• çərşənbə, 24 Aprel, 04:54
  • Baku Bakı 14°C

Paşinyanın əks effekt verən yayımları

09.04.20 16:11 609
Paşinyanın əks effekt verən yayımları
Baş nazir əhalini maraqlandıran suallara cavab verməkdən çəkinir

Koronavirus epidemiyası baş nazir Nikol Paşinyanı ciddi problemlər qarşısında qoyub. Anlaşılmaz iqtisadi siyasət, xaotik vəziyyətin hökm sürdüyü ölkə, belə getsə, yaxın günlərin birində tamamilə batacaq. Bütün bunların fonunda isə baş nazir sosial şəbəkə vasitəsilə vəziyyəti nizamlamağa çalışsa da, əks effekt verir. Artıq onun canlı efir vaxtına baxış sayı da azalmaq üzrədir. Onun yayımı başlanan zaman əvvəlcə qulaq asanların sayı 12 min olursa, sonda bu rəqəm 4 minə düşür. "Past” qəzeti Nikolun üç saatlıq birbaşa efirinin çox üzücü təəssürat doğurduğunu yazıb. Üç saat ərzində yeni bir şey demədiyini, sualların əksəriyyətinin əvvəldən hazırlandığını bildirən qəzet, baş nazirin faktiki olaraq hamını maraqlandıran sualların heç birinə cavab vermədiyini yazıb. Ən əsası, bəlli olur ki, hakimiyyət, hətta, bu böhrandan da dərs çıxarmır. Özlərini günahsız hesab edir, yeni-yeni düşmənlər axtarışına çıxır. Erməni mediası yazır ki, baş nazir insanları böhran şəraitində maraqlandıran bir suala belə cavab vermir ki, bu da ciddi şəkildə narazılıq yaradır. Onun çıxışlarının daha çox "acıqlı təlxək” təsiri bağışladığı vurğulanır. Hakimiyyət, nəticədə ciddi şəkildə anti-reytinqlə üzləşir. Məsələn, prezidentdən soruşurlar ki, Vanadzorda çörək nədən bahalaşıb, cavab isə belə olur ki, apokalipstik bəyanatlar səsləndirməsinlər. Ardınca da iri altı ticarət şəbəkəsinin məlumatlarına əsaslanıb bildirir ki, çörək bahalaşmayıb. Üstündən az sonra isə etiraf edir ki, qiymətlər bir qədər artıb. "Nikolun 6 aprel televiziya şousunu müşahidə edənlər hər gün çörək alırlar və bu səbəbdən də gözəl bilirlər ki, qiymətlər necə dəyişir. Bahalaşan tək çörək deyil, ilkin tələbat mallarının hamısının qiyməti qalxıb”, - deyə erməni ekspertləri bir ağızdan bildirirlər. Onlar birmənalı şəkildə baş nazirin ölkədəki vəziyyətdən xəbərsiz olduğunu irəli sürürlər.
Ermənistanda yerləşən "Yerevanın alternativi” ictimai təşkilatının rəhbəri Sona Aqekyan Paşinyanın "facebook” istifadəçilərinin ən çox "like” toplamış suallarına cavab verməsinə toxunarkən bildirib ki, Ermənistan rəhbərinin oturub ən çox "like” toplamış suallara cavab verməsi qədər bekar olması çox kədərlidir. Aqekyanın sözlərinə görə, bu cür addım sıfır dərəcəli əhəmiyyətə sahibdir, çünki bənzər yanaşma ilə suallara cavab vermək, xüsusilə, fövqəladə vəziyyət şəraitində heç bir məsələni həll etməyəcək. "Sağlam cəmiyyət” ictimai təşkilatının sədri Marina Xaçatryanın sözlərinə görə, bütün bunlar şoudur. "İki il əvvəl Nikol Paşinyan şou ilə hakimiyyətə gəldiyi kimi indi də şou davam edir. Mən düşünürəm ki, bizim son iki ildə ölkə rəhbərimiz olmayıb”, - deyə Xaçatryan qeyd edib. O hesab edir ki, dövlət sistemində bağışlanma və peşəkar iflas var. Ermənistan Mühafizəkar Partiyasının sədri Andreas Qukasyanın sözlərinə görə, sual-cavabın bu formatı, əhval-ruhiyyələrin bu cür toxunuşu, əlbəttə, böhranın barometri də hesab edilə bilər. "Qiymətləndirmə vermək çətindir, lakin bütün bunlar böhran haqqında sübut verir", - deyə o qeyd edib. Erməni politoloq Karen Koçaryan qeyd edib ki, böhran gəlməyib, hələ qabaqdadır.
