Paşinyanın “əriyən” populyarlığı

Paşinyanın “əriyən” populyarlığı

Siyasət
21 Oktyabr 2019, 18:58 1559
Ciddi uğursuzluqlar son vaxtlar erməni baş nazir Nikol Paşinyanı ciddi şəkildə izləməkdədir. MDB dövlət başçılarının Aşqabadda keçirilən toplantısında ölkəsində nasizmin qəhrəmanlaşdırılması ilə bağlı prezident İlham Əliyevdən ciddi təpki aldı, ardınca da, Ermənistan Konstitusiya Məhkəməsi ona tabe olmaqdan imtina etdi. Bundan əlavə, baş nazir həftə sonu şəxsi mühafizəsinin rəhbərini işdən çıxardı, halbuki bu şəxs Robet Koçaryan zamanından ölkənin birinci şəxslərinin təhlükəsizliyinə cavabdehlik daşıyırdı. Yəni, üç liderə xidmət edib və ən təcrübəli cangüdənlərdən hesab edilirdi. Paşinyan iqtisadiyyat sahəsində də fiasko yaşadı - onun rəhbərlik etdiyi kabinet "Amulsar” qızıl yatağının işlənməsini təxirə saldı. Halbuki, bu günlərə qədər Paşinyan bəyan edirdi ki, qərar qəbul edilib, qızıl yatağını işlədəcək ingilis-amerikalı investor tapılıb. Lakin baş nazir "Amulsar”da işlərə başlanılacağı təqdirdə ekoloji fəlakətin yaşanacağından ehtiyat edən "yaşıllar” və yerli sakinlərin etirazları qarşısında geri çəkilməli oldu. "Moskba-Baku” portalında dərc olunan məqalədə qeyd edilir ki, N.Paşinyan hökumətinin vəsait çatışmazlığı hiss olunur – investisiyalar azala-azala gedir. Lakin bütün bunlara baxmayaraq Paşinyan hələ ki, reytinq problemi yaşamır. Əhalini bir qismi hələ də, "məxməri inqilab”ın liderinə inanır.
Baş nazirin öz xalqı ilə "bal ayı”nın nə qədər davam edəcəyini portala rusiyalı politoloq Vitali Arkov şərh edib. Onun sözlərinə görə, Paşinyan populyarlığını kifayət qədər əridib. "İqtisadi vəziyyət günbəgün pisləşir, lakin Paşinyanın bəyan etdiyi islahatlar əslində ölkə vətəndaşlarının həyat şəraitinin daha da aşağı düşməsinə gətirib çıxaracaq. Bu, aydındır. Onun özü də bunu anlayır. Paşinyanın ölkədə nəyisə dəyişə bilmək iqtidarında olmaması xalqın yerdə qalan hissəsinin etibarını itirməklə bağlıdır. Bunu onu hakimiyyətə gəlməsinə kömək edən qüvvələr də anlayır. İndi onların layihəsi dağılır. Ölkənin iqtisadi vəziyyətinin ağırlaşmasında Rusiyadakı erməni icmasının da rolu var. Onlar Paşinyanı dəstəkləmədilər. Onları birmənalı olaraq eks-prezident Robert Koçaryanın, "Qarabağ klanı”nın tərəfdarı adlandırmaq olmaz. Amma bu da faktdır ki, Rusiyadakı nüfuzlu ermənilərin əksəriyyəti yeni hakimiyyəti alqışlamır. Buna müvafiq olaraq da Rusiyadan investisiya axını da azaldı. Halbuki, məhz bu pullar da Ermənistan iqtisadiyyatının dirçəlməsinə sərf olunurdu”, - deyə ekspert vurğulayıb. O, Paşinyanın şəxsi mühafizə xidmətinin rəhbərini işdən çıxarmasına da münasibət bildirib. Onun qənaətincə, bu, onu deməyə əsas verir ki, baş nazir güc strukturlarına etibar etmir. Sui-qəsd və zorakı çevrilişdən qorxur. Növbəti mərhələdə ordu rəhbərliyində təmsil olunan generalların istefası baş verəcək. "Paşinyan real olaraq hərbi çevrilişdən qorxur, lakin onun kadrlarla problemi də var. Zabitlər arasında onun tərəfdarı xeyli azdır. Aydın olan odur ki, Corc Soros kursunun məzunlarından çətin ki, güc strukturları üçün kadr seçmək mümkün olsun. Onlar rafinə edilmiş menecerlərdir və belələrini komandir və hərbi rəis rolunda görmək çətindir”, -deyə o bildirib. Ekspert Paşinyanın məhkəmə hakimiyyəti ilə qarşıdurmasına da toxunub. "Bizim yadımızdadır ki, may ayında baş nazir tərəfdarlarını məhkəmə və hakimlərin işini boykot etməyə çağırış etmişdi. Bu, ölkə rəhbərliyinin zəifliyinin nəticəsi idi”, - deyə bəyan edib.
"Bəs bu gün Paşinyanın Rusiya siyasi dairələri tərəfindən dəstəyi hansı səviyyədədir” sualını da cavablandıran ekspert hesab edir ki, "rəsmi Yerevan Rusiya ilə KTMT və Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığı davam etdirir”.  O ki qaldı ermənipərəst deputat Konstantin Zatilinin işğal altında olan Azərbaycan torpaqlarına səfər etməsinə - "burada qeyd etmək gərəkdir ki, deputat Paşinyanın yanına deyil, Dağlıq Qarabağa, separatçıların lideri Bako Saakyanın yanına gedib. Yəni Paşinyana tabe olmayan əraziyə səfər edib. Bir növ Yerevandan yan keçib. Simvolik desək, bu səfər "Koçaryan klanının” sonuncu qalasına səfər idi. Vladimir Putinin Yerevana sonuncu səfərini yada salmaq olar. Həmin səfər zamanı o, Paşinyanla şam etməkdənsə, Koçaryanın xanımı ilə görüşməyə üstünlük verdi. Bu, nümayişkaranə şəkildə edildi və Rusiyanın Ermənistanın indiki rəhbərliyinə münasibəti göstərildi. Bir var rəsmi münasibət, bir də var real. Protokolla nə tələb olunursa, ona əməl olunur, yerdə qalan isə sadəcə, gözdən pərdə asmaq üçündür.
Yeri gəlmişkən, işğal altındakı Xankəndində yeni partiyanın təsis konfransı keçirilib. "Kavkazskiy uzel” xəbər verir ki, "Sabahkı Artsax” (Dağlıq Qarabağa verilən qondarma ad) adlı partiyanın məqsədi 2020-ci ildə "seçki yolu ilə Dağlıq Qarabağda inqilab etməkdir”. Partiya bu "seçkilərdə” Ermənistanın baş naziri N.Paşinyanın adamı hesab edilən qondarma "xarici işlər naziri” Masis Mailyanı dəstəkləyəcək. Partiyanı quranlar "sosial-iqtisadi islahatlar” və korrupsiya ilə mübarizə vəd ediblər, Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına tərəfdardırlar və hesab edirlər ki, "qonşu İranla iqtisadi əlaqələri” genişləndirmək lazımdır. Partiyanın koordinatoru Tiqran Petrosyan bu ilin mayında Xankəndində qondarma rejimin başçısı Bako Saakyana qarşı aksiyalar zamanı saxlanılmışdı. Onun dediyinə görə, yeni partiyaya Xankəndindən 400-ə yaxın adam qoşulub və adamlar müxtəlif rayonlardan qoşulmaq üçün müraciət edirlər. Dağlıq Qarabağda gələn il keçiriləcək qondarma "seçkilərdə” separatçı rejimin rəhbərliyinə əsas iddiaçı keçmiş səhra komandiri və general Vitali Balasanyandır. O, son günlər Paşinyana qarşı kəskin çıxışlar edir və onu "fiziki məhv etməklə” hədələyir.

Azər NURİYEV