• cümə axşamı, 18 aprel, 13:22
  • Baku Bakı 22°C

Paşinyan-Kardaşyan ittifaqı qurulur

08.10.19 17:38 2152
Paşinyan-Kardaşyan ittifaqı qurulur
Ermənistan tarixinə ən populist baş nazir kimi düşmək şansı əldə edən Nikol Paşinyan bir-birinin ardınca sərsəm, gülüş doğuran bəyanatlar səsləndirməkdə davam edir. Maraqlıdır ki, Ermənistana il yarımdan da artıq müddətdə hər hansı bir investisiya yatırımı baş vermir, yoxsulluq və iqtisadi böhran, etiraz aksiyaları səngimir – baş nazir isə Ermənistanı cənnətə çevirməkdən dəm vurur. Ötən gün Yerevanda başlayan informasiya texnologiyaları konqresində çıxış edən Nikol bəyan edib ki, Ermənistan ən qabaqcıl texnologiyaya malik ölkəyə çevrilməlidir. O bildirib ki, ölkədə demokratik inqilab baş verib və indi onlar iqtisadi inqilab mərhələsinə daxil olublar. Sonda isə bildirib ki, Ermənistanı istedadlı insanlar üçün cənnətə çevirmək gərəkdir. Paşinyan bu arzusunu reallaşdırmaqda özünə güclü "dəstəkçi” də qazanıb. Söhbət erməni pornoulduz, "reality show” ulduzu kimi ad çıxaran Kim Kardaşyandan gedir. Məsələ ondadır ki, o da 23-cü Beynəlxalq İnformasiya Texnologiyaları Konqresində (WCIT 2019) xüsusi qonaq qismində iştirak edir. Onun "İdeyalar bazarı” plenar iclası çərçivəsindəki çıxışı "müasir texnologiyaların KİV, jurnalistika və incəsənətə təsiri” mövzusuna aid olub. Kimi səfərdə böyük bacısı Kourtney Kardaşyan və uşaqları müşayiət edirlər. Kim Kardaşyan onu bütün günü hotelin qarşısında gözləyən pərəstişkarları ilə bir neçə saniyəlik ünsiyyəti olub, mühafizəçilərinin arxasından onlara əl edib. Mühafizəçilər Kardaşyanın yaxınlığına heç kəsi buraxmayıblar. Səhər isə Kim, bacısı Kourtney və uşaqları ilə Eçmiadzin kilsəsində olub, kiçik uşaqlarını xaç suyuna saldırıb. Mərasim zamanı xaç suyuna salınaraq xristian edilənlərə müvafiq xristian adları verilir. Kim Kardaşyan oğlu Psalm üçün - Vardan, qızı Çikao üçün - Aşxen, oğlu Saint üçün - Qriqor adlarını seçib. Kanye Vestlə Kim Kardaşyanın böyük qızı North üçün isə xaç suyuna salma mərasimi 2015-ci ildə Qüdsdə (Yerusəlimdə) keçirilib. WCIT 2019 konqresi Yerevanda oktyabrın 6-da başlayıb və 3 gün davam edəcək. Tədbirdə 60 ölkədən 2 mindən çox nümayəndə iştirak edir.
Yeri gəlmişkən, Nikolun pornoulduzla təkbətək görüşü də olub. Amerikalı ulduz baş naziri xeyli tərifləyib də. Onun sözlərinə görə, bütün siyasi xadimlər sosial şəbəkələrdə aktivlik nümayiş etdirsələr, yaxşı olardı. "Bu gün sosial şəbəkə insanlarla ünsiyyət qurmaq üçün ən yaxşı vasitədir. Hesab edirəm ki, bu, effektiv və əlverişlidir”, - deyə Kardaşyan vurğulayıb. Kim Ermənistanla bağlı ən böyük arzusunu da dilə gətirib. Bəlli olub ki, pornoulduz Ermənistanda alt paltarlar istehsalı ilə məşğul olan müəssisə açmaq niyyətindədir. Bununla bağlı bir sıra erməni investorlarla danışıqlar aparmaq niyyətindədir. Məhz onlarla danışıqlardan sonra hansı növ alt paltarların uğur qazana biləcəyini barədə razılıq əldə olunacaq. Əlavə edib ki, onun üçün bu istiqamətdə uğur əldə etmək çox vacibdir. "Mənə erməni biznesi, şirkətləri ilə danışıqlar aparmaq çox xoşdur”, - deyə o bildirib.
