• cümə, 29 Mart, 04:35
  • Baku Bakı 7°C

Paşinyan “koronavirus uğuru”ndan danışdı, ələ salındı

01.07.20 16:26 924
Paşinyan “koronavirus uğuru”ndan danışdı, ələ salındı
"Koronavirusdan 553 ölüm, lakin bu, səhiyyə nazirinin qürurlu olmasına mane olmur”

Ermənistanda koronavirus pandemiyası yeni-yeni əyalətləri əhatə etməkdədir. Bu ölkə virusa yoluxma sayına görə dünyada lider mövqeyə yüksəlib. Bütün bunların fonunda ölkə rəhbərliyi bəyan edir ki, könüllü özünütəcridə üstünlük verməkdə davam edəcək, təkrar karantin olmayacaq. Ölkədə baş verənləri analiz edən "Eurasianet” nəşri yazır ki, Ermənistan izolyasiya rejimindən mayın 4-də çıxıb. Və həmin tarixdən sonra koronavirus sürətlə yayılmaqdadır. İyun ayında gün ərzində 500 yoluxma halı artıq adi hal olub, hətta bu rəqəm 700-ə kimi qalxıb. Əhali sayına görə regionda ən aşağı yerdə qərarlaşan Ermənistan Qafqaz və Mərkəzi Asiyada koronavirus pandemiyası və xəstəlik sayına görə lider mövqeyə yüksəlib. "Bu gün Ermənistan dünyada koronavirus pandemiyasına yoluxanlar arasında hər milyon nəfərə görə liderdir”, - deyə nəşr baş nazir Nikol Paşinyanın sözlərini sitat gətirib. Onun sözlərinə görə, bu, hər kəs üçün çox ciddi problemdir və hər kəs vəziyyətin ciddiliyini nəzərə almalıdır. Lakin epidemioloji vəziyyətin ağırlığına baxmayaraq, məmurlar bildirirlər ki, özünütəcrid rejimini bərpa etmək niyyətində deyillər. Ermənistanda restoranlar, barlar, ticarət mərkəzləri, idman zalları və hovuzlar açıqdır. Yeni qaydalara görə, personal üçün maska taxılması zəruridir və restoranlarda məsafə ilə stollar düzülməlidir. Bu qaydaları pozan 4000-ə yaxın müəssisə cərimələnib. Mayın 25-dən isə hər kəs küçədə maska taxmalıdır. Regionun digər dövlətləri karantin tədbirlərini sərtləşdirsələr də, erməni məmurlar onların yolu ilə getmək fikrində deyillər. Paşinyan deyir ki, sosial məsafə prinsiplərinin qorunub saxlanmasına vətəndaşların əməl etməməsi o deməkdir ki, dövlət səviyyəsində izolyasiya rejimi işləməyəcək. "Bir çoxları belə bir sualla çıxış edirlər - nə üçün biz tam izolyasiya qaydalarına əməl etmirik” - deyə, baş nazir son brifinqdə bildirib. "Analizlərin nəticələrinə görə, əgər biz karantin tətbiq etsək və onun şərtlərinə lazımı səviyyədə əməl olunmazsa və bu uzunmüddətli olarsa, onda iqtisadiyyata fəlakətli təsir edəcək. İzolyasiya rejimi yalnız o halda effektiv olar ki, hər birimiz şəxsən təhlükəsizlik qaydalarına əməl edək. Əgər vətəndaşlar tövsiyələrə əməl etsələr, yeni izolyasiyaya ehtiyac olmayacaq”, - nəşr baş nazirin fikirlərini sitat gətirib. Baş nazir əlavə edib ki, sərt izolyasiya qaydaları tətbiq edilərsə, iqtisadiyyat yenidən zərər çəkmiş olacaq. Onun qənaətincə, hökumətin hədəfi iqtisadi və tibbi-sosial problemlər arasında balansın qorunub saxlanmasıdır. Aprelin sonlarına kimi tətbiq edilən karantin tədbirləri nəticəsində 70 mindən artıq iş yeri itirilib və əgər izolyasiya davam edəcəkdirsə, onda Ermənistan sosial kollapsla üzləşə bilərdi. "Beləliklə, aydındır ki, bu virusla birgə yaşamaq üçün hər şeyi etməliyik”, - deyə Paşinyan bəyan edib. Erməni baş nazir onu da deyib ki, indiki rejim vəziyyət pisləşməyə doğru gedərsə, sərtləşdirilə bilər. Onun sözlərinə görə, rəqəmlərdə əhəmiyyətli dəyişikliklər yoxdur və əks dinamika qeydə almayıblar. Bu səbəbdən də tədbirləri sərtləşdirmək üçün müxtəlif sahələri əhatə edən yeni paket qəbul edilə bilər. Lakin hökumət daha çox könüllü özünütəcridə ümid edir.
Səhiyyə naziri Arsen Torosyan ötən gün sosial şəbəkədə yazdığı statusunda erməniləri könüllü, düşünülmüş özünütəcridə üstünlük verməyə çağırıb. Bütün sosial tədbirlərdən imtina etməyə - restoranlarda nahar etməkdən, ad günləri keçirməməyə və küçədə uşaqları oynamaqdan çəkinməyə çağırıb. "Mövcud vəziyyətdə başqa çıxış yolu yoxdur”, - nazir yazıb. "Biz belə bir vəziyyətdə yaşamağa öyrənməliyik. Karantin dövründə, biz əsas diqqəti səhiyyəyə yönəltdik, ona görə, bizdə belə bir yaxşı statistika var”, - səhiyyə naziri bildirib. İyulun 1-nə olan məlumata görə, ölkədə 26 minə yaxın xəstə qeydə alınıb. Koronavirusa yoluxanlar arasında baş nazir, "Hayrenik” partiyasının sədri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan , hətta barəsində cinayət işi gedən Qaqik Çarukyan da var.
Nazirin və baş nazirin qərb nəşrində dərc olunan fikirlərindən fərqli olaraq, erməni ekspert və siyasiləri tamam başqa qənaətdədirlər. Məsələn, Ermənistanın "Razm.info” saytının koordinatoru Karen Vatanesyan "Facebook” səhifəsində yazıb ki, Torosyanın müsahibəsi iyunun 26-da idi, mən iyunun 27-nə olan rəqəmləri hesablamışam: "Bu göstəricilərdə hər hansı fəxr səbəbi tapmadım. Ölümlərin nisbi sayına görə (1 milyon əhaliyə görə) Ermənistan 188 ölkə arasında 20-ci yerdə idi. Nə qədər ki, epidemiya başa çatmayıb, bütün müalicə olunanlar sağalmayıb, öldürənlər ölməyib, Torosyan Arsenin adlandırdığı parametri – "ölümü” onun dediyi düsturla hesablamaq mənasızdır. Ermənistan əhalisi sayca dünyada 135-ci olduğu halda, ölümlərin mütləq sayına görə dünyada 51-ci yerdədir”, - o qeyd edib. Öz növbəsində erməni siyasi şərhçi Yervand Bozoyan qeyd edir ki, iyunun sonunda 1 milyon nəfərin hesablanması ilə infeksiyanın yayılma göstəricilərinə görə Ermənistan dünyanın demək olar, bütün ölkələrini üstələyib. Ermənistanda koronavirusun yayılmasının bugünkü göstəriciləri hər kəsi təəccübləndirir. "Beləliklə, iyunun 28-nə olan məlumata görə, bu göstərici bizdə 8317 nəfər təşkil edir. Halbuki, məsələn, Gürcüstanda bu göstərici 232-dir, yəni bizdən 35 dəfədən çox daha kiçikdir. Azərbaycanın göstəricisi 1620-dir, yəni bizdən 5 dəfədən daha kiçikdir. Digər qonşumuz Türkiyənin göstəricisi 2323-dür, yəni bizdən 3,5 dəfə daha kiçikdir”, - o bildirib. "Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zohrabyan isə "Facebook” səhifəsində yazıb ki, Ermənistan koronavirus daşıyıcılarının sayına görə dünya çempionlarındandır, hər gün yüzlərlə insan virus daşıyıcısı olur və gündəlik olaraq 2000 test edilir. "Koronavirusdan 553 ölüm, lakin bu, səhiyyə nazirinin qürurlu olmasına mane olmur”, - deyə erməni deputat yazıb.

Azər
banner

Oxşar Xəbərlər