• çərşənbə axşamı, 23 aprel, 14:08
  • Baku Bakı 24°C

Paşinyan özünə yeni problem yaradır

07.11.19 15:08 1852
Paşinyan özünə yeni problem yaradır
"İstanbul konvensiyası”nın müzakirəsi Ermənistanda aləmi bir-birinə qatıb
Nikol Paşinyan hökuməti üçün başağrısına çevrilən "İstanbul konvensiyası” gələn ilin əvvəlində Ermənistan parlamentinin gündəliyinə salınacaq. "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” konvensiyası uzun müddətdir ki, Ermənistanın gündəmini tutub. Bu günlərdə isə parlamentində bir neçə komitənin birgə iştirakı ilə qapalı iclasda Ermənistanın konvensiyaya qoşulması məsələsi gündəliyə çıxarılıb. "Past” qəzeti yazır ki, bu iclasdan əvvəl baş nazir, spiker, baş nazirin aparat rəhbəri, ölkədə qərb qrantları ilə maliyyələşən qeyri-hökumət təşkilatlarının nümayəndələri, ABŞ və Böyük Britaniya səfirlərinin iştirakı ilə iclas keçirilib. "Joxovurd” qəzeti diqqəti daha çox parlamentdəki toplantıya yönəldib və əlavə edib ki, Avropa Şurası nümayəndələrinin də iştirak etdiyi toplantını "İşıqlı Ermənistan” partiyası boykot edib. Qəzet yazır ki, AŞ-dən gələn nümayəndələr LGTB cəmiyyəti, eyni cinsdən olanların nikaha girmələri və s. məsələlərin konvensiyada əks olunmadığını bildirsələr də, buna inanan az olub. Deputat Nairi Zohrabyan maraqlanıb ki, "məgər ölkənin Cinayət Məcəlləsində qadın, məişət zorakılığına qarşı halları əks olunmayıb? Əlbəttə olunub! Belə olan halda nədən "İstanbul konvensiyası”nı ratifikasiya etməliyik?”
Qəzet yazır ki, avropalılar bu sualların qarşısında aciz qalıblar. Konvensiyanın qəbul olunmasına çalışan "Mənim addımım” fraksiyasından olan deputat Marina Karapetyan tədbirdə kəlmə də danışmayıb, digər deputat Ruben Rubinyan da susub. Yalnız onu bildirib ki, Ermənistan suveren dövlətdir və öz qərarını qəbul edəcək. "Aysor.am” yazır ki, "Kamk” (İradə) vətəndaş təşəbbüsü və "Çiçəklənən Ermənistan” Partiyasının parlament fraksiyası məsələyə sakit tərzdə yanaşmayıblar. Qeyd olunur ki, iclasla eyni vaxtda parlamentin qarşısında İstanbul konvensiyasının ratifikasiya olunmasına etiraz olaraq aksiya keçirilib. Aksiyanı özünü erməni dəyərlərinin müdafiəçisi elan etmiş "Kamk” təşkilatı təşkil edib. Məhz onlar da konvensiyanın qəbul olunmasına qarşı imzatoplama kampaniyasına başlayıblar. Onların aksiyasına "Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Gevork Petrosyan da qoşulub. Onun sözlərinə görə, bu konvensiya Ermənistan Konstitusiyasına, eləcə də, onların dəyərlər sisteminə zərbə vurur. Əlavə edib ki, ölkədə ailə zorakılığına qarşı sərt cəzaların müəyyən olunmasını nəzərdə tutan qanun mövcuddur. "Bu konvensiyanın məqsədi heç də zorakılığa qarşı mübarizə deyil, bu adla ölkəyə tamam başqa dəyərlərin yeridilməsinə çalışırlar”, - deyə deputat bildirib. Partiyanın sədri Qaqik Çarukyanın bu konvensiyaya münasibətinin necə olduğu barədə sualın cavabında bildirib ki, o da bu sənədin qəbul edilməsinə qarşıdır: "Axı Çarukyan niyə bu sənədin qəbul edilməsini dəstəkləməlidir?”


Aksiya zamanı etirazçılar əllərində üç dildə yazılan "İstanbul konvensiyası”na yox” şüarları tutublar. Baqramyan prospektini bir neçə saatlığa bağlayan etirazçılar bildiriblər ki, bu konvensiya erməni dəyərlərinə zidd olsa da, hakim "Mənim addımım” bu istiqamətdə müzakirələr aparır. "Kamk” hərəkatının rəhbəri Vaaqn Çaxalyan bildirib ki, konvensiyanın müzakirəsi Ermənistanın suverenliyinə ziddir. "İstanbul konvensiyası qlobalistlərin yekun halqasıdır. Onlar milli nə varsa onu məhv etməyə çalışırlar”, - deyə Çaxalyan bəyan edib. Onun sözlərinə görə, hərəkatın fəalları 100 gün ərzində 50-dən artıq yaşayış məntəqəsində imza toplama kampaniyası keçiriblər: "İmzalar sonda parlamentə təqdim olunacaq. Əgər konvensiya ratifikasiya olunarsa, onda bütün ölkə boyu etiraz aksiyaları keçiriləcək. Bütün bunlara baxmayaraq isə baş nazir N.Paşinyan konvensiyanın qəbul edilməsinə çalışır. İyuldan başlanan müzakirələr Avropa Şurasının proqramı ilə həyata keçirilir. Proqram 2021-ci ilə qədər davam edəcək və büdcəsi 600 min avrodur. Sonrakı illərdə bu məbləğin bir neçə dəfə artırılması nəzərdə tutulub. Baş naziri də böyük ehtimalla bu pullar cəlb edir. Ümumiyyətlə, N.Paşinyan hakimiyyətinin cinsi azlıqlara, LGTB cəmiyyətinə münasibəti müsbətdir. Yada salaq ki, bir müddət əvvəl parlamentdə LGTB-ni təmsil edənlərdən birinin çıxışı ölkəni bir-birinə vurmuşdu. Əksəriyyət bunun N.Paşinyanın razılığı ilə baş tutduğunu iddia edirdi.
Yerevan Ağsaqqallar Şurasının keçmiş üzvü Marin Çaçatryan bildirir ki, "konvensiyada ən təhlükəli bənd "kişi” və "qadın” anlayışlarının "tərəfdaş”la müəyyən olunmasıdır.


Aksiyaya qoşulan deputat Gevork Petrosyan da bildirib ki, ratifikasiya konstitusiyaya və ümumiyyətlə dəyərlər sisteminə ziddir. Ratifikasiyanın məqsədi heç də ailə zorakılığının qarşısının alınması deyil, digər dəyərlərin yeridilməsidir. Onlarla həmrəy olan qondarma Qarabağ rejiminin "təhlükəsizlik şurası”nın keçmiş sədri Vitali Balasanyan da bildirib ki, Ermənistanda çoxlu sayda qeyri-ənənəvi oriyentasiyalı əcnəbilərin və Hindistan, ya da Pakistandan olan müsəlmanların peyda olması antierməni layihəsinin bir hissəsidir. O, indi müqavimət göstərilməyəcəyi halda tezliklə Ermənistana 10 min homoseksualın gələcəyini açıqlayıb: "Böyük təhlükələrdən biri də Ermənistana keçən hindlilərdir. Mənim məlumatıma görə, onların çoxu müsəlmandır və sayları 30 min nəfərə çatır”. O, bu hindlilərin ailələrinin ABŞ tərəfindən maliyyələşdirildiyini söyləyib.


Keçmiş iqtidar partiyası – Ermənistan Respublika Partiyasının Qadınlar Şurasının sədri Karine Açemyan da "İstanbul Konvensiyası”nın tez bir zamanda qəbul edilməsi ilə bağlı müzakirələrin başlanmasını "qəribə hal” adlandırıb. Onun sözlərinə görə, hazırda ölkədə bütün sahələr üzrə milli dəyərlərin məhv edilməsinə çalışılır. "Xalqımızın ehtiyatlı olacağına ümid edirəm. Hücum bütün sahələr üzrə davam edir – təhsil naziri satanist tamaşaların nümayişi ilə bağlı senzuranı götürür, məktəblərə hərbi dərslər ləğv edilir (tamaşaya baş nazir xanımı ilə birlikdə tamaşa edib-mül). Ordu, kilsə, ailə hədəfə alınıb”

Xatırladaq ki, bu konvensiya Avropa Şurasının 11 may 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilmiş toplantısında qəbul edilib. 1 avqust 2014-cü ildə isə qüvvəyə minib. Avropa Şurasına üzv olan 47 ölkədən 34-ü Konvensiyanı ratifikasiya edib.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər