• şənbə, 20 Aprel, 08:17
  • Baku Bakı 14°C

Paşinyanın ümidi dəyənəyə qalıb

03.06.20 16:41 804
Paşinyanın ümidi dəyənəyə qalıb
Baş nazir koronavirus qarşısında aciz qaldıqlarını etiraf edir

Koronavirus pandemiyasının tüğyan etdiyi Ermənistan bu sahədə də "rekord” vurmaqdadır. Hökumətin problemin öhdəsindən gələ bilməməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Dünən yayılan məlumata görə, Ermənistanda daha 515 nəfərdə koronavirus aşkarlanıb, 12 nəfər ölüb. Əhalinin qadağalara qarşı etinasızlığı baş nazir Nikol Paşinyanı özündən çıxarıb. Artıq o, əhaliyə qarşı xüsusi təyinatlılardan istifadə etmək məsələsini qabartmağa başlayıb. Koronavirusla mübarizənin effektsiz olduğuna toxunan Nikol "nədi, mən baş nazir olaraq xüsusi təyinatlıları küçələrə çıxarıb qayda-qanunun bərpası üçün xalqı əzişdirməliyəm? Mən bunu necə edə bilərəm? Mən buna öyrəşməmişəm, mən başqa mədəni davranışdan gəlmişəm. Yenidən qaydaları sərtləşdirək? Lakin biz hər zaman söhbət edə-edə, başa sala-sala, razılıq əldə etməyə üstünlük veririk. İndi siz istəyirsiniz ki, biz rəqsləri dəyənəklə əvəzləyək? Bu, problemdir, lakin tək mənim deyil. Bunu cinayətkar dairələrə qarşı etmək olar. Mən öz xalqıma qarşı belə bir addımı necə atım”, - deyə Paşinyan sualla çıxış edib. Poçt və banklar qarşısında insanların kütləvi şəkildə yığışmasını ciddi problem adlandıran Nikol həmin qurumları müvafiq qərarlar qəbul etməyə çağırıb. Öz növbəsində Ermənistanın "Politekonomia” tədqiqat institutu erməni siyasi şərhçi Yervand Bozoyanın postsovet ölkələrində koronavirusun yayılması səbəbləri və bu kontekstdə Ermənistanın "çempion” olması ilə bağlı müşahidələrini açıqlayıb. Bozoyan qeyd edib ki, Ermənistanda 1 milyon əhalinin hesablanmasına görə yoluxanların sayı 2829 nəfər təşkil edib. "1 milyon nəfərin hesablanması ilə ölüm hallarının göstəricisinə görə bizdə rəqəm 41 nəfər təşkil edirdi”, - deyə o bildirib. Erməni siyasi şərhçinin sözlərinə görə, koronavirusun bu biabırçı göstəriciləri adi rəqəmlər deyil, bunlar Ermənistanın hazırkı hökumətinin fəaliyyətinin real və obyektiv qiymətləndirilməsidir.
Siyasi texnoloq Vigen Akopyan isə Paşinyanın koronavirusa tutulması ilə bağlı şübhələrin hökumətin virusla bağlı siyasətinin iflas olmasından sonra yarandığı qənaətindədir. Onun sözlərinə görə, hakimiyyət virusla mübarizənin birinci mərhələsini uğursuz başa çatdırıb və ölkə rəhbərliyi uğursuzluqları digər siyasi qüvvələrin, vətəndaşların üzərinə atır.
Rusiyanın "İnfo24” portalı isə postsovet məkanına daxil olan ölkələr sırasında Ermənistanı "İtaliya ssenarisi”nin baş verə biləcəyi ilk ölkə adlandırır və bunun da günahını hökumətdə görür. "Bu bəyanata qədər Paşinyan etiraf etdi ki, ilk növbədə hökumət üzvləri günahkardırlar, yəni onlar vaxtında əhaliyə nümunə göstərmədilər. Onlar qoruyucu maskalar taxmadılar və qaydalara əməl etmədilər. Hökumət başçısının saytında yerləşdirilən fotolarda da görünür ki, baş nazir mayın 20-n kimi iclasları maskasız keçirib”, - deyə materialda bildirilir.
Erməni həkim-terapevt, Ermənistan Daxili Xəstəliklər Həkimlər Assosiasiyasının sədri Lamara Manukyan da bu qənaətdədir ki, koronavirusa qarşı mübarizə uğursuz oldu, çünki nəzarət, vətəndaşlar və dövlət orqanları arasında əməkdaşlıq yox idi, ümid vətəndaşların şəxsi məsuliyyətinə hesablanmışdı. Erməni həkimin sözlərinə görə, bir sıra fəaliyyətlər var ki, onlar əvvəlcədən həyata keçirilsəydi, bu gün bənzər artım qeydə alınmazdı.
Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov isə hesab edir ki, gündən-günə artan ölümlərin və sağlamlıq xaosunun cavabdehi Nikol Paşinyandır. "Paşinyan və onun komandası hər şey etdi ki, ölkəmizdə sağlamlıq, humanitar və iqtisadi xaos baş versin. Vaxtilə mən koronavirusun pik həddinə çatmayana qədər məhdudiyyətlərin aradan qaldırılmasının lazım olmadığını söyləyəndə cənab misilsiz həmişəki kimi "eşşək qovurdu” və cinayətkar əzmlə məhdudiyyətləri aradan qaldırırdı. Nəticədə gündəlik olaraq yüzlərlə yoluxanlarımız və ölənlərimiz olur. Təəssüf ki, Ermənistan hökuməti bu müharibədə xalqı tək qoydu”, - deyə o qeyd edib.
Yeri gəlmişkən, Erməni Qartalları: Vahid Ermənistan Partiyasının sədri Xaçik Asryanın bəyanatı da maraqlıdır. O bildirib ki, Paşinyanın koronavirusa yoluxmasına şübhə edir. "Nikol Paşinyan, sən həqiqətən koronavirusa yoluxmusan, yoxsa 24 iyunda Moskvada baş tutacaq qələbə günü paradında amerikalı sahiblərinin əmri ilə iştirak etməmək üçün erməni xalqını növbəti dəfə aldadırsan? Aydındır ki, son iki ildə Paşinyan Ermənistanın idarəetmə, sosial-iqtisadi, hərbi, xarici siyasət sistemini dağıdıb, eləcə də koronavirusa qarşı dövlət səviyyəsində mübarizəni uğursuzluğa düçar edib”, – deyə o bildirib. Asryan Paşinyanın ölkədə fövqəladə vəziyyəti uzatmaqla hakimiyyətini qorumağa çalışdığını söyləyib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər