• cümə, 19 Aprel, 18:56
  • Baku Bakı 24°C

Paşinyan populist çıxışlarından qalmır, ekspertlər isə...

07.01.20 18:31 1262
Paşinyan populist çıxışlarından qalmır, ekspertlər isə...
"Ermənistan vətəndaşlarının daxili həyatında problemlər daha da dərinləşib”

Ermənistanın baş naziri Nikol Paşinyan başa çatan ildə ölkəsinin bütün sahələrdə əhəmiyyətli uğurlara imza atdığını bəyan etməklə, yenidən gülüş və tənqidlərə tuş gəlib. 2019-cu ilə qiymət verən eks-prezident Robert Koçaryanın ofisinin rəhbəri, iqtisadçı ekspert Viktor Soqomonyan "Nyus.am”a müsahibəsində baş nazirin növbəti dəfə populizmə üstünlük verdiyini bəyan edib. "Ölkəmiz üçün ilin yekunlarını, təəssüf ki, pozitiv adlandırmaq olmaz. Ermənistan vətəndaşlarının daxili həyatında problemlər daha da dərinləşib. İlk növbədə siyasi məhbuslarla bağlı problemlər həllini tapmayıb. Bildiyiniz kimi, Robert Koçaryan hələ də qeyri-qanuni olaraq həbsdə saxlanılır. Ötən həftə isə "Beşinci kanal”ın rəhbəri Armen Tavadyan saxta ittihamlarla həbs edilib. Demokratik olduğunu bəyan edən hakimiyyət, kütləvi informasiya vasitələrinə hücumun səviyyəsinə görə rekord vurub. Konstitusiya Məhkəməsinə kobud və qanunsuz hücum icra strukturunun rəhbərinin hakimiyyətin bütün qanadlarının zorla ələ keçirilməsi sahəsində presedentsiz nümunədir. Ümumiyyətlə, hakimiyyətin məhkəmə sistemini sıxışdırması geniş müzakirələrə səbəb olan bir məsələdir. Başa çatmaqda olan ildə hakimiyyətin nifrət siyasətini gücləndirməsi, qütbləşməni daha da artırıb”.
Ekspert onu da deyib ki, ölkədə investisiyalar yox dərəcəsindədir: "Müstəqil ekspertlərin hesablamalarına, eləcə də, ümumerməni "Ayastan” fondunun noyabr telemarafonunun nəticələri onu deməyə əsas verir. Rəsmi statistik rəqəmlər bir-biri ilə ziddiyyət təşkil edib. Diletant ideyalar və Paşinyanın kütləvi bəyanatları buna əyani misaldır. Hakimiyyət orqanlarının ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılacağı barədə vədləri nəinki yerinə yetirildi, əksinə daha da gerilədi”.
Erməni ekspert xarici siyasətdə də buraxılan şanslardan danışıb. Onun sözlərinə görə, ənənəvi tərəfdaşlarla xarici siyasi əlaqələrin inkişaf etdirilməsi əsas etibarilə vergiödəyicilərin vəsaiti hesabına başa gələn əhəmiyyətsiz bahalı səfərlərlə məhdudlaşdı. "Rusiya kimi strateji müttəfiqlə münasibətlər bir sıra neqativ faktorlarla yadda qaldı. İlk növbədə Ermənistanda siyasi təqiblərin artmasını göstərmək olar. Ən ciddi məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsidir. Belə bir təəssürat yaranır ki, baş nazir məqsədli şəkildə, ya da ola bilsin münaqişənin fəlsəfəsini anlamadan, erməni tərəfinin danışıqlar prosesində mövqeyinin zəiflədilməsinə çalışdı. Danışıqlar prosesində son illər əldə olunan nəticələri sıfıra endirdi. Artıq iş o yerə çatıb ki, ekspertlər "yeni Lissabon” haqında danışmağa başlayıblar. Belə nəticə yaranır ki, mənim təsvir etdiyim səhnə həddən artıq bədbindir. Lakin acı həqiqət budur. İlin yekunlarının tam mənzərəsini təsvir etsək, sadəcə üzücü bir hal yaranır”.
V.Soqomonyan bununla yanaşı, ötən ilin ən ciddi uğurunu da xüsusi qeyd etmək istədiyini deyib. Bu da, vətəndaş cəmiyyətinin hakimiyyətin özbaşınalıqlarına qarşı çıxma hisslərini gücləndirməsidir. Onun qənaətincə, Avropa Şurasının üzvü olan bir dövlətin hüquq sahəsində ən böyük qanun pozuntusu Koçaryanı həbsdə saxlamasıdır: "Bundan əlavə, mətbuatda üçüncü prezident Serj Sarkisyan, Konstitusiya Məhkəməsinin sədri, keçmiş spikerə qarşı irəli sürülən çoxsaylı ittihamlara nəzər saldıqda, ölkənin hüquq sahəsində hansı problemlərlə üz-üzə qaldığı aydın görünür. Bütün bunlar bizim reytinqə necə təsir edəcək? Yeri gəlmişkən, 2020-ci ildə müxtəlif beynəlxalq strukturların və təşkilatların ölkəmizdə hüquq-məhkəmə sistemində baş alıb gedən qanunsuzluqlara göz yumacağını proqnoz etmək olmaz. Məhz onların qiymətləndirmələrindən sonra ölkəmizin reytinqinə ciddi zərbə vurula bilər. Bunun nəticəsi isə çox ağır olacaq. Vəziyyətin düzəlməsi üçün ölkəyə nə qədər vaxt gərəkdir? Mənim qənaətimcə, yeni vətəndaş cəmiyyəti və siyasi səhnənin yaranması üçün birləşmiş müxalifət gərəkdir.
Yeri gəlmişkən, Nikol Paşinyana yaxınlığı ilə seçilən Ermənistan Politoloqlar Assosiasiyasının prezidenti Amayak Ovanisyan bəyan edib ki, tez bir zamanda Serj Sarkisyan həbs edilməlidir. "Nə qədər ki, o, azadlıqdadır, hansısa islahatlardan danışmağına dəyməz”, - deyə o bildirib. Maraqlıdır ki, o da insanların inqilabdan gözləntilərinin puç olduğu qənaətindədir. Və bunun da müəyyən obyektiv səbəblərinin olduğunu bildirib. "İnsanlar anlaya bilmirlər ki, bu inqilab idi, ya da sadəcə hakimiyyət dəyişikliyi. Belə bir qənaət formalaşır ki, sadəcə birinci şəxslər dəyişib. Yalnız bir sıra kosmetik dəyişikliklər baş verdiyi qənaəti formalaşmağa başlayıb. Əgər məndən, ölkədə baş verənləri xarakterizə etməyi soruşsalar, deyərdim ki, qəribə vəziyyət yaranıb. İnqilabdan sonra əvvəlki tiran nəinki ölkədən qovulub, əksinə, ölkə daxilində siyasi rol oynamağa iddialıdır, inqilabçı hakimiyyətə qarşı iddialarını ortaya qoyur. Hakimiyyət bəyan edir ki, bu inqilab dözümlülük və sevgi inqilabı idi. Məhz bu səbəbdən də Serj Sarkisyan azadlıqdadır. Yaxşı, necə olur ki, belə sevgi və dözümlülük Sarkisyana qarşı tətbiq edilir, ancaq Robert Koçaryan və yaxınlarına qarşı tətbiq edilmir? Məsələn, Gürcüstanda baş verən inqilab əsl inqilab idi”, - deyə politoloq vurğulayıb.
Ekspert ötən il böyük uğurların olmadığını dilə gətirib. Onun qənaətincə, ən ciddi uğursuzluq kadr siyasətidir. "Dövlət quruculuğunu bir nəfərin benefisinə çevirmək olmaz. Həmin şəxsin xarizması olsa belə, buna yol vermək olmaz”, - deyə o bildirib.
Beləliklə, görünən odur ki, Nikol Paşinyan "uğurlardan” bol-bol danışsa da, ekspert və politoloqlar onun siyasətinin uğursuzluğundan danışırlar. Onların gəldiyi qənaət budur ki, Nikolun dəm vurduğu iqtisadi yüksəliş və nailiyyətlər, sadəcə kağız üzərindədir. Bu siyasət də yalnız və yalnız populizm və özünüreklam üzərində qurulub.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər