Paşinyan özünü tələyə salıb
Ermənistan
İsraildə səfirlik açmağa hazırlaşır. Bu haqda danışıqlar bir ildir gedir. Ermənistanın
baş naziri Nikol Paşinyan qərarını verib, hətta bu məqsədlə xarici işlər
nazirini İsrailə də göndərmişdi. Errmənistanla İsrail arasında səfirliyin
açılması məqsədilə danışıqların aparıldığı dövrdə İrandan elə bir reaksiya yox
idi. İndi isə vəziyyət fərqlidir, Tehranın sərt reaksiyaları artır. Bu Ermənistan
hakimiyyəti üçün gözlənilməz oldu.
"Ermənistanın bu addımı Fələstin
xalqının mənafeyi ilə təzaddadır, eləcə də bölgənin təhlükəsizliyi və
sabitliyinə mənfi təsir göstərəcək” – bu sözlər İran Parlamentinin sədrinin
beynəlxalq məsələlər üzrə müavini Hüseyn Əmir Abdullahiyana məxsusdur. O, Ermənistanın
İsraildə səfirlik açmaq planını qınayıb və rəsmi Yerevanı bu addımı atmamağa
çağırıb. İran rəsmisi Ermənistanla rəsmi Tehranın stabil əlaqələrə malik
olduğundan danışıb və rəsmi Yerevanın sözügedən planından geri addım atacağına
ümidvar olduğunu bildirib.
İranın
JAVAN agentliyinin yazısında isə daha sərt ifadələr yer alıb: "İrəvan-Tel-Əviv-Vaşinqton strateji
alyansına qarşı müqaviməti gücləndirmək məqsədilə İran bölgədəki müsəlman ölkələri
ilə səylərini artırmalıdır. Ermənistanın İsraildə səfirlik açması o deməkdir
ki, İrana düşmən olan dövlət sərhəddimizə gəlib çıxıb. Bu İranın milli təhlükəsizlizliyinə
təhdiddir”.
İrandan
növbəti sərt açıqlama Ərdəbil
şəhərinin imam cüməsi Ayətullah Seyid Həsən Amulidən gəlib. Ümumiyyətlə Amuli
daxili və xarici siyasət mövzularında tez-tez açıqlamalar verir, qonşu dövlətlərin
siyasətini dəyərləndirir. Nikol Paşinyanın İsraildə səfirlik açmaq istəyini təhlükəli
adlandıran Amuli İrəvanın bu addımının İranın maraqlarına zidd olduğunu
bildirib: "Ermənistan sionist rejimə
yaxınlaşmaq məsələsində Azərbaycan Respublikası ilə təhlükəli bir yarışa
başlayıb. Azərbaycan Respublikası "İsrail”dən 6 milyard dollarlıq silah almaqla
sionist rejiminə böyük xidmət etdi ki, bu vasitə ilə Qarabağı azad etmək üçün həm
silah almış olsun, həm də beynəlxalq sionizm lobbisindən istifadə edə bilsin.
Baxmayaraq ki, bu silahlardan istifadə etməyin icazəsi böyük dövlətlərin əlindədir.
Silah almaq üçün pulu olmayan Ermənistan isə Təl-Əvivdə səfirlik açmaq fikrinə
düşmüşdür ki, öz gümanına əsasən, sionist rejiminə yaxın olmaqla həm Qarabağın
işğalını təsbit etsin, həm də Azərbaycan Respublikasının aldığı silahlardan
istifadə etməsinin qarşısını alsın. Etibarlı xəbərlərə görə, sionist rejimi Azərbaycanın
bu silahlardan Ermənistan əleyhinə istifadə etməyəcəyi barədə İrəvana söz
vermişdir”.
Göründüyü
kimi, Amulinin açıqlamasında dolayısıyla Azərbaycan da tənqid olunub. Amuli demək
istəyir ki, Azərbaycan kimdənsə icazə almamış İsraildən aldığı silahlarlardan
Ermənistana qarşı istifadə bilmir. Halbuki, Azərbaycan ordusu 2016-cı ilin
aprelində həmin silahlardan Ermənistana qarşı istifadə edib və işğalçı ölkə
İsrail istehsalı olan dronlardan itki verdiyini etiraf edib.
Amuli
açıqlamasında Ermənistanın İsraildə səfirlik açmasının Azərbaycanın da
maraqlarına zidd olduğunu bu sözlərlə izah edib: "Ermənistanın sionist rejimlə səfirlik açmaq səviyyəsində münasibətlərinin
genişlənməsi həm Azərbaycan, həm də İran üçün böyük təhlükədir. Sionist rejimi
Ermənistanın Təl-Əvivdə səfirlik açması ilə bir tərəfdən özünün böyük arzusuna
çatmış olur, digər tərəfdən də Azərbaycan Respublikasına qarşı böyük xəyanət
etmiş olur. İndi Azərbaycanın böyük xalqı özünün əsil düşmənini yaxşı
tanımışdır. Halbuki, bu düşmən neçə illərdir ki, Azərbaycan Respublikası ilə
dost olduğunu şüar etmişdir”.
Amulinin
açıqlamasının yekun hissəsində Ermənistanın ünvanına daha ağır ifadələr yer
almaqla yanaşı Tehranın yanlış xarici siyasətindəki yanlışığa da işarə var: "Ermənistan sionist rejimin qonşu ölkələrdə
hüzuruna İranın fövqəladə həssaslığını bildiyi halda belə bir xəyanətə yol vermişdir,
İran və müsəlmanların böyük düşməninə, bəşəriyyətin ən çirkin düşməninə
Qafqazda hüzur üçün yaşıl işıq yandırmışdır. Digər tərəfdən Ermənistanın Təl-Əvivdə
səfirlik açması İran üçün diplomatik uğursuzluq sayılır. Belə bir şəraitdə gözlənti
odur ki, ölkənin diplomatik aparatı Ermənistanın qərbyönümlü dövlətinə etiraz
etsin. Əks təqdirdə Ermənistan İranın sükutundan əmin olmaqla gələcəkdə daha da
cürətlənəcək”.
Ermənistanın
İsraildə səfirlik açmaq istəyinə qarşı reaksiyalar sərt olsa da, hələ ki, İranı
idarə edənlərdən səs çıxmır. İran prezidenti, xarici işlər naziri, parlamentin
spikeri, ali dini lider gözləmə mövqeyindədirlər. Onlar İrəvana mesajlarını köməkçiləri
vasitəsilə çatdırırlar. Ancaq əgər Ermənistan İsraildə səfirlik açarsa,
onlardan da açıqlamalar gələcək. İranın Ermənistanın ünvanına sərt reaksiyaları
həm də onunla əlaqəlidir ki, Tehranda anlayırlar ki, İrəvandan sonra Bakı da
İsraildə səfirlik açmağa qərar verə bilər. Ona görə də bu baş verməsin deyə
Tehran Ermənistanın İsraildə səfirlik açmasına mane olmaq istəyir.
Bu vəziyyətdə
İrəvanın iki yol var.
Birinci yol odur ki, İrəvan İranın xəbərdarlıqlarına
baxmayaraq, İsraildə səfirlik açır. Ancaq bu halda İrəvan İranla münasibətlərinin
gərginləşməsinə hazır olmalıdır.
İkinci yol isə odur ki, İrəvan Tehranın təzyiqlərindən nəticə
çıxararaq İsraildə səfirlik açmaqdan vaz keçir. Bu halda isə Ermənistanın
İrandan çəkindiyi üzə çıxacaq ki, Tel-Əviv İrəvanı qorxaqlıqda ittiham edəcək.
Beləliklə, İrəvan
özünü tələyə salıb. Nikol Paşinyan bütün hallarda iki yoldan birini seçməlidir.
Elxan
ŞAHİNOĞLU
"Atlas” Araşdırmalar Mərkəzi