"Böhran sağlamlıq yox, daha çox iqtisadi olacaq. Hökumət başqa yolla getməlidir", - deyə o bildirib. Erməni ictimai xadim Vahram Petrosyan da Paşinyanın canlı yayımda hansı suallara cavab verib-vermədiyini yazıb. "Fövqəladə vəziyyət, 22-ci gün. Ermənistanın baş naziri postunu tutan şəxs canlı yayımda "ən çox layk toplayan suallara” cavab verəcəyini bildirmişdi. Əlbəttə ki, xüsusən, hazırkı fövqəladə vəziyyətdə bu, gülüncdür, amma bütün lüks və səfalət vəziyyətini təsəvvür etmək üçün tam mənzərəni başa düşməliyik. Əvvəlcə sözdə ən çox "like” və bunu toplayan suallar haqqında danışaq. Paşinyanın səhifəsində 13500 sual var, bunların 90% -i müxtəlif vətəndaşların gündəlik həyatındakı yaşam tərzinin çatışmazlığı, kommunal xidmətlər və kreditlərdən tutmuş, minlərlə ailənin üzləşdiyi mənzil kirayəsini ödəyə bilməməsi səbəbindən çöldə qalması kimi problemlərdir.
Ancaq gözlənildiyi kimi, Nikol bu suallara cavab vermədi, çünki çox bəyənilməyib. Bunun əvəzinə Nikol öz saxta "feyk” fabriklərinin verdiyi və nəticədə çox "like” toplanan suallara cavab verdi”. Əlavə edib ki, Nikol hökumətin niyə Gürcüstan nümunəsinə əməl etmədiyini və vətəndaşların kommunal xidmətlərini ödəmədiyinə, Rusiyadan Ermənistana qayıtmaq istəyən, amma pulu olmayan, küçədə qalan şəxslərin nə etməli olduğuna aydınlıq gətirməyib: "Nikol Paşinyan canlı yayımları ilə 3 problemi həll edir:
a) ac insanları məşğul etmək və "iş görmək” təqlidini yaratmaq.
b) son bir ay ərzində alınan siqnallara görə tarixi minimuma çatan reytinqini qorumağa, xilas etməyə çalışmaq. c) kreditlərdəki faizlə əlaqədar olaraq parlamentin son iclasında Nikola edilən isterik hücumla bağlı xalqla əks əlaqə təsirini təmin etməyə çalışmaq”. Sonda isə bildirib ki, Ermənistan çətin bir böhrana girib, bu böhranın öhdəsindən gəlmək üçün dövlətin resursları, Nikolun komandası yoxdur: "Tamamilə beyinsiz kolleksiya kütləsi böhranı idarə edə bilməyəcək, canlı şouların sayını artıracaq. Böhranı idarə edə bilən insanlar, barmaqlarını heç bir şeyə vurmayacaqlar. Heç kim Nikola kömək etməyəcək, çünki hamıdan daha yaxşı bildiyinə görə, o, özünü yardım almaq imkanından məhrum edib. Üç addım irəli saymağı bacaran ağıllı insanlar bu itirilmiş oyunda iştirak etməyəcəklər. Təsəvvürlə desək, heç bir şüurlu insan öz böyrəyini yaşamaq şansı olmayan potensial bir cəsədə verməz. Paşinyan hökuməti, indi tənəffüs sisteminə bağlı olan potensial bir cəsəddir. Bu cihazı isə bir neçə aydan sonra söndürəcəklər, çünki mövcud klinika da, xəstənin gələcəkdə öləcəyinə israr edir”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər