• cümə axşamı, 25 aprel, 22:57
  • Baku Bakı 21°C

Paşinyanı bitirən müsahibə

17.08.20 18:28 3103
Paşinyanı bitirən müsahibə


Nikol Paşinyanın dünyaca məşhur BBC-nin proqramında biabırçı duruma düşməsi Ermənistanda şok effekti doğurub. Jurnalistin sualları qarşısında aciz qalan baş naziri siyasilərdən tutmuş, partiya sədrləri, media nümayəndələri topa tutmaqdadır. Ermənistanın baş naziri Britaniyanın BBC telekanalının "HardTalk” proqramına müsahibə verərək ölkənin daxili həyatı, xüsusən siyasi həyatı, Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi, xarici siyasət məsələləri, epidemiya ilə mübarizə vəziyyəti və digər məsələlərə toxunub. Gözlənildiyi kimi, Paşinyan, məsələn, ötən il Ermənistanın Avropada ən yüksək iqtisadi inkişafa sahib olduğunu, iqtisadi uğurla yanaşı, Ermənistanın demokratiya, söz azadlığı, məhkəmə müstəqilliyi və antikorrupsiya siyasətində də böyük irəliləyişlər əldə etdiyini bildirib. "Hraprak” nəşri yazır ki, yaxın gələcəkdə həm iqtisadi, həm də siyasi analitiklər Paşinyanın müsahibəsinin həmin hissəsinin reallıqla nə qədər əlaqəli olduğunu deyərək, daha aydın bir mənzərə təqdim edəcəklər. Öz növbəsində erməni kütləvi informasiya vasitələrinin məlumatına görə, Erməni Milli Konqresinin (EMK) üzvü Levon Zurabyan sosial şəbəkədə yazdığı statusda bildirib ki, baş nazir Nikol Paşinyan BBC-nin "HardTalk” proqramına müsahibə verməklə Ermənistanın imicinə zərbə endirmiş oldu. EMK funksioneri Paşinyanın müsahibəsini sərt tənqid edərək, bunun onda çox pis təəssürat yaratdığını vurğulayıb. Bu müsahibəni, ilk növbədə Ermənistanın imici nöqteyi-nəzərindən fəlakət adlandırıb. "Buna bir neçə səbəb var – cavabların məzmunu, ingilis dilini kifayət qədər bilməməsi, baş nazirin əvvəlki addımları və indi onları təmizə çıxarmaları və s-dir. Mən hesab edirəm ki, ən faciəvi olan onun Dağlıq Qarabağ məsələsinin mahiyyətini bilməməsi, münaqişənin həlli ilə bağlı öz mövqeyinin, dəqiq siyasətin yoxluğudur”, - deyə Zurabyan vurğulayıb. EMK nümayəndəsi qeyd edib ki, Ermənistanın imici nöqteyi-nəzərindən Paşinyanın proqramda çıxışı, ümumiyyətlə, baş verməli deyildi. Onun sözlərinə görə, baş nazir suallardan heç birinə savadlı formada cavab evrə bilmədi. Məlumat üçün bildirək ki, son günlərə qədər Nikol Paşinyan və Levon Zurabyan "barrikadanın” bir tərəfində idilər. 2008-ci il prezident seçkilərində isə Levon Ter Petrosyanın komandasında təmsil olunurdular. Sonra isə EMK-nin fraksiyasının tərkibində təmsil olunurdular. Lakin sonradan yolları ayrıldı.
2003-2014-cü illərdə BBC-nin jurnalisti olmuş Mark Qriqoryan isə hesab edir ki, bu verilişdə qonaq olmaq böyük məsuliyyətdir. Onun sözlərinə görə, müxtəlif ölkələrin rəhbərlərini çətin söhbətə dəvət edirlər və çox çətin suallar verirlər. "Əminəm ki, Nikol Paşinyan düzgün formada hazırlaşsaydı, daha sərfəli təəssürat buraxardı”, - deyə Qriqoryan qeyd edib. Onunla razı olan erməni politoloq Ara Vardanyan yazıb ki, bu gün biz hakimiyyət daxilində olan müxtəlif komandaların çox ciddi mübarizəsinin şahidiyik: "Biz Nikolu hakimiyyətdən uzaqlaşdırmaqla məşğul olduğumuz halda, o, Sorosla ciddi fikir ayrılıqlarına girib. Fikir ayrılıqlarının əsas səbəbi ona qarşı qoyulmuş gündəmdən yayınmaqdır. Bu yayınma öz növbəsində Ermənistanda çox ciddi və ideoloji müxalifətin mövcudluğu ilə əlaqəlidir”. Ermənistan parlamentinin "İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan "Məgər hakimiyyətin reytinqi düşüb, keçmiş səlahiyyətli şəxslər nə haqqında danışırlar?” sualına cavab verərkən deyib ki, sosial sorğuları izləyirik, görürük, bunlar göstərir ki, əgər sabah seçkilər olsa, üç parlament qüvvəsindən başqa bu gün minimum həddi keçən qüvvə yoxdur, yəni inqilabdan sonra bu baxımdan siyasi sahədə böyük yerdəyişmələr yoxdur. Marukyan qeyd edib ki, müxtəlif məyusluqlara görə Nikol Paşinyanın reytinqi azalmağa, aşağı düşməyə başlayır. "Ölkə daxilində populizm silahını rəhbər tutduğunda, anlaşılandır ki, hakimiyyətdə qalmağa və qeyri-milli, qeyri-dövlət siyasətinin kök salması məsələsini həll etməyə çalışırsan. Ancaq BBC-də eyni metodla və eyni manipulyasiyalarla beynəlxalq auditoriyanı, ictimaiyyəti də çaşdırmağa çalışdığında, dövlətin reytinqini aşağı salırsan”, - deyə o qeyd edib. "Britaniyanın BBC telekanalının məşhur verilişinə müsahibə növbəti dəfə sübut etdi ki, Nikol heç bir mövzu ilə bağlı dərin biliyə sahib deyil, bundan başqa, heç bir əlaqəyə malik olmadığını özünə aid etməkdə tərəddüd etmir, habelə həyata keçirmədiyi və uğursuz olmuş vədlərini unudur”. Bunu isə erməni politoloq Qaqik Hambaryan "Facebook” səhifəsində yazıb. "Nikol müsahibə zamanı Qarabağı (qondarma qurum) danışıqlar masasının ətrafına daxil etmək barədə uğursuz planına tamamilə toxunmadı”, - deyə o qeyd edib.
"BBC-nin "Hard Talk” formatı çox vacib xüsusiyyətə malikdir: məhz başlanğıcdan xəbərdarlıq edirlər ki, ağır və əlverişsiz suallar olacaq”. Bunu isə erməni siyasi-ictimai xadim Mihran Hakobyan öz "Facebook” səhifəsində yazıb. "Yaxşı, ölkəni bu qədər sevməmək olar? Həmvətənlərə bu qədər nifrət etmək olarmı ki, bu adam hamını kədərlənməyə məcbur edir? Niyə, xalqımızın hansı günahına görə bu adam ingilis dilli auditoriya qarşısında bilmədiyi dildə özünü alçaltmağa razı oldu?”, - deyə o qeyd edib. Erməni politoloq Stepan Danielyan "Nikol Paşinyanın BBC-nin verilişi zamanı səsləndirdiyi cavabların məzmunu çox primitiv idi, bir çox hallarda zəif cavablar idi” deyib. Erməni politoloqun sözlərinə görə, bu göstərir ki, Nikol Paşinyan Qarabağ məsələsində ağır danışıqlara gedir, ancaq bunlara hazır deyil. "Ermənistanın ciddi addımlara qadir olmayan, siyasət tarixinə bələd olmayan populist rəhbərə sahib olduğu növbəti dəfə təsdiqləndi”, - deyə Stepan Danielyan qeyd edib.


Azər NURİYEV


banner

Oxşar Xəbərlər