Maraqlıdır ki, baş nazir bu yaxınlarda Birləşmiş Ştatlarda səfərdə olarkən erməni lobbisi nümayəndələri ilə görüşmüşdü. Və bildirmişdi ki, erməni lobbisi sırasında ciddi dəstək əldə etmək istəyir. Və çox keçmir ki, onun bu çağırışına səs verən tapılır - pornoulduz Kim Kardaşyan. Yəqin bir neçə gün sonra erməni mediası Paşinyan-Kardaşyan ittifaqından bəhs edən silsilə yazılar dərc etməyə başlayacaq.
Paşinyan qərbpərəst media və siyasi dairələrinin tənqid hədəfinə tuş gələcək növbəti bir addım da atıb. Vladimir Putinin Yerevan səfərinin ardınca baş nazir Rusiya vətəndaşı olan Georgi Asatryan Ermənistan prezidenti Armen Sarkisyanın baş müşaviri təyin edilib. O, Rusiya prezidenti Vladimir Putin və Armen Sarkisyan arasındakı əlaqələrin gücləndirilməsi, eyni zamanda iki ölkənin prezident administrasiyaları arasında ünsiyyətin intensivləşdirilməsi ilə məşğul olacaq. Bu barədə "Kommersant” diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, G.Asatryanın təyinatı ilə bağlı qərar Vladimir Putinin oktyabrın 1-də Yerevana səfərindən sonra verilib. Asatryan müşavir vəzifəsini ştatda olmadan, ictimai əsaslarla icra edəcək. Georgi tarix elmləri namizədidir, Əfqanıstan və ABŞ-ın Yaxın Şərqdəki əks-terrorizm fəaliyyəti üzrə mütəxəssisdir. O, 2001-2008-ci illərdə ABŞ-ın Əfqanıstandakı antiterror siyasəti mövzusunda dissertasiya müdafiə edib. Rusiya Dövlət Humanitar Universitetində, Tarixi Arxiv İnstitutunda və Amerika Beloit Universitetində təhsil alıb. Nikol eyni zamanda baş müşaviri Valeri Osipyanı vəzifəsindən azad edib. Məlumata görə, qərar dünən qəbul edilib. Qeyd edək ki, Osipyan bundan öncə Ermənistan polisinin rəhbəri olub. O, bu vəzifəsindən bir ay öncə azad edilərək, Paşinyanın baş müşaviri təyin edilmişdi.
Artıq mediada baş nazirin apardığı siyasəti kəskin tənqid edən yazıların sayı artır. Məsələn, politoloq Stepan Danielyan sosial şəbəkədə yazıb ki, "güc strukturları üçün Paşinyan persona non grata, yəni arzuolunmaz şəxsə çevrilir. Onunla əməkdaşlıq edən şəxslər isə gələcəkdə kolloborasionistlər adlandırılacaq”. Onun sözlərinə görə, bu tendensiya çoxdan hiss olunurdu. Lakin indi özünü daha qabarıq göstərməyə başlayır. "Polis və Milli Təhlükəsizlik Xidməti artıq konservativ strukturlara çevrilir. Bu yaxşıdır, ya pis - indi o qədər də əhəmiyyət kəsb etmir. O ki qaldı Silahlı Qüvvələrə, Nikol burada əcnəbi elementdir. Hiss olunur ki, Nikol bu strukturları gözdən salmağa çalışır. Bu da qarşılıqlı etimadsızlığı daha da dərinləşdirir”, - deyə erməni politoloq fikrini tamamlayıb.
Beləliklə, yuxarıda qeyd olunanları əsas götürərək bu qənaətə gəlmək olar ki, Nikol qısa zaman kəsiyində həm də şou-biznesin (yaxınlarda Ermənistanda porno sənayenin inkişafı ilə bağlı strategiya hazırlanarsa, buna təəccüblənmək lazım olmayacaq) parlaq nümayəndəsinə çevrilmək şansı əldə edəcək. Kim Kardaşyanla yaxınlıq bu qənaəti daha da möhkəmləndirir.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər