• çərşənbə, 24 Aprel, 12:13
  • Baku Bakı 27°C

Paşinyan konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olundu

01.07.20 17:18 882
Paşinyan konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olundu
Müxalifət baş prokurorluğa müraciət etdi

Ermənistanın üç müxalifət partiyası- "Çiçəklənən Ermənistan”, "Vətən” və "Daşnaksütyun” Baş Prokurorluğa qanunverici və icraedici hakimiyyətə qarşı konstitusiya quruluşunu devirmək, hakimiyyəti qəsb etmək və səlahiyyətləri aşmaq üzrə cinayət işinin başladılması tələbi ilə müraciət ediblər. "Vətən” Partiyasının üzvü Arsen Babayan bəyan edib ki, iki ildir, hakimiyyət bütün qanunları və konstitusiyanı pozmaqdadır. Onun sözlərinə görə, parlament konstitusiyaya düzəlişləri qəbul etməli deyildi. Əlavə edib ki, bu cür düzəlişlər parlament, Konstitusiya Məhkəməsi tərəfindən razılaşdırmadan qəbul edə bilməz: "Tələb edirik ki, Baş prokurorluq bu səbəbdən cinayət işi qaldırmalıdır”. Öz növbəsində "Çiçəklənən Ermənistan”ın fraksiya üzvü Naira Zohrabyan hakimiyyətə qarşı təqdim olunan faktları əsaslandırılmış və təkzibolunmaz adlandırıb. O, ümid edir ki, hüquq-mühafizə orqanları qanunun aliliyini rəhbər tutub müvafiq qərar qəbul edəcəklər.
Parlament iyunun 22-də konstitusiyaya düzəlişləri qəbul edib. Ona müvafiq olaraq KM-nin üç üzvü istefaya göndərilib. Bununla yanaşı, bu dəyişikliklərlə KM-nin sədri Qrayt Tovsmoyanın səlahiyyətlərinə xitam verilib. Müxalif "Çiçəklənən Ermənistan” və "Maarifçi Ermənistan” fraksiyaları bu düzəlişləri antikonstitusion adlandıraraq, diqqəti, onların ölkənin əsas qanununa uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə göndərilməməsinə çəkiblər. Qaqik Çarukyanın "Çiçəklənən Ermənistan”, keçmiş mili təhlükəsizlik naziri Artur Vanesyanın "Vətən” və "Daşnaksütyun” partiyaları gələcək fəaliyyəti koordinasiya etmək üçün birgə qərargah yaradıblar. "Vesntik Kafkaza”nın əməkdaşı ilə söhbətində "Vesti.fm” radiostansiyasının aparıcısı Armen Qasparyan bildirib ki, baş nazir Nikol Paşinyan Ermənistanda hakimiyyətin demokratik olduğu barədə sözlərinə baxmayaraq, bu bəyanatın cinayət işinə çevrilməsinə imkan verməyəcək. O bildirib ki, "Çiçəklənən Ermənistan” və "Daşnaksütyun” əvvəlki hakimiyyəti devirmək yolu ilə Paşinyanı baş nazir kürsüsünə buraxıblar. "Bu partiyalar bir suala cavab verməlidirlər – onlar iki il bundan öncə nə etdilər? Nikol Paşinyanı hakimiyyətə gətirən inqilaba dəstək verdilər. Yəni göstərdilər ki, Ermənistanın siyasi səhnəsində belə hal mümkündür. Halbuki, görünürdü ki, konstitusion quruluşa qarşı cinayət baş verir. İndi də bu siyasətçilər belə bir bəyanatla çıxış edirlər”, - deyə Qasparyan bəyan edib. "İndi isə hər şey arxada qalıb və Nikol Paşinyan öz hakimiyyətini kifayət qədər gücləndirib. Müxalifətin bu cür addımları onu narahat edə bilməz: Paşinyan təbii ki, öz mövqelərini asanlıqla verməyəcək və hakimiyyətini qorumaqda davam edəcək. Bu səbəbdən də mən bu cür təşəbbüslərin perspektivlərinə elə də inanmıram. Yalnız bir səbəbə görə - baş nazir dəfələrlə nümayiş etdirib ki, bu hakimiyyət onun üçün nə qədər əhəmiyyət kəsb edir”, - deyə, o bildirib. Onun qənaətincə, əgər iki il bundan əvvəl hakimiyyət dəyişikliyindən sonra Nikol Paşinyan xalqın küçəyə çıxıb nəsə tələb etmək hüququna malik olduğunu bəyan edirdisə, indi, 2020-ci ildə artıq bunu demir. Əksinə, indi bildirir ki, bu kimi tələblər tamamilə qanunsuz və antikonstitutsiondur. Bu və yuxarıda qeyd olunan fikirlər bir şəxsin dilindən səslənib. Bu səbəbdən də mən əminəm ki, müxalifətin məlum tələbi ilə də bağlı eyni mövqeyi nümayiş etdirəcək”, - deyə erməni mənşəli rus ekspert bildirib. Öz növbəsində Ermənistan Helsinki Komitəsi qeyri-hökumət təşkilatının rəhbəri Avetik İşxanyan hesab edir ki, Ermənistanda "kobud güc hüquqi şüura" qalib gəldi. "Biz dövlətimizi məhv etmək, dövlət strukturlarını məhv etmək yolu ilə gedirik", - İşxanyan jurnalistlərə deyib.
"Çox təəssüf ki, bu qaba gücə qarşı Ermənistan siyasi qüvvələri yox, hüquqşünaslar, bəzi hakimlər, Konstitusiya Məhkəməsi üzvləri və vəkillər durur". Ermənistanın "Beynəlxalq İnsan İnkişafı Mərkəzi”nin sədri Tevan Poqosyan isə deyib ki, iki ildir milli təhlükəsizlik konsepsiyası qəbul edilmir: "Konsepsiyada təhlükəsizliklə bağlı Ermənistan qarşısında yarana bilən bütün problemləri, habelə mövcud problemləri nəzərə almaq və onlar üçün həllər təklif etmək lazımdır”. Onun sözlərinə görə, dünyanın bir çox ölkələri koronavirusun buraxdığı təsirdən çıxış edərək artıq bir neçə aydır ki, təhlükəsizlik strategiyalarını yenidən nəzərdən keçirməyə başlayıb.
"İki ildir bizdə milli təhlükəsizlik strategiyasının konsepsiyası yoxdur, əvəzinə, siyasi qüvvələrin bir-birinə qarşı mübarizəsinin əhatəsindəyik”, - deyə Poqosyan qeyd edib.
Azər

banner

Oxşar Xəbərlər