür. Ordumuzun güclənməsi heç də Rusiyadan aldığımız silahlar hesabına olmayıb. Ermənistanın, işğal etdiyi Azərbaycan ərazilərində reallaşdırdığı hərbi infrastruktur layihələri, həmçinin müdafiə xəttini gücləndirməsi, yeni silahların buraya yerləşdirməsi açıq şəkildə göstərir ki, münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Bir məsələni bilməliyik ki, Ermənistan və onun himayədarı açıq şəkildə danışıqlarda manipulyasiya edir. Artıq 30 ildir ki, eyni ssenari davam edir və təəssüflər olsun, bundan sonra da Ermənistan bu siyasəti davam etdirəcək. Yalnız geosiyasi şərtlər daxilində Türkiyə ilə birgə, koordinasiyalı şəkildə çalışaraq hərbi təzyiqlərlə vəziyyəti dəyişmək lazımdır. Azərbaycan ordusunun hərbi təlimləri və nümayiş etdirdiyi müasir silahlar Qarabağa yönəlməlidir”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər