• şənbə, 20 Aprel, 06:08
  • Baku Bakı 14°C

Paşinyan siyasi rəqibini aradan götürməyə müvəffəq olacaq?

21.02.20 16:20 1692
Paşinyan siyasi rəqibini aradan götürməyə müvəffəq olacaq?
"Kommersant”: "Referendum, Tovmosyanı siyasi səhnədən uzaqlaşdırmaq deməkdir”

Siyasi rəqiblərini həbsə atmaq, barələrində cinayət işi açmaqla bir-bir zərərsizləşdirən baş nazir Nikol Paşinyanın qarşısında sonuncu sədd qalıb. Bu şəxs Konstitusiya Məhkəməsinin sədri Qrayt Tovmosyandır. Lakin məsələ ondadır ki, Koçaryan və Sarkisyandan fərqli olaraq, onu həbs etmək mümkün deyil. Səbəb də odur ki, buna mövcud qanun icazə vermir. Bu səbəbdən də hakimiyyət referendum yolunu seçib. "Kommersant” yazr ki, Paşinyan üçün referendum öz siyasi rəqibi, Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmosyanı siyasi səhnədən uzaqlaşdırmaq deməkdir. Başqa yolla Tovmosyanı vəzifədən uzaqlaşdırmaq mümkün deyil. Beləliklə, Ermənistan referenduma hazırlaşır. Ümumxalq səsverməsinə çıxarılan məsələ 2015-ci il konstitusiya islahatından əvvəl təyin olunmuş Konstitusiya Məhkəməsinin sədri və bəzi üzvlərinin səlahiyyətlərinin ləğv edilməsidir. "Məxməri inqilab”dan sonra hakimiyyətə gəlmiş Nikol Paşinyan hakimiyyəti, məhkəmə sistemində islahatlar məsələsində ciddi problemlərlə üzləşdiyini bildirib. Baş nazir dəfələrlə bildirib ki, hazırkı məhkəmə strukturlarını, xüsusilə, ali məhkəmə orqanlarında əksəriyyəti keçmiş rejimlə bağlı kadrlar təşkil edib. Qrayr Tovmasyan isə Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçı Partiyasının son yüksək vəzifəli üzvüdür.
Tovmasyan və Konstitusiya Məhkəməsinin 7 üzvü könüllü istefa təqdirində maaşlarını ömürlük pensiya şəklində almaq təklifindən imtina edərək istefa verməyəcəklərini bildiriblər.
Parlamentdə təmsil olunan müxalif fraksiyalardan heç biri iqtidar fraksiyanın təşəbbüsünü dəstəkləməyib. Nə parlamentdə sayca ikinci olan "Çiçəklənən Ermənistan” Partiyası liderinin adını daşıyan "Qaqik Çarukyan”, nə də "İşıqlı Ermənistan” fraksiyaları. "Qaqik Çarukyan” fraksiyasının katibi Naira Zohrabyan bəyan edib ki, "Çiçəklənən Ermənistan” demokratiyanın önəmli vasitəsi olan referendum kimi tədbirləri həmişə dəstəkləyib, lakin hər necə olsa da, bu kimi siyasi baxımdan zəif bir prosesdə iştirak edə bilmərik. Eyni zamanda partiya öz tərəfdarlarının seçiminə müdaxilə etməyəcək. "Kim istəyirsə, seçki məntəqəsinə gedib əqidəsinə görə öz rəyini israr edə bilər,” - xanım Zohrabyan deyib. Bununla belə, "Çiçəklənən Ermənistan” hesab edir ki, iqtidar, KM sədri və bir neçə üzvlərinin istefası ilə bağlı referendumu hüquqi müstəvidən siyasi müstəviyə köçürərək, məsələni "qara ilə ağ” arasında dağıdıcı münaqişəyə çevirib. "Çiçəklənən Ermənistan” üçün isə cəmiyyətin müxtəlif seqmentləri arasında ayrıseçkilik salmaq cəhdləri yolverilməzdir,” - Naira Zohrabyan vurğulayıb.
"İşıqlı Ermənistan” Partiyasının parlament fraksiyası referendumu boykot etməyə çağırıb. Partiyanın lideri Edmon Marukyan bəyan edib ki, onun partiyası iqtidarın təşəbbüsü ilə keçirilən referendumu qeyri-qanuni hesab edir: "İşıqlı Ermənistan” Partiyası referendum əleyhinə təbliğat aparmaq niyyətində deyil, çünki bütün bu konstitusiya dəyişikliyi prosesini qeyri-qanuni hesab edir”. Marukyanın sözlərinə görə, iqtidar əks-cəbhənin formalaşmasını arzulayır: onda bütün günahları müxalifətin üstünə tökmək olar. "Seçkiqabağı təbliğat hakim qüvvəyə əl verir, biz buna imkan yaratmayacağıq”, - Marukyan deyib. O, siyasi qüvvələri prosesə etinasızlıq göstərməyə və ölkədə nifrət ab-havasının yaranmasına yardımçı olmamağa çağırıb. "Daşnaksutyun” Partiyası siyasi, ictimai qüvvələri və vətəndaş cəmiyyətlərini Paşinyan hökumətinin ali məhkəmə orqanını özünə tabe etmək məqsədi güdən avantürasında iştirak etməməyə çağırıb. Sarkisyanın istefasından sonra parlamentdə və dövlət strukturlarında hakim mövqelərindən məhrum olmuş "Daşnaksutyun” və Ermənistan Respublikaçı Partiyaları Paşinyan hakimiyyətinin referendum təşəbbüsünü "ölkə üçün təhlükəli avantüra” sayır. "Daşnaksutyun” Erməni İnqilabi Federasiyası ölkə vətəndaşlarını iqtidarın növbəti qanunsuzluğuna qatılmamaq, aprelin 5-nə təyin olunmuş referenduma etinasızlıq göstərməyə çağırır,” - partiyanın bəyanatında deyilir. Daşnaksutyun, həmçinin siyasi partiya və vətəndaş cəmiyyətlərini konstitusiya düzəlişlərinin qəbul olunmasına qarşı qüvvələri səfərbər etməyə çağırır və bu məqsədinə nail olmaq üçün zəruri tədbirlərə əl atmaq niyyətində olduğunu bəyan edib.
Serj Sarkisyanın rəhbərlik etdiyi keçmiş hakim Ermənistan Respublikaçı Partiyası da referendumda iştirak etmir, əks-təbliğat üçün qərargah açmır, lakin referendum əleyhinə əks-təbliğat aparır. Partiya gözlənilən referendumu "konstitusiyaya zidd, qanunsuz və qeyri-demokratik” adlandırıb. Qurumun bəyanatında deyilir ki, bu avantüranın məqsədi Konstitusiya Məhkəməsini hakimiyyətə tabe etmək cəhdindən başqa bir şey deyil, dövlət quruculuğu və demokratiyanın möhkəmləndirilməsinə aidiyyəti yoxdur: "Bu, nəinki Ermənistan vətəndaşlarının çoxsaylı problemlərini həll etməyəcək, hətta ölkənin dağıdılması istiqamətində növbəti addım olacaq”. Ermənistan Respublikaçı Partiyası əmindir ki, bu proses ölkənin beynəlxalq imicinə zərər vurur və rəsmi Yerevanın milli gündəliyinin irəli sürülməsinə mənfi təsir edər, Qarabağ üzrə danışıqlarda erməni tərəfin mövqeyini zəiflədir. Partiyanın bəyanatında deyilir ki, onlar Nikol Paşinyan və onun siyasi komandası tərəfindən başlanan "cəmiyyətin parçalanma prosesinin" iştirakçısı olmaq istəmir və təbliğat kampaniyasına qatılmayacaqlar.
Onu da qeyd edək ki, Konstitusiya Məhkəməsi ilə Ermənistan hökuməti arasında yaranmış gərginlik AŞPA-nın da diqqətini cəlb edib. AŞPA Ermənistanı Avropa Şurasının konstitusiya hüququ üzrə ekspert orqanı olan Venesiya Komissiyasına məsləhət üçün müraciət etməyi tövsiyə edir. Venesiya Komissiyası da hökumətin hərəkətlərinə şübhə ilə yanaşır.


Azər NURİYEV
banner

Oxşar Xəbərlər