• çərşənbə axşamı, 23 aprel, 17:25
  • Baku Bakı 24°C

Paşinyanın xanımı müxalifəti hədəfə aldı

25.10.19 18:13 4640
Paşinyanın xanımı müxalifəti hədəfə aldı
Ermənistanın üzləşdiyi xaos və iqtisadi problemləri artıq beynəlxalq iqtisadi qurumlar və təşkilatlar da qeyd etməyə başlayıblar. İşğalçı ölkə Dünya Bankının "Doing Business 2020” hesabatında 6 pillə geriləyib. Bildirilib ki, bu geriləmə ölkədə sərmayə mühitinin və azad biznes üçün şəraitin pisləşməsinin nəticəsidir.
Qeyd olunub ki, ötən il hesabatda 41-ci yeri tutan Ermənistan bu il 47-ci yerə düşüb. Dünya Bankının Yerevan ofisinin rəhbəri Silvi Boustro keçən il bu ölkənin hesabatda irəliləməsini əmlak alqı-satqısı prosedurunun sadələşdirilməsi, vergi sistemində dəyişikliklərlə izah etmişdi. Ermənistanın builki anti-rekordunun səbəbi hələ bu ofis tərəfindən açıqlanmayıb. Bu faktlar erməni cəmiyyətində, elə Nikol Paşinyanın özünün də qəzəbinə səbəb olub və o, hirsini iqtisadiyyat naziri Tiqran Xaçatryanın üstünə töküb. Hökumətin iclasında göstəricilərin niyə belə pis olmasının səbəblərini ondan soruşub. Nazir iddia etməyə çalışıb ki, Dünya Bankı ilk dəfə olaraq xırda səhmdarların maraqlarının qorunması ilə bağlı hesablama indeksinin qiymətləndirmə metodunu dəyişib. Bundan sonra Paşinyan bildirib ki, prinsip etibarilə bu, pis xəbər deyil. Ardınca çıxış edən Mərkəzi Bankın rəhbəri Artur Cavadyan isə bildirib ki, "hesabatda texniki səhvlər var. Bununla bağlı Dünya Bankı üzrə tərəfdaşları məlumatlandırılıblar. Əgər səhvlər düzəldilsə, onda Ermənistan 37-ci yerdə qərarlaşacaq. Onun bu sözləri isə baş nazirdə gülüş doğurub və bildirib. Bunu əvvəldən deyərdiniz, başqa məsələləri müzakirə edərdik. Bu səhvin düzəlməsini gözləyəcəyik”.
O da bildirilir ki, N.Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım” parlament fraksiyası deputatlarının "Vətəndaş razılaşması” partiyasının mərkəzi ofisində qapalı iclas keçirilib. Bu barədə yerli "Joxovurd” nəşri yazıb. Nəşrin məlumatına görə, iclasda nizam-intizam məsələləri müzakirə olunub. "Söhbət ondan gedir ki, son vaxtlar "Mənim addımım” fraksiyasının 88 deputatından yalnız 25-30 nəfəri parlamentin iclaslarında iştirak edir. Buna görə də deputatlara ciddi irad tutulub və xəbərdarlıqlar edilib”, - deyə "Joxovurd” yazıb.
Yeri gəlmişkən Paşinyanın xanımı da aktiv şəkildə proseslərə qoşulub. Müxalifəti ittiham edən "birinci ledi” onları ictimai fəaliyyətini Paşinyanın fəaliyyətinə qarşı qoymaqda ittiham edib: "Bu, çox mürəkkəbdir, çünki mən mütəmadi təzyiq altındayam. Bilirəm ki, insanlar mənim gördüyüm işi sevir və qiymətləndirir. Lakin siyasi müxalifət bu aktivliyi ərimə qarşı çevirir. Bununla da ona zərər yetirmək istəyirlər. Bu, onunla bağlıdır ki, Ermənistanda belə bir tendensiya var - əgər qadın aktivdirsə, bu, çox pisdir. Ya da sən yaxşı kişi deyilsən ki, qadının aktivdir. Ya da sənin arvadın evdə oturmalı, uşaqlara baxmalıdır və s.” Əlavə edib ki, onun düşüncəsi belədir ki, "ərim baş nazirdir və indi o, çox mürəkkəb vəziyyətdədir. Mən əminəm ki, istənilən ölkəni idarə etmək çətindir. Lakin Ermənistanın öz xüsusiyyətləri var – tarixi, coğrafi və s. Ərimin bu qədər çox işi olduğu halda, evdə oturub öz həyatımı yaşaya bilmərəm”.
Yeri gəlmişkən, Paşinyanın "əmək haqqı” qalmaqalı da səngimək bilmir. Xatırladaq ki, baş nazir iyun ayında öz məxfi sərəncamı ilə kabinet üzvləri və onların müavinlərinin məvaciblərini xeyli artırıb. Hökumətdə bu məlumatı təsdiqləyiblər, müxalifət nümayəndələrini isə qərarın məxfi xarakter daşıması qəzəbləndirib və onun qanuniliyi şübhə doğurub. Korrupsiya ilə mübarizə dalğasında hakimiyyətə gəlmiş N. Paşinyan dünən parlament üzvləri ilə sual-cavab saatı zamanı deyib ki, maaşlar 2019-cu il dövlət büdcəsi üzrə dinləmələr əsnasında parlament tərəfindən bəyənilən mükafatlar fondu hesabına artırılıb. Paşinyan qərarın məxfiliyinə dair ittihamları rədd edib və nazirlərin onsuz da ilin sonunda öz gəlirləri haqqında deklarasiya təqdim edəcəklərini və bunun internetdə dərc olunacağını bildirib. Baş nazirin sözlərinə görə, onun sərəncamının "məxfi” qrifi ilə verilməsinin səbəbi adi inersiya ola bilər - çünki keçmiş hökumət zamanı maaş və mükafatlarla bağlı bütün qərarlar bu cür qəbul edilirmiş və bu prosedur əvvəlki kimi qalıb. "İşıqlı Ermənistan” fraksiyasının rəhbəri və parlamentdə Paşinyanın müxalif müttəfiqi olmuş Edmon Marukyan məmurların maaşlarının artırılmasını dəstəklədiyini, lakin qərarın məxfiliyinə qarşı olduğunu bildirib və onu (qərarı) "biabırçı” adlandırıb. Millət vəkilinin sözlərinə görə, büdcə vəsaitləri, müdafiə və milli təhlükəsizlik sahələrindən başqa, gizli xərclənməməlidir. Baş nazirin sərəncamını "Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Gevorq Petrosyan da tənqid edib. Qanuna görə, baş nazir təkbaşına belə qərar qəbul edə bilməz, dövlət məmurlarının maaşı qanunla müəyyən edilir və hər hansı dəyişiklik üçün qanun layihəsi parlamentə təqdim edilməlidir. Paşinyan 2018-ci ildə etirazlar dalğasında hakimiyyətə gəlib. O, ölkədə korrupsiyanı ləğv etmək və demokratik inkişaf yoluna qoymağı vəd edib. Maraqlıdır ki, baş nazir vəzifəsinə seçildikdən cəmisi üç ay sonra Paşinyan Ermənistanda korrupsiya olmadığını bəyan edib və hökumətdə bir nəfər belə korrupsioner qalmadığına zamin olub.
Bununla belə, 2019-cu ilin yazında Paşinyanın təyinatı ilə Dövlət Nəzarət Xidmətinin rəhbəri vəzifəsini tutmuş David Sanasaryana qarşı səlahiyyətlərindən sui-istifadə etmək ittihamı irəli sürülüb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər