• cümə, 29 Mart, 01:26
  • Baku Bakı 7°C

Paşinyan problemlər məngənəsində

19.09.19 17:56 662
Paşinyan problemlər məngənəsində
Ermənistanda qalmaqallı hadisələr, populist bəyanatlar, etiraz aksiyaları öz məntiqi nəticəsini verir – ölkəni istefa dalğası bürüyüb. Milli Təhlükəsizlik Xidmətinin rəhbəri və polis rəisinin istefasının ardınca ölkədə yeni-yeni istefaların yaşanacağı barədə məlumatlar yayılmaqdadır.
"Joxovurd” qəzeti yüksəkvəzifəli məmurların istefasının davam edəcəyi barədə məqalə dərc edib. Məlumata görə, yaxın zamanlarda baş nazirin müavini Mqer Qriqoryan, xarici işlər naziri Zöhrab Mnatsakanyan, müdafiə naziri David Tonoyan istefaya göndəriləcək. Fövqəladə hallar naziri Feliks Çolakyanın, təbii sərvətlər naziri Erik Qriqoryanın öz istəkləri ilə postlarını tərk edəcəyi də vurğulanıb. Paşinyanın həmçinin ABŞ-dan geri döndükdən sonra səhiyyə naziri Arsen Toroyanı, əmək və sosial məsələlər naziri Zarui Batoyanı da istefaya göndərəcəyi açıqlanıb. Baş nazirin parlamentdəki tərəfdarları arasında da dəyişikliklərin olacağı söylənilir. Belə ki, vitse-spiker Lena Nəzəryanın öz səlahiyyətlərindən imtina edəcəyi, eləcə də Mikael Zolyanın "Mənim addımım” Blokundan çıxacağı və parlamentdə yeni qrup formalaşdıracağı qeyd edilib. Polis rəisi və müdafiə naziri David Tomoyanın istefasını şərh edən Alternativ layihələr qrupunun üzvü, keçmiş deputat Vaqe Ovanisyan "Nyus.am”a bildirib ki, Ermənistan şok proseslərin gözləntisindədir. Öz növbəsində "Qraparak” qəzeti yazır ki, Ermənistan İstintaq Komitəsinin sədri Hayk Qriqoryan da vəzifədən azad ediləcək. Qeyd edək ki, sentyabrın 16-da milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanesyan, sentyabrın 18-də Ermənistan polisinin rəisi Valeri Osipyan istefa verib. Nikol Paşinyan V.Osipyanı özünə müşavir təyin edib.
Ermənistanı bürüyən istefa dalğasına Rusiyanın "Nezavisinaya qazeta” nəşri də toxunub. Müəllif yazır ki, yerli politoloqların anons etdikləri "qızğın payız” artıq başlayıb. Hadisələr uşaq kaleydoskopunda dəyişən rəngbərəng xətlər kimi bir-birini əvəz edir. Xüsusən də gözlənilməz istefalar vəziyyətin heç də yaxşı olmadığını göstərir. "Həqiqətən də hiss etməmək mümkün deyil ki, Nikol Paşinyan hökumətinin üzvləri gənc olsalar da vəzifə səlahiyyətlərinin öhdəsindən lazımı şəkildə gələ bilmirlər. Bu günlərdə baş nazir keçirdiyi mətbuat konfransında diqqəti atılan yüzlərlə müsbət addıma yönəldib. Onun qənaətincə, bütün bunları hökumətin aktivinə aid etmək olar. Lakin vətəndaşların böyük əksəriyyəti keçmiş korrupsionerlərə qarşı aparılan mübarizənin tempindən razı deyil. Onların əsas tələbi məhkəmə islahatlarının tempinin artırılması, bu insanların tezliklə cəzalarına çatmalarıdır”, - deyə qəzet yazır. Müəllifin qənaətincə, Ermənistanda islahatların tempindən narazılıq artır - elan edilən iqtisadi inqilab reallaşmır. Ölkə iqtisadiyyata zəruri olan investisiyaları əldə edə bilmədi, iş yerlərinin kəskin artımı, həyat şəraitinin keyfiyyət dəyişikliyi baş vermədi. Hökumət öz növbəsində bəyan edir ki, investisiyalar var və yaxın gələcəkdə bunu hiss etməmək mümkün olmayacaq. Lakin hakimiyyətin iddialarına baxmayaraq, necə deyərlər, çəlləkdə bal artmır. Artıq indidən ictimai qarşıdurma baş verir, hakimiyyət də bunu qısa müddətdə idarəetməli olacaq”.
"Nezavisimaya qazeta” yazır ki, Paşinyan hakimiyyəti üçün ən ciddi problem "Amulsar” qızıl yatağı ətrafında yaşananlardır. Hakimiyyət onun açılmasına qarşı deyil, lakin ictimaiyyət yatağın işlənməsindən ciddi şəkildə narahatdır. Cermuxlular yatağa gedən yolları bağlayıb, Yerevanda etiraz aksiyaları isə dayanmır. "Amulsar”la bağlı son qərarın necə olacağı da bəlli deyil. Lakin iqtisadi hərəkat Paşinyanın reytinqinə ciddi şəkildə təsir edə bilər. 1 mart hadisələri ilə bağlı proses, daha dəqiq desək, Robert Koçaryan və digərləri üzərində məhkəmə uzanır. Keçmiş prezidentin vəkillər qrupu əmindir ki, Koçaryan və yaxınlarına qarşı məhkəmə prosesi siyasi təqibdən başqa bir şey deyil. Beləliklə, cəmiyyətə narazılar kifayət qədərdir.
Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putinin Ermənistana mümkün səfəri ilə bağlı ziddiyyətli xəbərlərin də sayı-hesabı yoxdur. Erməni mediası yazır ki, Rusiya prezidenti N.Paşinyanın ikitərəfli görüş təklifini rədd edib. Bunu "168 jam” saytı yazıb. Rusiya prezidenti Avrasiya İqtisadi İttifaqının toplantısında iştirak etmək üçünYerevana səfər edəcək. V.Putin Ermənistan paytaxtındabir-iki saat qalacaq, tədbirdə iştirak edib, ölkəsinə dönəcək.
Məlumata görə, V.Putin hətta rəsmi şam yeməyinə belə qatılmayacaq:"Ermənistan tərəfi ikitərəfli görüş üçün xahiş etsə də, Rusiya tərəfi baş nazir Nikol Paşinyanla görüşdən hələ ki imtina edib”. Qeyd edək ki,oktyabrın 2-dəYerevanda Avrasiya İqtisadi İttifaqının zirvə toplantısı keçiriləcək. Qaydalara görə həmin tədbirdə üzv ölkələrin dövlət başçıları iştirak edir. Bu baxımdan, Rusiya liderinin də toplantıya qatılması gözləniləndir.
"1in.am” saytı yazır ki, Vaneçyanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən istefa verməsi və bəyanatının məzmunu və ortaya çıxan daxili siyasi çağırışlar onu deməyə əsas verir ki, Ermənistanın daxili siyasi həyatında qara-ağ məntiq fəaliyyətdədir. "Lakin aydın deyil – hansı məntiq və yaxud palitra fəaliyyət göstərir. Beləliklə, istefa sübut etdi ki, Ermənistanda inqilabdan sonrakı daxili siyasi konfiqurasiya nəinki açıq qalır, onun mümkün konturları belə yoxdur”, - deyə məqalədə bildirilir.

Azər


banner

Oxşar Xəbərlər