• cümə axşamı, 28 mart, 15:40
  • Baku Bakı 16°C

Paşinyanın istefası tələb edilir

22.05.20 16:20 889
Paşinyanın istefası tələb edilir
"Nikolcan, səndə heç nə alınmayacaq”

Erməni cəmiyyəti Nikol Paşinyanın pafoslu çıxışları, populist bəyanatlarından əməlli-başlı təngə gəlib. Xüsusən də koronavirus pandemiyası günlərində yaşananlar və səslənən bəyanatları onu insanların gözündən salır. Baş nazirin pandemiyanın öhdəsindən gələ bilmədikləri barədə son bəyanatı bir yana, iqtisadi çətinliklərin də artdığını etiraf etməsi insanlarda pessimist əhval-ruhiyyə yaradıb. Məsələn, "Hraparak” nəşrində dərc olunan məqalədə qeyd olunur ki, Paşinyan müxalifət deputatı olanda da, hakimiyyət dəyişikliyi günlərində, yenicə baş nazir olduğu vaxtda, erkən parlament seçkiləri ərəfəsində də seçkidən sonra da yalan danışırdı: "Paşinyanın yalanı başımıza kül atmaqdan başqa bir şey deyil. Əslində hər şey çox qanunauyğundur, belə olmalı idi, belə də davam etməlidir. Təsəvvür edib desək, yenə də Paşinyanın yanında onun yalanları ilə yaşamalı olacağıq. Paşinyanın yalanının üç mərhələsi var - jurnalist dairəsi, müxalifət dairəsi və hakimiyyət dəyişikliyindən sonrakı dövr”.
Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan isə ümumiyyətlə, Nikol Paşinyanı istefaya çağırıb. "Nikolcan, səndə heç nə alınmayacaq. Hər sahədə problem yaşanır - iqtisadiyyat, sosial vəziyyət, xarici siyasət, Dağlıq Qarabağ danışıqları. Hər şey pisdir dost, ərizə yaz və get”, - deyə Aşotyan sosial şəbəkədə yazıb. Əlavə edib ki, Paşinyan bu günlərdə səsləndirdiyi 100 faktda özünün bütün xəyali və manipulyativ potensialı ilə birlikdə hər hansı xarici siyasət faktını, hər hansı nailiyyəti, hər hansı əhəmiyyətli addımı əhatə etmədi, beləliklə, apardığı xarici siyasətə verilmiş qiymətləndirməni təsdiq etdi. "Siz xarici siyasətdən sıfırsınız, cənab Paşinyan”, - deyə o qeyd edib. Əlavə edib ki, Ermənistan baş naziri təlaş içərisindədir. Alternativ layihələr qrupu”nun üzvü Elinar Vardanyan baş nazirin "koronavirusla bağlı vəziyyət təsəvvür etdiyimizdən daha ciddidir” fikrini şərh edərkən deyib ki, bu cümlə özlüyündə, artıq böhrandır. "Baş nazir, əslində infeksiya ilə əlaqədar vəziyyəti, riskləri düzgün qiymətləndirmədiklərini və 3 aydır görülən tədbirlərin səmərəsiz olduğunu qəbul etdi. Baş nazir səhv edə bilərdi, təcrübəsizlik səbəbilə sahə cavabdehləri də səhv edə bilərdi. Lakin ən ciddi səhv müəyyən ekspert dairələrinin tövsiyələrini, təkliflərini dinləməmək, müzakirə etməmək, nəzərə almamaq idi”, - deyə o qeyd edib.
İttihamlar tək baş nazirə qarşı deyil, onun lideri olduğu hakim "Mənim addımım” Partiyasının deputatlarına qarşı da səslənir. Ermənistan parlamentinin "İşıqlı Ermənistan” fraksiyasının deputatı Gevorq Qorqisyan deyib ki, qanunsuz əmlakın müsadirə olunması qanununun bizimlə nə əlaqəsi olduğunu başa düşmürəm, o, ilk növbətə "Mənim addımım” fraksiyasına - Alen Simonyana, onun xaç atasına, Sasun Mikayelyana, Andranik Köçəryana, Ruben Rubinyanın ailəsinə aiddir.
Qorqisyanın sözlərinə görə, "Mənim addımım” fraksiyasının yarıdan çoxu ya 90-cı illərdə, ya da Ermənistan Respublikaçılar Partiyasının hakimiyyət dövründə "talançı rejimin hissəsi” olub. Qorqisyan, həmçinin Ermənistan parlamentinin "İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyanın özünü növbəti hakimiyyət olaraq görməsi barədə bəyanatına toxunub. Qorqisyan qeyd edib ki, bu istiqamətdə hər gün işləyirlər, inkişaf edirlər və inkişaf edən şəxslər var. "Nikol Paşinyan da başa düşür ki, vətəndaşlar "niyə də yox?” söyləyə bilərlər”, - deyə o bildirib.
Bu arada "Qraparak” qəzeti yazıb ki, Ermənistanın güc strukturlarını tərk edənlər Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın ətrafında toplaşırlar. Qəzet Vanetsyana hüquq-mühafizə və xüsusi xidmət orqanlarında çalışanların da simpatiyası olduğunu yazıb. Qeyd edək ki, baş nazir Nikol Paşinyanla Vanetsyan arasında ciddi ixtilaf mövcuddur. "Past” nəşri isə yazır ki, Ermənistan hakimiyyəti daxilində müəyyən dairələr cəmiyyətin Nikol Paşinyandan narazılığının getdikcə dərinləşdiyini nəzərə alaraq aktiv şəkildə yalnız konstitusiya və qanun sənədlərində sürüşkən hakimiyyətin müxtəlif ssenarilərini müzakirə edirlər. Həll variantları tapılmasının mümkün olması, müzakirələrdə vacib əhəmiyyətə malikdir və bu həllər ictimaiyyətin geniş təbəqəsi üçün məqbul olacaq, hakimiyyət dəyişikliyini həyata keçirmək isə mümkün olacaq. Məlumata görə, xüsusilə, Ermənistan baş nazirinin müavini Tiqran Avinyan - Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan tandemi versiyası müzakirə olunur. Bununla bir neçə məsələni həll etmək mümkün olur. Birincisi, getdikcə pisləşən sosial-iqtisadi, eləcə də daxili siyasi və xarici siyasi məsələlərdə mövcud problemlərin daha da dərinləşməsinin qarşısı alınır. İkincisi, Vanetsyan geosiyasi mərkəzlər üçün məqbul variantdır, bu isə olduqca vacib haldır. Nəhayət, Tiqran Avinyan vəzifəli şəxs və siyasi xadim olaraq inqilabın doğuşudur, bu isə silkələnmələrdən yayınmağa və sürüşkən, yumşaq hakimiyyət dəyişikliyi həyata keçirməyə imkan verəcək.
Erməni publisist, dramaturq Karine Xodikyan isə hesab edir ki, erməniləri birləşdirəcək ümumi milli ideologiya görmür. Xodikyanın sözlərinə görə, bu gün Ermənistanda vətəndaş müharibəsi var. "Nədir, mütləq küçəyə çıxmalı, qırmızılara və ağlara bölünməli və bir-birini öldürməlidirlər ki, "vətəndaş müharibəsi” deyək? İki ordu arasında vətəndaş müharibəsi var, bir tərəf üçün bu, ölüm və həyat məsələsidir, çünki həmin tərəf üçün həyat və ölüm şəxsi rifah, milyon-milyardlar, itirdiyi hakimiyyət və itirdiyi nüfuzlu mövqe ilə əlaqədardır”, - deyə o bildirib. Xodikyan qeyd edib ki, məhkəmə-hüquq sisteminin islahatları baxımından, Ermənistanda inqilab uğursuz olub.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər