• cümə, 19 Aprel, 21:31
  • Baku Bakı 24°C

Paşinyana əvəz tapılıb?

04.12.20 16:28 706
Paşinyana əvəz tapılıb?
"Cırtdan partiyalar” gözünü Manukyana dikib
"Nikolsuz Ermənistan” şüarı bu gün erməni cəmiyyətini ikiyə bölüb, desək yanılmarıq. Bir qisim onu erməni bəlalarının günahkarı, satqınlıqda ittiham edir və dərhal hakimiyyətdən getməsini istəyir. Digər qisim isə hesab edir ki, indiki durumda Nikolun hakimiyyətdə qalması yaxşıdır. Və ən maraqlı olan onun yerinə kimin təyin olunmasıdır. Maraqlı olan odur ki, erməni cəmiyyətinin tanınmış simalarından heç kim lider olmaq, məsuliyyəti öz üzərinə götürmək istəmir. Sabiq prezidentlər Serj Sarkisyan və Robert Koçaryana gəldikdə, ermənilərdə onlara qarşı nifrət hissi o dərəcədədir ki, heç adları belə çəkilmir. Məsələ ondadır ki, Nikolun vəzifəsindən getməsini istəyənlərin sırası da getdikcə azalır. Aksiyalarda iştirak sayı bir neçə minə də çatmır. Baş naziri istəməyənlər, əsasən işğaldan azad edilən torpaqlardan çıxarılanlar, övladları müharibədə həlak olanlar, itkin düşənlərdir. Ən maraqlısı odur ki, Nikolu ittiham edənlər ona qarşı elə bir ciddi fakt da ortaya qoya bilmir. Məsələn, Rusiya sülhməramlıları ilə bağlı məsələdə onun qəbul etdiyi qərara qarşı çıxan yoxdur. İttihamlar odur ki, xarici siyasət məsələlərini düz qurmadı.
Antipaşinyançılar bildirirlər ki, əsas ittihamlarını dekabrın 5-də baş tutacaq ümumxalq mitinqində elan edəcəklər. Belə bir acınacaqlı durumda ermənilərin cırtdan partiyaları özlərinə yeni lider seçmək qərarına gəliblər. 17 müxalif partiya baş nazir vəzifəsinə Vazgen Manukyanın namizədliyini irəli sürüb. O da bildirib ki, baş nazir olduqdan sonra özünün partiya fəaliyyətinə son qoyacaq, parlament seçkisində iştirak etməyəcək və ən önəmlisi, baş nazir vəzifəsinə iddialı olmayacaq. Bununla belə, o, bir il müddətində yeni parlament seçkisinin keçirilməsini vəd edib. 17 partiyadan ibarət şura, yaranmış vəziyyətdən çıxış edərək "Vətənin Xilası Naminə Hərəkat” təşkil edəcəyini bildirib. Bu barədə məlumatda deyilir ki, bu hərəkat ümumerməni xarakteri daşıyacaq və siyasi partiyalardan yüksəkdə dayanacaq. Bu hərəkata əsas etibarilə partiya nümayəndələrinin, ziyalıların və geniş ictimaiyyətin qoşulacağı gözlənilir. "Vətənin Xilası Naminə Hərəkat” bildirib: "Hərəkatın məqsədi mümkün qədər tez bir zamanda Ermənistanın ölümcül rejimindən xilas olmaq, dövlətçiliyin itirilməsinin qarşısını almaq, müharibə sonrası ölkənin sağalmasını həyata keçirmək, keçid antiböhran hökumətini təşkil etməkdir. Bu hökumət milli dövlət maraqlarında olan daxili və xarici siyasət istiqamətində işləməli, vətəndaşların təhlükəsizliyini təmin etməli və növbədənkənar parlament seçkisi keçirməlidir”.
Məlumata görə, baş nazir vəzifəsinə yeganə namizəd dekabrın 5-də Yerevanın Azadlıq meydanında özünün və yeni hökumətin məramnaməsini elan edəcək. Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın "Joğovurd” nəşri müxalifətin, böyük ehtimalla, Hrant Baqratyan, Vazgen Manukyan və Artur Vanetsyanı Ermənistanın baş naziri vəzifəsinə namizəd göstərəcəklərini yazmışdı. Nəşr iddia edir ki, Rusiya tərəfi Vazgen Manukyanı növbəti baş nazir kimi görməyə daha çox meyllidir. Nəşrin yazdığına görə, Vazgen Manukyan bu yaxınlarda namizədliyini müzakirə etmək üçün Moskvaya yola düşüb.
"Politik.am” nəşri yazır ki, söhbət müvəqqəti hökumətin başçısı vəzifəsini tutmaqdan gedir, bu da Ermənistanı növbədənkənar seçkilərə aparmaq və mövcud daxili siyasi böhranı azaltmaq deməkdir. "Bu, əlbəttə ki, erməni siyasi sahəsi üçün olduqca maraqlıdır, çünki Vazgen Manukyan Qarabağ savaşı və Ermənistan uğrunda mübarizədə əsaslı xidmətləri olan bir insandır. Dövlət idarəçiliyində və siyasi fəaliyyətdə ciddi təcrübəsi ilə yanaşı, xüsusən də Ermənistan üçün həqiqətən böhranlı və çətin şəraitdə dövlət idarəetmə sistemində ciddi vəzifələr tutduğu üçün təcrübəsi var. Əvvəlcə bioqrafiyasından üç epizodu xatırlayaq․Vazgen Manukyan 1988-ci ildə "Qarabağ” komitəsinin üzvü, koordinator, 1990-cı ildə Ermənistan Ali Sovetinin deputatı, 1990-1991- ci illərdə baş nazir, 1992-1993-cü illərdə Dövlət təhlükəsizliyi üzrə dövlət naziri, müdafiə naziri vəzifəsini icra edib, eyni zamanda ölkənin Hərbi-Sənaye Kompleksinin rəhbəri olub. 74 yaşlı Vazgen Manukyan 1988-ci ildə təsis edilmiş separatçı Qarabağ komitəsinin üzvü olub. 1988-ci ilin dekabrında "Qarabağ komitəsinin” üzvləri ilə birlikdə həbs olunaraq Moskvadakı "Matroskaya tişina” həbsxanasına salınıb. Bu da məlumdur ki, Ermənistanın ilk nizami ordusu Manukyanın baş nazirliyi dövründə təşkil edilib. 1996-cı ildə prezident seçkiləri zamanı Levon Ter-Petrosyanın əsas rəqibi olub. Seçkilərdə qalib gəldiyini elan edən Manukyan, Yerevanda aksiyalar da keçirmişdi. Həmin aksiyalar polis və ordu qüvvələrinin köməyi ilə yatırılmışdı. 2009-cu ilin martında prezident Serj Sarkisyanın yaratdığı İctimai Şuranın sədri olub. 2019-cu ilin dekabrında Şuranı tərk edərək "Vernatun” adlı ictimai-siyasi klub yaradıb. Vazgen Manukyan baş nazir Nikol Paşinyanı sərt tənqid edən siyasətçilərdən biri olub. O, Qarabağ döyüşləri davam edən vaxtda Nikol Paşinyanı istefa verməyə çağırmışdı.
Nəşr yazır ki, Manukyanın adı heç vaxt soyğunçuluq, korrupsiya ilə əlaqələndirilməyib, yəni cəmiyyət tərəfindən mənfi qəbul edilən və rədd edilən bu cür hadisələrin bataqlığında olmayıb: "İndi xüsusilə vacib olan, Vazgen Manukyanın rus elitası tərəfindən məqbul sayılmasıdır. Çünki Ermənistanın istənilən lideri indi rusların etibar edəcəyi, rusların danışacağı və rusların ortaq çalışacağı bir adam olmalıdır”. Yeri gəlmişkən, ekspertlər arasında fərqli düşünənlər də var. Rusiyalı ekspert Aleksey Fenenko bildirir ki, erməni mediasının Manukyanı Rusiyanı qane edən bir şəxs kimi qələmə verməsi ilə razı deyil. O, bu seçimi "anti-Rusiya seçimi” adlandırır. Əlavə edib ki, Manukyan vaxtilə Rusiyadan uzaqlaşmaq və Böyük Ermənistan qurmaq üçün Qərbə söykənməyi tələb edirdi: "Onun namizədliyinin irəli sürülməsi erməni müxalifətində anti-Rusiya tendensiyanın dominantlığı demək olacaq. Görünür, erməni cəmiyyəti Qarabağ müharibəsindən belə bir nəticəyə gəlib ki, radikal şəkildə Rusiya ilə münasibətləri kəsmək, NATO-ya üz tutmaq lazımdır”. Onun qənaətincə, Manukyanın timsalında Ankara və Bakı müəyyən narahatlıq keçirməlidir. "Çünki bu şəxs 1996-cı ildə Qarabağın Ermənistana birləşdirilməsini irəli sürürdü. Hətta Ağrıdağın belə, müqəddəs dağ kimi Ermənistana qaytarılmasını deyir, bu istiqamətdə aksiyalar keçirirdi. Məhz 1998-ci ildə Levon Ter-Petrosyan Qarabağla bağlı saziş imzalamağa hazırlaşanda Manukyanın təşəbbüsü ilə onu vəzifəsindən uzaqlaşdırdılar”- deyə fikrini tamamlayıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər