• cümə, 29 Mart, 19:58
  • Baku Bakı 14°C

Paşinyanın “əyləncə” xarakterli Asiya səfəri

08.07.19 17:41 898
Paşinyanın “əyləncə” xarakterli Asiya səfəri
Ermənistana milyardlarla dollar investisiya vəd edən baş nazir Nikol Paşinyan, deyəsən, bu arzusunun heç bir zaman reallaşmayacağı qənaətinə gəlib. İnqilabdan sonra nə Avropa, nə ABŞ, nə də Rusiya bu ölkəni diqqətə belə almadı. Rusiya istisna olmaqla (onun da marağı bəllidir - müəl.) fövqəldövlətlər və qurumların marağı sadəcə bəyanat və təşəbbüslərlə kifayətləndi. Görünür, elə bu səbəbdəndir ki, Paşinyan heç bir perspektiv vəd etməyən Asiya ölkələrinə üzünü tutub. Vyetnam, Sinqapur, Tailand və Asiyanın digər ölkələrinə guya əməkdaşlığı genişləndirmək üçün getdiyini bildirsə də, bu səfərin sadəcə bir əyləncə səfəri olduğunu hamı gözəl bilir. Və görünən odur ki, Ermənistanın indiki rəhbərliyinin siyasəti ilə əvvəlkinin heç bir fərqi yoxdur. Yenə də yoxsulluq və iqtisadi çətinliklər baş alıb gedir. Bunu da getdikcə daha çox ekspert və beyin mərkəzləri, media qurumları etiraf etməyə başlayır. Məsələn, keçmiş deputat, iqtisadçı Vardan Bostandcyan bu qənaətəədir. Onun sözlərinə görə, bu gün erməni iqtisadiyyatında acınacaqlı bir durum yaranıb. "Və bu vəziyyəti təsvir etmək üçün iqtisadi aktivlik göstəricilərini yada salmaq kifayətdir. Təqdim olunan rəsmi göstəricilər reallıqla tamamilə ziddiyyət təşkil edir. İnqilabı dəstəkləyən əsas kütlənin başı əyləncələrdən, uduş oyunlarından ayrılmayıb. İqtisadi göstəriciləri təqdim edən maliyyə institutları maliyyə axınının yaşandığı barədə yalan məlumatlar yayır. Cəmiyyəti inandırmağa çalışırlar ki, guya əvvəlki illərlə müqayisədə artımlar qeydə alınıb. Lakin bu aktivlik – perspektivsiz, səmərəsiz bir işdir”, - deyən iqtisadçı əlavə edib ki, "Honkonqun ixracının 56 faizi yüksək texnologiyalardır. Ermənistanda isə bu rəqəm 0,19 faizdir. O, minimal əmək haqqının 55 mindən 68 min drama (100 dollardan bir qədər artıq) çatdırılmasını da səmərəsiz sayır: "Bizim müasir iqtisadiyyatımız yoxdur, biz fundamental dəyişikliklərə getməliyik”.
Ermənistan parlamentinin digər keçmiş deputatı Akop Akopyan da Nikol Paşinyan hakimiyyətini sərt tənqid edib. "1in.am” saytına müsahibəsində sabiq deputat bildirib ki, inqilabdan sonra insanlar xeyli dəyişiklərin baş verəcəyinə ümid edirdilər: "Lakin hökumət hər hansı bir sürətli dəyişikliklər aparmaq iqtidarında deyil. Mən görürəm ki, hökumət dəyişiklikləri gecikdirir, temp çox zəifdir. Bu da müəyyən narazılıqlara gətirib çıxarır. Məsələn, Razdanda yataqxana ilə bağlı vəziyyət mənim dediklərimi sübut edir. İnsanlar günlərlə hökumət binasının qarşısında yatdılar. Həmin yataqxananın sahibini çağırıb problemi tez bir zamanda həll etmək mümkün idi. Əvvəl insanlar yolu bağladılar, sonra qubernator hadisə yerinə gəldi və insanları inandırmağa çalışdı ki, problem həllini tapacaq. Yolu açdılar, problemi isə həll etmədilər. Nəticədə insanlar hökumət binasının yanına yığışdılar”.
Yeri gəlmişkən, erməni ekspertləri iqtisadi sahədə təqdim olunan göstəricilərin tədqiqatını aparıblar. Belə tədqiqatlardan birini Sahibkarların Respublika İttifaqı aparıb. Tədqiqata 238 kiçik biznes şirkətləri cəlb edilib. Qurumun rəhbəri Qaqik Makaryan "Past” qəzetinə açıqlamasında qeyd olunan biznes şirkətlərinə ən müxtəlif kateqoriyaları əhatə edən suallar ünvanladıqlarını bildirib: "Məsələn, onlardan soruşduq ki, gəlirləri ərzaq, gündəlik qidaların alınmasına çatırmı? Həmçinin soruşduq ki, bu pullara digər qiymətli əşyalar almaq, məsələn, maşın və yaxud ev almaq mümkündürmü? Cavablar isə ürəkaçan olmayıb. Bəlli olub ki, əvvəlki illərlə müqayisədə onların vəziyyəti dəyişməz olaraq qalıb. Rəyi soruşulanların 49 faizi bildirib ki, əldə etdikləri gəlir yalnız paltar və ərzaq almağa kifayət edir”. "Aysor.am” nəşri isə Ermənistan hökumətinin minimal əmək haqqının 13 min dram artırılaraq 68 minə çatdırılmasını şərh edib. Sayt yazır ki ölkədə bahalaşma və iqtisadi çətinlik fonunda bu vəsait cüzidir. "Past” qəzeti isə bir qədər də irəli gedərək Alaverdidə ciddi üsyan hazırlığı getdiyini yazır. Misəritmə kombinatının işçiləri artıq bir neçə dəfə müəssisənin giriş və çıxışını, eləcə də, dövlətlərarası dəmir yolunu bağlayıblar. Səbəb də odur ki, 200 əməkdaş işdən azad edilib. Qəzetin yazdığına görə, bu məsələ günbəgün daha gərgin hal alır. Nəşrin əldə etdiyi məlumata görə, misəritmə kombinatının və Texut yatağının bağlanması ilə əlaqədar Alaverdi və ona bitişik ətraf kəndlərdə üsyan və ciddi etirazların baş verəcəyi gözlənilir. Qəzetə açıqlamasında sakinlərdən biri bildirib ki, yaxın günlərdə şəhərin logistika şəbəkəsini blokadaya almaq niyyətindədirlər. Bura şəhər trasını və dəmir yolunu bir neçə günə bağlamaq da daxildir. Elə dünən Ermənistanda metal tullantılarının ixracatı ilə məşğul olan sahibkarlar Dövlət Gəlirləri Komitəsinin qarşısında etiraz aksiyası keçiriblər. Etiraza səbəb dövlət rüsumunun artırılması olub. Belə ki, dövlət rüsumları ilə bağlı qanuna edilən düzəlişə əsasən, tullantıların ixracatı zamanı sahibkar 1 tona görə 160 dollar (80 min dram) ödəməlidir. Artıq qanun layihəsi baxılması üçün Ermənistan parlamentinə təqdim olunub. Buna etiraz edən ixracatçı şirkətlərin nümayəndələri əvvəlcə hökumət binası qarşısında, sonra isə Dövlət Gömrük Komitəsinin Yerevan şəhərindəki binasının önündə etiraz aksiyası keçiriblər. Bildirilib ki, dövlət rüsumunun artırılması firmaların iflasına gətirib çıxara bilər. Etirazçılar komitənin sədr müavini Şuşakın Nersisyan ilə görüşdən sonra binaya girişi bağlayıblar.
Onu da qeyd edək ki, erməni mediasında ölkənin ağır durumunu əks etdirən xəbərlər bununla kifayətlənmir. Məsələn, "Jamanak” qəzeti ölkədə artıq on günə yaxındır ki, Yerevan-Armavir mikroavtobuslarının işləmədiyindən yazır. Səbəb də odur ki, hakimiyyət orqanları bu marşrutla paralel işləyən mikroavtobuslarla bağlı vəziyyəti nizamlaya bilmir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər